Məhkəmə qərarları › İş №1(004)-86/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-86/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-86/2022 18.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X4, onun nümayəndəsi və vəkili Nümayəndə, müdafiəçi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs Maqsud oğlunun iştirakları ilə, xx.xx.1975-ci ildə Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı Hərbi Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmünə əsasən 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldtama yolu ilə ələ keçirmək məqsədilə Şahid2 vasitəsi ilə tanış olduğu ehtiyatda olan hərbi qulluqçu X5 işgüzar və şəxsi əlaqələrinin geniş olması, sonuncuya xəstəliyə görə yüksək təqaüd düzəltmək imkanına malik olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, N.N.Kərimov xəstəliyə görə təqaüd düzəldilməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya xəstəliyə görə yüksək təqaüd düzəldəcəyini bildirib əslində Natiq Kərimova məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 29.06.2018-ci il tarixdə Sumqayıt şəhəri M.Əsədov küçəsi 18-ci mikrorayon dairəsi adlanan yerdə “Yelmar” marketin yaxınlığında sonuncunun Şahid2 vasitəsi ilə göndərdiyi 2000 (iki min) manat, 13.09.2018-ci il tarixdə "xxxx" MMC-nin Samux poçt filialının Alıuşağı PŞ-dən göndərdiyi 330 (üç yüz otuz) manat pulu Xaçmaz rayonu MXŞ-dən çıxarıb nağdlaşdırmaqla və 15.09.2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında 3000 (üç min) manat olmaqla N.Kərimovun özündən alıb sonuncuya məxsus cəmi 5330 (beş min üç yüz otuz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs X5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Bakı Hərbi Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178 və 312-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur, hazırda ƏN PX-nin 2 saylı CÇM-də cəza çəkir. Şahid2 o 2017-ci ildə tibb məntəqəsində işlədiyi N saylı hərbi hissədə tanımışdır, həmin vaxt sonuncu orada mayor rütbəsində olan hərbi qulluqçu idi, sonradan təqaüdə çıxmışdır, lakin onlar arasında münasibət qalmışdır. 2018-ci ilin yay aylarında o, mülki işçi kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında tibbi ekspertiza şöbəsinin rəisinin köməkçisi işlədiyi zaman Şahid2 onunla əlaqə saxlayaraq xəstəliklə bağlı ordu sıralarından təxris olunmuş tanışı X4 hərbi xidmət illərini nəzərə alınmaqla təqaüdə çıxmaq istədiyini, bununla bağlı sonuncuya köməklik lazım olduğunu bildirmişdir. O da köməklik etməyə çalışacağını, bunun üçün hospitalda həkimlərə “hörmət” edilməli olacağını bildirmişdir. Bundan bir müddət sonra Natiq ona zəng etmiş və onlar telefonda ətraflı söhbət etmişlər, o Natiqə bu məsələdə yardımçı olacağını demişdir. 29.06.2018-ci il tarixdə Fərhad ona bildirmişdir ki, Natiq ona işinin həlli ilə bağlı pul göndərmiş, həmin pulun ona çatdırılmalı olduğunu demişdir. O da Fərhada demişdir ki, həmin gün axşam toy mərasimi ilə bağlı Sumqayıt şəhərinə gələcəkdir, həmin zaman əlaqə saxlayıb görüşərlər. Bundan sonra o, 29.06.2018-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhərində yerləşən “Yelmar” marketin yaxınlığında olan dairənin qarşısında Fərhadla görüşmüş və sonuncu ona Natiqin göndərdiyi 1900 manat pulu orada vermişdir. Natiqin təqaüdə çıxması üçün sonuncunun həkim komissiyasından keçməsi zərurəti yaranmış, buna görə o 13.09.2018-ci il tarixdə Natiqə bildirmişdir ki, həkim komissiyasından keçməsi üçün 300 manat pul lazımdır, ondan əlavə isə onun özünün xırda xərcləri üçün biraz pul istəmişdir. Bundan sonra Natiq ona poçt vasitəsi ilə Samux rayonundan onun həmin vaxt olduğu Xaçmaz rayonuna 330 manat məbləğində pul göndərmiş, o da həmin pulu poçtdan götürmüşdür. Həmin vaxt o Natiqə demişdir ki, komissiyaya təqdim edilməsi üçün sonuncunun tibb kitabçası və keçirdiyi xəstəliklə bağlı epikrizlərin surətləri lazımdır, Natiq də ona bildirmişdir ki, bir neçə gün sonra Bakı şəhərinə gələcək və həmin sənədləri ona gətirəcək. 15.09.2018-ci il tarixdə Natiq Bakı şəhərinə gələrək ona zəng etmiş, tanışı ilə birlikdə "xxxx"-nun binasının qarşısında onu gözlədiyini demişdir. Həmin vaxt o həmin yerə gedib sonuncularla görüşmüş, Natiq sənədləri ona təqdim etmiş, bundan sonra onlar ayrılmışlar və bir daha görüşməmişlər, o Natiqin sənədlərini hərbi həkim komissiyasına təqdim etmişdir ki, sonuncunun məsələsini yoluna qoysunlar. Lakin gözlənilmədən Natiqin işi, onun xatırlamadığı hansısa sənədin çatışmamasına görə ləngiməyə başlamış və beləliklə də Natiqin məsələsi həll olunmamış qalmışdır. 2018-ci ilin sonlarında isə vəzifə ixtisarına görə o, hərbi hospitaldan çıxarılmış və hərbi hissələrin birinə tibbi məntəqəsinə göndərilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, N.Kərimova ona həmin vaxt "xxxx" İB-nin inzibati binasının qarşısında sənədlərini verməli imiş və o Natiq ilə bunun üçün görüşmüş, sənədlərdən başqa Natiqdən heç nə götürməmiş, bu işlə bağlı o Natiqdən hissə-hissə ümumilikdə 2230 manat pul götürmüş və onun Natiqi aldatmaq fikri olmamış və ondan asılı olmayan səbəblərdən Natiqin işi alınmamışdır. Özünü qismən təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərşəkmiş şəxs, eyni zamanda mülki iddiaçının, şahidlərin ifadələri, CD diskdə olan səs yazıları və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, 2008-ci ildə Milli orduda artilleriya tağım komandiri vəzifəsində hərbi xidmətə başlamışdır. 2011-ci ildə o hərbi xidmətdə olduğu zaman xəstələnmişdir və ona “sol ağciyərin aşağı payının kəskin ocaqlı pnevmoniyası, soltərəfli parapnevmonik ekssudativ plevritlə fəsadlaşma” diaqnozu qoyulmuşdur. Həmin vaxt o müalicə olunsa da, 2013-cü ildə təkrarən ağciyərlərində xəstəlik başlanmış və həmin vaxt ona “soltərəfli adgeziv plevrit” diaqnozu qoyulmuşdur. 2018-ci ilin may-iyun aylarında onun dəqiq xatırlamadığı tarixdə o, Alıuşağı kəndində yerləşən yaşadığı evdə olduğu zaman qardaşı Şahid1 bir nəfər onun əvvəllər tanımadığı şəxslə birlikdə onun yaşadığı evə qonaq gəlmiş, yanında olan həmin şəxsi təqdim edərək əvvəllər xidmət etdiyi Ağstafa rayonunda yerləşən N saylı hərbi hissədə xidmət rəisi olmuş Şahid2 olduğunu bildirdi. Bununla da o, Fərhad ilə tanış olmuş və onlar onun evində birlikdə yemək yedikləri zaman o, Fərhada hərbi xidmət illəri barədə danışmış və xəstələnərək ordu sıralarından ehtiyata göndərildiyini bildirmişdir. Həmin vaxt Fərhad ona bildirmişdir ki, belə olan halda o, qanunla təqaüdə çıxarılmalı idi, o isə bildirmişdir ki, ona həmin vaxt bununla bağlı heç nə deyilməmişdir. Həmin zaman onun təqaüdə çıxmaq istəyi yaranmış və o, Fərhaddan bunu necə etmək lazım olduğunu soruşmuşdur. Bundan sonra Fərhad bildirmişdir ki, tanıdığı bir nəfər keçmiş hərbiçi var, həmin şəxs təqaüdlə bağlı bütün işləri həll edə bilir, bu cür işlər üzrə “professionaldır” və onun tibbi kitabçası ilə xəstəlik barədə epikrizlərini həmin şəxsə göstərdikdən sonra bu işin alınıb-alınmayacağını biləcəklərini söyləmişdir. Bundan əlavə Fərhad bildirmişdir ki, bu işin alınması üçün həmin şəxsə təxminən 5000-5500 manat məbləğində pul vermək lazım olacaqdır. O razılaşmışdır və tibbi kitabçası ilə xəstəlik barədə epikrizlərini Fərhada təqdim etmişdir ki, sonuncu onları həmin şəxsə göstərsin. Bundan bir həftə sonra Fərhad Ağstafadan qayıdarkən onların kəndi tərəfdən keçmişdir və onlar görüşmüşlər, həmin zaman Fərhad ona sənədlərini qaytararaq bildirmişdir ki, barəsində dediyi həmin şəxs onun sənədləri ilə tanış olmuş və həmin sənədlərə əsasən ona təqaüd verilməli olduğunu bildirmişdir. Bundan sonra Fərhad həmin şəxsin adının Zaur olduğunu bildirərək ona sonuncunun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəni vermiş və demişdir ki, o, sonuncu ilə əlaqə saxlayıb özü danışsın. Bundan sonra o Zaura zəng edib danışmış və özünü təqdim etmiş, işimin alınıb-alınmayacağını soruşmuş, sonuncu isə ona bildirmişdir ki, onun sənədlərinə baxmışdır və hər şeyin qaydasında olduğunu, işinin dəqiq alınacağını demişdir. Həmin danışıq zamanı o Zaurdan bu məsələnin maddi tərəfinin necə həll ediləcəyini soruşmuş, Zaur isə bildirmişdir ki, bu məsələ bir neçə mərhələdə həll olunacaq, ilkin olaraq məsələnin Müdafiə Nazirliyində gündəmə gətirilməsi üçün müvafiq şəxslərə verilməsi üçün 2000 manat pul, sonradan onun təqaüdə çıxmağının təsdiqlənməsinə 3000 manat pul lazım olacağını və sonda 500 manat pulun sonuncunun özünə hörmət olunacağını demişdir. O, yaxın günlərdə Fərhadla görüşəcəyini bildirərək onun həmin 2000 manat pulu sonuncunun vasitəsi ilə çatdıra biləcəyini demişdir. O da razılaşmış, Fərhada bunu bildirmiş və sonuncu etiraz etməyərək pulu götürüb Zaura çatdıracağını bildirmişdir. 28 iyun 2018-ci il tarixdə onun qardaşı Bakıya qonaqlığa getdiyinə görə o, 2000 manat pulu sonuncuya vermişdir ki, yolüstü həmin pulu Fərhada çatdırsın. Qardaşı da pulu ondan götürüb Bakıya getmiş və orada dostu Şahid4 ilə görüşərək, 29 iyun 2018-ci il tarixdə sonuncu ilə birlikdə Sumqayıt şəhərinə gemişlər və orada Fərhad ilə görüşərək 2000 manat pulu Zaura çatdırılması üçün sonuncuya vermişlər. Bundan 2-3 gün sonra o, Zaur ilə əlaqə saxlamış və sonuncu ona bildirmişdir ki, Fərhad həmin 2000 manat pulu çatdırmışdır. Bundan sonra o tez-tez Zaurla əlaqə saxlayırmış, işinin nə yerdə olduğunu soruşurmuş, sonuncu isə onun işinin qaydasında getdiyini bildirirmiş və onun xəstəliyi ilə bağlı verilmiş sorğuların cavablarını gözlədiyini, həmin cavablar gəldikdən sonra işin tam həll olunacağını deyirmiş. Bununla da, 2 aydan çox vaxt keçmiş və 2018-ci ilin sentyabr ayının əvvəlində Zaur onunla əlaqə saxlayaraq sənədlərinin hazır olduğunu, onun Papanin hospitalında hərbi həkim komissiyasından keçməli olduğunu demişdir. O nə vaxt gəlməli olduğunu soruşduqda Zaur bildirmişdir ki, o 300 manat pul göndərsə gəlməyinə heç ehtiyac olmayacaq. O razılaşmış və pulu necə göndərəcəyini soruşduqda Zaur demişdir ki, o həmin 300 manat pulu poçt vasitəsi ilə sonuncunun, yəni Təqsirləndirilən şəxs adına Xaçmaz şəhərinə göndərsin, həmin puldan əlavə olaraq Təqsirləndirilən şəxs özü üçün də 30 manat göndərsin ki, sonuncunun bəzi xırda xərclərini qarşılasın. O razılaşmış və 13.09.2018-ci il tarixdə Samux rayonundan poçt vasitəsi ilə Zaura 330 manat pul göndərmişdir. Növbəti gün, yəni 14.09.2018-ci il tarixdə Zaur onunla yenidən əlaqə saxlayaraq sənədlərinin toplandığını və Əmək və Əhalinin Sosial Müdafiəsi Fonduna göndərilməyə hazır olduğunu bildirərək bu işin tam həlli üçün qalan 3000 manat pulu və onun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və epikrizlərinin surətlərinin sonuncuya çatdırmalı olduğunu demişdir. O razılaşmış və Təqsirləndirilən şəxs bildirmişdir ki, növbəti gün 3000 manat pulu və həmin sənədləri götürüb Bakı şəhərinə gələcək və həmin pul ilə sənədləri sonuncuya özü verəcək. 15 sentyabr 2018-ci il tarixdə saat 07 radələrində o Bakı şəhərinə çatmış və avtovağzalda dostu Şahid3 ilə görüşdüm, oradan sonuncunun avtomobili ilə 20 yanvar m/s-nın yaxınlığında yerləşən "xxxx" ASC-nin qarşısına getmişlər. "xxxx" ASC-nin qarşısına onlar Təqsirləndirilən şəxs ilə görüşmüşlər, orada onun dostu Şahid3 idarə etdiyi “Daewoo Nexia” markalı avtomobilə əyləşərək həmin avtomobilin salonunda o Zaura 3000 manat nağd pulu və şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və epikrizlərinin surətlərini təqdim etmişdir. Həmin vaxt Zaur arxa oturacaqda oturaraq pulu ondan götürüb saymış və düz olduğunu demiş, sənədlərinə də baxmıəş və bildirmişdir ki, onun təqaüdə çıxmaq məsələsi ən geci 3 ay müddətində öz həllini tapacaqdır. Bundan sonra o, həmin müddət ərzində Zaurla mütəmadi olaraq əlaqə saxlamağa başlamış, sonuncu da ona hər dəfə eyni sözləri deyərək işinin tez bir zamanda həll ediləcəyini deyirmiş. Bundan 3 ay keçdikdən sonra o Zaura demişdir ki, sonuncunun dediyi son müddət artıq keçmişdir, lakin Zaur onu yenə də sakitləşdirərək həmin işin yüz faiz həll olunmalı olduğunu demiş və özü şəxsən bu işin dalınca gedib yoluna qoyacağını bildirmişdir. Bundan bir müddət sonra Zaurun telefonuna ümumiyyətlə zəng çatmırmış, həmin vaxt o başa düşmüşdür ki, Zaur onu aldatmışdır. Sonradan o Zaurla yenidən əlaqə yarada bilmişdir və danışıqların birində Zaur etiraf etmişdir ki, onun sonuncuya verdiyi pulun hamısını sonuncu özünə götürmüşdür və həmin puldan heç kimə verməmişdir. Bundan sonra Zaur ona həmin 5330 manat pulun hamısını son qəpiyinə qədər qaytaracağına söz vermiş, buna görə ondan bir ay vaxt istəmiş, o da razılaşmışdır. Lakin bundan daha çox vaxt keçməsinə baxmayaraq Zaur ona həmin pulu qaytarmaqdan boyun qaçırmağa davam edirmiş, sonradan isə o Zauru artıq tapa bilməmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs barəsində Yasamal RPİ-nin 29-cu PŞ-nə şikayət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əvvəllər o Azərbaycan Respublikası Müdafiə Naziliyinin müxtəlif hərbi hissələrində raketartilleriya bölüklərinin xidmət rəisi vəzifəsində xidmət etmişdir, 06 fevral 2019-cu il tarixdə isə ehtiyyata buraxılmışdır. 01 oktyabr 2020-ci il tarixdə isə Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi-təlim toplanışının keçirilməsi ilə əlaqədar N nömrəli hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin edilmişdir və 29 dekabr 2020-ci il tarixli əmrə əsasən tərxis olunmuşdur. Həmin dövr ərzində o, 2-ci Qarabağ müharibəsində iştirak etmiş, qərargah rəisi olduğu hərbi hissənin şəxsi heyəti ilə birlikdə Füzuli, Xocavənd, Cəbrayıl və Şuşa istiqamətində getmiş döyüşlərdə iştirak etmişlər, Laçının azad edilməsinə görə medal ilə təltif edilmişdir. 2018-ci ildə o, Ağstafa rayonunda yerləşən hərbi hissəyə xidmət rəisi təyin edilən zaman həmin vaxt orada raket-artilleriya hissələrinin xidmət rəisi köməkçisi işləmiş Şahid1 ilə tanış olmuşdur, sonunucu onun tabeçiliyində xidmət etmişdir. 2018-ci ilin mayiyun aylarında Fikrət onu yaşadığı Samux rayonu Alıuşağı kəndində yerləşən evinə qonaq kimi dəvət etmişdir. Fikrətin yaşadığı evdə qonaq olarkən o, sonuncunun qardaşı Natiq ilə tanış olmuşdur, onlar birlikdə orada nahar etmişlər. Nahar zamanı söhbət edərkən Natiq ona bildirmişdir ki, əvvəllər Milli ordunun artilleriya hissələrində xidmət etmişdir və xəstəliklə əlaqədar olaraq 2014-cü ildə ordu sıralarından ehtiyyata göndərilmişdir. Həmin vaxt o Natiqə bildirmişdir ki, belə olan halda sonuncuya dövlət tərəfindən təqaüd verilməlidir. Həmin zaman Natiq ondan bunu necə etməli olduğunu soruşmuş, o isə sonuncuya bildirmişdir ki, tanıdığı bir nəfər adam var, həmin adam bu sahədə peşəkardır və tibbi təqaüdün alınması üçün nə lazım olduğunu bilir. Bundan sonra o Natiqə həmin şəxsin nömrəsini vermiş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu demişdir. Bundan bir müddət sonra ona məlum olmuşdur ki, Natiq Zaur ilə əlaqə saxlayaraq təqaüd məsələsi ilə maraqlanmış və Zaur sonuncuya köməklik edəcəyinə söz vermişdir. 2018-ci ilin iyun ayının sonlarında Fikrət ona zəng edib bildirmişdir ki, Bakı şəhərində yaşayan tanışının evinə qonaq gəlmişdir və qardaşı Natiqin təqaüd işi ilə bağlı sonuncunun vasitəsi ilə göndərdiyi 2000 manat pulun Zaura çatdırılmasını ondan xahiş etmişdir. O da Fikrətə demişdir ki, həmin pulu Zaura aparıb sonuncunun özü çatdırsın, lakin Fikrət onun Zauru daha yaxşı tanıdığını bildirərək pulun sonuncuya çatdırılmasını ondan yenə də xahiş etmişdir. O da Fikrətin xatirinə etiraz etməmiş və onlar Fikrət ilə həmin tarixdə Sumqayıt şəhərində yerləşən dənizkənarı parkda görüşmüşlər, həmin vaxt Fikrətin yanında tanışı Tural adlı şəxs də var idi. Həmin vaxt Fikrət ona 1900 manat pul verərək 2000 manat pulun üstündən 100 manat pulu yolda xərclədiyini demiş, həmin 1900 manat pulun Zaura çatdırılmasını xahiş etmişdir. O da razılaşaraq pulu Fikrətdən götürmüş, Fikrət ilə sağollaşıb çıxıb getmişdir. Bundan sonra o Zaur ilə əlaqə saxlamış, sonuncuya çatdırılacağı pulun onda olduğunu demişdir. Zaur isə demişdir ki, axşam Sumqayıta toy mərasiminə gəlməlidir, Sumqayıt şəhərində yerləşən “Yelmar” marketin yaxınlığında olan dairədə onunla görüşüb pulu götürəcəyini demişdir. Həmin gün axşam saatlarında o Zaur ilə sonuncunun dediyi yerdə görüşmüş, orada Zaur ondan 1900 manat pulu götürüb getmişdir. Bundan sonra təxminən 1-2 ay vaxt keçmiş və ona məlum olmuşdur ki, Zaur Natiqin təqaüd işini alındıra bilməmişdir. Natiq isə Zaura verdiyi ümumilikdə 5330 manat pulunu geri tələb etsə də, Zaur Natiqin verdiyi pulu geri qaytarmaqdan boyun qaçırırmış. Sonradan ona məlum olmuşdur ki, Zaur təqaüd düzəltmək adı ilə bir neçə hərbi qulluqçunu aldatmış və sonuncuların pullarını ələ keçirmiş, buna görə də məhkəmə tərəfindən azadlıqdan məhrum edilmişdir. 2021-ci ilin iyun ayında ona məlum olmuşdur ki, X7 sonuncuya qarşı etdiyi dələduzluqla bağlı şikayət etmiş və bunun əsasında cinayət işi başlanmışdır. Bundan əlavə o ifadəsində göstərmişdir ki, Natiqdən hər hansı bir sənəd götürüb Zaura verməmişdir, sadəcə sonuncunu Zaur ilə tanış etmiş, qalan məsələləri sonuncular öz aralarında həll etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin əvvəlində o Ağstafa rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etdiyi zaman Şahid2 həmin hərbi hissədə xidmət rəisi təyin edilmişdir və o sonuncunun tabeçiliyində imiş. 2018-ci ilin may-iyun aylarında o Şahid2 ilə birlikdə qardaşı Natiq Kərimovun yaşadığı Samux rayonu Alıuşağı kəndində yerləşən evə qonaq gəlmişlər. Həmin evdə olduqları zaman onun qardaşı Natiq Fərhada özü və hərbi illəri haqqında danışmış, xəstəliklə əlaqədar 2014-cü ildə ordu sıralarından ehtiyata göndərildiyini demişdir. Həmin vaxt Fərhad Natiqə bildirmişdir ki, qanunla sonuncu xəstəliyə görə təqaüdə çıxmalıdır, həmin məsələnin həlli üçün bir nəfər əvvəllər hərbçi olmuş peşəkar adam tanıyır. Onun qardaşı bu məsələ ilə maraqlandıqda Fərhad bildirmişdir ki, bu məsələnin həlli üçün 5000-5500 manat arasında pul lazım olacaq, sonra isə onun qardaşından sonuncunun hərbi biletini, tibbi kitabçasını və epikrizlərini götürərək həmin tanıdığı şəxsə göstərməklə təqaüdün alınıb-alınmayacağını öyrənib xəbər edəcəyini demişdir. Bundan bir həftə sonra Fərhad onların kəndindən keçərkən onun qardaşı ilə görüşmüş və həmin şəxslə danışdığını, qardaşına təqaüdün problemsiz veriləcəyini bildirmişdir. Onun bildiyinə görə bundan sonra onun qardaşı Fərhadın tanışı olan həmin şəxslə danışmış, sonuncu özünü Zaur kimi təqdim edərək “Papanin” hospitalında işlədiyini bildirmiş və qardaşının təqaüd məsələsini həll edəcəyini, bunun üçün ümumilikdə 5500 manat pul lazım olacağını, həmin pulların bir neçə mərhələdə verilməli olacağını demişdir. Həmin şəxs onun qardaşına demişdir ki, ilk növbədə sonuncunun təqaüd məsələsini Müdafiə Nazirliyində gündəmə gətirmək üçün müvafiq şəxslərə pul verilməlidir və buna görə də Natiqdən 2000 manat pul istəmişdir. Həmin pulu o, tanışı Şahid2 vasitəçiliyi ilə götürəcəyini bildirmişdir. Onun qardaşı razılaşmış, 28.06.2018-ci il tarixdə o Bakı şəhərində yaşayan dostu Turalın yanına qonaq getdiyindən qardaşı həmin 2000 manat pulu ona vermişdir ki, o Sumqayıtda Fərhad ilə görüşüb həmin pulu sonuncuya çatdırsın. Bundan sonra o, 29.06.2018-ci il tarixdə Bakı şəhərində olduğu zaman zəng edib Fərhadla danışmış, sonuncu onu Sumqayıtda yerləşən dənizkənarı parkda gözləyəcəyini demişdir. Bundan sonra o, həmin tarixdə Tural ilə birlikdə Sumqayıt şəhərinə getmiş və orada Fərhadın dediyi yerdə sonuncu ilə görüşmüşdür. Görüş zamanı o, Turalın yanında 2000 manat pulu Fərhada vermiş və sonuncudan xahiş etmişdir ki, qardaşının işi tez bir zamanda həll edilsin. Fərhad isə onun narahat olmamağını bildirərək işin tez həll ediləcəyini demişdir. Bundan sonra onlar Tural ilə birlikdə Bakı şəhərinə qayıtmışlar. Bundan bir neçə ay sonra onun qardaşı Natiq həmin Zaur adlı şəxsə əlavə 3330 manat pul vermiş, lakin həmin şəxs qardaşının işini uzatmağa başlamış və sonda Zaurun heç bir iş görmədiyi, qardaşının verdiyi pulları ələ keçirdiyi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 ilə sonuncunun qardaşı Natiq Kərimovu o 1998-ci ildən tanıyır, onlar ailəvi yaxındılar. 28 iyun 2018-ci il tarixdə o, Fikrəti Bakı şəhərinə qonaq çağırmış və həmin tarixdə sonuncu ilə Bakı şəhərində görüşmüşlər. Növbəti gün, yəni 29 iyun 2018-ci il tarixdə Fikrət ona bildirmişdir ki, qardaşı Natiqin təqaüd məsələsi ilə bağlı tanışı Fərhadla Sumqayıt şəhərində görüşməlidir, sonuncuya 2000 manat pul verməlidir ki, həmin pulu Zaur adlı şəxsə çatdırsın. O, Natiqin bu məsələsindən azdan-çoxdan məlumatlı idi və Fikrətlə birlikdə getmək qərarına gəlmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt şəhərinə getmişlər və orada yerləşən dənizkənarı parkda Fərhad ilə görüşmüşlər. Həmin zaman Fikrət onun yanında Fərhada 2000 manat pulu verərək bu işin tez bir zamanda görülməsini xahiş etmiş, Fərhad isə həmin işin problemsiz həll olunacağını Fikrətə bildirərək sonuncunu inandırmış və pulu Fikrətdən götürərək Zaura çatdıracağını demişdir. Bundan sonra onlar Fərhadla sağollaşaraq Fikrətlə birlikdə Bakı şəhərinə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Natiq Kərimovu o 5 ildir ki tanıyır, sonuncu Samux rayonu Alıuşağı kəndində onun qardaşı ilə qonşuluqda yaşayır. 14 sentyabr 2018-ci il tarixdə Natiq ona zəng edib bildirmişdir ki, 15 sentyabr səhər saatlarında Bakı şəhərinə gələcəkdir və sonuncunun avtomobili ilə Avtovağzaldan götürməyini ondan xahiş etmişdir. O da razılaşmış və növbəti gün saat 07 radələrində avtovağzalda Natiqi qarşılamışdır. Bundan sonra onlar oradan gedib 20 yanvar m/s-nın ətrafında yerləşən kafelərin birində əyləşmişlər. Orada Natiq ona bildirmişdir ki, təqaüdə çıxmaq üçün sənədləri hazırlanır və sonuncunun bu işi ilə məşğul olan Zaur adlı şəxslə görüşmək üçün Bakı şəhərinə gəlmişdir, həmin şəxsə müəyyən sənədlərini və 3000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Bundan sonra onlar xeyli müddət kafedə oturmuşlar və Natiq onun yanında dəfələrlə həmin şəxsə zəng etmiş, həmin şəxsin telefonu əvvəlcə sönlü olsa da həmin şəxs sonradan zəngə cavab vermiş və Natiq həmin şəxsə bildirmişdir ki, sonuncunu "xxxx"-nun binasının yanında gözləyir. Bundan 15 dəqiqə sonra həmin şəxs "xxxx"-nun binasının yanına yaxınlaşmış və onlar görüşmüşlər, orada saxlanılmış onun idarə etdiyi avtomobilə əyləşmişlər. Avtomobilin salonunda Natiq həmin şəxsə 3000 manat pulu və sənədləri onun yanında təqdim etmiş, sonuncu pulu sayaraq cibinə qoymuş və Natiqə bildirmişdir ki, sonuncunun bütün sənədləri artıq toplanmışdır və işi tez bir zamanda, uzağı 3 aya həll olunacaqdır. Bundan sonra onlar sağollaşıb ayrılmışlar, o Natiqi oradan avtovağzala aparmış, özü isə evə qayıtmışdır. Bundan xeyli müddət sonra ona məlum olmuşdur ki, həmin Zaur adlı şəxs Natiqi aldadaraq heç bir iş görməmişdir və Natiqin ona verdiyi bütün pulları ələ keçirmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan "xxxx" MMC-nin Samux poçt filialı tərəfindən Samux rayon sakini X4 adına göndərilmiş 15.07.2019-cu il tarixli, 188 nömrəli məktubdan görünür ki, 13.09.2018-ci il tarixdə Alıuşağı PŞ-dən Xaçmaz rayon MXŞ-nə Təqsirləndirilən şəxs adına göndərilmiş 330 manat pul baratı 13.09.2018-ci il tarixdə AZE17242233 nömrəli 07.11.2017-ci il tarixdə Asan-Sumqayıt tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi ilə Xaçmaz MXŞ-də silinərək ödəniş edilmişdir. Cinayət işinin 219-229-cu vərəqələrində olan 22 dekabr 2021-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X6 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanmış 07.10.2019-cu il tarixli şikayət ərizəsinə əlavə edilmiş səs yazıları olan 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 125-ci vərəqəsində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyindən əldə edilmiş 28.07.2021-ci il tarixli 1/2576 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ordusunda zabit və ya gizir(miçman) qismində xidmət keçməsi barədə məlumat yoxdur. Cinayət işinin 163-cü vərəqəsində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 əldə edilmiş 15.11.2021-ci il tarixli 1175 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2011-ci il tarixdə Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 “Ümumi Ekspertiza” bölməsinin sanitarı vəzifəsinə işə qəbul edilmiş, 06 noyabr 2012-ci il tarixdə “Təsərrüfat hissəsi”nin müdiri vəzifəsinə keçirilmişdir və 20 fevral 2015-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Cinayət işinin 70-75 və 107-111-ci vərəqələrində olan Təqsirləndirilən şəxs adına DİN-in BƏSİİ-dən əldə edilmiş tələbnamədən və Bakı Hərbi Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 24.05.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 450 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Yevlax rayon Məhkəməsinin 04.04.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 10.06.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək 1900 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və Bakı Hərbi Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2 maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(105)-9/2022 saylı, 05.05.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 1-1(093)-153/2020 saylı hökmü CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmü ilə birləşdirilməsi hissəsində dəyişdirilmiş, Bakı Hərbi Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 1-1(093)-153/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CMnin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CMnin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, CM-nin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəza, yəni 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə aylıq gəlirinin 15 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasının 4 günü azadlıqdan məhrumetmə cəzasının 1 günü hesab edilməklə, yəni 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulan azadlıqdan məhrumetmə cəzası və 1900 manat cərimə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1.900 (min doqquz yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə “AUD-20190809-WA0001” adlanan 01 ədəd səs faylı var. Həmin səs faylı 20 dəqiqə 45 saniyə davam edir. Səs yazısından görünür ki, zəng etmiş şəxs özünü Natiq Kərimovun dayısı doktor Qalib kimi təqdim edərək Şahid2 Təqsirləndirilən şəxs haradan tanıdığını soruşur, sonuncu da Təqsirləndirilən şəxs hərbi poliklinikadan tanıdığını bildirir, sonuncunun orada tibbi ekspertizada işlədiyini deyir. Danışıq zamanı Şahid2 bildirir ki, Təqsirləndirilən şəxs hərbiçilərin təqaüd məsələlərini həll etmək üçün yüksək vəzifəli şəxslərə çıxışlarının olduğunu bildirmiş, sonuncu da onun sözlərinə inanaraq Natiq Kərimova təqaüdlə bağlı Təqsirləndirilən şəxs köməkliyini məsləhət görmüşdür. Danışıq zamanı Qalib adlı şəxs Fərhaddan Təqsirləndirilən şəxs 2000 manat pul verib-vermədiyini soruşur, sonuncu da bildirir ki, 2018-ci ilin isti aylarında Sumqayıt şəhərində yerləşən “Yelmarın kruqu”nda Təqsirləndirilən şəxs ilə görüşərək sonuncuya N.Kərimovun göndərdiyi 2000 manat pulu verdiyini bildirir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi özünün qismən etirafı, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətə hesablanır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılandan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 24.05.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 450 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Yevlax rayon Məhkəməsinin 04.04.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 10.06.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək 1900 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və Bakı Hərbi Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2 maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(105)-9/2022 saylı, 05.05.2022-ci il tarixli qərarı ilə isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 1-1(093)-153/2020 saylı hökmü CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmü ilə birləşdirilməsi hissəsində dəyişdirilmiş, Bakı Hərbi Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 1-1(093)-153/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CMnin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, CM-nin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəza, yəni 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə aylıq gəlirinin 15 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasının 4 günü azadlıqdan məhrumetmə cəzasının 1 günü hesab edilməklə, yəni 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulan azadlıqdan məhrumetmə cəzası və 1900 manat cərimə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1.900 (min doqquz yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 1-1(105)-9/2022 saylı, 05.05.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş 5 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1.900 (min doqquz yüz) manat məbləğində cərimə cəzası ilə hazırki hökmlə ona təyin olunacaq cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və həmin qərara əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Bakı Hərbi Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli hökmünə əsasən cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunaraq dəymiş maddi zərərə görə 6000 (altı min) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxsdan tutularaq N.N.Kərimovun xeyrinə ödənilməlidir. Mülki iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki iddianın mənəvi zərərin ödənilməsi hissəsini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə olunur ki, Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosesual normaların tətbiqinə yol verilir. Məhkəmələr cinayət mühakimə icraatı qaydasında mənəvi zərərin ödənilməsi barədə iddialara baxdıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189- 191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin indiki halda mülki iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bunların mülki cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş və belə hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq dövründə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə iştirak etdiyi 45 saata görə 270 manat, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 50 saata görə 300(üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı və 4 saylı Vəkil Bürolarının hesablarına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin 05 may 2022-ci il tarixli qərarı ilə təyin olunmuş 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1900 (min doqquz yüz) manat məbləğində cərimə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə və 1900 (min doqquz yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 1900 (min doqquz yüz) manat cərimə cəzası müstəqil icra edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2020-ci il tarixdən hesablansın. Mülki iddia qismən təmin olunsun və 6000 (altı min) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X4 xeyrinə ödənilsin. Mülki iddia qalan hissədə rədd edilsin. Təqsirləndirilən şəxs göstərilmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə iştirak etdiyi 45 saata görə 270 manat, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 50 saata görə 300(üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı və 4 saylı Vəkil Bürolarının hesablarına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar