Məhkəmə qərarları › İş №1(004)-81/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-81/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-81/2022 26.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi 4 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu Kubinka adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd qara rəngli siqaret kağızı bükümündə, təmiz çəkisi 0,470 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla, daşımış, 14 oktyabr 2021-ci il tarixdə saat 12:00 dəqiqədə Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat – axtarış tədbirləri nəticəsində, yaşadığı ünvan 2 ünvanın qarşısında saxlanılaraq, polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd qara rəngli siqaret kağızı bükümündə, təmiz çəkisi 0,470 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 2 ünvanda qeydiyyatdadır və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, subaydır, əvvəllər 29 aprel 2010-cu il tarixdə Nizami rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sonradan 22.12.2011-ci il tarixdə Xəzər rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 27.02.2014-cü il tarixdə cəzamın sonu ilə azadlığa buraxılmışdır. Sonradan 29.08.2016-cı il tarixdə Yasamal rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2018-ci il tarixdə noyabr ayında cəzasının sonu ilə azadlığa buraxılmışdır. Əvvəllər psixiatriya xəstəxanasında müalicə almamış və qeydiyyatda deyil, narkoloji xəstəxanada müalicə almış və qeydiyyatdadır. Təxminən 10 ildən artıqdır ki, narkotik vasitə heroin növündən qəbul edir, heroini ineksiya yolu ilə qəbul edir. Narkotik vasitənin heroin növündən qəbul etməkdə məqsədi bədənində olan ağrılardır. 13 oktyabr 2021-ci il tarixdə günorta saatlarında onun bədəni ağramış, təcili narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də o, Bakı şəhəri Yasamal rayonu Kubinka adlanan əraziyə getmiş, orada tanımadığı bir şəxslə rastlaşmış, həmin şəxsə bədəninin ağradığını, narkotik vasitə heroin istədiyini bildirmişdir. Həmin şəxs də ona narkotik vasitə heroin olmasını və neçə büküm lazım olmasını bildirmişdir. O da həmin şəxsə bir bükümdə narkotik vasitə heroin lazım olmasını bildirmiş və qiymətini soruşmuşdur. Həmin şəxs də ona bir bükümünün 15 manata satdığını və həmin məbləği verməli olduğunu bildirmişdir. O da həmin şəxsə 15 manat verməklə, həmin şəxsdən bir ədəd qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə heroin almış və əynində olan göy rəngli cins şalvarının sağ yan cibində qoymaqla, saxlamış və daşımış, fikirləşmişdir ki, məhəllədə sakit bir yer tapıb narkotik vasitəni qəbul etsin. Həmin tarixdə bədəni ağradığından əldə etdiyi narkotik vasitənin bir hissəsini qəbul etmiş, bir hissəsini də saxlamışdır ki, bədəni ağrayanda qəbul edər. 14 oktyabr 2021-ci il tarixdə saat 12:00 radələrində o, yaşadığı ünvan 4 ünvanın qarşısında olduğu vaxt, ona mülki geyimdə şəxslər yaxınlaşmışlar, özlərini ona təqdim etdikləri vaxt, o, yaxınlaşan şəxslərin 28-cı PBnin əməkdaşları olmasını bilmişdir. Sonra polis əməkdaşları onu 28-ci polis bölməsinə dəvət etmişlər, onlarda polis əməkdaşları ilə polis bölməsinə getməyə etiraz etməmiş və birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Sonra isə üzərinə video müşahidə altında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı ona təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predmet varsa təqdim etsin. O da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə heroin vardır, həmin bir ədəd qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə heroin bükümündə heroini onlara təqdim edə bilər. O da şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə heroini polis əməkdaşlarına könüllü olaraq təqdim etsin. Həmin qara rəngli siqaret kağızı bükümü açılarkən, içərisində qəhvəyi rəngli toz şəkilli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş bir ədəd kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, subaydır, əvvəllər məhkum olunmamış, ali təhsillidir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 14.10.2021-ci il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. 14.10.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu X.Q.Mustafayev küçəsi ev 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin istifadəsində və daşınması ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü bölmənin rəhbərliyinə məruzə edildikdən sonra, rəhbərlik tərəfindən əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o, rəhbərlik etmiş, əməliyyat qrupunun tərkibinə əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindən əməliyyat – axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat – axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında olmasını müəyyən etdikdən sonra, ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra, onu Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla Yasamal RPİ-nin 28-cı PB-nə gəlməyə etiraz etməmiş, onlar birlikdə Yasamal RPİnin 28-ci PB-nə gəlmişlər. Yasamal RPİ-nin 28-ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilməsi barədə qərarla tanış edildikdən sonra, hansı səbəbə PB-nə gətirildiyi, üzərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 10 ildən artıq olar ki, narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı və çıxarıb təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd qara rəngli siqaret kağızma bükülmüş bükülünün içərisində toz şəkilli qəhvəyi rəngli maddə öz dediyinə görə “kokos” deyilən narkotik vasitə olan heroin vardır. Şəxsi axtarış zamanı iştirak edənlər və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs əyninə geyindiyi göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirmişdir ki, təqdim etdiyi bir ədəd bükülünün içərisindəki qəhvəyi rəngli toz şəkilli maddə “kokos” deyilən narkotik vasitə olan heroindir, narkotik vasitəni 13.10.2021-ci il tarixdə günorta saatlarında Yasamal rayonu “Kubinka” deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllər də həmin şəxsdən narkotik vasitələr aldığı şəxsdən 15 manata alaraq həmin narkotik vasitənin bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün əyninə geyindiyi göy rəngli cins şalvarın sağ yan cibində saxlamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması ilə əlaqədar hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 21-ci vərəqəsində olan 14 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 80-85-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 40-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2021-ci il tarixli, 6/4565 saylı ekspert rəyindən görünür ki, tədqiqat obekyti üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №167” dairəvi möhür əksləri olan, “Məlikov S...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,470 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik təşkil etmişdir. Cinayət işinin 124-133-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,420 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 01 (bir) ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X2 ekspert komissiyasının 13.12.2021-ci il tarixli, 5057 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 88-90 və 115-121-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 30 oktyabr 2021-ci il tarixli tələbnamədən və cinayət işinə əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 29.04.2010-cu il tarixli Bakı şəhəri Nizami rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 234.1, 93.1.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 09.06.2011-ci il tarixdə Bakı şəhər Xəzər rayon məhkəməsinin 03.06.2011-ci il tarixli qərarı ilə MTCM-nə keçirilmişdir. Bundan sonra, 22.12.2011-ci il tarixli Bakı şəhəri Xəzər rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 234.1, 67.1-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 27.02.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra, 29.08.2016-cı il tarixli Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 234.1, 93.1.2-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 03.11.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edildikdən sonra, hansı səbəbə PB-nə gətirildiyi, üzərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 10 ildən artıq olar ki, narkotik vasitələrdən istifadə edir. X.Mustafayev küçəsindəki yaşadığı evin yaxınlığında olarkən özlərini polis əməkdaşları kimi təqdim etmiş mülki geyimli şəxslər tərəfindən saxlanılmış və 28-ci PB-nə gətirilmişdir, hal-hazırda da üzərində narkotik vasitə vardır. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd qara rəngli siqaret kağızına bükülmüş öz dediyinə görə içərisində kokos deyilən “heroin” olan bükülünü çıxarıb könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı və çıxarıb təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd qara rəngli siqaret kağızma bükülmüş bükülünün içərisində toz şəkilli qəhvəyi rəngli maddə öz dediyinə görə “kokos” deyilən narkotik vasitə olan heroin vardır. Şəxsi axtarış zamanı iştirak edənlər və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs əyninə geyindiyi göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirmişdir ki, təqdim etdiyi bir ədəd bükülünün içərisindəki qəhvəyi rəngli toz şəkilli maddə “kokos” deyilən narkotik vasitə olan heroindir, narkotik vasitəni 13.10.2021-ci il tarixdə günorta saatlarında Yasamal rayonu “Kubinka” deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllər də həmin şəxsdən narkotik vasitələr aldığı şəxsdən 15 manata alaraq həmin narkotik vasitənin bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün əyninə geyindiyi göy rəngli cins şalvarın sağ yan cibində saxlamışdır. Bu gün saat 12:00-da yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq 28-ci PB-nin inzibati binasına gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirildi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qara rəngli bükülü zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 167 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır, video çəkiliş sd diskə yazılaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı bildirmişdir ki, saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 14 oktyabr 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 13.12.2021-ci il tarixli, 5057 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza nəticəsində qalıq qalmış təmiz çəkisi 0,420 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili E.A.Yusifova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili E.A.Yusifova məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,420 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar