Məhkəmə qərarları › İş №1(004)-91/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-91/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-91/2022 04.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və onun nümayəndəsi– Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 16.10.1979-cu il tarixdə Qazaxıstan Respublikası, Şevçenko şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, əvvəl işlədiyi Bakı Xeroqrafiya Akademiyasına Elm və Yaradıcılıq işləri üzrə prorektor vəzifəsinə müvəqqəti təyin olunan prorektor X14 həmin Akademiyanın 30 nəfərə yaxın əməkdaşından ibarət “Akademiya “ adlı vatsap sosial şəbəkəsində yaradılmış qrupda 20.09.2021-ci ildə səhər saat 8:35-də, 2014-cü ildə Universitet rəhbərliyi tərəfindən təkzib verilmiş onunla bağlı yazını qrupa göndərərək onu nüfuzdan salmış, onun şərəf və ləyaqətini müzakirəyə çıxarmaqla haqqında böhtan xarakterli yazı yazmışdır. Belə ki, X14 20 sentyabr 2021-ci il tarixdə səhər saat 08:35-də, vaxtı ilə “Axar.az” saytında onun haqqında yayılmış “Şirməmməd Hüseynovun qızı əməkdar artisti işdən qovdu. Mədəniyyət və İncəsənt Universitetinin müəlliməsi rüşvət aldığı üçün universitetdən qovulub. Bu barədə “Axar.az”-a məlumat verən mənbənin sözlərinə görə, universitetin kafedra müdiri, əməkdar artist Fərhuna Atakişiyeva tələbədən 5 min manat rüşvət tələb edib”kimi böhtan xarakterli məlumatı “Akademiya” adı ilə vatsap sosial şəbəkəsində yaradılmış qrupda yaymışdır. Məhkəmə istintaqı zamanı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bakı Xeroqrafiya Akademiyasına Elm və Yaradıcılıq işləri üzrə prorektor vəzifəsinə təyin olunmuşdur. Şikayət üçün əsas olmuş məlumat 25.12.2014-cü il tarixində “Axar.az” saytında müəllifi Nigar İxtiyar qızı olan ““Şirməmməd Hüseynovun qızı əməkdar artisti işdən qovdu” başlığı altında yayılmışdır. Həmin məlumatda naməlum mənbələrə istinad edilərək Fərhunə Atakişiyeva haqqında xoşagəlməz sözlər yazılmışdır. 20 sentyabr 2021-ci il tarixdə həmin məlumat “Akademiya” adlı vatsap qrupuna onun tərəfindən atılmış, daha sonra qrup yazışmalarında Mədəniyyət və İncəsənət Universitettinin mətbuat xidmətində yazılmış məlumat da dərc olunmuşdur. Həmin məlumatda Fərhunə Atakişiyevanın rüşvət aldığı üçün universitetdən qovulması ilə bağlı məlumatın heç bir əsasının olmadığı elan edilir. Həmin məlumat barədə ona Akademiyanın əməkdaşı Ayşən demiş, digər əməkdaşlarda bu barədə məlumatlı olmuşlar. İnternet saytında dərc olunmuş məlumata dair onun tərəfindən heç bir münasibət bildirilməmişdir. Həmin məlumatın qrupa göndərilməsinin səbəbi o olmuşdur ki, son vaxtlar Bakı Xeroqrafiya Akademiyasında xoşagəlməz abu hava yaranmışdır və ümumiyyətlə qrupda aparılan yazışmalar məhz bununla bağlı olmuşdur. Belə ki, 2021-ci ilin iyun ayında Fərhunə Atakişiyeva Bakı Xeroqrafiya Akademiyasının yeni rəhbərliyinə qarşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə şikayət yazmışdır və həmin şikayətdə Fərhunə Atakişiyeva X1 ittiham etmişdir. Bu şikayətlə bağlı rektor əvəzi o, Nazirliyə 21.06.2021-ci il tarixli izahat yazmış və bu izahat Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbərliyini tam qane etmişdir. Daha sonra Bakı Xeroqrafiya Akademiyasının bir qrup əməkdaşı, o cümlədən Fərhunə Atakişiyeva baş nazirə müraciət edərək Bakı Xeroqrafiya Akademiyasının yeni rəhbərliyini tənqid edən ərizə ilə müraciət etmişlər. Həmin ərizədə yenə də ona qarşı saxtakarlıqda ittiham sözləri yazılmışdır. Bununla əlaqədar Akademiyanın böyük bir qrup işçiləri Mədəniyyət Nazirliyinə müraciət edərək həmin ərizə ilə razı olmadıqlarını bildirmişlər. Həmin ərizə ilə bağlı yenə o və rektor 02.07.2021-ci il tarixdə Mədəniyyət Nazirliyinə izahat yazmalı olmuşlar. Daha sonra ölkə rəhbərliyinə akademiyanın bir qrup əməkdaşı tərəfindən anonim “açıq məktub” yazılmışdır. Həmin məktubda yenə də ona qarşı əsassız ittihamlar irəli sürülmüşdür və məktubun həmin hissəsində yalnız Fərhundə Atakişiyevanın bildiyi məlumatlar qeyd olunmuşdur. Əlavə olaraq, məlumat üçün bildirdi ki, hazırda Baş Prokurorun yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində Xoreoqrafiya Akademiyasında keçmiş dövrdə baş verən qanunsuz əməllərlə bağlı araşdırma aparılır və bununla da bağlı orda Fərhunə Atakişiyevadan izahat alınıb.2014-cü ildə internet saytında qrup yazışmalarda bölüşmə heç də Fərhunə Atakişiyevanı hər hansı cinayətdə ittiham etmək, onun şərəf və ləyaqətini ləkələmək məqsədi daşımırdı və daşıyada bilməzdi. Məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 ifadəsində göstərdi ki, 30 ilə yaxındır ki, təhsilə xidmət edir, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentdir, Respublikanın Əməkdar Artisti adına layiq görülmüşdür. 2017-2021-ci illərdə Bakı Xeroqrafiya Akademiyasında çalışmışdır. Bakı Xeroqrafiya Akademiyasına Elm və Yaradıcılıq işləri üzrə prorektor vəzifəsinə müvəqqəti təyin olunan prorektor X14 həmin Akademiyanın 30 nəfərə yaxın əməkdaşından ibarət “Akademiya “ adlı vatsap sosial şəbəkəsində yaradılmış qrupda 20.09.2021-ci ildə səhər saat 8:35-də, 2014-cü ildə Universitet rəhbərliyi tərəfindən təkzib verilmiş onunla bağlı yazını qrupa göndərərək onu nüfuzdan salmış, onun şərəf və ləyaqətini müzakirəyə çıxarmaqla haqqında böhtan xarakterli yazı yazmışdır. Belə ki, X14 20 sentyabr 2021-ci il tarixdə səhər saat 08:35-də, vaxtı ilə “Axar.az” saytında onun haqqında yayılmış “Şirməmməd Hüseynovun qızı əməkdar artisti işdən qovdu. Mədəniyyət və İncəsənt Universitetinin müəlliməsi rüşvət aldığı üçün universitetdən qovulub. Bu barədə “Axar.az”-a məlumat verən mənbənin sözlərinə görə, universitetin kafedra müdiri, əməkdar artist Fərhuna Atakişiyeva tələbədən 5 min manat rüşvət tələb edib”kimi böhtan xarakterli məlumatı “Akademiya” adı ilə vatsap sosial şəbəkəsində yaradılmış qrupda yaymışdır. X7 ona qarşı olan cinayət xarakterli hərəkətindən sonra, “Akademiya” adı ilə vatsap sosial şəbəkəsində yaradılmış qrupda olan şəxslərdən bir neçəsi ona öz etirazını bildirmişlər. Hətta həmin şəxslərdən biri, vaxtı ilə onun haqqında Axar.az saytında yazılmış böhtan xarakterli məlumatın təkzibi ilə bağlı Milli.az saytında yazılmış məlumatı vatsap qrupuna atmışdır. Həmin təkzibdə qeyd edilir ki, “Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının müdiri, əməkdar artist Fərhunə Atakişiyevanın tələbədən 5 min manat rüşvət aldığı üçün universitetdən qovulması ilə mətbuatda yayılan xəbərlərin heç bir əsası yoxdur. Bunu kulis.az-a verdiyi açıqlamada universitetin mətbuat xidmətinin rəhbəri Nərmin Qaralova deyib. Nərmin Qaralova bildirib ki, Fərhunə Atakişiyeva universitetdən indi yox, iki ay bundan əvvəl öz ərizəsi ilə ayrılıb. İyirmi iki il idi ki, pedaqoji fəaliyyətlə məşğul idi, indi ailə vəziyyəti ilə əlaqədar fəaliyyətini başqa istiqamətdə davam etdirmək istədi. Bu xəbəri yayanlar qərəzlidir”.Vaxtı ilə onun haqqında Axar.az saytında yazılmış böhtan xarakterli məlumatın təkzibi ilə bağlı Milli.az saytında yazılmış məlumat vatsap qrupuna atıldıqdan sonra, Elmira Pənahova həmin təkzibi qəbul etməmiş və onun haqqında böhtan xarakterli yazı yazmışdır. O, həmin yazısında qeyd etmişdir ki, “Əksər hallarda törətdiyi cinayətlərə görə işdən azad olunanlara rəhm olunaraq onların əmək müqavilələrinə xitam verilməsi əmək məcəlləsində nəzərdə tutulan hər hansı bir inzibati xətaya dair maddə ilə deyil “öz istəkləri ilə” kimi rəsmiləşdirilir. Bu səbəbdən bu kimi rəsmi açıqlamaların (yəni vaxtı ilə onun tələbədən 5 min manat rüşvət alması ilə bağlı yayılmış həqiqətə uyğun olmayan məlumatın təkzibinin) verilməsi həqiqətin təkzibi sayıla bilməz. Özəlliklə də nəzərə alsaq ki, həqiqət hamımıza məlumdur.” Vaxtı ilə onun haqqında Axar.az saytında yazılmış böhtan xarakterli yazının təkzibi ilə bağlı Milli.az saytında yazılmış məlumatın Elmira Pənahova tərəfindən qəbul edilməməsi və haqqında 2014-cü ildə yayılmış məlumatın təkzibi olaraq verilmiş rəsmi açıqlamanın həqiqi olmadığını bildirməsi, onu vaxtilə törətmədiyi cinayətdə ittiham etməsi kimi qiymətləndirilməlidir. Törətmədiyi cinayət haqqında arxiv məlumatın qərəzli şəkildə vatsap sosial şəbəkədə yaradılmış qrupda yayılması onun şərəf və ləyaqətini ləkələmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, “Akademiya” adlı vatsap qrupun üzvü olmuşdur və o dövrdə Xoreoqrafiya Akademiyasında kafedra müdiri vəzifəsində işləmişdir, Hazırda orda işləmir. 21.09.2021-ci il tarixdə Fərhunə Atakişiyeva “Akademiya” adlı vatsap qrupunun üzvü olmamış, bu qrupda məqalənin paylaşması haqqında məlumatı o Fərhunə Atakişiyevaya ötürmüşdür. Elmira Pənahova ilə münasibəti yaxın olmasa da normal işgüzar münasibətdə olmuşdur. Həmən paylaşıma neqativ reaksiya vermişdir və əlavə olaraq milli.az xəbər portalında çıxan təkzibi məhz özü qrupa atmışdır.Əlavə olaraq bildirdi ki, 21.09.2021-ci il tarixdən bu məsələyə görə qrupu tərk etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, özü həmin vatsap qrupunun üzvü olmamışdır, bu məqaləni 2014-cü ildə Fərhunə Atakiiyevanın keçmiş əri yazdırmışdır, özünün Elmira Pənahova ilə münasibətləri normal olmuşdur. O Fərhunə xanımı çoxdan tanıyır, onunla birlikdə İncəsənət universitetində işləmişdir. X4 işindən öz ərizəsi ilə ayrılıb. O Fərhunə Atakişiyevanı yalnız müsbət tərəfdən tanıyır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, şəxsən həmin məqalənin paylaşmasını görməmişdir, çünki həmin vatsap qrupun üzvü olmamışdır. Hal hazırda da Xoreoqrafiya Akademiyasında referent vəzifəsində işləyir. Elmira Pənahova və Fərhunə Atakişiyeva ilə münasibətləri normal olmuş, bu məsələyə heç bir münasibət bildirmək istəmir, Fərhunə Atakişiyevanın doğma dayısı oğludur. Əlavə olaraq bildirdi ki, həmən paylaşımnan sonra ondan iş yoldaşları məqalədə qeyd olunan məsələnin doğru olub-olmamağını soruşurdular. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, bir ildən artıq Xoreoqrafiya Akademiyasında işləyir. İş yoldaşı Ayşənlə birlikdə işdən çıxıb evə gedərkən Ayşənə Akademiyanın əməkdaşı Yeganə İsazadə zəng etmiş, onu X16 Atakişiyeva barəsində məlumatlar verməsi ilə bağlı danlamış, Ayşəndə bundan pis olaraq ağlamasının şahidi olmuşdur. Məhkəmə istintaqı zamanı “Akademiya” adlı vatsap yazışmalarına keçirilmiş baxış zamanı “Elmira xanım prorektor” adlı qrup üzvü tərəfindən “Şirməmməd Hüseynovun qızı əməkdar artisti işdən qovdu” başlıqlı məlumatın qrupa göndərildiyi müəyyən olunmuşdur. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir : məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması ; həmin məlumatın doğru olmaması ; belə məlumatların yayılması ; Məhkəmə ilkin olaraq qeyd edir ki, “Akademiya“ adlı vatsap sosial şəbəkəsində yaradılmış qrupda 20.09.2021-ci ildə səhər saat 8:35-də paylaşılmış məlumatda böhtan cinayətinin olub-olmamasına münasibətdə məhkəmə hesab edir ki, CM-nin 147.2-ci maddəsinin tərkibinin yaranması üçün şəxs konkret olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsində göstərilmiş hər hansı bir ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, xüsusi ittihamçının böhtan hesab etdiyi məlumatı Elmira Pənahova müəllifi Nigar İxtiyar qızı olan “Axar.az” saytından paylaşmış, həmin xəbərə münasibətdə özü tərəfindən hər hansı böhtan xarakterli fikir bildirilməmişdir. Göstərilən məlumatın indiyədək, yəni 2014-cü ildən qeyd olunan saytda qalmağı, onun yayılması ilə əlaqədar Fərhunə Atakişiyevanın heç bir məhkəməyə müraciət etməməsi, saytın rəhbərliyinə bu məlumatın çıxarılması və təkzib edilməsi barədə heç bir tələbin olmadığı onu göstərir ki, Fərhunə Atakişiyeva bu sözləri böhtan kimi qiymətləndirməmişdir. Həmçinin məlumatın müəllifinə qarşı da heç bir tələb irəli sürməmiş, yazılanların təkzib edilməsini və onun barəsində cinayət işinin qaldırılmasını tələb etməmişdir. Daha sonra qrup yazışmalarında Mədəniyyət və İncəsənət Universitetinin mətbuat xidmətində yazılmış məlumat da dərc olunmuşdur. Həmin məlumatda Fərhunə Atakişiyevanın rüşvət aldığı üçün universitetdən qovulması ilə bağlı məlumatın heç bir əsasının olmadığı elan edilir. Fərhunə Atakişiyeva bunu onun barəsində yazılanların təkzibi kimi qiymətləndirir və vaxtilə məhkəməyə və digər orqanlara müraciət etmədiyini bununla əsaslandırır. Lakin nəzərə alınmalıdır ki, məhz vatsap qrupundakı sözügedən məlumatlar da həmin ardıcıllıqla yerləşdirilmişdir və bununla böhtan hesab etdiyi məlumat öz təkzibini artıq tapmışdır. Faktiki olaraq bir qrupda bir gündə bir yazışmada Fərhunə Atakişiyeva haqqında rüşvətlə bağlı 2014-cü ilin məlumatı və onun təkzibi dərc olunmuşdur. Yəni, “Akademiya” adlı vatsap qrup yazışmalarında Elmira Pənahova tərəfindən Fərhunə Atakişiyevaya qarşı hər hansı böhtan xarakterli fikir bildirilməmişdir. Bundan başqa “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 03 aprel 1998-ci il tarixli qanununun 2-ci maddəsində “internet informasiya ehtiyatı” və “domen”in anlayışı verilmişdir. Həmin qanunun 13-1-ci maddəsinin icrası məqsədilə hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2019-cu il tarixli 63 saylı qərarı ilə təsdiq edilmiş “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nda domenin kimin tərəfindən qeydiyyatdan keçməsi, onlara texniki xidmət və s. məsələlər açıqlanır. Belə halda “Whatsapp” adlanan qrupda yayılmış hər hansı məlumat CM-nin 147-ci maddəsində göstərilən “internet informasiya ehtiyatında yayılmış məlumat hesab edilə bilməz. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Cinayətin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətinin olmaması (CPM-in 42.1.3cü maddəsində nəzərdə tutulmuş hal) cinayət qanunu ilə nəzərdə tutulmuş hadisənin mövcudluğunu və cinayət tərkibinin olmasını inkar etmir, lakin əməlin törədilməsində təqsirləndirilən şəxsin iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Göründüyü kimi, toplanmış sübutların məcmusu təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X12 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını xüsusi ittihamçı X2 mülahizələri təşkil etmişdir. Bu səbəbdən də, X7 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığı üçün ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə xüsusi ittiham qardasında şikayətin materialında olan maddi sübut (vatsap yazışmaları) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qardasında şikayətin materialında olan vatsap yazışmaları cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.2, 42.1.2, 42.2.2, 344-350, 352-353, 355-356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: X7 əməlində cinayət tərkibi olmadığına görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilsin. Xüsusi ittiham qardasında şikayətin materialında olan vatsap yazışmaları cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar