Məhkəmə qərarları › İş №1(004)-78/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-78/2022

24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-78/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, ev 152-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 10 noyabr 2021-ci il tarixdə səhər saatlarında istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,455 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanan psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 10 noyabr 2021ci il tarixdə saat 13:30-da ünvan 1 ünvanın qarşısında Bakı Şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı saxlanılaraq Bakı Şəhər Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirilmiş və orada üzərinə keçirilən baxış zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,455 qram şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, çox nadir hallarda narkotik vasitə qəbul edir. 10 noyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı mənzildən çıxıb yaxınlıqdakı mağazaya gedən zaman yol kənarında, yerdə ağ rəngli kağıza bükülmüş kiçik bir bükülü görmüş və əyilib onu götürmüşdür. Bükülünü açıb içinə baxan zaman bükülünün içərisində xırda ağ dənəcikli, kristallar olduğunu aşkar etmişdir. Əvvəllər istifadə etdiyinə və tanıdığına görə həmin bükülünün içərisindəkinin “patı” kimi tanınan psixotrop maddə olan metamfetamin olduğunu bilmiş və onu axşam saatlarında istifadə etmək məqsədi ilə əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoyub evə qayıtmışdır. Həmin gün saat təxminən 13:30 radələrində yaşadığı ünvan 3 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Yasamal rayon Polis İdarəsinin 28-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar. Bundan sonra polis əməkdaşları ondan üzərində qanunla gəzdirilməsi qadağan edilən əşya və ya hər hansı maddələrin olubolmadığını soruşmuşlar və o səmimi olaraq polis əməkdaşlarına üzərində heroin adlanan narkotik vasitə olduğunu bidirmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 29-cu PB-nə dəvət etmişlər və o polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla 29-cu polis bölməsinə getmişdir. Orada polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd ağ kağıza bükülmüş vəziyyətdə olan psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin psixotrop maddə olan metamfetamini həmin gün, yəni 10 noyabr 2021ci il tarixdə yerdən tapmışdır. Polis əməkdaşları ona məxsus psixotrop maddə olan metamfetamini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 10 noyabr 2021-ci il tarixdə o və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inispektoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 10 noyabr 2021-ci il tarixdə saat 13:30 radələrində ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və birlikdə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gətməli olduğunu bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə Şöbəyə gəlmiş və şöbənin xidməti otaqlarının birində video çəkiliş keçirməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd ağ kağıza bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan psixotrop maddə “patı” kimi tanınan metamfetamindir. Həmin metamfetamini 10 noyabr 2021ci il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığından yerdən tapmış və özünün istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ kağızdan ibarət bükümdə metanfetamin bənzər maddə aşkar edildi. Təqsirləndirilən şəxs ağ kağızından ibarət bükümdə olan maddəni metanfetamin kimi tanıdığı psixotrop maddə olduğunu, bu narkotik maddəni 10 noyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında yerdən tapdığını sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. 10 noyabr 2021-ci il tarixdə saat 13-30 dəqiqədə polis əməkdaşları tərəfindən ünvan 5 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddəyə bənzər vasitə olan bir ədəd ağ kağızdan ibarət büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. (i.v. 32-33) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 11 noyabr 2021-ci il tarixli 6/4989 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №169” dairəvi möhür əksi”.. 1 imza Təqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,455 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixtorop maddə -metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. (i.v. 42-47) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 15 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında təhqiqatçı, polis mayoru Natiq Abdullayevin xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, sahə inispektoru, polis kapitanı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd ağ kağız bükümündə psixotrop maddəyə oxşar maddəni çıxarab könüllü təqdim edərək, 01 ədəd bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 10 noyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadğı evin yaxmlğmdan tapdığını sonradan istifadə etmək üçün saxladığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 169 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (i.v. 89-90) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 nəticələrinə dair 12 noyabr 2021-ci il tarixli 4444 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiolidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 100-101) “Sübutların qiymətləndirilməsi haqqında” 01 dekabr 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahid qismində Şahid1 və Şahid2 ifadələri, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 11 noyabr 2021-ci il tarixli 6/4989 saylı Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzinin verdiyi 12.11.2021-ci il tarixli 4444 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,455qram kustar üsullu hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınsın və ekspertiza tədqiqatından qalıq qalmış 0,405 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 103-109) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin metafetaminin təmiz çəkisi 0.455 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 10 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:40-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 22) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin medafiə edilməsindən imtina edilməsi barədə” 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 83-85) “Təqsirləndirlən şəxs barəsində qətimkan ədbirinin seçilməsi haqqında” 12 noyabr 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimka tədbiri seçilmişdir. (i.v. 86-87) AZE seriyalı 10728312 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, 25.03.2008-ci il təvəllüdlü Baxışova Xədicənin atası Təqsirləndirilən şəxsdır. (i.v. 53) AZE seriyalı 10728169 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, 21.06.2010-cu il təvəllüdlü Baxışov Abdullahın atası Təqsirləndirilən şəxsdır. (i.v. 53) AA0623621 nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsindən görünür ki, X6 05.08.2019-cu il təvəllüdlüdür. (i.v. 53) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 25 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 98) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 3 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdən 12 noyabr 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.405 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 88.70 (səksən yeddi manat yetmiş qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş psixotrop maddə olan metafetaminin qalıq çəkisi məhv edilməli (CPM-in 132), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 10 noyabr 2021-ci il tarixdən 12 noyabr 2021-ci il tarixədək 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.405 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 88.70 (səksən yeddi manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar