Məhkəmə qərarları › İş №1(004)-86/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-86/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-86/2025 17.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Tərlan qızının, tərcüməçi X1 iştirakları ilə

1. xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-225/2022 saylı, xx.xx.2022-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda barəsində həbs qətimkan tədbir seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 234.1-ci maddələri ilə

2. xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 2 keçəsi 4 inzibati bina ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3mış, hazırda barəsində həbs qətimkan tərdbiri seçilməklə Bakı istintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə

MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında özgənin əmlakını açıq olaraq talayıb soyğunçuluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 14 radələrində ünvan 5 ünvanı yaxınlığında özgənin əmlakını açıq talama məqsədilə Zərərçəkmiş şəxs1 əlindən içərisində 65 manat pul, 200 manat dəyərində Samsung markalı mobil telefon və 5 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan 25 manat dəyərində pul kisəsini sonuncunun iradəsinə zidd olaraq götürüb açıq şəkildə talayaraq hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 295 manat maddi ziyan vurmaqla soyğunçuluq cinayət əməlini törəmişdir. Bundan başqa, o, 26 iyul 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Kubinka adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,004 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və 26 iyul 2024-cü il tarixdə saat 21:35-də Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı ünvan 6 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,004 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında özgənin əmlakını açıq olaraq talayıb soyğunçuluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 14 radələrində ünvan 5 ünvanı yaxınlığında özgənin əmlakını açıq talama məqsədilə Zərərçəkmiş şəxs1 əlindən içərisində 65 manat pul, 200 manat dəyərində Samsung markalı mobil telefon və 5 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan 25 manat dəyərində pul kisəsini sonuncunun iradəsinə zidd olaraq götürüb açıq şəkildə talayaraq hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 295 manat maddi ziyan vurmaqla soyğunçuluq cinayət əməlini törəmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan Elşən adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Qəzənfər Musabəyov parkı adlanan ərazinin yaxınlığında özgənin əmlakını açıq talama məqsədilə Zərərçəkmiş şəxs2 qızının əlindəki içərisində 5 manat pul, 4 manat dəyərində göz qələmi olan 60 manat dəyərində pul kisəsini sonuncunun iradəsinə zidd olaraq götürüb açıq şəkildə talayaraq hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs2 69 manat maddi ziyan vurmaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, soyğunçuluq cinayətinin törədilməsi ilə bağlı ona verilmiş ittihamda özünü təqsirli bilmir, lakin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar verilmiş ittihamda özünü təqsirli bilir, psixotrop maddə onun üzərindən çıxmışdır. Belə ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 26 iyul 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə naməlum şəxsdən öz istifadəsi üçün 20 manat pul müqabilində bir bükümdə psixotrop maddə metamfetamin almışdır. O, həmin içərəsində psixotrop maddə metamfetamin olan bükümü əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. 26 iyul 2024-cü il tarixdə saat 21.35-də ünvan 8 ünvanının qarşsında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq vəsiqələrini göstərib özlərini təqdim etmişdirlər. Polis əməkdaşları ona 26 iyul 2024-cü il tarixdə Yasamal rayonu, Akim Abbasov küçəsində baş vermiş soyğunçuluq cinayət hadisəsinin törədilməsində şübhəli olduğunu bildirmişdirlər. O, səmimi olaraq qeyd olunan hadisənin törədilməsində iştirak etdiyini etiraf etmiş və bundan sonra onu Yasamal RPİ-nin 28-ci Pş-nə dəvət etmişdirlər. Həmin vaxt üzərində psixotrop maddə olduğundan çox həyəcanlı olmuşdur. O, polis şöbəsinə çatandan sonra söhbət zamanı gizlətməyin əhəmiyyət kəsb etməyəcəyini dərk edib özü səmimi olaraq üzərində psixotrop maddə və soyğunçuluq cinayət hadisəsi zamanı ələ keçirtdiyi bir ədəd Samsung markalı mobil telelfon olduğunu bildirmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuşdur və müdafiəçinin iştirakı olmaqla video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin, sol yan cibimdən isə bir ədəd Samsung markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı o, həmin bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Nəsimi rayonu “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, soyğunçuluq cinayəti üzrə isə təqsirinin olmamasını nəzərə alaraq, ittiham olunduğu soyğunçuluq cinayəti üzrə bəraət verilməsini, digər maddə üzrə isə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona verilmiş suala cavab olaraq bildirmişdir ki, digər Təqsirləndirilən şəxs2 bildirdikləri yalandır, ona qarşı şər və böhtandır, onun tərəfindən Səkinəyə soyğunçuluğun edilməsi ilə bağlı təkliflər edilməmişdir, konkret olaraq zərərçəkmiş şəxs X2 göstərərək onun barəsində cinayət törətməsi ilə əlaqədar aralarında heç bir razılaşma və ya sövdələşmə olmamışdır. Eyni zamanda bildirmişdir ki, Səkinə ona bir ədəd mobil telefon təqdim etmişdir, lakin həmin telefonu haradan əldə etməsi ilə əlaqədar onda məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 ona istinad edilən soyğunçuluq cinayət əməlini törətməməsini və ona elan olunmuş həmin ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Saməddin Cəfərov ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təqsirləndirildiyi cinayət əməllərini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Esmira kimi tanıdığı Təqsirləndirilən şəxs2 o, təxminən 2024-cü ilin mart ayından etibarən tanıyır. Onunla normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs2 da onun kimi narkotik vasitə istifadəçisidir. 26 iyul 2024cü il tarixdə saat 14 radələrində o, Səkinə ilə görüşmüşdür. Onlar birlikdə Yasamal rayonu, Akim Abbasov küçəsi ilə hərəkətdə olan zaman yaşlı bir qadın görmüşdürlər. Həmin qadının əlində çanta olmuşdur. Maddi vəziyyəti çox pis olduğundan onlar qərara gəlmişdir ki, həmin yaşlı qadının əlində olan çantam oğurlasınlar. Bu məqsədlə Səkinə həmin qadına arxa tərəfdən yaxınlaşaraq əlində olan çantam götürüb qaçmışdır. Oda oradan uzaqlaşmış və Səkinə ilə Yasamal rayonu, Şərifzadə küçəsində məhlənin içində yerləşən Bakı şəhər narkoloji Dispanserin qarşsında görüşmüşdürlər. Onlar çantanı açdıqda oradan bir ədəd arxası qırmızı rəngdə olan Samsung markalı mobil telefon və 65 manat pul olduğunu görmüşdürlər. O, Səkinəyə 15 manat pul vermişdir. Mobil telefon və 50 manat pulu isə o, götürmüşdür. O, həmin telefonun satşını təşkil etdikdən sonra Səkinəyə əlavə pul verəcəkdir. Bidirmişdir ki, qeyd olunan cinayət əməlini o, tanışı Esmira kimi tanıdığı Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, digər təqsirləndirilən şəxsin həm məhkəməyə qədər, həmiçinin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini, ifadənin yerində yoxlanılması protokolunu, ekspertiza rəylərini və digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında özgənin əmlakını açıq olaraq talayıb soyğunçuluq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 o, təxminən 2024-cü ilin mart ayından etibarən tanımışdır. Onunla normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs1 onun kimi narkotik vasitə istifadəçisdir. 26 iyul 2024-cü il tarixdə saat saat 14 radələrində o, Səməd ilə görüşmüşdür. Onlar birlikdə Yasamal rayonu, Akim Abbasov küçəsi ilə hərəkətdə olan zaman yaşlı bir qadın görmüşdürlər. Həmin qadının əlində çanta olmuşdur. Maddi vəziyyətləri çox pis olduğundan onlar qərara gəlmişdir ki, həmin yaşlı qadının əlində olan çantanı oğurlasınlar. Bu məqsədlə o, həmin qadına arxa tərəfdən yaxınlaşaraq əlində olan çantanı götürüb qaçmışdır. Səməddə oradan uzaqlaşmış və onunla Yasamal rayonu Şərifzadə küçəsində məhlənin içində yerləşən Bakı şəhər narkoloji Dispanserin qarşısında görüşmüşdür. Onlar çantanı açdıqda oradan bir ədəd arxası qırmızı rəngdə olan Samsung markalı mobil telefon və 65 manat pul olduğunu görmüşdürlər. Səməd ona 15 manat pul vermişdir. Mobil telefon və 50 manat pulu isə Səməd götürmüşdür. Səməd həmin telefonun satşını təşkil etdikdən sonra ona əlavə pul verəcəkmiş. Bundan başqa, o, 26 iyul 2024-cü il tarixdə saat 19 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Yol market”in yaxınlığında tanışı Elşənlə görüşmüşdür. Elşəndə onun kimi narkotik vasitə istifadəçisidir. O, ondan narkotik vasitə tapmaqda köməklik istəmiş, lakin Elşən ona narkotik vasitə almaq üçün pul lazım olduğunu bildirmişdir. Onlar Elşənlə pul əldə etməyin yollarını fikirləşirmiş və piyada gəzərək Yasamal rayonu ərazisində yerləşən Musabəyov parkı yaxınlığına gəlmişdirlər. Orada onlar yolu keçən yaşlı bir qadın görmüş və Elşən ona həmin qadının əlində olan pul kisəsini oğurlamağını bildirmişdir. O, razılaşmış və həmin günü saat 21 radələrində qadına arxadan yaxınlaşmış və əlində olan əl çantasını almaq istəmişdirlər. Lakin həmin qadın əl çantasını bərk tutmuş və o, zorla həmin əl çantasını onun əlindən alaraq qaçmışdır. Həmin qadın onun arxasınca qışqırmış, lakin o, əhəmiyyət verməyib qaçmağa davam etmişdir. O, sonradan yenidən Musabəyov parkına gəlmiş və orada Elşənlə görüşmüşdür. O, içərsində 5 manat pul, göz qələmi, ev açarları olan, bank kartları, mağaza kartları olan pul kisəsini Elşənə vermişdir. Bundan sonra isə pul kisəsindən 5 manat pul götürüb pul kisəsinin özünü isə Yasamal rayonu, Zərdabi 47 ünvanında yerləşən zibil qutusuna atmışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlləri etiraf etməklə səmimi peşman olmasını, eləcə də zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda ona verilmiş suala cavab olaraq bildirmişdir ki, məhkəmə istintaqında düzgün ifadə verir, o, narkotik vasitə aludəçisi olduğu üçün və həmin ərəfədə istifadə etmək üçün narkotik vasitə tapmadığı üçün tanışı Səmədə müraciət etmişdir, Səməd isə ona bir yaşlı qadın göstərib onun əlindəki çantasını aparmaq lazım olduğunu demişdir.O vəziyyəti pis olduğu üçün razılaşmışdır və hər şeyi Səməd deyən kimi eləmişdir, götürdüyü çantanı açdıqdan sonra Səməd ona 15 manat pul vermişdir. Mobil telefon və 50 manat pulu isə Səməd götürmüşdür. Səmədin məhkəmə istintaqında bildirkləri yalandır, məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. O, çantasını oğurladığı qadını əvvəllər tanımamışdır, Səməd ona istiqamət vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, 26 iyul 2024-cü il tarixdə yaşadığı ünvan 9 ünvanında yaxınlıqda yerləşən meyvə-tərəvəz mağazasından alış veriş etmək məqsədi ilə tək başına çıxmışdır. Evdən çıxan zaman əlində qara rəngli pul qabı olmuşdur. Həmin pul qabının içərisində ona məxsus 5 manat dəyərində ***-***-**-** mobil nömrəsi olan 200 manat dəyərində Samsung markalı mobil telefon və 65 manat nağd pul olmuşdur. Evdən çıxıb təxminən saat 14:00 radələrində ünvan 10 ünvanda olan zaman əvəllər tanımadığı bir nəfər şəxs əlindəki pul qabını dartıb əlindən alaraq ordan uzaqlaşmışdır. O, ətrafdan köməklik isdəmiş lakin hadisə vaxtı ətrafda heç kim olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, pul kisəsinin dəyəri isə 25 manat olmuşdur. Bu səbəbdən ona dəymiş ümumi maddi ziyan 295 manat olmuşdur. Baş vermiş hadisə zamanı hər hansı bir xəsarət almamışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxslərlə barışdığını, ona vurulmuş ziyanın ödənilməsini və onlardan heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qızının məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 26 iyul 2024-cü il tarixdə o, yaşadığı maketdən bazarlıq etdikdən sonra yaşadğı ünvan 11 ünvanına getmişdir. Aldığı bazarlığı evə qoyduqdan sonra yaxınlıqda yerləşən aptekdən dərman almaq məqsədi ilə evdən çıxmışdır. Həmin gün yəni 26 iyul 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evin həyətində olan zaman tanımadığı bir qadın arxadan ona yaxınlaşaraq sağ əlindən tutub pul kisəsini zorla alıb oradan qaçmışdır. O, həmin qadının arxasınca getmək isdəmiş lakin hadisə zamanı o, qorxu həyacan hissi keçirdiyi üçün gedə bilməmiş və ətrafda heç kim olmadığı üçün ona heç kim kömək edə bilməmişdir. Pul kisəsinin dəyəri 60 manat olmuşdur. Pul kisəsinin içərisində 5 manat nağd pul və 4 manat dəyərində göz qələmi olmuşdur. Baş vermiş hadisə zamanı hər hansı bir xəsarət almamışdır. Zərərçəkmiş şəxs2 qızı məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd edərək təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 iyul 2024-cü il tarixdə saat 13:15 radələrində xidməti ərazidə olan zaman, naməlum şəxslər tərəfindən ünvan 12 ünvanında Zərərçəkmiş şəxs1naya qarşı soyğunçuluq edilməsi barədə məlumat daxil olmuşdur. Həmin hadisənin 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə 26 iyul 2024-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 Nürəddin oğlu ilə birlikdə 26 iyul 2024-cü il tarixdə saat 21:35 radələrində ünvan 6 ünvanında olan zaman zahiri görünüşü Təqsirləndirilən şəxs1 bənziyən şəxsə yaxınlaşıb vəsiqələrini göstərərək özlərini təqdim etmişdirlər. Bundan sonra onlar həmin şəxsi Yasamal RPİ-nin 28-ci PŞ-nə dəvət etmiş və o, onlarla birlikdə polis şöbəsinə getməyə razılıq vermişdir. Polis şöbəsində şəxslə aparılan profilaktiki söhbət zamanı Təqsirləndirilən şəxs1 törətdiyi soyğunçuluq cinayət əməlini etiraf etmişdir. Eyni zamanda o bildirmişdir ki, narkotik vasitə aludəçisidir, əvvəllər Azəərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur və üzərində psixotrop maddə vardır. Bundan sonra Təqsirləndirilən şəxs1 polis şöbəsinin xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs1 hüquqları izah olunmaqla vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarının sağ yan cibində bir ədəd şəffav rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümdə maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmçinin əynindəki qara rəngli şalvarın sol yan cibindən törətdiyi soyğunçuluq cinayəti zamanı əldə etdiyi 01 ədəd qırmızı rəngli “Samsung” markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci PŞ-nın əməliyyat müvəkkili polis leytenantı Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o da eyni məzmunda ifadə verərək Şahid1 göstərdiyi halları və faktları eynilə təsdiq etmişdir. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul ediməsi haqqında” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (Cild 1, İ/V. 1). “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və həmin zaman sonuncu ifadəsində göstərdikləri xüsusatları əyani şəkildə hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. (Cild 1, İ/V. 212-216). “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və həmin zaman sonuncu ifadəsində göstərdikləri xüsusatları əyani şəkildə hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. (Cild 1, İ/V. 116-119). “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı sonuncu istintaqa verdiyi ifadəsini bir daha qarşısında oturan Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir. (Cild 1, İ/V. 50-51). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 iyul 2024-cü tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində kristalşəkilli ağ rəngli maddə və şalvarının sol cibindən isə soyğunçuluq yolu ilə əldə etdiyi “Samsung markalı mobil teıefon aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. (Cild 1, İ/V. 75-76). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 26 iyul 2024-cü tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Yasamal RPİ-nin 28-ci PŞ-nin inzibati binasında təhqiqatçı, polis leytenantı X4 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X5, Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs1 özünü təqdim etməsini təklif edir.Təqsirləndirilən şəxs1 özünü təqdim etdikdən sonra ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffav rəngli sellofana bükülmüş bükümü çıxardıb təqdim edərək həmin bükümdə maddənin psixotrop maddə metamfetamin olduğunu, bu maddəni 26 iyul 2024-cü il tarixdə 11 radələrində Nəsimi rayonu “kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 20 manat pul müqabilində aldığım, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamaqla daşıdığım bildirmişdir. Həmçinin şübhəli şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən soyğunçuluq cinayəyi zamanı əldə etdiyi 01 ədəd qırmızı rəngli “Samsung” markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 21:35 radələrində polis əməkdaşları tərəfindən ünvan 13 ünvanda saxlanılmışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd büküm və 01 ədəd “Samsung” narkalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 167 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3852 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş. AR DİN “zərflər üçün Nq 167” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 /imza/;Müdafiəçi: /imza/ T.Kərim: ə/m-li polis baş leytenantı /imza/ Şahid1: Təhqiqatçı polis leytenantı Nəcmin Əlizadə” yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 1,004 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azrəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (siyahı İ) daxildir. Qeyd: Metamfetamin təmiz çəkisi - 1,004 qr, - tədqiqata sərf edilən miqdar-0,1 qram, qalıq - 0,904 qram. (Cild 1, İ/V. 82-86). Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6869 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, İ/V. 56- 57). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/7581 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «Samsung» markalı, Sm-A10765 (Galaxy A10s) mobel mobil telefonun satəş üçün komplekləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 130.00 (100man+160):2 manat müəyyən edilir. (Cild 2, İ/V. 13-14). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu olan şəxsdir. (Cild 1, İ/V. 238-240). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş şəxsdir. (Cild 1, İ/V. 240-241). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 26 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdən (saat 21:35-dən) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, İ/V. 67). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. (Cild 1, İ/V. 120- 121). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)- 711/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, İ/V. 149-150). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdən (saat 22:00-dan) ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, İ/V. 163). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. (Cild 1, İ/V. 174-175). Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, İ/V. 191). “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 1 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.1, 180.2.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (Cild 1, İ/V. 194-195). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 1 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. (Cild 1, İ/V. 197- 198). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)- 728/2024 saylı qərarından görünür ki Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən (saat 18:30-dan) hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, İ/V. 222-226). “Sübutların qiymətləndirilməsi haqqında” 17 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD disk iş üzrə maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 məxsus təmiz çəkisi 1,004 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,904 qramlıq hissəsi məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Eləcə də İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmışdır. (İ/V. 58-69). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 qızının teleqram vasitəsilə məhkəməyə ünvanlandığı məktubdan görünür ki, onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulan əməlləri, yəni qabaqcadan əlbir olmuş bir qrup şəxs halında özgənin əmlakını açıq olaraq talayıb soyğunçuluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib özündə saxlamaqla daşıma cinayətlərini və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan əməli, yəni təkrarən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında özgənin əmlakını açıq olaraq talayıb soyğunçuluq cinayətini törətmələri təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, ifadələrin yerində yoxlanması protokolları, üzləşdirmə protokolu, 01 ədəd “CD” disk və işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törtədiyi cinayət əməlini qismən etiraf etməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmaması hallarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törtədiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmaması hallarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri və Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə materialların məhkəmə bioloji-ekspertizasının keçirilməsinə xərclənmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilməli, iş üzrə məhkəmə əmtəəşünaslıq-ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilməli və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD markalı disk cinayət işinin materialında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 Tərlan qızının vəkil işlədiyi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına hər birinə ayrılıqda 240 (iki yüz qırx) manat olmaqla ümumilikdə 480 (dörd yüz səksən) manat pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 1(004)-598/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Tərlan qızı tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 Tərlan qızının vəkil işlədiyi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına hər birinə ayrılıqda 240 (iki yüz qırx) manat olmaqla ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 03 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlndığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,904 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə materialların məhkəmə bioloji-ekspertizasının keçirilməsinə xərclənmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilsin. İş üzrə məhkəmə əmtəəşünaslıq-ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 Tərlan qızının vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına hər birinə 240 (iki yüz qırx) manat məbləğində olmaqla ümumilikdı 480 (dörd yüz səksən) manat pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar