Məhkəmə qərarları › İş №1(004)-87/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-87/2022

31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-87/2022 31.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhər 28 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1993-cü ildə ünvan 1 ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Höküməli qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 iyul 2021-ci il saat 07:06 dəqiqədə ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “SLD Bar” adlanan kafenin qarşısından keçərkən küçə tərəfdən plastik pəncərənin nəfəsliyinin açıq olmasından istifadə edərək nəfəsliyi əli ilə itələyib açaraq binaya qanunsuz olaraq daxil olub mətbəxtdə masa üzərində qoyulmuş sonuncuya məxsus dəyəri 400 manat olan 1 ədəd “Appel” markalı, “İpad 7” modelli, 32 GB yaddaş tutumlu, GG7CQNPCMF3P imei kodlu planşeti gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 400(dörd yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 iyul 2021-ci il tarixdə saat 07 radələrində piyada ünvan 2 ünvanda yerləşən “SLD Bar” kafesinin qarşısından keçən zaman, həmin kafenin plastik pəncərəsinin nəfəsliyinin açıq olduğunu görmüşdür. O kafenin pəncərəsinə yaxılaşıb içəri baxdıqda orada yəni, kafenin daxilində heç kimin olmadığını görmüşdür. Bundan sonra o ətrafda heç kimin olmadığını görüb həmin kafenin küçə tərəfdən olan pəncərəsinin nəfəsliyini əli ilə itələyib içəriyə doğru açmış və kafenin daxilində mətbəx kimi istifadə edilən hissəsində masa üzərində kassa aparatının yanında olan 2 ədəd planşetin və 1 ədəd kompüterin olduğunu görmüşdür. Həmin vaxt pula ehtiyacı olduğundan planşetin bir ədədini oğurlamaq qərarına gəlmiş, ona görə də əlini ataraq masanın üzərində olan qızılı rəngli “Apple” markalı planşeti götürüb oradan uzaqlaşmışdır. Bundan sonra o, həmin gün təxminən saat 10 radələrində Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında olan “Velotrek” bazarında “Vertu” adlanan mobil telefonların alqı satqısı mağazasını işlədən tanışı X6 yaxınlaşıb planşeti ona göstərib özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Sənan onun bu təklifi ilə razılaşaraq həmin planşeti 80 manata ala biləcəyini bildirmişdir. Bundan sonra Sənan ondan planşeti götürüb ona 80 manat pul vermiş və o oradan uzaqlaşmışdır. Sənandan götürdüyü pulları o həmin gün öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 12 noyabr 2021-ci il tarixdə Yasamal RPİ-nin 27-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra o, Sənan Rəsulova satdığı “Apple İpad” markalı planşetin pulunu ödəyərək həmin planşeti Yasamal RPİ-nə gətirib istintaqa təqdim etmişdir. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini və onunla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 3 ünvanda yerləşən “SLD BAR” kafesini icarə əsasında işlədir. “Wolt” şirkəti onların kafesində hazırlanan yemək və məhsullarını müştərilərin sifarişi əsasında ünvanlarına çatdırma xidmətini həyata keçirir. Həmin dövrdə icarə əsasında işlətdiyi kafedə iş saatı 09:00-da başlamış, saat 22:00-da başa çatmışdır. 23 iyul 2021-ci il tarixdə saat 22:00-da kafenin plastik qapı və pəncərələrini bağlayaraq evlərinə getmişdir. Həmin günün səhəri, yəni 23 iyul 2021-ci il və 24 iyul 2021-ci il tarixləri, şənbə və bazar günlərinə təsadüf etdiyindən və Azərbaycan Respublikasının ərazisində yeni növ koronovirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən şənbə və bazar günləri ictimai iaşə obyektlərinin işləməsi məhdudlaşdırıldığından kafedə iş dayandırılmış, lakin bununla belə o, kafenin satış müdiri Şahid1 ilə birlikdə 25 iyul 2021-ci il tarixdə səhəri günün bazarlığını ərzaq və sair məhsulları marketdən alaraq saat 16 radələrində kafeyə gəlmişlər. Kafenin qapısını açaraq içəriyə daxil olduqda masanın üzərində kassa aparatının yanında qoyulmuş 2 ədəd planşetdən bir ədəd “Apple İpad” markalı planşetin yerində olmadığını və küçə tərəfdən pəncərənin nəfəsliyinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, kafedə quraşdırılmış təhlükəsizlik kamerasına baxış keçirdikdə ona məlum olmuşdur ki, 24 iyul 2021-ci il tarixdə saat 07:06 dəqiqədə naməlum şəxs küçə tərəfdən pəncərənin qarşısına çıxaraq nəfəslikdən əlini uzadaraq kassa aparatının yanında olan 1 ədəd “Apple İpad” markalı planşeti götürmüşdür. 25 iyul 2021-ci il tarixdə o oğurluq hadisəsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə bu barədə məlumat vermiş, həmçinin Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Onun verdiyi məlumatlarla əlaqədar Yasamal RPİ-nin 27-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. Bundan sonra “SLD BAR” kafesindən 1 ədəd “Apple İpad” markalı planşetin oğurlanmasında Təqsirləndirilən şəxs şübhələnmişlər. Buna səbəb təhlükəsizlik kamerasına baxış zamanı həmin şəxsin videokameraya düşməsinin müşahidə edilməsi olmuşdur. Bunda sonra ona məxsus olan 1 ədəd “Appel” markalı, “İpad 7” modelli, 32 GB yaddaş tutumlu GG7CQNPCMF3P imei kodlu planşeti Təqsirləndirilən şəxs istintaqa təqdim etmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ünvan 3 ünvanda yerləşən “SLD BAR” kafesində baş mühasib vəzifəsində işləmiş, kafenin müdiri Zərərçəkmiş şəxs Müşviq oğlu olmuşdur. Kafedə əsasən qidalar, yeməklər, salatlar və müxtəlif sendviçlər satılmış, əsasən onların məhsulları müştərilərin sifarişi əsasında “Wolt” firmasının işçiləri çatdırmışlar. “SLD bar” kafesində iş saatı 09:00-da başlamış, saat 22:00 da başa çatmışdır. 23 iyul 2021-ci il tarixdə “SLD BAR” kafesində səhər saat 09:00-dan işə bağlamışlar və axşam saat 22:00-da kafenin plastik qapı və pəncərələrini bağlayaraq evlərinə getmişlər. 25 iyul 2021-ci il tarixdə səhəri günün bazarlığını ərzaq və sair məhsulları marketdən alaraq saat 16 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə kafeyə getmiş, kafenin qapısını açdıqda mətbəxtdə masa üzərində kassa aparatının yanında qoyulmuş iki ədəd planşetdən bir ədəd “Apple İpad” markalı planşetin yerində olmadığını görmüşlər. Naməlum şəxs küçə tərəfdən pəncərənin nəfəsliyini açaraq bir ədəd “Apple İpad” markalı planşeti oğurlamışdır. Bununla belə qapı və pəncərələrin daxili qıfılları tam və bütöv olmuş, heç bir sındırma əlaməti izləri olmamışdır. Zərərçəkmiş şəxs ilə kafedə quraşdırılmış təhlükəsizlik kamerasına baxış keçirdikdə naməlum şəxsin 24 iyul 2021-ci il tarixdə saat 07:06 dəqiqədə küçə tərəfdən pəncərənin qarşısına çıxaraq nəfəslikdən əlini uzadaraq kassa aparatının yanında olan 1 ədəd “Apple İpad” markalı planşeti götürdüyünü müşahidə etmişlər. Naməlum şəxsin ancaq sağ qolu kameranın müşahidə təsir dairəsinə düşmüş, sifəti düşməmişdir. Zərərçəkmiş şəxs də həmin gün, yəni 25 iyul 2021-ci il tarixdə saat 16:34 dəqiqədə oğurluq barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə kafedən 1 ədəd “Apple İpad” markalı planşetin oğurlanması barədə məlumat vermişdir. Məlumatlarla əlaqədar Yasamal RPİ-nin 27-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında “Vertu” adlanan mobil telefonların alqı-satqısı mağazasını icarə əsasında işlədir. Təqsirləndirilən şəxs bir ilə yaxındır tanıyır. 24 iyul 2021-ci il tarixdə saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs onun işlədiyi “Vertu” mobil telefonların alqı satqısı mağazasına gələrək əlində olan bir ədəd “Apple” markalı, “İpad 7” modelli qızılı rəngli planşetin ona məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla razılaşıb “Apple” markalı, “İpad 7” modelli planşeti 80 manata alaraq onu satış üçün mağazanın vitrininə qoymuşdur. 12 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun mağazasına gələrək satdığı planşeti “SLD bar” kafesindən oğurladığını və planşetin pulunu ödəməklə alıb onun barəsində olan cinayət işi üzrə könüllü istintaqa qaytarmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təklifi ilə razılaşıb, həmin planşeti Yasamal RPİ-nin İstintaq şöbəsinə gətirərək təqdim etmişlər. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 34-36-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən “SLD BAR” kafesində satış meneceri vəzifəsində işləmiş, kafenin müdiri Zərərçəkmiş şəxs Müşviq oğlu olmuşdur. Kafedə əsasən sağlam qidalar, yeməklər, salatlar və Sendviç satılmış, əsasən onların məhsulları müştərilərin sifarişi əsasında “Wolt” firmasının işçiləri çatdırmışlar. “SLD bar” kafesində iş saatı 09:00-da başlamış, saat 22:00 da başa çatmışdır. 23 iyul 2021-ci il tarixdə “SLD BAR” kafesində səhər saat 09:00-dan işə bağlamışlar və axşam saat 22:00-da kafenin plastik qapı və pəncərərələrini bağlayaraq evlərinə getmişlər. 25 iyul 2021-ci il tarixdə səhəri günün bazarlığını ərzaq və sair məhsulları marketdən alaraq saat 16 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə kafeyə gəlmiş, kafenin qapısını açdıqda mətbəxtdə masa üzərində kassa aparatının yanında qoyulmuş iki ədəd planşetdən bir ədəd “Apple İpad” markalı planşetin yerində olmadığını görmüşlər. Naməlum şəxs küçə tərəfdən pəncərənin nəfəsliyini açaraq bir ədəd “Apple İpad” markalı planşeti götürüb oğurlamışdır. Bununla belə qapı və pəncərələrin daxili qıfılları tam və bütöv olmuş, heç bir sındırma əlaməti izləri olmamışdır. Zərərçəkmiş şəxs ilə kafedə quraşdırılmış təhlükəsizlik kameraya baxış keçirdikdə naməlum şəxsin 24 iyul 2021-ci il tarixdə saat 07:06 dəqiqədə küçə tərəfdən pəncərənin qarşısına çıxaraq nəfəslikdən əlini uzadaraq kassa aparatının yanında olan 1 ədəd “Apple İpad” markalı planşeti götürdüyünü müşahidə etmişlər. Naməlum şəxsin ancaq sağ qolu kameranın müşahidə təsir dairəsinə düşmüş, sifəti düşməmişdir. Zərərçəkmiş şəxs də həmin gün, yəni 25 iyul 2021-ci il tarixdə saat 16:34 dəqiqədə oğurluq barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə kafedən 1 ədəd “Apple İpad” markalı planşetin oğurlanması barədə məlumat vermişdir. Məlumatlarla əlaqədar Yasamal RPİ-nin 27-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəlmişr və hadisə yerinə baxış keçirmişlər. Həqiqətən naməlum şəxs küçə tərəfdən pəncərənin nəfəsliyinin açıq olmasından və kafenin bağlı olmasından, işçilərin olmamasından istifadə edərək planşeti masanın üzərindən götürüb oğurlamışdır. Onlar “SLD BAR” kafesindən 1 ədəd “Apple İpad” markalı planşetin oğurlanmasında Təqsirləndirilən şəxs şübhələnmişlər, ona görə ki, təhlükəsizlik kameraya baxış zamanı həmin şəxsin videokameraya düşməsi müşahidə olunmuşdur. Kafedən oğurlanmış 1 ədəd “Apple İpad” markalı planşeti 2 il əvvəli Zərərçəkmiş şəxs “Wolt” firmasından almış, planşetdə “Wolt” firmasının proqramı yazılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış və götürmə barədə” 25 iyul 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanda yerləşən 12 mərtəbəli yenitikilinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsidir. Həmin sahənin ümumi sahəsi 105 kvadrat metrdir. Həmin yerdə “SLD BAR” kafesi yerləşir. Kafedə əsasən müxtəlif qəlyanaltılar və sərinləşdirici içkilər satılır. Baxış zamanı məlum olmuşdur ki, 25 iyul 2021-ci il tarixdə kafeni icarə əsasında işlədən X2 16 radələrində kafeyə gələrək pəncərinin yanında olan kassa aparatının qarşısından bir ədəd “Apple” markalı ipad planşetini oğurlandığını aşkar etmişdir. Baxış zamanı pəncərədə hər hansı bir müdaxilə izləri və zədə yerlərinin olması müəyyən edilməmişdir. (i.v. 10-14) “Videogörüntüyə baxış keçirilməsi barədə” 03 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, 01 ədəd müşahidə kameraları vasitəsi ilə qeydə alınmış, 27.07.2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin videogörüntiilərinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 1 dəqiqəlik videogöriintüdə 27.07.2021-ci il tarixdə, saat 07:56 dəqiqədə binanın daxilində insanın sağ qolu qara köynək geyinmiş əl masa üzərində olan 2 ədəd planşetdən 1 ədədini əli ilə götürərək geri çəkilir. Baxış zamanı insan sifəti və bədəninin yalnız sağ qolu və əli görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs “SLD Bar” adlanan kafenin küçə tərəfdən plastik pəncərəninn nəfəsliyindən əlini atıb saxlanc yeri olan mətbəxtdə masa üzərində qoyulmuş 1 ədəd “Apple” markalı planşeti götürən şəxs olduğunu, eyni zamanda diskin ikinci faylında olan fotoşəkildə kafenin qarşısında yolun sağ kənarında ağ rəngli avtomobilin sol qapısının bərabərliyində qara rəngli qollu köynək, boz şalvar geyinmiş və hər iki əlləri cibində, qara saçlı, bığsız və saqqalsız olan fotoşəkildəki təsvir odur və 24 iyul 2021-ci il saat 07 radələrində Bakı şəhəri, Yasamal rayonu, Muıtuza Muxtarov küçəsi ilə hərəkətdə olarkən videokameranın müşahidə təsirinə düşmüşdür. (i.v. 108-111) “Maddi sübut kimi tanımaq haqqında” 03 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə götürülən zaman istifadə edilmiş video çəkilişin görüntülərinin əks olunduğu üzərində CD-R diskinə köçürülərək materiallara əlavə edilmiş CD-R diskin maddi sübut əhəmiyyət kəsb etdiyi üçn maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 114-115) “Əşyaya baxış keçirmə və götürmə haqqında” 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və X4 təqdim etdiyi əşya 1 ədəd “Apple” markalı, “İpad 7” modelli, 32 GB yaddaş tutumlu qızılı rəngli planşetdir. Planşet işlək vəziyyətdədir. Planşetin üzərində istismar xarakterli qüsurlar boya qopuqları və cızıqlar aşkar edilmişdir. Sənan Məmmədovun təqdim etdiyi “Apple İpad” markalı planşet götürülərək zərfə qoyulmuşdur. (i.v. 123-127) “Əşyanın tanınmaya təqim edilməsi haqqında” 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, təqdim olunan planşetlərdən sağdan sola sıralanma ilə 3-cü qoyulmuş planşet ona məxsusdur. Ona məxsus planşet qızılı rəngli, ön hissəsi ağ rəngli olmaqla, arxa hissəsində alma təsviri vardır. Planşet əvvəllər kafe barda işlədildiyi üçün arxa hissəsində sürtünmə və cızılma izlərinə planşeti “Apple” firmasının adı və planşetdə “Wolt” firmasının proqramı yazılması əlamətlərinə görə tanıyır. (i.v. 133-136) “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “SLD Bar” adlanan kafesinin küçə tərəfdən pəncərənin nəfəslikindən saxlanc yeri olan mətbəxtdən dəyəri 400 manat olan 1 ədəd “Appel” markalı, “İpad 7” modelli, 32 GB yaddaş tutumlu planşeti gizlin talayıb oğurladığı yeri əyani olaraq göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (i.v. 137-141) “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus olmuş dəyəri 400 manat olan 1 ədəd “Appel” markalı, “İpad 7” modelli, 32 GB yaddaş tutumlu GG7CQNPCMF3P imei kodlu planşeti gizlin talayıb oğurlayaraq Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Velotrek” bazarında “Vertu” mobil telefonların alqı satqısı mağazasıda X1 yeri əyani olaraq göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (i.v. 142-144) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2021-ci il tarixli 9/8099 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, 1 ədəd qızılı rəngli “Appel” markalı, “İpad 7” modelli, 32 GB yaddaş tutumlu planşetin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 400 manat müəyyən olunması göstərilmişdir. (i.v. 155-158) “Cinayət işi üzrə sübutlara qiymət verilməsi haqqında” 13 dekabr 2021-ci il tarixli qərardan görünür ki, İstintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirlənən şəxs Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yerləşən “SLD bar” kafesindən etdiyi oğurluq hadisəsinin video görüntüsü yazılmış 1 ədəd CD-R diski istintaqın gedişində maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində gizli talanmış və zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olmuş dəyəri 1 ədəd “Appel” markalı, “İpad 7” modelli, 32 GB yaddaş tutumlu GG7CQNPCMF3P imei kodlu planşet maddi sübut kimi tanınmışdır. Cinayət işinin başlanılmasına əsas olmuş ilkin təhqiqat materialları, Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun olub obyektiv həqiqəti əks etdirən ifadələri, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadələrin yerində yoxlanılması protokolları, tanınma üçün təqdimetmə protokolları, məhkəmə əmtəəşünaslıq ekspertizasının 26 noyabr 2021-ci il tarixli 9/8099 nömrəli rəyi, oğurluq hadisəsinin video görüntüsü yazılmış 1 ədəd CD-R diski, maddi sübut, arayışlar, protokollar və digər istintaq sənədləri mühüm əhəmiyyət kəsb etməklə ziddiyyətlər yaratmayan sənədlər cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilmişdir. (i.v. 196-207) Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, 1 ədəd “Apple” markalı “İpad” modelli planşeti qəbul etmiş və məhkəmə hökmünədək saxlamağı öhdəsinə götürmüşdür. (i.v. 216) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 14 sentyabr 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 63-64) “Şübhəli şəxsin həbsdən azad etmə haqqında” 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-dən azad edilmiş və cinayət işi üzrə şübhəli saxlanılmaqla barəsində “başqa yerə getməmək haqqında” iltizam tətimkan tədbiri seçilmişdir. (i.v. 77-78) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 17.09.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 02.06.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 29,178.2.2-ci maddəsi ilə təqsirli bilinib cinayət işi üzrə icraata xitam verilmişdir. (i.v. 82-83) Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31 yanvar 2022-ci il tarixli 1238 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Hökməli qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 31.01.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmiş və ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki şikayətindən imtina edir və bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdən 16 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Sumqayıt şəhər icra və probasiya idarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Apple” markalı “İpad 7” modelli planşet Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər 28 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Bakı Şəhər 28 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 14 sentyabr 2021-ci il tarixdən 16 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Şumqayıt şəhər icra və probasiya idarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan bir ədəd “Apple” markalı “İpad 7” modelli planşetin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X3, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesablaşma hesabına və Bakı Şəhər 28 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 28 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar