Məhkəmə qərarları › İş №1(004)-88/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-88/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-88/2023 13.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, İmişli rayonu Göbəktala kəndində qeydiyyatda oimaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 iyun 2022-ci il tarixdə saat 17:30-da ünvan 1 ünvanında yerləşən "Baku Elektronics” mağazası qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 idarə etdiyi ‘‘Mercedes ML” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd dəyəri 1700 manat olan “Samsung S20” markalı **********11435 və **********11433 İMEİ kodlu mobil telefonu, həmin mobil telefonun üzərində olmuş 5 manat dəyərində qoburu, 5 manat dəyərində ekranqoruyucu şüşəni və 2 ədəd hər birinin dəyəri 10 manat olan ***-***-**-** və ***-***-**- ** saylı sim nömrələri gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1730 manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 iyul 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsində yerləşən “Bravo” mağazası qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 idarə etdiyi “Toyota Prius” markalı avtomobilin salonundan Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd dəyəri 515 manat olan “Samsung A03S” markalı **********48425 və **********48422 İMEİ kodlu mobil telefonu, həmin mobil telefonun üzərində olmuş 5 manat dəyərində qoburu, 3 manat dəyərində ekranqoruyucu şüşəni və 15 manat dəyərində ***-***-**-** saylı sim nömrəni gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 538 manat məbləğində maddi ziyan vurub təkrarən oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 iyul 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsində yerləşən “Bal market” mağazası qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford Transit” markalı avtomobilin salonundan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd dəyəri 450 manat olan “İphone X” markalı **********36319 İMEİ kodlu mobil telefonu və həmin mobil telefonun üzərində olmuş 5 manat dəyərində qoburu və 10 manat dəyərində ***-***-**-** saylı sim nömrəni gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 465 manat məbləğində maddi ziyan vurub təkrarən oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 iyul 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsində yerləşən “Bal market” mağazası qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford Transit” markalı avtomobilin salonundan Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd 450 manat dəyərində olan “Samsung A21S” markalı **********48216 İMEİ kodlu mobil telefonu, həmin mobil telefonun üzərində olan 10 manat dəyərində qoburu və 5 manat dəyərində 070-869- 31-04 saylı sim nömrəni gizli talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 465 manat məbləğində maddi ziyan vurub təkrarən oğurluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, oğurluqları əsasən Yasamal rayonu A.Şərifzadə küçəsi, Ə.Əhmədov küçəsi və D.Bünyadzadə küçəsi ərazisində etmişdir. Belə ki, 22 iyun 2022-ci il tarixdə saat 17 radələrində o, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “Baku Elektroniks” mağazasının qarşısı ilə tanışı Bəxtiyar ilə yol gedərkən görmüşdür ki, yolun kənarında “Mercedes ML” markalı avtomobil dayanmış və sürücü düşərək avtomobilin arxa hissəsinə keçmişdir. Bu zaman Bəxtiyar sürücüyə yaxınlaşmış, ona köməklik təklif etmiş, o isə sürücünün fikirinin yayınmasından istifadə edərək avtomobilin sürücü oturacağı yerləşən tərəfə yaxınlaşıb avtomobilin salonunda şitin üzərindən bir ədəd mobil telefonu götürərək uzaqlaşmışdır. Həmin mobil telefon “Samsung” markalı idi, sensorlu ekranı var idi. Həmin mobil telefonu o həmin tarixdə “20 yanvar” m/s qarşısında yerləşən mağazalara satmaq istəmiş, lakin heç kim qutusuz və aksessuarsız almaq istəmirmiş. Həmin zaman mağazaların birinin qarşısında ona bir nəfər adının sonradan Qoşqar olduğunu bildiyi şəxs yaxınlaşmış və telefonu neçəyə satdığını soruşmuş, o isə telefonu 100 manata satmaq istədiyini bildirmişdir. Bundan sonra onlar 70 manata razılaşmışlar və o, həmin şəxsdən pulu götürərək mobil telefonu həmin şəxsə vermişdir. Həmin vaxt o, Qoşqarın mobil nömrəsini qeyd etmiş və bildirmişdir ki, mobil telefon satmaq istəsə həmin şəxs ilə əlaqə saxlayacaqdır. Qoşqar da razılaşmış və ona bildirmişdir ki, yenidən ona mobil telefon satmaq istəsə şəxsiyyət vəsiqəsinin surətini də versin, o da razılaşmışdır. Bundan başqa, 16 iyul 2022-ci il tarixdə saat 16 radələrində o, Yasamal rayonu Ə.Əhmədov küçəsində yerləşən “Bravo market” mağazasının qarşısı ilə yol gedərkən görmüşdür ki, “Toyota Prius” markalı avtomobil yolun kənarında saxlamış və həmin avtomobildən düşmüş sürücü qapını kilidləmədən kənarlamışdır. O, dərhal avtomobilə yaxınlaşmış və pəncərədən salonun içərisinə baxmış, oradan mobil telefonu götürmüş və oradan uzaqlaşmışdır. Oğurladığı mobil telefon “Samsung” markalı və sensor ekranlı idi, lakin modelini o bilmir. Həmin tarixdə o, Qoşqar ilə Biləcəri qəsəbəsində yerləşən “Al market” mağazasının yaxınlığında görüşmüş və oğurladığı həmin mobil telefonu ona 60 manata satmışdır. Daha sonra 21 iyul 2022-ci il tarixdə “Bal market” mağazasının qarşısında “Ford Transit” markalı avtomobilin qapısının kilidlənmədiyini görüb, avtomobilə yaxınlaşmışdir. Salona baxıb orada bir ədəd “İphone” və bir ədəd “Samsung” markalı mobil telefonların olduğunu görmüş, həmin telefonları dərhal götürərək oradan uzaqlaşmışdır. Həmin tarixdə o, Qoşqar ilə “20 yanvar” m/s-nın yaxınlığında görüşmüş və oğurladığı həmin mobil telefonları ona təxminən 100 manata satmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs, törətdiyi əməlindən səmimi peşman olduğunu bildirərək zərərçəkmiş şəxslərlə barışıq əldə edildiyini, onlara vurulmuş ziyanın ödənildiyini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 4 il bundan əvvəl o, özünə 1400 manata “İphone X” markalı **********36319 İMEİ kodu olan 64 gb yaddaş həcmində mobil telefon almışdır. 21 iyul 2022-ci il tarixdə saat 17 radələrində o, idarə etdiyi avtomobil ilə Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsində yerləşən “Bal” marketin qarşısına gəlmiş, həmin vaxt onun yanında şirkətin ekspeditoru Zərərçəkmiş şəxs4 də var idi. Onlar həmin zaman qeyd edilən mağazaya şirkət mallarını gətirmişlər. Onlar avtomobildən düşüb malları mağazaya təhvil vermək üçün mağazaya daxil olmuşlar, həmin vaxt telefonlarını avtomobildə saxlamışdırlar. Avtomobilin qapılarını isə o, kilidləməmişdir. Təxminən 10-15 dəqiqə sonra onlar mağazadan çıxıb avtomobilə qayıtmışlar və bu zaman görmüşlər ki, mobil telefonları yerində yoxdur. O, telefonunun oğurlandığını başa düşmüş və bununla bağlı DİN-in 102 xidmətinə zəng etmişdir. Məhkəməyə ərizə təqdim edərək, hal-hazırda Təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxslə barışdıqlarını, ondan heç bir şikayət və tələblərinin olmadığını bildirmişdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadələrini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, təxminən 2 il bundan əvvəl “İrşad telecom” mağazasından özünə 2199 manata “Samsung S20” markalı **********11435 və **********11433 İMEİ kodları olan mobil telefon almışdır. 22 iyun 2022-ci il tarixdə saat 17:30 radələrində o, idarə etdiyi “Mercedes ML 350” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu Şərifzadə küçəsi ilə üzü 3 saylı Asan xidmət istiqamətində hərəkətdə olduğu zaman avtomobilin alt hissəsində kənar əşyanın olduğunu hiss etmiş və avtomobili həmin küçədə yerləşən “Baku Elektroniks” mağazasının qarşısında saxlamışdır ki, həmin əşyanı avtomobilin altından çıxarsın. O, düşüb avtomobilin arxa tərəfinə keçdiyi zaman avtomobilə tərəf iki nəfər şəxs yaxınlaşmış və həmin zaman göy rəngli köynəkdə olan həmin şəxslərdən biri ona guya köməklik etmək istəmişdir. Digər şəxs isə avtomobilin sürücünün əyləşdiyi qapısı tərəfə getmişdir. Həmin şəxslər tez bir zamanda ondan uzaqlaşıb getmişlər. O, avtomobilin altından əşyanı çıxarıb tulladıqdan sonra sükan arxasına əyləşmiş və yoluna davam etmişdir. Yol gedərkən o, telefonunu götürmək istədikdə görmüşdür ki, telefon avtomobilin salonunda qoyduğu yerdə yoxdur. O, dərhal həmin şəxslərdən şübhələnərək telefonunun həmin şəxslər tərəfindən oğurlandığını başa düşmüş və bu səbəbdən DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2021-ci ilin təxminən oktyabrnoyabr aylarında o, “Konakt Home” mağazasından kredit şərtləri ilə 515 manata “Samsung A03S” markalı mobil telefonu əldə etmişdir. Telefonu saz vəziyyətdə saxlamışdır. 16 iyul 2022-ci il tarixdə saat 16 radələrində o, idarə etdiyi avtomobil ilə Yasamal rayonu Ə.Əhmədov küçəsində yerləşən “Bravo” mağazasının qarşısına gəlmiş və avtomobilini orada saxlayıb düşmüş və yaxınlıqda yerləşən köşkə tərəf getmişdir ki, özünə içki alıb avtomobilə qayıtsın. Həmin zaman onun telefonu avtomobilin salonunda idi, avtomobilin qapıları isə açıq idi. Təxminən 1 dəqiqə sonra o, qayıdıb avtomobilə əyləşəndə görmüşdür ki, telefon yerində yoxdur. Bu zaman o, telefonun oğurlandığını başa düşmüş və bununla bağlı DİN-in 102 xidmətinə zəng etmiş və 29-cu polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 6 ay bundan əvvəl o, özünə 500 manata “Samsung A21S” markalı **********48216 İMEİ kodu olan mobil telefon almışdır. 21 iyul 2022-ci il tarixdə saat 17 radələrində o, şirkətin sürücüsü olmuş Zərərçəkmiş şəxs2 etibarnaməyə əsasən idarə etdiyi “Ford Transit” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsində yerləşən “Bal” marketin qarşısına gəlmişdir. Onlar həmin zaman qeyd edilən mağazaya şirkət mallarını gətirmişlər. Onlar avtomobildən düşüb malları mağazaya təhvil vermək üçün mağazaya daxil olmuşlar, həmin vaxt telefonlarını avtomobildə saxlamışlar, avtomobilin qapılarını isə o kilidləməmişdir. Təxminən 10-15 dəqiqə sonra onlar mağazadan çıxıb avtomobilə qayıtmışlar və bu zaman görmüşlər ki, mobil telefonları yerində yoxdur. O, telefonunun oğurlandığını başa düşmüş və bununla bağlı 29-cu polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o müxtəlif şəxslərdən yeni və ya istifadədə olmuş mobil telefon alır, həmin telefonları isə sonradan daha baha qiymətə satır. Mobil telefonları alarkən o, mobil telefonların cinayət yolu ilə əldə edilmədiyinə əmin olmaq üçün telefonları ona satan şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini çıxarır, həmin sənədlərin surətlərinin altında isə telefonların oğurluq və ya girovda olmadığına dair iltizam yazdıraraq imza etdirir. Həmin sənədləri özündə saxlayır. Təxminən bir ay bundan əvvəl o, “20 yanvar” m/snın qarşısında olarkən bir nəfər adının sonradan Amid olduğunu bildiyi şəxsin orada olan mağazalara mobil telefonu satmaq istədiyini görmüş və ona yaxınlaşaraq mobil telefonu hansı qiymətə satmaq istədiyini soruşmuş, o, isə bildirmişdir ki, telefonu 100 manata satmaq istəyir. O həmin telefona baxmış, telefon sensor ekranlı “Samsung" markalı idi. O həmin şəxsdən telefonun kimə məxsus olduğunu soruşmuş, o, isə demişdir ki, telefon özünə məxsusdur. Sonra onlar 70 manata razılaşmışlar, o, pulu həmin şəxsə verərək telefonu almışdır. Həmin şəxs ondan nömrəsini götürərək bildirmişdir ki, yenə telefon satmaq istəsə onunla əlaqə saxlayacaq. Həmin vaxt o həmin şəxsdə demişdir ki, gələn dəfə telefon satmaq istəsə şəxsiyyət vəsiqəsinin surətini də ona versin. Bundan sonra həmin şəxs ona təxminən 3-4 dəfə telefon satmış, onlar hər dəfə onun yaşadığı Biləcəri qəsəbəsində “Al market”’in yanında görüşürmüşlər. Həmin şəxs ona “Samsung” və “İphone” markalı mobil telefonlar satmış, hər telefona görə o ona 50-100 manat arası pul vermişdir. O, ondan həmin telefonları haradan əldə etdiyini soruşduqda Amid bildirmişdir ki, onun kimi telefon alqı-satqısı ilə məşğuldur və telefonları başqa şəxslərdən əldən-ələ ucuz qiymətə alıb bir qədər baha qiymətə satır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2022-ci il tarixli “Sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı Şahid tərəfindən təqdim edilmiş 01 ədəd vərəqdən ibarət sənəddə Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədin surəti əks olunmuş, vərəqin aşağı hissəsində isə “telefon oğurluq və zaloq deyil imzamla təsdiq edirəm”, “imza”, “Təqsirləndirilən şəxs” yazıları əks edilmişdir (1-ci cild, səh. 162-163). Məhkəmə baxışı zamanı videogörüntülərə baxış keçirilmiş və baxış zamanı məlum olur ki, orada əks edilmiş görüntülərdə bir nəfər şəxs furqon tipli avtomobilə yaxınlaşaraq qabaq sərnişin qapısını açır, salonun içərisinə əyilir və sonra qapını bağlayaraq oradan uzaqlaşır. 3-cü videofayldan görünür ki, bir nəfər şəxs park edilmiş vəziyyətdə olan “Toyota Prius” markalı avtomobilə yaxınlaşır və avomobilin sürücü tərəfdən olan qapısını açaraq əlini salonun içərisinə salır, sonra isə qapını bağlayaraq oradan uzaqlaşır. 4 və 5-ci videofayldan görünür ki, Təqsirləndirilən şəxs mağazanın içərisinə daxil olur və mağazanın içərisində hərəkət edir. 6-cı videofayldan görünür ki, hərəkətdə olan avtomobil yolun kənar hissəsində saxlanılır, sürücü avtomobildən düşərək avtomobilin digər tərəfinə keçir, bu zaman qarşı tərəfdən piyada şəkilində yolun kənarı ilə birinin əynində göy rəngli, digərinin isə əynində açıq boz rəngli köynək olan iki nəfər şəxs avtomobilə yaxınlaşır, göy rəngli köynək geyinmiş şəxs avtomobilin sürücüsünə yol verir ki, sonuncu avtomobilin arxa tərəfinə keçsin. Sürücü keçdikdən sonra həmin şəxs əli ilə açıq boz rəngli köynək geyinmiş şəxsin qolundan toxunur, bu zaman sonuncu avtomobilin sürücü oturacağı olan tərəfə gedir. Bir neçə saniyə sonra avtomobilin sürücüsü avtomobilə əyləşərək yolunu davam edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 oktyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 01 ədəd disk və Şahid tərəfindən təqdim edilmiş 01 ədəd vərəqdən ibarət sənəd iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (2-ci cild, səh. 21-32). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs adına DİN-in BƏSİİ-də alınmış tələbnaməsindən görünür ki, o əvvəllər məhkum olunmamışdır (1-ci cild, səh. 175). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxslə barışdıqlarını, onlara vurulmuş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələblərinin olmadığını bildirmişdirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2022-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, səh. 35-36). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 iyul 2022-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir (1-ci cild, səh. 98-99, 109-110). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Qətimkan tədbiri şərtlərinin pozulmasına görə təqsirləndirilən şəxsin tutulması və axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün onun barəsində axtarış elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə Yasamal RPİnin 29-cu PŞ-nin əməkdaşları tərəfindən tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir (1-ci cild, səh. 235). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh. 2-ci cild, səh. 1-5). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 adlı övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2cü maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun səmimi peşmançılığını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanın yüngülləşdirən halların məcmusunun təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz və mütləq nəzərə alınmalıdır. Belə ki, cəza təyin edərkən bu kimi halların nəzərə alınmaması cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi onun islah edilməsinə xidmət edə bilməz və azyaşlı uşağının olmasını nəzərə alaraq onun ailə şəraitinə, eləcə də azyaşlı uşağnın təlim və tərbiyyə edilməsinə mənfi təsir göstərə bilər. Təqsirləndirilən şəxsə elə bir cəza təyin edilməlidir ki, onlar həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Məhkəmə, həmçinin hesab edir ki, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən Sərəncamının müddəalarının hazırki iş üzrə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk və Şahid tərəfindən təqdim edilmiş 01 ədəd vərəqdən ibarət sənəd cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və 18 sentyabr 2022-ci il tarixindən həbsdə saxlanıldığı 04 (dörd) ay müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və 18 sentyabr 2022-ci il tarixindən isə həbsdə saxlanıldığı 04 (dörd) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı İmişli rayonu Göbəktala kəndində olan yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk və Şahid tərəfindən təqdim edilmiş 01 ədəd vərəqdən ibarət sənəd cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar