Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-86/2023 17.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir həftə əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidən istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 0,582 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşıdığı zaman ünvan 2 ünvanının qarşısından keçərkən özünü şübhəli apardığına görə Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 14 sentyabr 2022-ci il tarixdə saat 02:00-da saxlanılaraq Yasamal RPİ-nin 27-ci polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qanunsuz olaraq naməlum mənbədən əldə etdiyi, əynindəki göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd polietilen bükümdə içərisində 0,582 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, bir ilə yaxındır ki, bədənində ağrılar olduğuna görə psixotrop maddə metamfetamindən istifadə edir. Anket məlumatları qeyd olunan ünvanda tək yaşayır, 14 sentyabr 2022-ci il tarixdə saat 02:00-da o, ünvan 4 ünvanın qarşısından keçib gedərkən iki nəfər polis geyimində əməkdaş ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra şübhəli olduğuna görə onlarla birlikdə yaxınlıqda yerləşən Yasamal RPİ-nin 27-ci PB-nə getməyini xahiş etmiş, həmin vaxtı onun üzərində metamfetamin psixotrop maddə olmuş, o, artıq tutulduğunu bildikdən sonra polis əməkdaşlarına bu barədə demiş, daha sonra həmin polis əməkdaşları onu polis avtomobili ilə yaxınlıqda yerləşən Yasamal RPİ-nin 27-ci PB-nə gətirmiş, bölmədə müdafiəçinin iştirakı ilə ona hüquqları izah olunmuş sonra təhqiqatçı bölmədə xidməti otağında müdafiəçinin iştirakı ilə öncə ona üzərində hər hansı bir əşyanın olduğu halda masanın üzərinə qoymağı barədə təklif etmiş o, etiraz etmədən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd polietilen bükülünü masanın üzərinə qoymuş, təhqiqatçı iki nəfər polis əməkdaşı və vəkilinin yanında ondan həmin bükülüdə nə olduğunu soruşduqda o, təhqiqatçıya həmin bükülüdə olan kütlənin metamfetamin olduğunu və həmin maddəni təxmini 1 həftə əvvəl özü istifadə etmək üçün Nəsimi rayonu ərazisində Kubinka adlanan ərazidən tanımadığı şəxsdən 5 manata aldığını demiş, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı telefonun video kamerası ilə çəkiliş aparılmış, daha sonra qeyd edilən hallarla bağlı protokol tərtib olunmuş üzərindən aşkar olunaraq götürülmüş kütlə təhqiqatçı tərəfindən qablaşdırılməşdır. Qeyd olunan faktla əlaqədar o, özünü günahkar hesab edir, əlavə olaraq bildirdi ki, o, bölmədə izahat verərkən ona hər hansı fiziki və mənəvi təziq göstərilməmişdir. Törətdiyi əməlin məsuliyyətini dərk edir. Törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 14 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində postaçı yoldaşı Şahid2la ünvan 2 ünvanında xidmət apardığı zaman 40-45 yaşlarında sarıyanız bir oğlanın özünü şübhəli apardığını görərək həmin şəxsə yaxanlaşmış və ona bildirmişdilər ki, şəxsiyyətinin müəyyən olunması məqsədi ilə onlarla yaxınlıqda yerləşən bölməyə getməyi təklif etmiş həmin vaxtı adını onlara Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs bildirmişdir ki, onun üzərində narkotik maddə var və o, narkotik aludəcisidir . Onlar həmin şəxsi 5852 saylı avtopatrul avtomaşını ilə yaxınlıqda yerləşən Yasamal RPİ-nin 27-ci PB-nə gətirmiş, orada təhqiqatçı həmin şəxsin nəyə görə gətirildiyini soruşduqda onlar baş vermiş hadisəni təhqiqatçıya danışmış və Şahid2 bu barədə raport yazmış o, da həmin raporta imza etmişdir. Bölmədə onlara məlum olmuşdur ki, həmin şəxs xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş Abşeron rayonu, Mehdiabad ərazi dairəsi Mehdiabad qəsəbəsi, 20 yanvar küçəsi, ev 12/8- də yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tərəflərindən bölməyə gətirildikdən sonra xidməti otaqların birində üzərində paltarında, əşyalarında, bədənində, narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün saxlanılan şəxsin vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına başlanmış, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə və həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərçüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd polietilen büküm çıxararaq masanın üzərinə qoymuş, həmin bükümə baxış keçirilən zaman içərisində kütlə aşkar olunmuş, təhqiqatçı üzərindən aşkar olunaraq götürülmüş maddənin nə olduğunu Vüqardan soruşanda o, həmin maddənin metamfetamin olduğunu və həmin kütləni özü üçün qəbul etməyə görə tutulmamışdan bir həftə əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirmiş içərisində kütlə olan bir ədəd büküm zərfə qoyularaq möhürlənmiş bundan sonra o və digər iştirakçılar tərtib edilmiş protokolun düzlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 14 sentyabr 2022-ci il tarixli 6/5176 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN «Zərflər üçün Ne168» möhür əksi, Təqsirləndirilən şəxsrı təqdim etdiyi...» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,582 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5458 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə saat 02:00 dəqiqədə saxlanılmış, xx.xx.2022-ci il tarixdə saat 12:50 dəqiqədə təqsirləndirilən şəxs kimi dindirilmiş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Bununla da o, həmin vaxtı 34 saatdan çox, yəni 02 günədək həbsdə olmuşdur. Beləliklə o, ibtidai istintaq dövründə ümumilikdə 02 gün həbsdə olmuşdur. Bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2023-cü il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 08 ay 28 gün (səkkiz ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,532 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Zəfər” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-86/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-86/2023
17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver