Məhkəmə qərarları › İş №1(004)-85/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-85/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-85/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 126, mənzil 1-də qeydiyyatda olan və ünvan 1 A ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 8.190 (səkkiz min yüz doxsan) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)-1245/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 3(004)-892/2018 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2018-ci il tarixə kimi qətnamə üzrə borcunu ödəməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-2015-ci illər arası Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda borc şəklində pul götürmüşdür. Bununla bağlı Zərərçəkmiş şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmiş və həmin məhkəmənin xx xxxxxx 2016-cı il tarixli, 2(004)-1245/2016 saylı qətnaməsinə əsasən ondan 8190 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, maddi vəziyyəti pis olduğu üçün həmin qətnamənin icrasını təmin edə bilməmişdir. Bundan sonra icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib barəsində 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona qətnamənin icrası üçün yeni müddət verilmiş və o həmin müddət ərzində 800 manat, daha sonra isə 400 manat məbləğində pulun ödənilməsini təmin etmişdir. Lakin sonradan dünyada yayılmış koronavirus pandemiyası səbəbindən işləri dayanmış və maddi imkanı olmadığı üçün həmin qətnamənin icrasını tam təmin edə bilməmişdir. Hazırda zərərçəkmiş şəxsə Baki şəhər Yasamal rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)-1245/2016 saylı qətnaməsi üzrə olan borcunu tam ödəmişdir. Buna görə də məhkəməyə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)-1245/2016 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs 8190 manat məbləğində pul tutularaq ona ödənilməsi qət edilmiş və həmin qətnəmə icra olunması üçün aidiyyəti üzrə Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra icra məmurları tərəfindən icra işi başlanılaraq, borcluya icra olunması üçün könüllü müdət verilmiş, lakin Təqsirləndirilən şəxs tərəfindən öhdəliyini yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmişdir. xx.xx.2018-ci il tarixdə qətnamə üzrə qət edilmiş pul borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən borcluya qətnaməni icra etmək üçün yenidən müddət verilməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələr gətirərək qətnamə üzrə olan borcunu ödəməkdən yayınmışdır. Son olaraq o təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)-1245/2016 saylı qətnaməsi üzrə yaranmış borc məbləği tam ödənilərək icra edildiyini, sonuncuya qarşı heç bir şikayətinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1245/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 8190,00 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2017-ci il tarixdə başlanılmış icraat zamanı sözügedən vəsaitin borclu Təqsirləndirilən şəxs tərəfindən könüllü ödənilməsi təmin edilməmiş, tələbin onun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı mənzilə baxış keçirilmiş, lakin həmin mənzildə borclunun yaşamadığı və ona məxsus tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən edilməmişdir. İcraat zamanı icradan yayınmaqla yaşayış yerini dəyişməklə olduğu yer barədə məlumat verməyən borclu Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə axtarılması haqqında qərar qəbul edilmiş, icra sənədi müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilmədiyindən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Yasamal Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra sənədinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmiş və borclu izahatında tələbin bir dəfəyə ödəmək iqtidarında olmadığını bildirmiş, icra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə borclu Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra Təqsirləndirilən şəxs qətnamənin icrası üçün yeni müddət təyin edilmiş, lakin borclu həmin müddət ərzində tələbi təmin etməmiş, icraat zamanı borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması haqqında qərardaddan şikayət vermiş və Yasamal Rayon Məhkəməsinin 8(004)-108/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ bərpa edilmişdir. Bundan sonra məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə qeydiyyata düşməsi tövsiyə olunmuş, lakin mərkəz tərəfindən Təqsirləndirilən şəxs müxtəlif işlər təklif olunsa da, borclu təklif olunan işlərdən imtina etmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxsla dəfələrlə fərdi söhbətlər aparılmış, lakin borclu müxtəlif bahənalər gətirərək borcu ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə təkrarən məhdudlaşdırılmış, borclu Təqsirləndirilən şəxs icraat dövründə tələbkara cəmi 800 manat ödəniş etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 digər Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)- 1245/2016 saylı icra vərəqəsindən görünür ki, qətnamə xx xxxxxxxx 2016-cı il tarixdə qüvvəyə minmiş və icra vərəqəsi xx xxxxxx 2017-ci il tarixdə verilmişdir. (i.v. 10) Bakı Şəhəri Yasamal Rayon xx xxxxxx 2016-cı il tarixli, 2(004)-1245/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdehlər X5 və X3 qarşı “borc tələbinə” dair iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh X1 8190 (səkkiz min yüz doxsan) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. (i.v. 11-12) İcraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan və eyni tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, həmin tarixdə Yasamal rayon icra şöbəsində icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş X4 göndərilmişdir. (i.v. 13-14) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 3(004)-892/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. (i.v. 44-47) xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir. (i.v. 48-49) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidməti Yasamal Rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş məktubdan görünür ki, Qasımov X6 müraciət etmiş lakin təklif olunan işlərdən imtina etmişdir. (i.v. 56) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(004)-1518/2018 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (i.v. 60) İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi xx xxxxxx 2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 72) Qətimkan tədbiri seçmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 118-119) Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə və digər sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqında müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)-1245/2016 qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etmiş və həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə yaranmış borcunu zərərçəkmiş şəxsə tam ödəmişdir. Bu, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəməyə ünvanlanmış ərizələrində də öz əksini tapmışdır. Buna əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)-1245/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etməsini, həmçinin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin həmin qətnaməyə əsasən yaranmış borcunun ödənilməsinə dair məhkəməyə ünvanlanmış ərizələrini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli, onun CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilməli və təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 12 (on iki) saata görə 72 (yetmiş iki) manat və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə həmin maddənin qeyd hissəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 12 (on iki) saata görə 72 (yetmiş iki) manat və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar