Məhkəmə qərarları › İş №1(004)-92/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-92/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-92/2021 16.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: xx.xx.1993-cü Bərdə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, H.Hacıyev küçəsi, ev 5-də qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Mahiəddin oğlu tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 15 ünvanında yerləşən “xxxx” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstutunun binasının yan tərəfində telefonla danışaraq piyada hərəkət edən Zərərçəkmiş şəxs əlindən üzərində 11 manat dəyərində qoruyucu və balansında 25 manatlıq danışıq limiti olan 10 manat dəyərində ***-***-**-** GSM nömrə yerləşdirilmiş 2,700 manat dəyərində “İPHONE” markalı, “11 pro max” modelli mobil telefonu alıb qaçaraq Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2,746 manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs Mahiəddin oğlu ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2020-ci ilin oktyabr ayının əvvəllərində 20 yanvar adlanan ərazidən Şamaxinka tərəfə gedən zaman əvvəllər tanımadığı qızın mobil telefonla danışa-danışa piyada getməsini görmüşdür. Həmin vaxt pula ehtiyacı olması səbəbindən həmin qızın əlində olan mobil telefonu götürüb qaçmaq barədə qərara gəlmişdir. Ətrafa nəzər salaraq heç kimin olmadığını gördüyündən qızın əlindəki mobil telefonu götürüb qaçmaq istəmişir. Qıza yan tərəfdən yaxınlaşıb “İphone 11 pro max” markalı mobil telefonu alıb qaçarkən avtomobildən bir nəfər oğlan düşüb arxasınca qaçmağa başlamışdır. Surətlə qaçıb uzaqlaşmaq məqsədilə ayaqqabısını çıxardıb qaçmışdır. 20 yanvar körpüsü tərəfdən yolu qaçaraq keçib məhəllələrin arasına girmiş və həmin oğlan onu itirmişdir. Polis əməkdaşları tərəfindən tutulduğunda narkomaniyadan əziyyət çəkdiyi üçün həmin vaxt kəskin ağrıları olmuşdur. Bu səbəbdən də cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə mobil telefonu guya avtomaşından götürməsini bildirmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, zərərçəkənə vurduğu ziyanı maddi imkansızlıq səbəbi ilə ödəyə bilməməsini, nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində “20 yanvar” adlanan ərazidən yolu yeraltı piyada keçidi ilə keçib “Şamaxinka” istiqamətində yolun kənarı ilə piyada evə gedən zaman özünə məxsus İphone 11 pro max markalı yaşıl rəngli mobil telefonla Elnur adlı tanışı ilə danışmışdır. Həmin vaxt qəflətən kimsə telefonu əlindən almışdır. Arxaya dönüb baxanda telefonu əlindən alan oğlanın ayaqqabılarını soyunub qaçmasını görmüşdür. Həmin şəxsin arxasınca qışqırıb bir qədər onun arxasınca qaçmışdır. Lakin ona çata bilməyəcəyini başa düşərək dayanmışdır. Bu zaman Moskva prospekti ilə hərəkətdə olan avtomaşınların birindən adının sonradan Sədyar olduğunu bildiyi oğlan maşından düşüb həmin oğlanın arxasınca qaçmağa başlamışdır. Sonra həmin avtomaşın yolun kənarında saxlamışdır. Maşının sürücüsü avtomaşından düşərək ona yaxınlaşıb onu sakitləşdirmişdir. Bir neçə dəqiqə sonra isə Sədyar hadisə olan yerə qayıtmasını və oğlanı tuta bilməməsini bildirmişdir. Bundan sonra Sədyar istifadəsində olan mobil telefonla DİN-in 102 məlumat xidmətinə zəng etmişdir. O, operatorla danışaraq anket məlumatlarını bildirib hadisə barədə məlumat vermişdir. Həmin şəxs əlindən telefonu alan zaman onun barmaqları boynunun sağ tərəfini sıyırmışdır. Həmin şəxsi arxaya dönən zaman arxa hissəsindən görmüşdür. Bu səbəbdən təqsirləndirilən şəxsi üzdən tanıya bilməmişdir. Hadısə zamanı əlindən alınaraq qacırılan telefonu xx xxxxxx 2020-ci il tarixdə 2,700 manata almışdır. Telefonun üzərində 10 manat dəyərində ***-***-**-** gsm nömrəsi, həmin nömrədə 25 manat balans olmuşdur. Bundan başqa telefonu zədədən qorumaq üçün üstündə 11 manat dəyərində telefon qoruyucusu olmuşdur. Bundan əlavə zərərçəkmiş ona dəymiş maddi ziyanın hələ də ödənilmədiyini və bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində qohumu X5 ilə birlikdə sonuncuya məxsus Nexia markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşınla “Şamaxinka” adlanan ərazidən “20 yanvar” dairəsinə tərəf hərəkətdə olmuşlar. Həmin vaxt tıxac olduğu üçün yolda avtomaşınların hərəkəti dayanmışdır. Həmin vaxt yolun sağ kənarı ilə binanın qarşısı ilə bir qızın telefon ilə danışa-danışa piyada getməsini və təxminən ondan 2 metr sağ tərəf ilə bir oğlanın ona baxa-baxa paralel addımlamasını görmüşdür. Həmin oğlanın yavaş-yavaş qıza yaxınlaşmasını gördükdə oğlanın qızla tanış olmaq istəməsini zən etmişdir. Lakin bir neçə saniyə sonra həmin oğlanın qıza yaxınlaşaraq qəflətən qaçmasının şahidi olmuşdur. Bu zaman həmin qız arxaya dönüb oğlanın arxasınca qışqırmışdır. Oğlanın telefonu götürüb qaçmasını başa düşmüş və avtomaşından düşüb onun arxasınca qaçmağa başlamışdır. Oğlan ayaqqabılarını soyunub “20 yanvar” istiqamətində qaçdığından o da onun arxasınca qaçmışdır. Oğlan yolu əks istiqamətə keçmişdir. O, da sonuncunun arxasınca qaçsada məhəllələrin arasında oğlanı itirdiyindən hadisə olan yerə qayıtmışdır. Hadisə yerində həmin qızla qohumu Əzizin gözləməsini görmüşdür. Sonra oradan istifadəsində olan mobil telefonla DİN-in 102 məlumat xidmətinə zəng etmiş və adının sonradan Əfsanə olduğunu bildiyi qızla birlikdə operatorla danışmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə o qohumu Şahid1 ilə birlikdə ona məxsus «Nexia» markalı avtomaşınla Lökbatan qəsəbəsindən gəlib Şamaxinka adlanan yerdən keçib 20 yanvar dairəsi tərəfə getmişlər. Yolun hərəkət hissəsində avtomobil sıxlığı olduğu üçün hərəkət surəti zəif olmuşdur. Həmin vaxt yolun sağ tərəfindəki binanın qarşısı ilə 25-30 yaşlarında bir qızın mobil telefonla danışa-danışa piyada hərəkət etməsini görmüşdür. Onun arxasından isə cavan oğlan piyada 2-3 metr məsafə ilə piyada hərəkət etmişdir. Həmin vaxt Sədyar ona “avtomobili saxla oğlan qızın telefonunu oğurladı” demişdir. Avtomaşını saxlamış və Sədyar avtomobildən düşüb oğlanın arxasınca qaçmışdır. Avtomaşını yolun kənarında saxlamış və adının sonradan Əfsanə olduğunu bildiyi qıza su alıb vermişdir. Az sonra Sədyar qayıdaraq telefonu götürüb qaçan oğlanı itirdiyini bildirmişdir. Əfsanə adlı qız Sədyara məxsus mobil telefonla DİN-in 102 məlumat xidmətinə zəng edərək məlumat vermişdir.Telefonu götürüb qaçan oğlanı arxa tərəfdən gördüyü üçün görsə tanıya bilməyəcəyini göstərmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 821 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 146-152-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin CD diskdə 5 saniyə davam edən video görüntü vardır. Həmin görüntüyə baxış zamanı zahiri görünüşü Təqsirləndirilən şəxs Mahiəddin oğluna bənzər qara geyimdə və ayaqqabısız qaçan şəxs müəyyən olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, CD diskdə olan görüntülərə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2,746 manat dəyərində əmlakını açıq olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməməklə onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının orta həddə təyin edilməsi məqsədə müvafiqdir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini də nəzərə alır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Həmçinin Cinayət Məcəlləsinin cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinun 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 3 ay (bir il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X4 ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 (iyirmi) gün müddətində işə baxan Bakı Şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar