Məhkəmə qərarları › İş №1(004)-82/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-82/2024

19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-82/2024 19.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Adil oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1986-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhərində ünvansız mənzildə kirayə yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, Bakı şəhər sakini Zərərçəkmiş şəxs taksi kimi fəaliyyət göstərərək idarə etdiyi “Toyota Corolla” markalı ** DX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə sərnişin qismində əyləşərək xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri Yasamal rayonu A.Şərifzadə küçəsində yerləşən Mirqasımov adına Respublika Kliniki xəstəxanasının yaxınlığına sürdürmüş və avtomobil dayandıqdan sonra sonuncuya əlində olan paketi həmin xəstəxananın mühafizəçisinə verməyini xahiş etdikdən sonra avtomobildə tək olmasından istifadə edib avtomobilin salonunda sürətlər qutusunun yanında olan içərisində 580 manat pul, şəxsiyyət vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi və bank kartları olan 10 manat dəyərində qara rəngli pul qabını gizli yolla oğurlamaqla sonuncuya ümumikdə 590 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, usta yanında fəhləlik etməklə ailəsini dolandırır. Himayəsində iki azyaşlı uşaq var. Balaca uşağında anadan gəlmə ürək xəstəliyi vardır. Maddi cəhətdən çətinlik çəkir və sıxıntıları vardır. Pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri Sabunçu rayonu köhnə bazarın yaxınlığında yerləşən kafelərdən birində əyləşib yemək yedikdən sonra kafedə işləyən ofisiantdan xahiş edərək mobil telefonu alıb “Bolt” taksi şirkətinə müraciət edib Bakı şəhəri Yasamal rayonu “Mirqasımov” adına Respublika Kliniki Xəstəxanaya getmək üçün sifariş etmişdir. Qeyd edilən ünvana çatanda o, əlindəki içərisində özünə məxsus köynək, yemək çantası, və qol saatı olan paketi taksi sürücüsünə verərək xahiş etmişdir ki, həmin çantanı xəstəxananın mühafizə otağına versin. Taksi sürücüsü heç bir etiraz etməmiş və paketi ondan alıb gedən zaman o, avtomobilin saxlanc yerindən içərisində 580 manat pul, sürücüyə və avtomobilə məxsus olan sənədlər olan pul qabını götürərək taksidən düşüb “20 Yanvar” metrostansiyasının yaxınlığına gedərək taksiyə əyləşərək yaşadığı ünvana getmişdir. Pulu götürdən sonra pul qabını içərisində olan sənədlərlə birlikdə xatırlamadığı zibil qutusuna atmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə məxsus olan “Toyota Corolla” markalı **-DX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi kimi fəaliyyət göstərib ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri Sabunçu rayonu inzibati ərazisində bir nəfər müştəri onun avtomobilinə qabaq sağ oturacaqda əyləşmişdir. Əyləşəndən sonra ona Bakı şəhəri Yasamal rayonu inzibati ərazisində yerləşən “Mirqasımov” adına Respublika xəstəxanasına aparmağını sifariş vermişdir. Həmin ünvana çatdıqda müştəri xahiş etmişdir ki, piyada çox yeriyə bilmir, ona görə onun əlində olan sellofan zənbili həmin xəstəxananın mühafizə otağına təhvil versin, orada olan xəstələrdən biri gəlib zənbili özü gətürəcəkdir. O, onun bu xahişi ilə razılaşıb, zənbili mühafizə otağına aparmış və orada mühafizəçiyə vermişdir. Həmin vaxt maşınına qayıdanda uzaqdan fikir vermişdir ki, həmin müştəri onun avtomobilindən düşüb gedir. O avtomobilinə əyləşmiş və dərhal avtomobilin surətlər qutusunun yanında saxlanc yerinə qoyduğu ona məxsus içərisində 580 manat pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilinin texniki şəhadətnaməsi, içərisində pul olmayan plastik bank kartları olan pul qabı yerində yoxdur. Dərhal həmin şəxsin əşyaları oğurladığını aşkar etmişdir. Avtomobildən düşüb həmin şəxsi xeyli axtarsa da tapa bilməmiş və bundan sonra məcbur qalıb Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə müraciət edib məlumat vermişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 84-87-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, “Mirqasımov” adına xəstəxanada mühafizəçi işləyir. xx.xx.2023-cü il tarixdə xəstəxanada mühafizəçi kimi növbədə o, olmuşdur. Saat təxminən 15 radələrində bir şəxs yaxınlaşıb zənbil vermişdir ki, onu xəstələrdən kimsə gəlib götürəcəkdir. O, həmin zənbili kənara qoymuş və aradan xeyli müddət keçsə də gəlib götürən olmamışdır. Həmin zənbilə məcbur qalıb baxış keçirmiş və görmüşdür ki, içərisində lazımsız zibil kimi olan paltar, xarab olmuş yemək çantası, işləməyən qol saatı vardır. Həmin zənbilin sahibi çıxmadığından və içərisindəki əşyalar xarab olmuş olduğundan zibil qutusuna atmışlar. Əlavə olaraq bildirmişdir ki, həmin şəxs ona demişdir ki, taksi sürücüsüdür, taksidə olan bir nəfər müştəri xahiş edib ki, mühafizəyə versin, xəstələrdən kimsə gəlib götürəcəkdir. Lakin heç kim gəlmədiyi üçün zənbili zibilə atmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 olmaqla Zərərçəkmiş şəxs **-DX- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilidir. (i.v. 6-9) “Baxış keçirilməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Mirqasımov adına xəstəxananın qarşısını parklanma yerini göstərib bildirmişdir ki, **-DX-*** nömrəli “Toyota Corolla” markalı avtomobilin solonundan oğurluq etmişdir. (i.v. 12-14) “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 10 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında tanınma istintaq hərəkəti keçirilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasını bildirmişdir. (i.v. 48-49) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Şübhəli olan şəxsin tutulması haqqında” 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da tutulmuşdur. (i.v. 34) “Təqsirləndirlən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsindən barədə” 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmişdir. (i.v. 64-66) “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 67-68) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Hərbi Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 74-76) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-82/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Hazırda heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Cəza təyin edilən zaman nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs əvvəllər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmünə əsasən 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 sentyabr 2023-cü il tarixdən 11 sentyabr 2023cü il tarixədək 2 (iki) gün və həbsdə saxlanıldığı 09 mart 2024-cü il tarixdən 19 mart 2024cü il tarixədək olan 10 (on) gün cəmi 12 (on iki) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 09 sentyabr 2023-cü il tarixdən 11 sentyabr 2023-cü il tarixədək 2 (iki) gün və həbsdə saxlanıldığı 09 mart 2024-cü il tarixdən 19 mart 2024-cü il tarixədək olan 10 (on) gün cəmi 12 (on iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesablanmaqla, 24 (iyirmi dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar