Məhkəmə qərarları › İş №1(004)-80/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-80/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-80/2024 06.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Zəfər” Vəkil Bürosunun vəkili X1, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta texniki təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs“ qətimkan təsbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakini gizli olaraq talamaqla oğurluq etmiş, eləcə də özgənin əmlakını açiq talayib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. Belə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə, tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 2 ünvanda yerləşən hərəkət yolunun kənarında saxlanılmış vətəndaş Zərərçəkmiş şəxs2 məxsus Yamaha NNB markalı, dövlət nömrə nişanı olmayan mopedi gizli olaraq talamaqla, hadisə yerindən sürüb gedərək, Zərərçəkmiş şəxs2 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açiq talama yolu ilə ələ keçirmək məqsədi ilə 18 avqust 2023-cü il tarixdə saat 19 radələrində Baki şəhəri Ş.Mehtiyev küçəsi 56 saylı ünvanda yerləşən «KidSpro» uşaq geyimləri satılan mağazaya müştəri qismində daxil olaraq, mağazada satıcı işləyən vətəndaş Zərərçəkmiş şəxs1 yalandan guya uşaq geyimi alması görüntüsü yaratmaqla, Zərərçəkmiş şəxs1 mağazanın arxa vitrinində olan uşaq geyimlərini gətirməsini deməklə, sonuncunun başının qarışıq olmasından istifadə edərək, kassa masasının üzərində olan Zərərçəkmiş şəxs1 məxsus üzərində 25 manat dəyərində ***-***-**-** gsm nömrəsi olan 400 manat məbləğində 1 ədəd Casper markalı və üzərində 10 manat dəyərində ***-***-**-** bakcell nömrəsi olan 400 manat məbləğində olan 1 ədəd Redmi Note 8 markalı mobil telefonu talayaraq, mağazadan çıxmaq istəyərkən, Zərərçəkmiş şəxs1 onun bu qanunsuz hərəkətlərini gördüyünə əmin olduqdan sonra da, öz hərəkətlərini davam etdirərək, onun arxasinca qişqiran Laman Zeynalovaya məhəl qoymadan hadisə yerindən qaçıb getməklə, Zərərçəkmiş şəxs1 məxsus 835 manat məbləğində qeyd edilən əmlaki açiq yolla talayib təkrarən soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü qismən təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər CM-nin 177, 234.1, 180.1 maddələri ilə müxtəlif vaxtlarda 05 dəfə məhkum edilmişdir, sonuncu dəfə 2020-ci ildə cm-nin 177 və 180-cı maddələri ilə təqsirli bilinib 03 il 06 ay nəsimi rayon məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2023-cü ilin iyun ayında vaxtıdan əvvəl şərti azad olunmuş, 11 saylı CÇM-də cəza çəkmişdir. Azadılğa çıxandan sonra iş tapa bilmədiyinə görə dolana bilmirmiş. 17 avqust 2023-cü il tarixdə axşam saat təxminən 20-21 radələrində ünvan 2 ünvanda yerləşən “playstation” klubunun qarışısndan keçərkən bu zaman yolun kənarında daynmış vəziyyətdə olan moped onun diqqətini cəlb etmiş, mopedin yanına yaxınlaşıb bir az gözləmiş, ətrafı nəzərdən keçirtmiş, tam araxayın olmuşdur ki, heç kim gəlmir, moped sahibsizdir, ona görə də mopedi əli ilə sürüb həmin yerdən uzaqlaşıb getmişdir. Məqsədi mopedi satıb pul qazanmaq olmuşdur. Mopedin mühərriki bağlı olduğu üçün işə sala bilməmişdir. Mopedi əli ilə sürə-sürə A.M.Şərifzadə küçəsində yerləşən asan xidmətin yanına gəlmişdir. Həmn vaxtı orada tanımadığı özünü Kamal kimi təqdim edən şəxslə rastlaşmış və mopedi satmaq fikrində oluğunu bildirmişdir. Həmin şəxs mopedə baxıb mopedin işləmədyini bildirmiş və əgər düzəldə biləcəyi təqdirdə ala biləcəyini söyləmiş və çıxıb getmişdir. Mopedin mühərrikinin işlək vəziyyətdə olmadığına görə mopedi həmin yerə yaxın bir yerdə saxlayıb çıxıb getmişdir. Məqsədi isə əlinə pul düşsə mopedi aparıb ustada düzəltdirib və sonra satıb pul əldə etmək olmuşdur. Gecəni evə getmiş və səhəri gün yenidən Yasamala gəlmişdir. 18 avqust 2023-cü il tarixdə saat təxminən 19 radələrində Ş.Mehtiyev küçəsindən keçərkən uşaq paltarları satılan dükan diqqətini cəlb etmişdir. Dükanın içinə girmiş, satıcı qız onu qarşılamış, satıcı qızın qarşısındakı masanın üzərində 02 ədəd telefon diqqətini cəlb etmiş, o telefonları oğurlamaq barədə qərar vermiş, lakin hansı formada oğurlayacağı barədə fikirləşib, yalandan satıcı qızı dükanın o biri hissəsində olan uşaq paltarının başqa rəngində olanını gətirməsini xahiş etmişdir. Özü isə həmin vaxtı satıcı qızın masasının yanında dayanışdır. Satıcı qız üzünü çevirib gedəndə o, tez masanın üzərində olan 02 ədəd markasını bilmədiyim mobil telefonu götürüb cibinə qoymuş və mağazandan çıxanda qız onu görmüşdür və arxamca qışqırmışdır. O, isə ona əhəmiyyət verməyib mağazadan çıxıb sağa doğru qaçmış, həmin qız onun arxasi ilə qaçmışdır. O, qaçıb həmin yerdən uzaqlaşıb arxaya baxan zaman görmüşdür ki, bir oğlan da onun arxasi ilə qaçır, bu zaman o dayanıb və cibində olan satıcı qıza məxsus telefonlardan birini yerə qoymuşdur. Həmin oğlan üstünə gələndə o yenidən qaçaraq həmin yerdən uzaqlaşmışdır. Bundan sonra telefona baxanda telefonun “Redmi Note 8” markalı olduğunu görmüşdür. Telefonun üzərində olan nömrəsini çıxarıb tullamış, telefonu isə “İnşaatçılar” metrosunun yaxınılığında olan telefon alqı-satqı mağazasına aparıb öz şəxsiyyət vəsiqəsilə 50 manata satmışdır. Əldə etdiyi 50 manat pulu isə öz şəxsi ehtiyaclarına xərcləmiş, sonra isə evə getmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində yaşadığı ünvanda olarkən Yasamal RPİ-nin 27-ci PBnin əməkdaşları gəlib onu evdən götürüb PB-nə gətirmişlər. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd mobil telefonu oğurlayan zaman Ləman onu görmüşdür və arxasi il qışqırmışdır. Zərərçəkmiş şəxs2 məxsus “Yamaha NNB” markalı mopedin 2000 manat qiymətləndirilməsi ilə razı deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, O, «KidsPro» uşaq paltarları satılan mağazada satıcı işləyir. 18 avqust 2023-cü il tarixdə axşam saatlarında işdə olan zaman mağazaya tanımadığı bir müştəri daxil olaraq paltarların qiyməti ilə maraqlanmışdır. Həmin vaxt o, kassanın yanında, mağazaya daxil olan şəxs isə onun yanında dayanmışdır. Daha sonra həmin şəxs ondan mağazanın arxa vitrinində olan uşaq geyimini gətirməyini istəmiş, o da vitrinə tərəf getmişdir. O, paltarı götürüb geriyə dönən zaman həmin şəxsin masanın üzərində ona məxsus 01 ədəd “Casper” markalı və 01 ədəd “Redmi Note 8” markalı mobil telefonlarını götürməsini görmüş, həmin şəxs mağazadan çölə çıxmaq istəyəndə o, onun arxasınca qışqırmışdır. Lakin həmin şəxs qaçaraq oradan uzaqlaşmışdır. Ona məxsus 01 ədəd “Casper" markalı mobil telefonun qiyməti 400 manat, üzərində olan ***-***-**-** GSM nömrəsi ilə birlikdə, 01 ədəd “Redmi Note 8” markalı telefonunu qiyməti 400 manat, üzərində olan ***-***-**-** GSM nömrəsi 10 manat dəyərində olmuşdur. Soyğunçuluq nətincəsində ona ümumilikdə ona hadisə nəticəsində 835 manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, “Yamaha NNB” markalı moped dostu tərəfindən ona bağışlanılmışdır. O, həmin mopedi təxminən iki ay istifadə etmiş, lakin daha sonra həmin moped nasaz olduğundan Ş.Mehtiyev küçəsi 9b saylı ünvanda yolun kənarında saxlamışdır. Həmin vaxtdan sonra o, dəqiq xatırlamadığı tarixdə mopedin yerində olmadığını aşkar etmiş və oğurlanmasını başa düşərək bu barədə DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Daha sonra isə 27-ci PB-ə gedib baş vermiş hadisə ilə bağlı olaraq ərizə və izahat yazmışdır. Həmin mopedin qiyməti 2000 manat olmuşdur. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 119-120 vərəqlərində olan ifadəsində göstərmişdir ki, təxminən 4 ilə yaxındır ki, bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 286-da yerləşən telefon alqsı-satqı dükanını işlədir. xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 21 radələrində iş yerində olarkən əvvəllər tanımadığı hündürboylu bir oğlan dükana yaxınlaşıb qara rəngli “redmi note 8” markalı telefonu ona təqdim edib, telefonun özünün və olduğunu ehtiyacı olduğuna görə satdığını bildirmişdir. O telefona baxanda telefonun kodda olduğunu görüb, ondan kodu açmağı xahiş etmişdir. Həmin oğlan isə telefonu evdə azyaşlı uşaq koda saldığını, kodu bilmədiklərini bildirmişdir. O həmin oğlana inanıb və telefonu 50 manat qiymətləndirmişdir. Həmin şəxs də razılaşmış və ondan 50 manatı alıb çıxıb getmişdir. Telefonu həmin şəxsdən alarkən həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxardıb, bu barədə vəsiqəsində müvafiq qeydiyyatı aparmışdır. Həmin vaxtı sənədə baxanda görmüşdür ki, telefonu ona satan şəxs Təqsirləndirilən şəxs adlı şəxsdir. Telefonu alandan sonra telefon kodda olduğuna görə, açılmadığı üçün telefonu format etdirmiş, telefonda olan bütün foto və video rəsmlər silinmişdir. Təxminən 1-2 gün sonra Yasamal RPİ-nin 27ci PB-dən polis əməkdaşları işlədiyi dükana yaxınlaşıb, 1-2 gün bundan əvvəl “Reldmi note 8” markalı telefon alıb-almadığını soruşdular. Telefonu satan şəxsin Təqsirləndirilən şəxs adlı şəxsin olduğunu bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən “Kids Pro” mağazasıdır. (i.v. 11-16) Götürmə aparılması haqqında 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanda törədilmiş soyğunçuluq cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 məxsus əmlakın açıq talanması faktı ilə bağlı qeyd olunan ünvanda “Kids Pro” mağazasında quraşdırılmış müşahidə kameraları götürülmüşdür. (i.v. 17) “Diskə baxış keçirilməsi barədə” 21 avqust 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs jabbarov ilkin ilqar oğlunun xx.xx.2023-jü il tarixdə saat 21 radələrində yasamal rayonu ş.mehtiyev küçəsi 9b saylı ünvanda yerləşən hərəkət yolunun kənarında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus mopedi oğlurlaması faktı ilə bağlı qeyd olunan ünvanda quraşdırılmış müşahidə kameralarının görüntülərinin fiksə olunduğu 1 ədəd cd diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs hərəkət yolunun kənarında saxlanılmış avtomaşınların yanında dayanması, bir müddət ətrafı müşahidə etməsi, kənardan heç kimin gəlmədiyini görüb, parkovka edilmiş vəziyyətdə olan mopedi əli ilə arxaya çəkib, daha sonra yola doğru istiqamətlənib əli ilə sürərək hadisə yerindən çıxıb getməsi müəyyən edilmişdir. Videogörüntüyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yasamal rayonu Ş.Mehtiyev küçəsi 9b saylı ünvanda Zərərçəkmiş şəxs2 məxsus 2000 manat məbləğində mopedi gizli yolla talayaraq oğurluq etməsi faktı öz təsdiqini tapmışdır. (i.v. 63) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanıdır. (i.v. 92-95) Götürmə aparılması haqqında 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanda törədilmiş oğurluq cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 məxsus əmlakın gizli yolla talanması faktı ilə bağlı qeyd olunan ünvanda quraşdırılmış müşahidə kameraları götürülmüşdür. (i.v. 97) “Götürmə barədə” 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus mopedi oğurladıqdan sonra həmin mopedi A.M.Şərifzadə küçəsində “Asan Xidmət” Mərkəzinin yaxınlığında qoyub getmişdir. (i.v. 98) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 03 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, ona məxsus “Yamaha NNB” markalı mopedi təhvil almışdır. (i.v. 116) “Diskə baxış keçirilməsi barədə” 05 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində ünvan 8 ünvanda yerləşən «kids pro» uşaq paltarı satılan mağazasında törətmiş olduğu soyğunçuluq cinayət hadisəsi ilə bağlı qeyd olunan ünvanda quraşdırılmış müşahidə kameralarının görüntülərinin fiksə olunduğu 1 ədəd cd diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mağazanın daxilində kassa masasının yanında ayaqüstə dayanmış vəziyyətdə satıçı Zərərçəkmiş şəxs1 ilə söhbət edərək nəsə danışması, daha sonra Zərərçəkmiş şəxs1 kassa masasının yanından kənarlaşaraq mağazanın arxa hissəsinə tərəf getməsi, bu zaman Təqsirləndirilən şəxs masanını üzərindən 2 ədəd mobil telefonu götürərək mağazanın daxilindən çölə qaçıb çıxmaq istəyərkən satıçı Zərərçəkmiş şəxs1 da onun arxasınca iti addımlarla qaçması, Təqsirləndirilən şəxs satıcının onun qanunsuz hərəkətlərini gördüyünü biləndən sonra da hərəkətlərini davam etdirərək qapıdan çıxıb sağa doğru qaçması, Zərərçəkmiş şəxs1 da onun arxasınca qaçması, lakin mağazanın sahibsiz qalmasında ehtiyyat edərək sondak qaçmadığı, Təqsirləndirilən şəxs isə hadisə yerindən qaçıb uzaqlaşması müəyyən olunmuşdur. Videogörüntüyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində ünvan 8 ünvanda Zərərçəkmiş şəxs1 məxsus 2 ədəd mobil telefonu açıq yolla talayaraq soyğunçuluq etməsi faktı öz təsdiqini tapmışdır. (i.v. 118) “Sübutların qiymətləndirilməsi haqqında” 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində Yasamal rayonu Ş.Mehtiyev küçəsi 9b saylı ünvanda zərərçəkmiş Çərkǝsov Elmir Saleh oğluna məxsus mopedin oğurlanması faktı ilə bağlı, eləcədə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində ünvan 8 ünvanda zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı törətmiş olduğu soyğunçuluq cinayət hadisələri ilə bağlı qeyd olunan ünvanlarda quraşdırılmış müşahidə kameralarının görüntülərini özündə əks etdirən 2 ədəd CD disk, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Casper” markalı mobil telefon, həmçinin Elmir Çərkǝsova məxsus 1 ədəd “Yamaha NNB” markalı, nömrə nişanı olmayan moped iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, “CD” disklərin cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd “Casper” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs1 mopedin isə sahibi Elmir Çərkǝsova qaytarılması nəzərə alınmışdır. (i.v. 127-133) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli 119 saylı rəyinə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətdiyi zaman «Emosional davamsız şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir, Təqsirləndirilən şəxs əziyyət çəkdiyi emosional davamsız şəxsiyyət pozuntusu ifadə olunma dərəcəsinə görə onu törətdiyi cinayət əməli dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli olan halları düzgün qavraya bilirdi. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, yəni onun Zərərçəkmiş şəxs2 məxus “Yamaha NNB” markalı mopedin dəyərinin 2000 manatdan az olması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Belə ki, www.turbo.az saytıa baxış keçirilən zaman müəyyən edilmişdir ki, “Yamaha” markalı mopedləri qiyməti 750 - 3600 manat intervalındadır. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Həmin qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Həmin Məcəllənin 180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İstintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 oğurlanan mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrəni 25 manat, ***-***-**-** mobil nömrəni isə 10 manat qiymətləndirmişdir. Halbuki, "xxxx" MMC-yə məxsus saytdan (https://bit.ly/3Ag0eJQ) görünür ki, mobil nömrənin bərpasının dəyəri 03 manat 54 qəpikdir, ’’Bakcell” MMC-yə məxsus mobil nömrənin bərpasının dəyəri 03 manat 50 qəpikdir. Buna görədə məhkəmə qeyd edir ki, mobil telefonun üzərində olan sim kartın oğurlanması mülkiyyətçinin həmin nömrədən məhrum etmir, fiziki cəhətdən sim kartdan məhrum olur. Bu səbəbdən ittihamda göstərilən məbləğdə nömrələr deyil, sim kartlar oğurlanmış sayılır. Sim kartın bəspası isə yuxarıda göstərilən giymətlərdən biri ilə bərpa edilir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 oğurladığı mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrə 03 manat 54 qəpik, ***-***-**-** mobil nömrə 03 manat 50 qəpik kimi qiymətləndirilməlidir. Lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələri ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1 və 180.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30-da tutulmuşdur. (i.v. 35) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-621/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 avqust 2023cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 70-72) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-389/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə, həmin Məcəllənin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 mart 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. (i.v. 75-81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Cabbarov X4 Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmişdir. Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək02 il müddətinə azadlıqdan məhrum edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ya müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 03 ay 20 gün vaxtından əvvəl şərti azad edilmişdir. (i.v. 99-101) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(001)-351/2023 saylı qərarına əsasən məhkum Təqsirləndirilən şəxs cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-389/2021 nömrəli hökmü ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 20 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v. 110-115) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona məxsus “Yamaha” markalı mopedin oğurlanması ilə bağlı Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Moped polis əməkdaşları tərəfindən saz vəziyyətdə tapılaraq onun özünə qaytarılmışdır. (i.v. 121) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı dəymiş maddi ziyan ilə bağlı hər hansı iddia və tələbi yoxdur. (i.v. 214) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(001)-351/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş 03 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş cəza müddəti başa çatdığından xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən Cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-389/2021 saylı hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 05 iyun 2023-cü il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməlini vaxtından əvvəl şərti azad edildiyi dövrdə törətdiyindən onun barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(001)-351/2023 saylı qərarına əsasən tətbiq edilmiş 03 (üç) ay 20 (iyirmi) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli və ona həmin Məcəlləni 67.1-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını və törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut bir ədəd “Yamaha NNB” markalı mopedin Zərərçəkmiş şəxs2 və bir ədəd “jasper” markalı mobil telefonun zərərməkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İki ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(001)-351/2023 nömrəli qərarı ilə çəkilməmiş qalan 03 (üç) ay 20 (iyirmi) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(001)-351/2023 nömrəli qərarı ilə 03 (üç) ay 20 (iyirmi) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilməsi hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti cəza saxlanılmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.3). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Zəfər” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Zəfər” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Zəfər” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 177.1ci maddəsi ilə 06 (altı) ay il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 180.2.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(001)-351/2023 nömrəli qərarı ilə çəkilməmiş qalan 03 (üç) ay 20 (iyirmi) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(001)-351/2023 nömrəli qərarı ilə 03 (üç) ay 20 (iyirmi) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilməsi hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 04 (dörd) il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 19 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd üzərində “Yamaha NNB” markalı moped Zərərçəkmiş şəxs2 və bir ədəd “Casper” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Zəfər” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Zəfər” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar