Məhkəmə qərarları › İş №1(004)-89/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-89/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-89/2025 19.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” vəkil bürosunun vəkili X2 və Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun vəkili Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Kürdəmir rayonu, Topalhəsənli kəndində anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Kürdəmir rayonu, Topalhəsənli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan və hazırda barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İttiham aktına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlər etməklə, silah qismində istifadə etdiyi bıçaqla zərərçəkmiş şəxsi vurmuşdur. Belə ki, o, 14 mart 2024-cü il tarixdə, təxminən saat 22 radələrində ünvan 2 ünvanında tanışları ilə birlikdə dayanıb söhbət edərkən sonradan oraya gələn Zərərçəkmiş şəxs az əvvəl orada olan şəxslərdən biri Şahid2 «Nicat sən olmasaydın az qala bu idmançılar məni döymüşdü» sözlərini deməsinə irad bildirərək, sonuncunun bu sözlərini cüzi səbəb kimi bəhanə edərək, cəzalandırmaq məqsədi ilə ictimai yerdə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, ictimai qaydanı kobud surətdə pozub, hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib, ətrafdakı insanlar üçün qorxu və narahatçılıq hissi yaradaraq üzərində saxladığı silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaq ilə sonuncunun döş nahiyəsinə iki dəfə, sol əlinə isə bir dəfə qəsdən vurmaqla, ona döş qəfəsinin daxilə nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş, sol əlin kəsilmiş yarasından ibarət dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Mart ayı idi. X7 məhlədə dayanmışdı. Bərbərxanadan dostu da onların yanlarına gəlib. Bu zaman zərərçəkmiş Zərərçəkmiş şəxs maşınla onlara yaxınlaşıb. Nicatı görüb və ona “gözlə gəlirəm” deyib. Sonra onların yanına çatanda “Nicat, sən olmasaydın bu idmançılar məni döyərdi” deyib. O, gözləyib ki, indi Nicatın tanışıdır. Nicat nəsə deyər. Amma nə Nicat, nə kimsə cavab verməyib. O, bu zaman soruşub ki, o, kiminlədir. Ona deyib ki, onunla deyil. O kimdir ki. Ondan sonra mübahisə başlayıb. 1 dəqiqə sözlə mübahisələri olub. Sonra Zaur onu bərk vurub. Qaranlıq idi. Saat 11-in yarısı olardı. O, bıçaqla Zaura xəsarət yetirib. Bıçaq gəzdirən adam deyil. Evdən çıxanda elə belə səbəbdən bıçaqla çıxıb. Xəsarət aldıqdan sonra Zaur maşına minib gedib. Salamatçılıqla qurtarıb. Səhərisi gün zəng gələndə isə dərhal polis bölməsinə yaxınlaşıb. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Zauru tanımır. Əvvəllər görməmişdir. Onun Zaurla heç bir münasibəti olmayıb. Birinci Zaur vurdu, dodağını partlatdı. Daha sonra bir-birilərinə girdilər, yıxıldılar, tutaşdılar. Üstümdəki bıçağı çıxartdı. Onları ayırmağa çalışdılar. Bilərək bıçağı döş qəfəsindən vurmamışdır. O, vuranda ölçməmişdir ki, bıçaq hardan girəcək. Özündə olmadan xəsarət yetirdi. Dəqiq o anda yadında qalmayıb. Bıçaqdan istifadə məqsədi Zaura xəsarət yetirmək olmamışdır. Qaranlıqda elə bildi ki, Zaur özü bıçaqla üstünə cumacaq. Orada ümumiyyətlə adam olmamışdır. Hadisə ancaq anlaşmazlıq nəticəsində olmuşdur. Soyuq mart axşamı idi. O vaxtı o ərazidə adamların olmağı da heç məntiqə uyğun deyil. Söyüş işlətməmişdir. Onu vurması üçün ifadə işlətməmişdir. Zərərçəkmişin ifadəsində razılaşmadığı məqamlar var. Üzrxahlıq etməyib. Etsə idi, biz dalaşmazdılar. Deyərdi ki, qardaş, üzrlü say. O, da deyərdi ki, üzrlü düşmanın olsun. O, elə bir tərbiyənin sahibi deyil ki, kiməsə söyüş söysün və buna görə ona yumruq vursunlar. Yekunda özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və ona dəymiş ziyanın ödənildiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, həmin gün ziyarətə adam yola salmaqdan gəlirdi. Nicatla işi var idi. Uzaqdan Nicatı və yanındakıları görüb. Maşını orada saxlaya bilməyib. Vilayət maşının içinə boylanıb. Elə bilib başqa şəxsdir. Zənn edib ki, Sadiq adlı dostudur. Onunla zarafatları var. Sadiq ona tez-tez idman şəkillərini atırdı. Ona görə boy-buxunlu maşına yaxınlaşan elə bilib odur. Amma maşından düşüb dairəyə yaxınlaşanda görüb başqa şəxsdir. Bekarçılıq idi, sakitcə dayanmışdırlar. Vilayət deyib ki, onun dediyi bu söz heç yaxşı söz deyil. O, soruşub ki, nəyi deyir. Deyib ki, əgər bayaqkı sözü deyirsə, onu başqası ilə səhv salmışdır. Nicata da deyib ki, qaqaşı Sadiqlə səhv salmışdır. Vilayət quruyub qalmışdı. Danışmırdı. O və Nicat onunla danışmağa çalışıblar. Dalaşmağına qalsa, 5 dənə Vilayət kimisi ilə dalaşar. Özü idman yarışları üzrə dərəcə almışdır. Amma deyib ki, sağollaşıb getmək istəyir. Yaxasından tutub buraxmayıb. Deyib ki, buraxsın. Deyib yox. Vilayət burada kirayə qalır. O, isə köhnə sakindir. Məhlələrdən söhbət düşüb. Tanıyandan sonra ki, konkret o kimdir, ona qarşı aqressiv və acıqlı olmağa başlayıb. Buraxmayıb ki, getsin. O da Vilayəti vurub. Elə-belə vurmayıb. Təqsirləndirilən şəxs deyir ki, onu vurmuşdur. Gedib ekspertiza rəy alıb. Amma səbəbli olub. Söhbəti aparıb türməyə fırladıb. Deyib ki, onun kimilər elə, onun kimilər belə. Sonra özü deyib ki, nə naxtsa məhkum həyatı olsa da, artıq indi başqa yaşayışı var. Vurandan sonra Vilayət yerdə yıxılıb qalıb. Nicat və digər üçü üstünə cumub. Yalandan əlini belinə atıb ki, guya bıçaq var. Onlar bunu görüb, geri çəkiliblər. O da maşına oturub. Amma Nicatı qoyub getmək istəməyib, deyəcəkdilər ki, adamı vurub, sonra çıxıb gedib. Ona görə maşından düşüb qayıtmışdır. Vilayət hələ yerdə uzanıb, huşu getmişdi, çənəsindən vurmuşdu. Ətrafdakılar da onu ayıltmağa çalışıb. O, Vilayəti qucaqlayıb qaldırmağa çalışıb. Vilayət ona bıçaqla zərbə endirib, sonra özündən itələyib, ikinci dəfə yenə bıçaq vurmaq istəyəndə özünü qolu ilə qoruyub. İtələyib maşına yaxınlaşıb. Nicata deyib ki, yaralı haldadır. Belə maşın sürə bilməyəcək. Nicat isə quruyub qalmışdır. Yenidən avtomobilin sükan olan hissəsinə keçmək üçün maşından düşüb. Sonra maşına oturub gedib. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, balaca açılıb-bağlanan bıçaq idi. Şikayətçi deyil. Xeyr, kənar şəxs olmamışdır. Digər 2 şəxsi tanımır. Heç bir yerə şikayət etməmişdir. Xəstəxanada belə bıçaq olduğun deməmişdir. Polis əməkdaşlarına da heçnə demədi. Onların dayandığı tində kəsişmədə adam olmur. O vaxtı hamı evində oturur. Onu xəsarətilə bağlı əməliyyat ediblər. Güləş üzrə Azərbaycan medalçısıdır. Qardaşı da boks üzrə dünya birincisi olmuşdur. Hadisə sovetskidə olub. Xuliqanlıq kim başladı deyə bilmir. O da cavan oğlandı. Dindar həyatı var, onun yaşayış tərzini bəyənməyib. Onu tanımamışdır. Camaat çölə çıxmadı. Çünki səs küy güclü olmamışdır, həm də hava soyuq idi. Xeyr, ətrafda tanımadığı şəxslər olmamışdır. Ətrafda o, Vilayət, Nicat və digər 2 nəfər olmuşdur. Cinayət işi onun şikayəti əsasında başlaya bilməz. Çünki o, heç bir yerə və ya orqana şikayət etməmişdir. Nə xəstəxanada həkimlərə, nə də polis idarəsindən gələn polis əməkdaşlarına hadisə barədə heç bir şey deməmişdi. Xeyr, onların dayandığı ərazidə, küçənin kəsişməsində heç kim yaşamır. Orada ancaq köhnəlmiş evlər var. Xəsarəti olduğu üçün əməliyyat olmuşdur. O ərazidə yaşayış var. Amma adam yox dərəcəsindədir. Qapısı, pəncərəsi olmayan evlərdir. Dükanlar da uzaqda idi. Son olaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayətinin olmadığını bildirərək bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. Hər ikisi ilə münasibəti yaxşıdır. Gecə radələri idi, məsciddən çıxmışdı. Abdulla Şaiq küçəsində tindən aşağı dayanmışdı. Şəmi ilə Abbas onların yanlarına gəliblər. Zaur maşınla yuxarı qalxırdı. Zaur deyib ki, “bəs sən olmasa idin, idmançılar bizi döyər”. Bu zaman Vilayət deyib ki, niyə bu sözü ona deyir. Ardınca münaqişə və dava-dalaş başlayıb. Qaranlıq idi. Ətrafda onlardan başqa heç kim yox idi. Hadisədən sora Zaur müəllimi yuxarı Semaşka xəstəxanasına apardılar. Birlikdə gediblər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, davada Zaur Vilayəti yumruqla vurdu. Zaur yuxarı qalxanda əli qanamışdı. Vilayət Zaura bıçaqla xəsarəti yetirmişdi. Çox qaranlıq idi. Zaur dedi ki, əlindən qan gəlir. Vilayətin Zaura qarşı “sənin kimililərini hərləmirəm” və s. tipli ifadələr işlətməsini eşitməmişdir. Mübahisənin səbəbi Zaurun ifadəsində qeyd etdiyi idmançı ilə bağlı söhbəti idi. Vilayət əsəbiləşmişdir. Zaurun bu sözünü təhqir kimi qəbul etmək məsələsinə gəldikdə isə, burada hər kəsin özünə aid yanaşması var. Hər ikisini bir-iki ildir ki, tanıyır. Bıçağı olmasını bilmirdi. Zaurun əlindən qan gəldiyi üçün başa düşdü. Vilayət Zaurun yaxasından yapışmayıb. Zaurun üzr istəyib getmək istəməsindən sonra, Vilayətin onu buraxmaması kimi hadisəyə şahid olmamışdır. Vilayətin söyüş söyməsini və ya təhqir etməsini eşitməmişəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Zauru tanımır. Vilayəti tanıyır. Öz bərbər salonu var. Cinayət işində adıçəkilən şəxslər – təqsirləndirilən şəxs və şahidlər onun salonunun qabağında dayanmışdılar. X10ra yaxınlaşıb. Söhbət ediblər. Biraz keçmiş Zaur adlı şəxs onların yanlarından maşınla keçib. Nicatla salamlaşıb və maşını saxlamaq üçün yuxarı qalxıb. Zaur onların yanlarına tərəf addımlayaraq belə bir ifadə işlətmişdir: “Nicat sən olmasan, bu idmançılar məni döyər”. Vilayət soruşub ki, niyə belə bir söz işlədib. Bundan sonra mübahisə başlayıb. Ara qızışıb. X11 ayırmağa çalışıblar. Qaranlıqda Zaur birdən Vilayətə yumruq atıb. Tam nə olduğunu görə bilməyib. Tez ayrışdırmağa çalışıblar. Amma Vilayətin xəsarət yetirməsi barədə heçnə görməyib. Ayırandan sonra hərə öz evinə gedib. Başqa heç nə görməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, dediklərindən əlavə heç nə görmədi. Vilayətin xəsarət yetirməsini sonradan eşitdi. Zaur vurandan sonra Vilayət də, Zaur da yerə yıxılmışdı. Bir-birilərinə girmişdilər. Vilayət zərbədən yıxılmamışdı. Zauru tanımır. Hava qaranlıq olmuşdur. Hadisə çox ani oldu. Səbəbsiz başlamayıb. Onun bərbər salonu 11-12-yə kimi işləyir. Ətrafda hər hansı tanımadığı şəxslər olmamışdır. Salon balaca olduğundan içəridə yox, çöldə dayanmışdılar. Xeyr, müştəriləri yox idi. Salonda həmişə adam olmur. Mübahisə idmançı söhbəti ilə əlaqədar başladı. Vilayətin əlində bıçaq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Vilayəti tanıyır, amma Zauru tanımır. Vilayət və o iftardan sonra bərabər bərbərə gəliblər. Nicat da onlara yaxındaşıb. Zaur da yuxarı qalxıb onlarla salamlaşıb. Burada o, “Nicat sən olmasan bu idmançılar məni döyərdi” sözlərini işlədib. Vilayət də deyib ki, niyə belə bir söz işlədib? Nəticədə mübahisə başlayıb. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid bildirdi ki, Zaur Vilayəti vurdu. Zərbədən yıxılan olmadı. Hava qaranlıq idi, o, nə bıçaq, nə qanaxma görməmişdir. Mübahisənin başlama səbəbi Zaurun idmançı sözü ilə bağlı ifadəsi olmuşdur. İstintaq ifadəsəni təsdiq edir. Çox uzun müddətdir ki, dostular. Hadisə Orucluq ayı vaxtı baş verib. Vilayətin biçaq gəzdirdiyini bilmir. Vilayətin təhqir etməsini eşitməmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmasına baxmayaraq, xuliqanlıq hərəkətləri kimi qiymətləndirilib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 19 mart 2024-cü il tarixli 309 saylı ekspertizası haqqında ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-ağzın sağ bucağı ətrafının sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 15 may 2024-cü il tarixli 518 saylı ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - döş qəfəsinin daxilə nüfuz etməyən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin təsirindən, sol əlin kəsilmiş yarası isə iti kənarlı alətin təsirindən törənmişdir, belə ki, bir bıçağın təsirindən törənə bilərdilər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 02 iyul 2024-cü il tarixli T 460/2024 saylı ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin daxilə nüfuz etməyən iki ədəd deşilmişkəsilmiş, sol əlin kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin təsirindən törənmişdir, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Təqdim edilən tibbi kartada yaraların daxilə nüfuz etməsini göstərən hər-hansı qeydiyyat və ya kliniki əlamət aşkar edilmədi, xəstənin vəziyyətinin ağır olmasını göstərən hər-hansı obyektiv göstərici tibbi karta müəyyən olunmadı və iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 518 nömrəli rəyin nəticəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən 18 aprel 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs 3 dəfə məhkum edilmişdir. Belə ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra o, Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə AR CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 3 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 120.2.2, 127.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 13 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə üzərində 10 il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə cəzası başa çatmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli 17 mart 2024-cü il tarixdən hesablanmaqla, 03 ay 26 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay 02 gün, yəni 15 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2024-cü il tarixli qərarı ləğv edilmiş və o, həmin tarixdə həbsdən azad edilmişdir. “Qətimkan tədbiri seçmə barədə” 19 iyul 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE ve PA Birliyi” Publik Hüquqi şəxsin Yasamal rayon şöbəsinin verdiyi 15 may 2024-cü il tarixli 518 saylı rəyi və “MTE ve PA Birliyi” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, T460/2024 saylı rəyi sübut kimi qiymətləndirilmişdir. Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin sonuncu eyni məzmunlu notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəni istintaq orqanına təqdim etmişdir. Həmin ərizədə Zərərçəkmiş şəxs başlanmış cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini-ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Belə ki, ibtidai istintaqı aparan müstəntiq “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 22 oktyabr 2024-cü il tarixli qərarında “Təqsirləndirilən şəxs hərəkətləri hadisə baş verən ünvanın qarşısındakı yaşayış binalarında yaşayan, eləcə də ətrafdan keçən şəxslərin normal həyat və fəaliyyəti üçün təhlükə yaratmış, qorxu və narahatçılıq hissinə səbəb olmuşdur.” ifadəsini qeyd etmiş, lakin cinayət işi üzrə cinayət əməlinin törədildiyi yerin qarşısında yaşayan və eləcə də ətrafdan keçən şəxsləri müəyyən etməmiş, onların ifadəsini almamışdır. Məhkəmə iclasında dindirilən həm təqsirləndirilən, həm zərərçəkmiş, həm də şahidlər ətrafda onlardan başqa heç kimin olmaması barədə məhkəməyə aydın və dəqiq məlumat vermişlər. Məhkəmə eyni zamanda qeyd edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda Təqsirləndirilən şəxs əməlini tövsif edərkən hadisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmasını nəzərə almamışdır. Belə ki, tərəflər bir birilərini ümumiyyətlə tanımamışlar, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin olduğu yerə yaxınlaşıb iş üzrə şahid olan Nicat adlı şəxsə “Nicat, sən olmasaydın bu idmançılar məni döyərdi” ifadəsini işlətmişdir. Bundan sonra onlar arasında yaranmış sözlü mübahisə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs bərk yumruq zərbəsi ilə vurmaqla daha təhlükəli xarakter almışdır. Belə olan halda tərəflər arasında yaranmış mübahisə və ya dalaşma gedişində sağlamlığa zərər vurma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü nəticəsində baş vermişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 14 mart 2024cü il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə Zərərçəkmiş şəxs hərəkəti nəticəsində (yəni, bərk yumruqla vurması nəticəsində) Təqsirləndirilən şəxs ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, hadisə ətrafdan heç kimin olmadığı bir mühitdə, həmçinin zərərçəkmiş şəxs ona bərk yumruq zərbəsi vurduqdan sonra, bundan əlavə Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirildiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətləri kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işi ilkin mərhələdə ibtidai istintaq aparan orqan tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) başlanılmış, lakin iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15 may 2024-cü il tarixli 518 saylı rəyi və xx.xx.2024-cü il tarixli, T460/2024 saylı rəyində sağlamlığa ağır zərərvurmaya aid hər hansı xəsarətlər müəyyən edilmədiyindən, cinayət işi qanunsuz olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə (xuliqanlıq) tövsif edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlandığından Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə təqsirləndirilən şəxsə qanunsuz olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Azərbaycan Respublikası CPM-nin 25-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını, münaqişənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlandığını, onun hərəkətlərinin sonradan da ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməməsini nəzarə alıb, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsüf olunması qənaətinə gəlir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Belə olduğu halda təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Ruslan Vəliyev və partnyorları” vəkil bürosunun vəkili X5 ödənilmək üçün 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Ruslan Vəliyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar