Məhkəmə qərarları › İş №1(004)-79/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-79/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-79/2021 17.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə səhər vaxtı Bakı şəhəri Yasamal rayonu “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən (şəxsdən) 15 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,415 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış və həmin gün, yəni xx xxxxxxxx 2020-ci il tarixdə saat 11.50 radələrində ünvan 2 saylı ünvanın qarşısında Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sol yan cibindən bir ədəd «gümüşü» falqa kəsiyi bükümündə təmiz çəkisi 0,415 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, heç bir yerdə işləmir, təqaüdçüdür, 2010 və 2015-ci il tarixlərdə narkotik vasitə ilə saxlanıldığından Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Artıq uzun müddətdir ki, narkotik aludəçisi olaraq narkotik vasitə olan heroindən istifadə edir. Bədənində ağrılar olduğu üçün özü istifadə etmək məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə səhər vaxtı narkotik vasitə olan heroin almaq məqsədilə Bakı şəhəri Yasamal rayonu “Kubinka” adlandırılan əraziyə getmiş və yol kənarında üzdən tanıdığı narkoman olan bir nəfər şəxsə yaxınlaşaraq narkotik vasitə olan heroini olubolmamasını ondan soruşmuşdur. Həmin şəxsdə narkotik vasitə olan heroinin olmasını öyrəndikdən sonra 15 manat pul verərək şəxsi istifadəsi üçün bir ədəd gümüşü falqaya bükülmüş vəziyyətdə narkotik vasitə hesab olunan heroini həmin şəxsdən almışdır. Həmin narkotik vasitəni əynindəki şalvarın sol yan cibində qoyaraq yaşadığı evə qayıtmışdır. Həmin gün, yəni xx xxxxxxxx 2020-ci il tarixdə saat 11.40 radələrində yaşadığı evin yaxınlığında, yəni Yasamal rayonu Ə.Cavad küçəsi 151 saylı ünvanın qarşısına çıxmış və bir qədər orada dayanan zaman ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ondan kim olduğunu soruşmuşlar. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğumu demişdir. Sonra həmin polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz əldə edilməsində və istifadəsində şübhəli olduğunu bildirib Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O, etiraz etmədən həmin polis əməkdaşları ilə birgə Yasamal rayon Polis İdarəsinə gəlmişdir. Xidməti otaqların birində hüquqlarının qorunması üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunacağını bildirmiş və sonradan Bakı şəhəri Mərkəz Vəkil Bürosundan olan vəkil Müdafiəçi qızını hüquqlarını müdafiə etməsi üçün ona təqdim etmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış aparılacağı bildirilərək üzərində qanunsuz nə varsa təqdim etməsini bildirmişlər. O, əynindəki şalvarın sol yan cibindən bir ədəd gümüşü falqaya bükülmüş vəziyyətdə olan heroini çıxararaq könüllü olaraq təqdim edib masanın üzərinə qoymuşdur. Bundan başqa üzərindən heç bir dəyərli əşya və pul əskinası çıxmamışdır. Həmin hərəkətlər polis əməkdaşı tərəfindən mobil telefon vasitəsi ilə videokameraya çəkilmişdir. İçərisində heroin olan təqdim etdiyi büküm polis əməkdaşı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş və ondan bükümün içərisində olan maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra büküm bağlanılaraq zərfin içərisinə qoyulmuş, zərf bağlanaraq möhürlə möhürlənmiş və həmin zərfə digər iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra təhqiqatşı onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin olan zərfin ekspertizaya göndəriləcəyini bildirərək ondan izahat almışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona heç bir fiziki və psixoloji zorun tətbiq edilmədiyini, narkotik vasitə olan heroini aldığı şəxsi üzdən tanıdığını, həmin şəxsin anket məlumatları və mobil telefon nömrəsi barədə heç bir məlumatının olmadığını, həmin şəxsin qara saçlı, qara gözlü, arıq bədən quruluşlu, təxminən 30-35 yaşlarında və 166-170 sm boyu olan bir şəxs olduğunu, heç bir ruhi-əsəb və başqa xəstəliklərindən əziyyət çəkmədiyini, bunlarla əlaqədar olaraq heç yerdə qeydiyyatda olmadığını, bundan başqa heç yerdə, heç kimlə və heç bir cinayət törətmədiyini bildirmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və 2-ci qrup əlil olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD-R diskində olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinə xx xxxxxxxx 2020-ci il tarixdə narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə ilə Yasamal rayonu Ə.Cavad küçəsi 151 saylı ünvanın qarşısına gələcəyi ilə bağlı əvvəlcədən məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı xx xxxxxxxx 2020-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş və müvafiq əmr hazırlanmış, əməliyyat qrupunun yaradılması haqqında protokol tərtib edilmişdir. Həmin məlumatı yoxlamaq məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 11.40 radələrində o, iş yoldaşı Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin kiçik inspektoru polis serjantı Şahid2 ilə birlikdə əməliyyat tədbirini keçirmək məqsədi ilə Yasamal rayonu Ə.Cavad küçəsi 151 saylı ünvanın qarşısına getmişlər. Həmin ünvana çatmış, təxminən 5-10 dəqiqə orada gözlədikdən və ətrafa nəzər yetirdikdən sonra zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin tək şəkildə onlara tərəf gəlməsini müşahidə etmişlər. Təqsirləndirilən şəxs kimi bildikləri şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra şəxsiyyətini dəqiqləşdirmək üçün ona kim olması sualını verdikdə həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Əməliyyat məlumatı üzrə axtarılan şəxsi müəyyən etdiklərinə görə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə edib üzərində saxlamasına dair əvvəlcədən məlumatlı olduqlarını bildirmiş və üzərində şəxsiyyət vəsiqəsi olmadığını öyrəndikdən sonra sonuncuya Yasamal RPİ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədikdə birlikdə Yasamal RPİ-nin Təhqiqat Şöbəsinə gəlmişlər. xx xxxxxxxx 2020-ci il tarixdə Təhqiqat Şöbəsində təhqiqatçının xidməti otağında dəvət edilmiş vəkilin iştirakı ilə aparılmış videoçəkilişlə şəxsiyyəti müəyyən edilən 1962-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi başlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin zaman əynində olan şalvarın sol yan cibindən bir ədəd gümüşü falqa kəsiyi bükümündə olan bükülünü çıxararaq təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılmış və baxış zamanı içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin nə olduğu soruşulduqda sonuncu həmin maddənin heroin olduğunu və Yasamal rayonu “Kubinka” adlandırılan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manat pula əldə edib üzərində saxlamasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və sonuncunun üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi işərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə olan 01 ədəd büküm zərfə qoyularaq möhürlənmiş, həmin zərfə bütün iştirakçılarla bərabər o, da imza etmişdir. Daha sonra təhqiqatçı içərisində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd etmişdir. DİN X1 arayış alındıqdan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd gümüşü falqa kəsiyi bükümündə təmiz çəkisi 0,415qr. olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Verilən suallara cavab olaraq Şahid1 ifadəsində, Təqsirləndirilən şəxs həm əvvəllər, həm də saxlanıldığı dövrdə narkotik vasitələrin satışı ilə məşğul olmasına dair Yasamal RPİ-nin NMB-nə heç bir məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 23-cü vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 76-cı vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 (on beş) gün, yəni xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 118-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 6/2042 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,410 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmçinin rəyin tədqiqat prosesinin təsviri hissəsində narkotik vasitə olan heroinin 0.050 qramının tədqiqata sərf edilməsi, qalıq çəki də 0.360 qram kimi göstərilmişdir. Cinayət işinin 117-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 (səksən bir) manat 82 (səksən iki) qəpik təşkil etmişdir. Cinayət işinin 128-135-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 01 (bir) ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 126-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator X2 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3197 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X3 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 2) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx xxxxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx xxx 2016-cı il tarixli aministiya qərarının 2.4-cü bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. Cinayət işinin 93-97-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan bükümdə olan 1.04 qram çəkidə narkotik vasitə-həşiş qətranı alaraq əldə edib özündə saxlamış və xx xxxxxxxx 2010- il tarixdə saat 11.15 radələrində yaşadığı ünvanın, ünvan 5 qarşısında Bakı şəhəri Yasamal rayon Pİ-nin 29-cu PB-nin əməkdaşları tərəfmdən saxlanılaraq, hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin 98-104-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - bir ədəd siqaretin gümüşü kağızı bükümdə cəmi 0,168 qram çəkidə narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamış, xx xxxxxx 2015-ci il tarixdə saat 14:30-da ünvan 6 ünvanın qarşısında Yasamal rayon Pi-nin 29-cu PB-nin əməkdaşları tərəfındən keçirilmiş əməliyyat tədbiri zaman yaxalanmış və 29-cu PBnin inzibati binasında xx xxxxxx 2015-ci il tarixdə saat 14:45 radələrində üzərinə baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ cibındən bir ədəd sıqaretin gümüşü kağızına bükülmüş içərsində ağımtıl rəngli tozşəkilli kustar üsulla hazırlanmış təmiz çəkisi 0,168 qram olan narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 01 (bir) il 08 (şəkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 114-cü vərəqəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx xxxx 2016-cı il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Cinayət işinin materiallarında olan DVD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 01 ədəd 20200924_171900.mp4 VLC yazılmış 6 dəqiqə 06 saniyə video fayl vardır. Həmin video faylda olan görüntülərdən görünür ki, Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı Əli Məmmədov, Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin kiçik inspektoru polis serjantı Şahid2 və Müdafiəçi qızının iştirakları ilə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılacağını elan edir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra hər hansı bir vəsatətinin və ya etirazının olub-olmadığını soruşur, sonuncu isə heç bir vəsatətinin və ya etirazının olmadığını bildirir. Təhqiqatçı Ə.Məmmədov çəkilişin xx.xx.2020-ci il tarixdə saat 13.30-da İphone markalı mobil telefonla aparılacağını elan edir. Bundan sonra, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs özünü təqdim edərək 1962-ci il təvəllüdlü olmasını, ünvan 4 -də qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, əvvəllər 2 dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, sonuncu dəfə 2015-ci il tarixdə 1 il 6 ay müddətinə həbs olunmasını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir və ona üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə subut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilir. Həmin zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş bükümü çıxararaq təqdim edir və həmin maddəni masanın üzərinə qoyur. Həmin büküm təhqiqatçı tərəfindən açılır və baxış keçirilir, Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin nə olduğu soruşulur. Təqsirləndirilən şəxs həmin madənin heroin olduğunu və onu Yasamal rayonu “Kubinka” adlandırılan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manat pula əldə etdiyini bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və sonuncunun üzərindən heç bir əşya çıxmır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyulur və zərf bağlanaraq 42 saylı möhürlə möhürlənir, həmin zərf Təqsirləndirilən şəxs, Müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanır. Daha sonra təhqiqatçı içərəsində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD-R diskində olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və İİ-ci qrup əlil olması yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın xx xxxxxx 2020-ci il tarixli, 3197 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,360 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 81 (səksən bir) manat 82 (səksən iki) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili L.X.Şəmmədovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili L.X.Şəmmədovaya məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,360 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar