Məhkəmə qərarları › İş №1(004)-9/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-9/2024

29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-9/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: X4 Zərər çəkmiş şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi3 Təqsirləndirilən şəxs: xx.xx.1975-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olan və ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından suiistifadə edib, Dövlət Sosial Müdafiə Fondunda işləyən tanışı vasitəsi ilə sonuncunun oğlu X5 üçün Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən mənzil alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 2019-cu ilin may ayının sonlarında Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında 1000 manat, 2019-cu ilin iyun ayının əvvəlində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında 2500 manat, 2019-cu ilin iyun ayının sonunda ünvan 4 ünvanında yerləşən Respublika Kliniki Xəstəxanasının qarşısında 6000 manat və 2019cu ilin iyul ayının əvvəlində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında 2500 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 12000 (on iki min) manat pulunu ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2019-cu ilin may ayında “Azəryolservis”də işlədiyi zaman Şəmkir-Tovuz istiqamətində yol çəkilərkən tanış olmuşdur. Həmin vaxt onların arasında yoldaşlıq münasibəti yaranmış və söhbət edərkən Bəhlül ona bildirmişdir ki, oğlu İlkin üçün sosial evlərdən mənzil almağı düşünür. Kiçik qardaşının qaynanası vasitəsilə tanıdığı İkram adlı şəxsin bu məsələdə köməklik edəcəyini düşünüb Bəhlülə mənzil almağa dair vəd vermişdir. O, Bəhlülə bildirmişdir ki, DSMF-nin sədr müavininin sürücüsü tanışıdır, sonuncunun vasitəsi ilə tez bir zamanda sosial evlərdən mənzil təşkil etmək olar. O, Bəhlülə bildirmişdir ki, bununla bağlı ətraflı öyrənib bir-iki günə sonuncuya məlumat verəcəkdir. O, qardaşının qaynanasının onunla tanış etdiyi DSMF-də işləyən İkram adlı şəxslə bununla bağlı söhbət etmiş, sonuncu ona bildirmişdir ki, bu işi həll edə bilər. O da Bəhlülə bildirmişdir ki, tanışının vasitəsi ilə bu işi həll etmək olar. Bəhlül də razılaşmış, bundan sonra həmin İkram adlı şəxs ona bildirmişdir ki, sənədləşmənin aparılması üçün ilkin olaraq 1000 manat pul verilməlidir. O da bunu Bəhlülə bildirmiş, sonuncu da razılaşaraq onunla 2019-cu ilin may ayının sonlarında "xxxx" ASC-nin qarşısında görüşərək ona 1000 manat pul vermişdir. Həmin pulu o, elə həmin gün Şamaxinka deyilən ərazidə İkrama çatdırmışdır. Bundan bir neçə gün sonra İkram ona bildirmişdir ki, sənədləşmənin tezləşməsi üçün əlavə 2500 manat pul lazımdır, o da bunu Bəhlülə demişdir. Bəhlül də razılaşaraq 2019-cu ilin iyun ayının əvvəlində həmin pulu ona "xxxx" ASC-nin qarşısında vermişdir. Həmin vaxt Bəhlül mənzillərin nə vaxt veriləcəyini soruşmuş, o da bunu İkramdan öyrənib deyəcəyini demişdir. Həmin gün o, Bəhlülün verdiyi 2500 manat pulu “20 yanvar” m/s-nın qarşısında yerləşən Velotrekin yanında İkrama vermişdir. Həmin vaxt o, İkramdan mənzillərlə bağlı soruşanda sonuncu ona bildirmişdir ki, sənədlər artıq hazırdır və nazirin imzasından sonra təxminən iyun ayının sonlarında mənzillərin verilməsi başlanacaq. O da bununla bağlı Bəhlülə məlumat vermişdir. Bundan sonra, təxminən iyun ayının sonlarında Bəhlül mənzillərin verilməsi ilə maraqlandığı zaman o, İkramla danışmış, sonuncu ona demişdir ki, mənzilə görə ilkin ödəniş olan 12000 manat pul artıq ödənilməlidir, bundan sonra tez bir zamanda mənzilin verilməsi məsələsi öz həllini tapacaqdır. O, bunu Bəhlülə demiş, lakin sonuncu o qədər pulun olmadığını bildirmişdir. Bundan sonra o, İkram ilə danışıb qiymətin aşağı salınmasının mümkün olub-olmadığını soruşmuş, sonuncu isə həmin məbləği 8500 manata endirilməsinin mümkün olduğunu demişdir. O, bunu Bəhlülə bildirmiş, sonuncu da razılaşmışdır. Bundan bir neçə gün sonra Bəhlülün oğlu İlkin ona bildirmişdir ki, mənzil məsələsi ilə məşğul olan İkram adlı şəxslə görüşüb söhbət etmək istəyir, o da bunu İkrama çatdırmışdır. İkram razılaşmış və onlar 2019-cu ilin iyun ayının sonlarında İlkin və İkram ilə birlikdə “20 yanvar” m/s- nın yaxınlığında yerləşən kafelərin birində görüşüb söhbət etmişlər, söhbət zamanı İlkin İkrama onu maraqlandıran müxtəlif suallar vermiş, mənzilə görə aylıq ödənişlərin edilməsi qaydası və sair məsələlərlə maraqlanmışdır. Həmin söhbət zamanı İkram İlkinə bildirmişdir ki, ilkin ödəniş olan 8500 manat pulun 6000 manat olan hissəsi tez bir müddətdə verilməlidir ki, həmin pul DSMF-nin sədr müavininin sürücüsünə çatdırılsın. İlkin də razılaşmış və bundan bir neçə gün sonra, yəni 2019-cu ilin iyun ayının sonlarında o, İlkin ilə Yasamal rayonunda yerləşən Respublika Kliniki Xəstəxanasının qarşısında görüşmüş, orada İlkin ona Bəhlülün göndərdiyi 6000 manat pulu vermişdir. Həmin gün o, 6000 manat pulu yaşadığı evin qarşısında İkrama vermiş və sonuncu bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə mənzil təhvil veriləcəkdir, ödəniş üzrə qalan 2500 manat pulun da yaxın bir-iki günə verilməli olduğunu demişdir. O da bunu Bəhlülə bildirmiş, sonuncu razılaşaraq oğlu İlkinin vasitəsi ilə həmin 2500 manat pulu çatdıracağını demişdir. Bundan bir-iki gün sonra isə o, "xxxx" ASC-nin qarşısında İlkin ilə yenidən görüşmüş, orada sonuncu ona 2500 manat pulu vermişdir. Bundan sonra o, həmin pulu evinin qarşısında İkrama çatdırmış, həmin vaxt İkram demişdir ki, mənzilin verilməsi iyulun 12-15 arası günlərdə həll ediləcəkdir. xx.xx.2019-cu il tarixdə Bəhlül onunla danışmış və mənzil barədə soruşmuş, o da İkrama zəng edib maraqlandıqda sonuncu bildirmişdir ki, 15 iyul tarixində mənzil veriləcəkdir. O da Bəhlülə demişdir ki, bir az gözləsin, 2-3 günə iş həllini tapacaqdır. Lakin 15 iyul tarixində o, İkrama zəng etdikdə sonuncunun telefon nömrəsinə artıq zəng çatmırdı. Bundan sonra Bəhlül ondan pulunu tələb etməyə başlamış, o isə sonuncuya bildirmişdir ki, pul onda deyil, həmin pulu o, İkramdan geri götürüb qaytara bilər. İkramı tapa bilmədiyi üçün pulu qaytara bilməmişdir. O, aldatma niyyəti ilə hər hansı hərəkət etməmişdir. Zərəri ödəmək üçün əlindən gələni etməyə hazırdir. Törətmiş olduğu əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ailəli olmasını, yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin may ayında “Azəryolservis”-də işlədiyi zaman Şəmkir- Tovuz rayonu istiqamətində yol çəkilməsi ilə bağlı işlər gedərkən orada traktor sürücüsü işləyən əslən Biləsuvar rayonundan olan Təqsirləndirilən şəxs ilə tanış olmuş, bununla da onların yoldaşlıq münasibətləri yaranmışdır. Birlikdə oturduqları zaman bildirmişdir ki, İlkin üçün Yasamal rayonunda tikilən sosial evlərdən mənzil almaq istəyir. Bu zaman Elsevər ona bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun sədr müavininin sürücüsü onun dostudur və mənzil almaq olar. Bu vasitələ ondan müxtəlif vaxtlarda ümumilikdə 12000 manat pul almış və mənzili sonra təhvil verəcəyini bildirmişdir O, Elsevərə inanaraq bu məbləğ ilə razılaşmışdır. Uzun müddət gözləmiş, lakin bir həftə Elsevərdən xəbər çıxmadığına görə o, sonuncuya yenidən zəng etmiş və həmin vaxt Elsevərin telefonunun bağlı olduğunu görmüşdür. Bundan sonra o, Elsevərin qardaşı Rafiq ilə danışmış və sonuncu Elsevərlə danışıb ona zəng etməsini deyəcəyini bildirmişdir, bundan bir neçə saat sonra Elsevər ona başqa nömrədən zəng edərək bildirmişdir ki, mənzillərin verilməsi məsələsi gecikdirilir, bir müddət də gözləməyimi xahiş etmişdir. O isə artıq Elsevərin hərəkətlərindən şübhələndiyinə görə sonuncu ilə razılaşmamış və verdiyi pulları Elsevərdən geri qaytarılmasını tələb etmişdir. Elsevər verdiyi pulları “müəllim” dediyi DSMF-də işləyən hansısa vəzifəli şəxsə verdiyini bildirmiş və ən qısa müddətdə həmin pulları həmin şəxsdən geri alıb ona qaytaracağına söz vermişdir. Lakin həmin vaxtdan etibarən Elsevər müxtəlif bəhanələr gətirməklə onun pulunu qaytarmaqdan yayınmağa başlamış və hazırkı vaxtadək ona heç bir məbləğdə pul qaytarmamışdır. O, İkram adlı şəxsi tanımamış, Elsəveri tanıdığı üçün ona güvənib pulu vermişdir. Ona 12000 manat maddi zərər dəymişdir. Dəymiş ziyanın ona ödənilməsini tələb edir, Elsevər maddi ziyanı ödəyərsə onun tutulmasını istəməz. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid Bəhlül oğlu ifadəsində göstərmişdir ki, Atası ilə birgə ev almaq fikirləri var idi. Təqsirləndirilən şəxs atasının iş yoldaşı olmuşdur. Atası ona bildirmişdir ki, iş yoldaşı vasitəsilə MİDA yaşayış kompleksindən ev almaq mümkündür. O da atasının məsləhəti ilə razılaşmış və ilk dəfə 1000 manat pul vəsaitini "xxxx" ASC-nin qarşısında Elsevər ilə görüşüb ona vermişlər. Bundan bir neçə gün sonra, 2019-cu ili iyun ayının əvvəlində Elsevər atasından 2500 manat pul istəmiş və bildirmişdir ki, həmin pul sənədləşmənin tezləşməsi üçün lazımdır. Buna görə də o, atası ilə birlikdə yenidən Elsevərlə "xxxx" ASC-nin qarşısında görüşmüş, orada atası sonuncuya 2500 manat pul vermişdir. 2019-cu ilin iyun ayının sonlarında Elsevər atasına demişdir ki, evə görə ödəniləsi olan 12000 manat pulun tez bir zamanda ödənilməsi lazımdır, lakin həmin vaxt atasının maddi vəziyyəti yaxşı olmadığından həmin pulu verə bilmirdi. O, Elsevər ilə telefonla danışanda İkram adlı şəxslə görüşmək istədiyini bildirişdir. Elsevər etiraz etməmiş və onları görüşdürmüşdür. Həmin şəxs ümumiyyətlə onla yalnız 6000 manat pulun verilməli olduğu barədə söhbət etmiş və ondan tələb olunan sənədləri almışdır. Bir-iki gün sonra atası ona demişdir ki, evdən 6000 manat pulu götürüb aparsın Elsevərə çatdırsın. O da həmin vaxt iş yerindən icazə alaraq gedib Yasamal rayonunda yerləşən Respublika Kliniki Xəstəxananın qarşısında Elsevərlə görüşmüş, orada sonuncuya 6000 manat pul vermişdir. Bundan sonra mənzilə görə daha 2500 manat pul ödənilməli idi. Həmin 2500 manat pulu isə o, Elsevərə 2019-cu ilin iyul ayının əvvəlində "xxxx" ASC-nin qarşısında vermişdir. Həmin vaxt Elsevər bildirmişdir ki, xx.xx.2019-cu il tarixinədək mənzil təhvil veriləcəkdir. Lakin sonradan məlum olmuşdur ki, Elsevər mənzil ilə bağlı heç bir iş görməmiş və heç kimlə danışmamış, çünki 12 iyul 2019-cu il tarixdən sonra işi uzatmağa başlamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin, şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmədə müəyyən edildi ki, vurulmuş ziyan ödənilməmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar Rayon Məhkəməsinin Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 306-cı maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan elektron Məhkəmə İnformasiya sistemihndən çıxarışa əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2011ci il təvəllüdlü X2 adlı 2 yetkinlik yaşına çatmayan uşaqları var. Məhkəmə təqsirləndirilən şəxsin cavan olmasını, cinayəti etiraf etməsini, peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxsin barəsində həbs qətmkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, beləliklə o, 2 gün həbsdə olmuşdur. Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, Yasamal Rayon Polis İdarəsi tərəfindən 23 yanvar 2024-cü il tarixdə tutularaq MSY-yə təhvil verilmişdir, beləliklə 23 yanvar 2024-cü il tarixdən həbsdədir. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 (iki) il 05 ay (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar