Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-9/2023 07.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru X4, Zərərçəkmiş şəxs və onun vəkili X2, Təqsirləndirilən şəxs X18 və onun müdafiəçisi Müdafiəçi X1 iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, evli, “Kaddeh” restoranında inzibatçı vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X18 cavabdeh kimi ondan 70000,00 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(103)-4323/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Yasamal Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2021-ci il tarixədək tələbkarın xeyrinə 2500,00 manat məbləğində pul vəsaitini ödəmiş, 67500,00 manat məbləğində borcu ödəməmiş, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs X18 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Türkiyyə Respublikasının vətəndaşıdır, daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Təxminən 2020-ci ildən indiyənə kimi “Kaddeh” adlı restoranda inzibatçı vəzifəsində işləyir, rəsmi olaraq 250 manat maaş alır, lakin ilin fəslindən asılı olaraq 4000 manat, yay aylarında isə daha artıq məbləğdə pul qazanır. Zərərçəkmiş şəxs ilə 70000 manat nəzərdə tutulan borc müqaviləsi bağamışdır. Bundan sonra Səxavət bu məsələ ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020ci il tarixli qətnaməsi ilə onunla Zərərçəkmiş şəxs arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş və ondan 70000 manat mənləğində pul iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Həmin vaxt pandemia səbəbindən onun işləri zəyifləmişdir və həmin məbləğdə pulu Səxavətə ödəyə bilməmişdir. Bundan sonra Yasamal Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Hazırda o Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində nəzərdə tutulan məbləğdən 30000 manat ödəmişdir. Onun restoranda inzibatçı işləyərək müəyyən məbləğdə pul qazanmasına baxmayaraq ailəsi ilə bağlı müəyyən xərcləri olduğu üçün qətnamənin icrasını tam həyata keçirə bilmir, yəni o həmin qətnaməni qərəzli olaraq deyil, sadəcə maddi imkanı olmadığı üçün icra edə bilmir. Yekun olaraq bildirdi ki, Zərərçəkmiş şəxs olar borcunu hər ay ödəniş etməklə 2 ilə icra edəcəkdir və zərərçəkmiş şəxsə olan borcunun bir hissəsini icra etməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, qətnamənin yerə qalan hissəsinin icra edə bilməsi üçün işləməli olmasını nəzərə alaraq məhkəmə tərəfindən ona cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X7 şərikli iş birliyi qurmaq məqsədi ilə ondan 35000 avro məbləğində pul vəsaiti almışdır və onlar borc müqaviləsi bağlamışlar. X19 borc müqaviləsinə əsasən götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi üçün o məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(103)-4323/2020 saylı qətnaməsi ilə cavabdeh X13 70.000 manat mənləğində pul onun xeyrinə tutulması qət edilmişdir. Bundan sonra Veli Hakı həmin qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Yasamal Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tədbiq edilmişdir. Bundan sonra Veli Hakı müxtəlif vaxtlarda ona olan borcundan cəmi 30000 manat pul ödəmişdir. Veli Hakı uzun müddətdir ki, “Kaddeh” restoranında inzibatçı vəzifəsində işləməklə kifayət qədər maddi imkana malikdir. O hesab edir ki, Veli Hakı qətnamə qəbul olunan gündən indiyənə kimi aldığı maaşdan hissə hissə ona ödəniş etsə idi ona olan borcunu artıq ödəmiş olardi. Yekun olaraq o X18 tərəfindən qərnamədə qeyd olunan məbləğin tam icra olunmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. Səxavət Türkiyə Respublikasının vətəndaşı olan X16 Türkiyə Respublikasının Antalya şəhərində restoran işlətmək məqsədilə 35000 avro məbləğində pul vəsaiti vermiş və bir müddət sonra onunla bu barədə notariat qaydasında borc müqaviləsi bağlamışdır. Bundan sonra Veli Hakı həmin pulu qaytarmadığı üçün Səxavət məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdir. Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X13 70.000 manat mənləğində pul onun xeyrinə tutulması qət edilmişdir. Lakin qətnamənin qəbul olunmasına baxmayaraq X8 borcunu qaytarmadığı üçün 10 gün müddətinə həbs olunmuşdur. Əlavə olaraq bildirmişdir, Veli Hakı uzun müddətdir ki, “Kaddeh” restoranında inzibatçı vəzifəsində işləməklə kifayət qədər maddi imkana malikdir və o Səxavətə ola borcunu qaytarmaq yəni məhkəmənin qətnaməsini icra etmək istəsə idi bunu coxdan edərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Şahid3 ifadəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(103)-4323/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən X18 70000 manat məbləğində pul vəsaitini tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Sözügedən qətnamə icra edilməsi üçün Yasamal Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Onlar tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmişdir. Lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Yasamal Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına baxmayaraq Veli Hakı qərəzli olaraq məhkəmənin qətnaməsini icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinin əməkdaşı Şahid4 Şahid3 göstərdikləri xüsusatları təsdiq edərək X12 məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini bir daha təsdiq etmişlər. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 117-119-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, X10 rəhbərlik etdiyi restoranda 2020-ci ilin sentyabr ayından bu günə kimi əmək müqaviləsi əsasında baş inzibatçı vəzifəsində çalışır. Onun aylıq əmək haqqı müqaviləyə görə 250,00 manat təşkil edir, lakin aylıq qazancı ümumilikdə ən azı 3500,00 manat məbləğindədir. Yay fəslində restoranın fəaliyyəti daha yaxşı olduğu halda, yəni restoranın qazancı artığı müddətlərdə isə Vəli Hakının aylıq qazancı təxminən 4000,00 manat təşkil edir. X14 işində çox məsuliyyətli və çalışqan bir insan olduğunu qeyd edərək, onun Bakı Apellyasiya Məhkəməsinin qəttnaməsi üzrə 70000,00 manat borcunun olması barədə heç bir məlumata malik olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(103)-4323/2020 saylı qətnaməsindən görünür ki Türkiyə Respublikasının vətəndaşı cavabdeh X18 ilə iddiaçı Zərərçəkmiş şəxs arasında 11 yanvar 2018-ci il tarixində, Bakı şəhəri 41 saylı Notariat Ofisində notarial qaydada bağlanmış kredit müqaviləsi ləğv edilmişdir. Cavabdeh X13 70000 (yetmiş min) manat mənləğində pul iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. (i.v. 9-14) Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(103)-4323/2020 saylı icra vərəqəsindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı cavabdeh X18 ilə iddiaçı Zərərçəkmiş şəxs arasında 11 yanvar 2018-ci il tarixində, Bakı şəhəri 41 saylı Notariat Ofisində notarial qaydada bağlanmış kredit müqaviləsi ləğv edilmişdir. Cavabdeh X13 70000 (yetmiş min) manat mənləğində pul iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. (i.v. 15-16) “İcraata başlamaq haqqında” 23 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(103)-4323/2020 saylı qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. (i.v. 17) Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin 23 oktyabr 2020-ci il tarixli X12 adına ünvanlanmış tələbin könüllü icrası haqqında xəbərdarlıqdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(103)-4323/2020 saylı icra sənədində göstərilən tələb yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq istintaq orqanına təqdimatla müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. (i.v. 18) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(004)-416/2021 saylı qərardadından görünür ki, X12 ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. (i.v. 36-38) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 3(004)-913/2021 nömrəli qərarına əsasən X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v. 44) Ödəniş qəbzlərindən görünür ki, X18 tərəfindən tələbkarın xeyrinə 3500 manat ödənilmişdir. (i.v. 100-102) Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X18 inzibatçı vəzifəsində çalışır və aylıq əmək haqqı 250 manat təşkil edir. (i.v. 105) Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X18 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsini özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və məhkəmə baxışının gedişatında tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, X18 Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(103)- 4323/2020 saylı icra vərəqəsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 3(004)-913/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinib barəsində inzibati həbs tənbeh növünün tətbiq edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına, həmçinin məsuliyyəti barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə icra sənədini qərəzli olaraq icra etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxs X18 törətdiyi əməli etiraf etməməsi, yəni icra sənədini icra etməməklə bağlı onun hərəkətlərinin qərəzli olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, X12 Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(103)-4323/2020 saylı icra vərəqəsini icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X12 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 37 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, X18 haqqında Nərimanov rayon 37 saylı MKİS-nə bu vaxta qədər hüquq-mühafizə orqanları və sakinlər tərəfindən heç bir şikayət və təqsirləndirilməsinə dair material daxil olmamışdır. (i.v. 48) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 23 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, X12 əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 82) “Qətimkan tədbiri seçmək haqqında” 22 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, X12 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 136- 137) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs X18 70000 manat borcundan 30000 manat ödəniş etmişdir. Halhazırda 40000 manat borcu vardır. Borcunu ödəmədiyindən ən ağır cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün MYİ seriyalı 0****** nömrəli icazə vərəqəsindən görünür ki, X18 Türkiyə Respublikası vətəndaşı olmaqla Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşayır. Məhkəmə, X12 Zərərçəkmiş şəxs dəymiş zərəri qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. X3 Hakının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarından görünür ki, X18 Türkiyyə Respublikasının olmaqla Azərbaycan Respublikasında müvəqqəti yaşayır. Bu səbəbdən məhkəmə hesab edir ki, X12 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi istisna edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X18 Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, cinayətin baş vermə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin aşağıdakıları nəzərə alır və belə qənaətə gəlir ki, X18 cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəmüvafiqdir. Çünki cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzalarm İcrası Məcəlləsi, maddə 8.1). Təqsirləndirilən şəxsin ittiham olunduğu qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, X12 xarici ölkə vətəndaşı olmasını, zərərçəkən şəxsə dəymiş zərəri qismən ödəməsi kimi mühüm əhəmiyyət kəsb edən yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkilmələri cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailələrini ciddi məhrumiyyətlərə düçar edər. Təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə hər bir təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarı 10-cu bəndində göstərilmişdir ki, qərəzli olaraq alimenti ödəməyən, habelə digər icra sənədlərini icra etməyən şəxslərə Cinayət Məcəlləsində nəzərdə tutulan cəzaların təyini zamanı məhkəmələr cəzanın məqsədini diqqətdə saxlamalı, Cinayət Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan “şərti məhkum etmə” institutundan istifadə və bu zaman məhkumun üzərinə icra ilə bağlı öhdəlik qoyulması məsələsi müzakirə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X18 barəsində sınaq müddəti təyin edilməklə onun Bakı şəhərində yaşamasını nəzərə alaraq üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək, Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(103)- 4323/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsini icra etmək vəzifəsi qoyulmalı və onun üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, X18 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin ediləcək sınaq müddətinin əvvəli isə hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X12 CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X18 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. X18 üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək, Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(103)-4323/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsini icra etmək vəzifəsi qoyulsun və onun üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. X15 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-9/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-9/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver