Məhkəmə qərarları › İş №1(004)-78/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-78/2024

12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-78/2024 12.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşınma cinayət əməllərini törətmişdir. Belə ki, o, 31 avqust 2023-cü il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri Yasamal rayonu «Sovetski» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,031 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin gün Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 12:10-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə aparılıb, orada üzərinə şəxsi axtarış və götürmə aparılarkən əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş, təmiz çəkisi 1,031 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, sonuncu dəfə tutulmamışdan beş ay əvvəl narkotik vasitə olan heroindən istifadə etmişdir. 31 avqust 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı evin həyətində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar və onu polis bölməsinə aparmışlar. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamış, lakin polis əməkdaşları ona narkotik vasitə olan heroin verərək videoçəkiliş zamanı üzərindən çıxardaraq ona məxsusmuş kimi polis əməkdaşlarına təqdim etməsini tələb etmişlər. Bunu etmədiyi halda isə ona daha cox çəkidə narkotik vasitə verib narkotik vasitələrin satışı ilə sənədləşdirəcəklərini bildirmişlər. O isə qorxduğu üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşları təfərindən ona təqdim olunmuş narkotik vasitəni cibinə qoymuşdur. Daha sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan cins şalvarın sağ yan cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş, bir ədəd bükülünü masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara daha əvvəl onlar tərəfindən ona tapşırılan şəkildə cavab olaraq o bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə olan heroin var, həmin heroini 31 avqust 2023-cü il tarixdə “Sovetski” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları onun təqdim etdiyi narkotik vasitəni zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 26-cı Polis Bölməsinə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 26-cı PB-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan və əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 31 avqust 2023-cü il tarixdə saat 12 radələrində Şahid1lə birlikdə Yasamal rayonu, C.Qaryağdı küçəsi, dalan 1 ünvanın qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və İlham onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan heroin var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə 26-cı Polis Bölməsinə getməli olduğunu bildirib və onu avtomobillə həmin PB-nin inzibati binasına gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra İlham əynində olan olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq İlham həmin bükülünün içərisində olan narkotik vasitə olan heroini 31 avqust 2023-cü il tarixdə saat 10 radələrində Baki şəhəri Yasamal rayonunun ərazisində yerləşən “Sovetski” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağıza bükülmüş heroin olduğunu, bu maddəni 2023-cü ilin avqust ayının 31-də saat 10:00 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisindəki “Sovetski” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini, habelə həmin tarixdə saat 12:10-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirildiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə qızılı rəngli siqaret kağız qəhvəyi rəngli maddənin heroin olması aşkar edildi. Aşkar olunmuş 1 ədəd qızılı rəngli kağıza bükülmüş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 170 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. (i.v. 34-35) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 31 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4631 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 170” dairəvi möhür əksləri olan, “Şübhəli: Təqsirləndirilən şəxs “imza” ” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd üzəri qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,031 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 42-46) “Diskə baxış keçirilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, videogörüntüyə baxış zamanı Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçı Elvin Məmmədli, Müdafiəçi, həmin bölmənin əməliyyat müvəkkili Şahid1 və həmin bölmənin əməliyyat müvəkkili Şahid2 iştrakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrin izah edir və daha sonra barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mavi rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş maddəni çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu həmin narkotik vasitəni 31 avqust 2023-cü il tarixdə saat 10 radələrində Yasamal rayonu “Sovetski” adlanan ərazidən üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul ödəyərək aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə hesab olunan heroinə bənzər maddə olması aşkar edilir. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb götürülür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. (i.v. 81) “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/4631 nömrəli rəyi ilə tanınmış 1,031 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və maddi sübut kimi tanınmış 1,031 qram heroinin 0,981 qram qalığı məhkəmə baxışınadək Yasamal RPİ-də saxlanılmışdır. (i.v. 75) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 nəticələrinə dair 30 oktyabr 2023-cü il tarixli 7096 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 103-104) “Sübutların qiymətləndirilməsi haqqında” 31 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,031 qram, tədqiqatdan sonra qalıq qalmış 0,981 qram narkotik vasitə heroin, bir ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (i.v. 109-113) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olan zaman narkotik vasitə hesab edilən metamfetamin qəbul edir. 31 avqust 2023-ci il tarixində saat 10 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisindəki “Sovetski” adlanan ərazidə üzdən tanımadığı kişi cinsli şəxsdən ümumilikdə 10 manat qarşılığında qızılı rəngli siqaret kağıza bükülmüş bir ədəd bükümdə narkotik vasitə olan heroin almış və istifadə etmək üçün geyindiyi mavi rəngli cins şalvarının sağ yan cibində gizlətmişdir. O, həmin gün saat 12:10 radələrində ünvan 5 ünvanının yaxınlığından keçən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə 26-cı polis bölməsinə getməyi təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış və həmin polis bölməsinə gəlmişlər. Üzərində narkotik maddə olmadığını lakin metadon stifadəçi olduğunu bildirmişdir. Polis bölməsində olan zaman onun barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış və Bakı şəhəri 22 saylı vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, vəkillərin siyahısı ilə tanış olduqdan sonra vəkil Müdafiəçi onun hüquqlarını müdafiə etməsinə ərizə ilə yazıb müraciət etmişdir. Bundan sonra vəkil Müdafiəçi iş otağına dəvət olunmuş və ona vəkil kimi təqdim edilmişdir. Daha sonra polis bölməsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üstündə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, həmçinin videoçəkiliş vasitəsi ilə üzərində axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və yaxud predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O da, bundan sonra geyindiyi mavi rəngli cins şalvarının sağ yan cibində saxladığı qızılı rəngli siqaret kağıza bükülmüş içərisində narkotik vasitə olan heroin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə olan heroin ekspertizaya təqdim etmək üçün qablaşdırılmış, zərf və tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 64-65) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2023-cü il tarixli 4(004)- 655/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilərət, təqdimatın təmin olanmamasını xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində narkotik vasitə olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 1,031 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:10-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 29) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2023-cü il tarixli 4(004)- 655/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 31 avqust 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 72-74) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Məlikov X6 Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i.v. 78-79) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(004)-456/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 1(004)-456/2023 nömrəli göstərişinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il il tarixli, 1(004)-456/2023 nömrəli hökmü 26 dekabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi və cinayətləri törətmiş şəxs heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edıimış, əsaslar uzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə həmin cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 1(004)-456/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs əməli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli hökmü qanuni qüvvəyə minməmiş törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 1(004)-456/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplanmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdən 19 aprel 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət ona təyin ediləcək azadlığın məhrum etmə cəzasının 01 (bir) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 31 avqust 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarının saxlanca verilmiş narkotik vasitə olan heroinin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 1(004)-456/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplansın və ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 18 aprel 2023cü il tarixdən 19 aprel 2023-cü il tarixədək 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 31 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarının saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.981 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” Vəkil Bürosunun vəkili X4 məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Mərkəz Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar