Məhkəmə qərarları › İş №1(004)-84/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-84/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-84/2021 10.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2 hüquqi varisi X4, müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Rusiya Federasiyası, Voronej vilayətində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ev 54A-da qeydiyyatda olan və barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi digər mexaniki nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində “ABEC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan digər mexaniki nəqliyyat vasitəsi hesab edilən BMW-S1000 markalı, 99-B-184 dövlət qeydiyyat nişanlı motosiklet ilə Bakı şəhəri, Yasamal rayonu Nərimanov prospekti ilə üzü Nərimanov heykəli istiqamətində saatda 60 kilometr sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək Bakı şəhəri Yasamal rayonu, Nərimanov prospekti 54 ünvanında yerləşən “Tordino” marketin qarşısında yolu soldan sağa keçən piyada X3 idarə etdiyi BMW-S1000 markalı, 99-B-184 dövlət qeydiyyat nişanlı motosikletlə vuraraq ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan ürəyin və hər iki ağciyərin yaralanması, Vİ döş fərəqəsinin, döş sümüyünün, sağ İİ-Vİİİ, sol İİİ-İX qabırğaların, burun sümüyünün, hər iki said sümüklərinin qapalı sınıqları, sifətin, gövdənin və ətrafların qançır və sıyrıqları xəsarətləri ilə müşayiət olunan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərti yetirməklə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, BMW markalı 99-B-184 dövlət qeydiyyat nişanlı motosiklet ona məxsusdur. xx xxxx 2020-ci il tarixdə həmin motosiklet ilə şəhərə gəzməyə çıxmışdır. Şəhərdə tanışları ilə sürdükdən sonra evə qayıdarkən Nərimanov heykəlinin aşağı tərəfindən gəlib döndükdən sonra Yasamala yaşadığı ev istiqamətində hərəkət etmişdir. Döngəni dönüb Nərimanov heykəli tərəfə təxminən 60 km/saat sürətlə hərəkət etmişdir. Sonra nə baş verməsini xatırlamamasını və ayılanda xəstəxanada yatmasını bilmişdir. Piyadanı necə, hansı vəziyətdə vurmasını xatırlamamasını, ümumiyyətlə motosikleti idarə edərkən yolu piyadanın keçməsini görməmişdir. Motosikleti idarə edərkən başında plastik dəbilqə olmuşdur ki, həmin dəbilqənin ön tərəfi bulanıq görüntülüdür. Həmin dəbilqəni geyindikdə kənardakı işığı əks etdirməsini, eləcə də sol və sağ tərəfi görməni məhdudlaşdırmasını bildirmişdir. İdarə etdiyi motosiklet hadisədən əvvəl əyləc sistemi və texniki cəhətdən saz vəziyətdə olmuşdur. İlk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, 2 azyaşlı uşağların olmasını, zərərçəkmiş şəxsin ailəsinə köməklik etməsini, onun dəfni ilə bağlı olan xərcləri öz üzərinə götürməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X2 hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Barəsində soruşulan X5 onun bacısıdır. Onunla münasibətləri daim yaxşı olmuş, aralarında heç bir münaqişə və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx xxxx 2020-ci il tarixdə yaşadığı İ.Qurtqaşınlı küçəsi ev 23 ünvanında olmuşdur. Həmin günü təxminən saat 22 radələrində bacısının Nərimanov prospektində yolu keçən zaman motoskilet vurması nəticəsində ölməsini eşitmişdir. Ailə üzvləri ilə birlikdə hadisə yerinə getmişlər. Bacısının meyiti yolun kənarında səkinin üstündə olmuşdur. Bir neçe metr kənarda isə qara rəngli motoskilet vardır. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra meyiti Yasamal rayon ekspertiza mərkəzinə aparmışlar. Meyit müayinə olunduqdan sonra təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda tək yaşayır. Barəsində soruşulan X5 onun arvadı olmuşdur. Onunla 2 ildir ki, qeyri rəsmi olaraq yaşamışdır. Münasibətləri daim yaxşı olmuş, aralarında heç bir münaqişə və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində arvadı Gülnarə ilə birlikdə evdən çıxıb piyada “qış parkına” getmişlər. 2 saata yaxın parkda gəzdikdən sonra evə qayıtmışlar. Piyada qış parkı ilə Nərimanov prospektinə tərəf hərəkət etmişlər. Nərimanov prospektində Statistika dairəsinə tərəf gedən yolu keçib parkdan keçib yolun kənarında dayanaraq yola baxıb təhlükəsiz olduğunu yəni – avtomobil olmadığını görüb yolu keçməyə başlamışlar. Daha sonra yolu 3-4 addım keçmişdik ki, təxminən 1-1.5 km məsafədən motoskilet gəlməsini görmüşdür. İti addımlarla yolu keçmişlər və yolu keçib qurtarmağa az qalmış, səs gəldiyi üçün sağ tərəfə baxmışdır. Həmin vaxt həmin motoskilet Yasamal rayon Səfərbərlik xidmətinin binasına yaxınlaşmışdır. Həmin vaxt mərhum Gülnarə Hüseynova ondan 1-2 addım arxada olmuşdur. Yoluna davam etməyə başlayarkən qəflətən həmin motoskiletin sol tərəfində ondan arxada olan arvadı Gülnarəni vurmasını görmüşdür. Gülnarə zərbənin təsirindən havaya qalxmış və yolun sağ kənarındakı piyada səkisinin üstünə düşmüşdür. Motoskilet isə idarə etməni itirdiyi üçün aşmış və bir neçə metr kənarda qalmışdır. Arvadına yaxınlaşdıqda sonuncu son nəfəsini vermiş və ölmüşdür. Motosiklet sürücüsünün isə həstəxanaya aparılması məlum olmuşdur. Cinayət işinin 115-116-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 75-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2020-ci il tarixli 109618-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AD seriyalı 308332 nömrəli “ABEC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 40-cı vərəqəsində olan AD 773132 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, BMW-S1000 MOTOSİKİL 99B184 dövlət qeydiyyat nişanlı texniki vasitədir. Cinayət işinin 64-cü vərəqəsində olan əşyanın maddi sübut hesab edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məxsus BMW-S1000 markalı, 99 B 184 dövlət qeydiyyat nişanlı motosiklet maddi sübut hesab edilərək sahibinə qaytarılmışdır. Cinayət işinin 78-82-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisənin video görüntüsü olan CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 46-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 xx.xx.2020-ci il tarixli 2016/K №-li ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil, spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin 32-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X6 zərərçəkmiş şəxs mərhum X2 hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 52-57-ci vərəqələrində olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 xx xxxx 2020-ci il tarixli 120 saylı meyitin ekspertizası rəyindən görünür ki, X2 meyitinin məhkəmətibbi müayinəsi zamanı ürəyn və hər iki ağ ciyərin yaralanması, Vİ döş fərəqəsinin, döş sümüyünün, sağ İİ-Vİİİ, sol İİİ-İX qabırğaların, burun sümüyünün, hər iki said sümüklərinin qapalı sınıqları, sifətin, gövdənin və ətrafların qançır və sıyrıqları kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsaərətlər həyatidir, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərdiyi kimi, hərəkətdə olan motoskiletin X3 vurması nəticəsində törənə bilərdi, dərəcəsinə görə ümumilikdə, canlı şəxslərdə həyat üçün təhlükəli olan AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. X2 ölümünə səbəb – almış olduğu yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik və hemorragik şok olmuşdur. Ölüm meyitin meyitxanadakı müayinəsindən təqribən 2-4 saat əvvəl baş vermişdir. X2 meyitindən götürülmüş məhkəmə-kimya tədqiqatı nəticəsində qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin 72-73-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2020-ci il tarixli 8/1591 №-li məhkəmə yol-nəqliyyat ekspert rəyində göstərilmişdir ki, BMW-S1000 markalı, 99 B 184 dövlət qeydiyyat nişanlı motoskiletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 71-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 61-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan mərhum zərərçəkmiş şəxs G.İ.Hüseynovanın hüquqi varisi S.İ.Səmədovanın təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi, şikayəti və mülki iddiası yoxdur və ona yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinin materiallarında olan AZ-İİ seriyalı 952911 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə G.Y.Məmmədovadır. Cinayət işinin materiallarında olan AZ-İV seriyalı 137635 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə G.Y.Məmmədovadır. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin içərisində TS2- 095.1 (22_20_23_50), TS2- 095.2(22_20_23_50) və TS2-095.3(22_20_23_50) adlı və formatlı faillar vardır. TS2-095.1 (22_20_23_50), TS2-095.2(22_20_23_50) və TS2-095.3 (22_20_50) adlı və formaatlı faila baxış keçirilərkən müəyyən edildi ki, hər bir failin içərisində ümumilikdə 1 saat 30 dəqiqə davam edən video görüntünün olması aşkar edildi. Həmin görüntülərə baxış zamanı 360 dərəcə fırlanan kameranın Yasamal rayonu Nərimanov prospektində maşınların hərəkət etməsini və ətrafı qeydə alması müəyyən olunur. Bir qədər sonra isə istintaq materiallarına əsasən görüntüdəki şəxsin mərhum X2 olması motoskilet ilə vurulması və yolun kənarına səkiyə düşməsi müəyyən olunur. Həmçinin motoskilet sürücüsü yolun ortasında huşsuz halda uzanması və bir neçə dəqiqə sonra ambulance ilə hadisə yerindən aparılması müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsipi və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını, 59.1.11-ci maddəsinə əsasən hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsini, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 60-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut olan BMW-S1000 markalı, 99 B 184 dövlət qeydiyyat nişanlı motosiklet isə sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş” başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə digər maddi sübut olan BMW-S1000 markalı, 99 B 184 dövlət qeydiyyat nişanlı motosiklet isə sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar