Məhkəmə qərarları › İş №1(004)-80/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-80/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-80/2021 03.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1, ev 144 nömrəli ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu “Papanin” adlı ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,386 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlamaqla daşımış və xx xxxxxxx 2020-ci il tarixdə saat 12.00-da ünvan 1 144 nömrəli ünvanın qarşısında Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin İnzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağız kəsiyi bükümündə həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmaqla bədənində ağrılar olan zaman narkotik vasitə olan heroin qəbul etmişdir. Odur ki, xx xxxxxxx 2020-ci il tarixdə bədənində ağrılar olduğundan həmin tarixdə saat 11 radələrində əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Papanin” adlı əraziyə gəlib orada üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində içərisində heroin olan ağ rəngli kağız kəsiyi bükümünü alıb əynində olan tünd rəngli şalvarın sol yan cibinə qoyaraq yaşadığı ünvana yollanmışdır. Saat 12 radələrində o, yaşadığı ünvan 1 144 nömrəli ünvanın qarşısında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq hüquqlarını izah etdikdən sonra narkotik vasitə qəbulu ilə bağlı şübhələr əsasında onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O, da heç bir etiraz etmədən onlarla birlikdə Yasamal RPİ-nin inzibati binasına gələn zaman xidməti otaqların birinə dəvət edilmiş və orada təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra isə təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o, heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. Öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra əynində olan tünd rəngli şalvarın sol yan cibindən içərisində heroin olan bir ədəd ağ rəngli kağız kəsiyi bükümünü könüllü olaraq təhqiqatçıya təqdim etmiş və heroini hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Bundan sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmiş və doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi içərisində heroin olan bir ədəd ağ rəngli kağız kəsiyi bükümü isə zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülmüşdür. O, tutularkən və polis idarəsində olarkən, istərsə də MSY-də saxlanılarkən heç bir zor tətbiq edilməmişdir. O, daha sonra göstərmişdir ki, narkotik vasitə aldığı şəxsi təxminən xeyli müddətdir ki, narkotik satışı ilə məşğul olan şəxs kimi tanısa da, onun anket məlumatları və əlaqə vasitələri barədə heç bir məlumatı yoxdur. O, sadəcə şəxsi istifadəsi üçün müştəri kimi 20 manat müqabilində bir büküm heroin almışdır. Həmçinin bildirmişdir ki, həmin şəxs təxminən 35-40 yaşlarında olan, orta bədən quruluşlu, kişi cinsindən olan orta boyulu bir şəxs olmuşdur. Bundan başqa onun xarici əlamətləri barədə heç bir məlumat xatırlamadığını göstərmişdir. O, daha sonra göstərmişdir ki, törətdiyi cinayət əməlindən peşmandır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini və ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD-R diskində olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİO-da 2010-cu ildən, Yasamal RPİ-nin NMB-in əməliyyat müvəkkili vəzifəsində isə 2016-cı il tarixdən çalışır. Onun vəzifə səlahiyyətlərinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq, həmin cinayət əməllərini törədən şəxslərin tutulmasında iştirak etmək və sair daxildir. Bakı şəhər sakini X7 Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz əldə edilməsi və dövriyyəsi ilə məşğul olması bağlı idarəyə məlumat daxil olduğundan Yasamal RPİ-nin rəisinin əmri əsasında əməliyyat qrupu təşkil olunmuş və xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində Yasamal RPİ-nin NMB-in əməliyyat müvəkkili Şahid1la birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 1nə yollanmışlar. Həmin vaxt M.Sübhi küçəsi 144 nömrəli ünvanın qarşısında hərəkətdə olan əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Yasamal RPİ-nə dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə idarəyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində baş təhqiqatçı Əli Məmmədov onu şübhəli şəxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla onların və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd kağız kəsiyi bükümünü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin maddənin heroin olmasını və şəxsi istifadəsi üçün həmin gün Bakı şəhəri Yasamal rayonu “Papanin” adlı ərazidə narkotik satışı ilə məşğul olan üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını etiraf etmişdir. Daha sonra isə onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman əlavə heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddələr zərfə qoyularaq möhürlənmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı əməliyyat məlumatı əldə etməmişlər və bu barədə sonradan keçirilən əməliyyat tədbirləri nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİO-da 2002-ci ildən, Yasamal RPİ-nin NMB-in əməliyyat müvəkkili vəzifəsində isə 2019cu il tarixdən çalışır. Onun vəzifə səlahiyyətlərinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq, həmin cinayət əməllərini törədən şəxslərin tutulmasında iştirak etmək və sair daxildir. Bakı şəhər sakini X7 Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz əldə edilməsi və dövriyyəsi ilə məşğul olması bağlı idarəyə məlumat daxil olduğundan Yasamal RPİ-nin rəisinin əmri əsasında əməliyyat qrupu təşkil olunmuş və xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində Yasamal RPİ-nin NMB-in əməliyyat müvəkkili Şahid2la birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 1nə yollanmışlar. Həmin vaxt M.Sübhi küçəsi 144 nömrəli ünvanın qarşısında hərəkətdə olan əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Yasamal RPİ-nə dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə idarəyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində baş təhqiqatçı Əli Məmmədov onu şübhəli şəxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla onların və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd kağız kəsiyi bükümünü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin maddələrin heroin olmasını və şəxsi istifadəsi üçün həmin gün Bakı şəhəri Yasamal rayonu “Papanin” adlı ərazidə narkotik satışı ilə məşğul olan üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını etiraf etmişdir. Daha sonra isə onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman əlavə heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddəni zərfə qoyularaq möhürlənmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 24-cü vərəqəsində olan xx xxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 75-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixindən hesablanmaqla 03 (üç) ay müddətinə "həbs" qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 88-90-cı vərəqələrində olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində "həbs" qismində qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Cinayət işinin 91-92-ci vərəqələrində olan qətimkan tədbiri seçmə barədə xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 102-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci tarixli, 6/2184 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,375 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Cinayət işinin 101-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81.82 (səksən bir) manat (səksən iki) qəpik müəyyən edilmişdir. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 şəxsi Ambulator X4 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli 3371 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, müayinə olunan Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 112-120-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 01 (bir) ədəd DVD-R diski isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X5 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan AZ-T seriyalı, 025178 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında xx xxxxx 2013-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində nikah bağlanmış, nikahdan sonra ərə Mahmudov, arvada isə Mahmudova soyadı verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 1 Nömrəli Uşaq Poliklinikasının tibbi arayışının surətindən görünür ki, xx xxxxxx 2016-cı il təvəllüdlü X1 rayon 1 saylı uşaq poliklinikasında qeydiyyatdadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 1 Nömrəli Uşaq Poliklinikasının tibbi arayışının surətindən görünür ki, xx xxxxxxxx 2014-cü il təvəllüdlü X2 rayon 1 saylı uşaq poliklinikasında qeydiyyatdadır. Cinayət işinin materiallarında olan DVD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxxxxxx 2020-ci il saat 13:45-də Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında xidməti otaqlardan birində Bakı şəhəri Yasamal RPİnin əməkdaşlarının və “Mərkəz” vəkil bürosunun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən içərisində heroin olan bir ədəd ağ rəngli kağız kəsiyi bükümünü çıxararaq təqdim etmiş və narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün saxlanıldığı gün “Papanin” adlanan ərazidə anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində almasını etiraf etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD-R diskində olan video görüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum edilməməsini və ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasının cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və onun barəsində ********* saylı cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, cəza çəkmənin əvvəli isə hökmün çıxarıldığı, yəni xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək, 08 (səkkiz) gün müddətində həbsdə saxlanıldığı müddəti Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 şəxsi Ambulator X4 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3371 rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,325 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan DVD-R diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 81.82 (səksən bir) manat (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə iştirak etdiyi 80 saata görə 480 (dörd yüz səksən) manat, Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 08 (səkkiz) gün müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və onun barəsində ********* saylı cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,325 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81.82 (səksən bir) manat (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE ********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə iştirak etdiyi 80 saata görə 480 (dörd yüz səksən) manat, Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar