Məhkəmə qərarları › İş №1(004)-91/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-91/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-91/2023 16.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qismində qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, 21 sentyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Abşeron rayonu, “Masazır gölü” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,341 qram narkotik vasitə olan heroini 40 manat pul müqabilində 01 ədəd şəffaf rəngli sellofanın içində, 02 ədəd şəffaf rəngli sellofan bükümdə alıb əldə edərək üzərində saxlamaqla Bakı şəhərinə daşımış, həmin gün saat 16:10-da Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün həmin polis şöbəsinə aparılıb üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli bükümün içərisindəki 02 ədəd bükümlərdəki, ayrı-ayrılıqda təmiz çəkiləri 0,615 qram və 0,726 qram olmaqla, ümumi təmiz çəkisi 1,341 qram xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə edir. 21 sentyabr 2022-ci il tarixdə saat təxminən 10 radələrində narkotik vasitə olan heroin almaq istəyirmiş. Bu məqsədlə Abşeron rayonu Masazır gölü adlanan əraziyə getmiş və orada üzdən tanıdığı adını bilmədiyi şəxsdən 1 ədəd şəffaf sellofanda olmaqla 2 ədəd büküm heroin adlanan narkotik vasitə almışdır. Bunun müqabilində isə həmin adama 40 manat pul vermişdir. Daha sonra həmin gün saat 16:10 radələrində ünvan 3 ünvanının qarşısında olarkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirərək onu 29-cu PŞ-yə dəvət etmişlər. O etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 29-cu PŞ-nin inzibati binasına getmişdir. Orada barəsində araşdırma aparılması təhqiqatçı Tural Mahmudova həvalə edilmişdir. 29-cu Polis Şöbəsində ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil 29-cu PŞ-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşları, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmiş və müdafiəçinin iştirakı ilə qərarla tanış olub imza etmişdir. Bundan sonra polis əməkdaşları, müdafiəçimin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içində 02 ədəd ayrı-ayrı şəffaf rəngli sellofan bükümdə içində narkotik vasitə olan heroini çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı 01 ədəd şəffaf bükümü açdıqda içində də 02 ədəd şəffaf rəngli sellofan büküm olduğunu aşkar etmiş və hər iki büküm açıldıqda içində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 02 ədəd şəffaf rəngli büküm içərisindəki kakos maddəsi ilə birlikdə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzəri möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olub-olmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol, möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş vəkil və polis əməkdaşları tərəfindən imzalanmışdır. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumatın yoxlanılması üçün 29-cu Polis Şöbəsinin rəhbərliyindən icazə alınmışdır. Bundan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmişdir. Yasamal RPİ-nin 29-cu PŞnin əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o olmuşdur. 21 sentyabr 2022-ci il tarixdə saat 16:10 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə əlaqədar Yasamal RPİ-nin 29cu PŞ-nin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə PB-nin inzibati binasına gəlmişdir. Bundan sonra otaqların birində Bəxtiyara özünü təqdim etməsi bildirilmişdir.Təqsirləndirilən şəxs özünü təqdim etmiş və sonra Bəxtiyarın narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olması bildirilərək təhqiqatçı tərəfindən müdafiəçi seçmək hüququ izah edilmiş, vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri bir daha izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə onlar tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Bəxtiyar üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofanda olan 02 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, üzərində başqa qanunsuz əşya yoxdur. 01 ədəd şəffaf rəngli büküm açıldıqda içində qəhvəyi rəngli, tozşəkilli maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümün içində olan maddə narkotik vasitə heroindir, həmin tarixdə saat 10:00 radələrində Abşeron rayonu, “Masazır gölü” adlanan ərazidə tanımadığı şəxsdən 40 manat pul müqabilində şəxsi istifadəsi üçün almış və həmin gün saat 16:10 radələrində polis əməkdaşları tərəfindən Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 ünvanının qarşısında saxlanılmışdır. Aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofanda olan 02 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış, həmin zərf “Zərflər üçün 169” möhürü ilə möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olubolmamasının müəyyən edilməsi üçün əlavə əməliyyat-axtarış tədbirləri keçirilsə də bununla bağlı hər hansı müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək, onun ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin 23-cü vərəqəsində olan 21 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 83-84-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 41-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2022-ci il tarixli, 6/5410 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 169” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza,... üç imza;Mahmudov Tural-imza...” yazı əlavəsi qeyd edilmiş 01 ədəd kağız zərfdə 1 ədəd bükümün içərisindəki 02 ədəd bükümlərdəki təmiz çəkiləri -0,615 qram, 0,726 qram, ümumi təmiz çəkisi-1,341 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin – 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmçinin ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 92 (doxsan iki) manat təşkil etmişdir. Cinayət işinin 109-116-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,241 qram narkotik vasitə heroin və 01 ədəd DVD diski maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş, DVD diski isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi Ambulator X4 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 6566 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda ağciyər vərəmi xəstəliyinin somatik yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 98-103-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya aktının 4-cü bəndi ilə cəzası 6 ay azaldılmış və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında həmin şöbənin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə, eləcə də hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zamanəynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofanın içərisində, şəffaf rəngli sellofana bükülmüş 02 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf rəngli sellofan bükümün içində olan maddənin narkotik vasitə heroin olduğunu, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, “Masazır gölü” adlanan ərazidə tanımadığı şəxsdən 40 manat müqabilində şəxsi istifadəsi üçün aldığını və həmin gün saat 16:00 radələrində polis əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanıldığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülərlə, digər iş materialları ilə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq 2 il keçmədən, yenidən xx.xx.2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 21 sentyabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X4nın xx.xx.2022-ci il tarixli, 6566 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ağciyər vərəmi xəstəliyinin somatik yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,241 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 92 (doxsan iki) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili E.F.İsmayılovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili E.F.İsmayılovanın məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ağciyər vərəmi xəstəliyinin somatik yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicə təyin olsun və o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,241 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar