Məhkəmə qərarları › İş №1(004)-79/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-79/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-79/2022 11.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 15:40 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Məmmədkərim qızının, Təqsirləndirilən şəxs oğlunun, onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeytdiyyatda olmaqla, ünvan 2 yaşayan barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarəetmək hüququ olmadan yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin az ağır xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, «X3» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan 12 iyul 2021-ci il tarixdə saat 17 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Şahid2 Nasir oğluna məxsus «HJ 150-9» markalı 99A076 dövlət qeydiyyat nişanlı motoskileti ünvan 3 ünvanında yerləşən Caspian Plaza biznes mərkəzinin qarşısı ilə saatda təxminən 40 km surətlə hərəkətdə olarkən «X3» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən surəti lazımınca azaltmalı, bununla yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda buna riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq piyada keçidinin üzəri ilə yolu soldan - sağa doğru keçən şəxsiyyəti istintaqla müəyyən edilməmiş qadın cinsli piyadanı vurmaması üçün yayındırarkən idarə etməni itirərək motoskiletin aşması nəticəsində motoskiletdə sürücünün arxa tərəfində əyləşmiş Zərərçəkmiş şəxs Məmməkərim qızına ehtiyatsızlıqdan sağ qamış sümüyünün aşağı 1/3-nin sağ inçik sümüyünün yuxarı 1/3-nin yerdəyişən qapalı sınığı kimi xəsarətlərlə müşahidə edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa “Az ağır” zərər vurmaya aid xəsarət yetirmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yol nəqliyyat hadisəsi baş verməmişdən bir neçə gün əvvəl Zaur adlı şəxsdən götürdüyü mopeddə nasazlıq yarandığı üçün beşmərtəbə ərazisindəki servisə aparmışdır. Mopedin sahibi Zaur adlı şəxs özü ona əvvəlcədən mopeddə nasazlıq yarandığı təqdirdə təhvil verib ona məxsus 99A076 qeydiyyat nişanlı motoskileti götürüb istifadə etməsini bildirmişdir. Həmin vaxt servizdə olan Viktor adlı ustanın yanında Zaurla əlaqə saxladıqdan sonra motoskileti servizdən götürmüşdür. Motoskileti sürücülük vəsiqəsi olmadan idarə etmişdir. 12 iyul 2021-ci il tarixdə tanışı Leyla ilə motoskiletlə yol getmişdirlər. Caspian Plazanın qarşısı ilə hərəkət edən zaman piyada keçidinə yaxınlaşdıqda piyada keçidindən heç kimin keçmədiyini uzaqdan görərək sürəti azaltmadan hərəkətə davam etmişdir. Lakin piyada keçidində çatdıqda yolu soldan sağa bir nəfər qadın cinsli şəxsin sakit yerişlə piyada keçidini keçdiyini görmüşdür. Qadını vurmamaq üçün sükanı sağa döndərmiş və əyləcdən istifadə etmişdir. Həmin vaxt motoskiletin sükanı qadının qoluna dəymiş və motoskilet aşmışdır. Hadisə nəticəsində Leyla xəsarət almışdır. Hadisə vaxtı özü dəbilqədən istifadə etsədə Leylanın başında dəbilqə olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alıb barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs Məmmədkərim qızı ifadəsində göstərmişdir ki, 12 iyul 2021-ci il tarixdə Nizami metro stansiyası yaxınlığında Samir ona getdiyi ünvana apara biləcəyini bildirmişdir. Samirin təklifi ilə razılaşmış və sürücünün arxasında əyləşmişdir. Bundan sonra Samir motoskileti sürərək paralalel olan küçəyə keçmişdir. O, motoskiletlə Caspian Plazanın qarşısı ilə hərəkət edən zaman piyada keçidində bir nəfər qadın cinsli şəxsi vurmuş və motoskilet aşmışdır. Motoskilet aşması nəticəsində xəsarət almışdır. Orada olan şəxslər təcili tibbi yardım çağırdıqları üçün onu 3 saylı Sabunçu şəhər xəstəxanasına aparmışlar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə Şahid2 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, hadisədən bir neçə gün əvvəl qeyd edilən motoskiletdə nasazlıq yarandığı üçün beşmərtəbə adlanan ərazidə Viktor adlı ustanın yanına təmirə qoymuşdur. Motoskliet təmirdə olduğu müddətdə dostu Oktay vasitəsi ilə tanıdığı Samir ona vermiş olduğu digər mopedi Viktor adlı ustanın yanına təmirə gətirmişdir. Samir ona məxsus motoskileti görərək işləmək üçün Oktaydan motoskileti götürmüşdür. Oktaydan motoskiletin Samir tərəfindən götürüldüyünü bilmiş və onun sürücülük vəsiqəsi olmadığı üçün ona zəng edədərək motoskileti geri qaytarmasını tələb etmişdir. 12 iyul 2021-ci il tarixdə isə Samir zəng edərək motoskiletdən yıxıldığı üçün cərimə meydançasına aparıldığını bildirmişdir. Motoskiletin cərimə meydançasına aparılma səbəbini araşdırdıqda məlum olmuşdur ki, Samir motoskiletlə aşmış və onun arxasında əyləşmiş adını bilmədiyi qadın cinsindən olan şəxs xəsarət almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 99A076 dövlət nömrə nişanlı «HJ 150-9 Motosikil» markalı motoskilet ona məxsus olmuşdur. Həmin motoskileti təxminən 2 il bundan əvvəl adını xatırlamadığı şəxsə baş etibarnamə əsasında satmışdır. Təxminən 4-5 gün bundan əvvəl ərazi polisi onun Yasamal RPİ-nin İstintaq şöbəsi tərəfindən axtarıldığını bildirmişdir. Həmin vaxt 12 iyul 2021-ci il tarixdə Caspian Plazanın qarşısında yol-nəqliyyat hadisəsi olması barədə məlumat almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisənin Təqsirləndirilən şəxs idarə etdiyi «HJ 150-9» markalı 99A076 qeydiyyat nişanlı motoskiletlə ünvan 5 ünvanında yerləşən Caspian Plaza biznes mərkəzinin qarşısında, piyadalar üçün nəzərdə tutulmuş keçidin üzərində baş vermişdir (1ci cild, səh. 05-07, 57-60) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid2 Nasir oğluna məxsus olan «HJ 150-9» markalı 99A 076 qeydiyyat nişanlı motoskiletə baxış keçirilmiş, baxış zamanı motoskiletin ön sol hissəsinin sol tərəfində yerləşən əvvəlcədən sınıq vəziyətdə olmuş işıq cihazının motoskiletin gövdəsinə bərkidilmiş hissədən çıxması və elektrik naqili ilə asılı vəziyətdə qalması müəyyən edilmişdir (cild 1, səh. 08-10). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyul 2021-ci il tarixli 2/9428 nömrəli alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı «ayıq» vəziyyətdə olmuşdur (cild 1, səh. 15). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsindən alınmış 24 sentyabr 2021ci il tarixli, 016-113228-1221 nömrəli məktubdan görünür ki, həmin idarənin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir (cild 1, səh. 63). İş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 12 iyul 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən Caspian Plaza biznes mərkəzinin qarşısında piyada keçidi üçün nəzərdə tutulmuş zolağın üzərində «HJ 150-9» markalı 99A076 qeydiyyat nişanlı motoskilet yolu soldan-sağa doğru keçən piyadanı motoskietin sükan hissəsi ilə vurması nəticəsində motoskilet aşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 13.10.2021-ci il tarixli 8/2387 №-li məhkəmə yol-nəqliyyat ekspert rəyi ilə təsdiq olunur ki, HJ 150-9 markalı 99A076 dövlət qeydiyyat nişanlı motoskiletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motoskileti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, səh. 73-76). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 tərəfindən daxil olmuş 23.07.2021-ci il tarixli 153 №-li məhkəmə-tibbi ekspert rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs Məmmədkərim qızının adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarət - sağ qamış sümüyünün aşağı 1/3-nin yerdəyişən qapalı sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 12.07.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir ( cild 1, səh. 26-28). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1,səh. 54-55). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 dekabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübüt kimi tanınmış və HJ 150-9 markalı 99A076 qeydiyyat nişanlı motoskilet saxlanılması üçün Şahid2 Nazir oğluna qaytarılmışdır. Təhlükəsiz Şəhər kamerasının videomüşahidə qurğusunun kamerası tərəfindən çəkilmiş və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən video görüntüləri əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, səh. 98-103). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qətimkan tədbiri seçmək haqqında 03 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “polisin nəzarəti altına vermə haqqında” növündə qətimkan tədbiri seçilmişdir (cild 1, səh 131-132) . Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “X3” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin İİİ hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 236.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması və bunun nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsrət yetirilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, təqsirini etiraf etməsini, eləcə də törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəratinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb- sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi nəzərə alınmaqla əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə cinayətin avtomaşınla yol hərəkəti qaydalarına laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və cinayətin digər hallarını, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasının sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza növü kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəzalar ilə cəzanın məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “polis nəzarəti altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 100 (bir yüz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış «HJ 150-9» markalı 99A076 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Şahid2 Nasir oğluna qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 yanvar 2022-ci il tarixli, 1(004)-79/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 01 yanvar 2022-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan 100 (bir yüz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış «HJ 150-9» markalı 99A076 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Şahid2 Nasir oğluna qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış beş ədəd 1 DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar