Məhkəmə qərarları › İş №1(004)-93/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-93/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-93/2023 21.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:20 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu Böyük Mərcanlı ərazi dairəsi, Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 21 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi - 1,038 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 21 oktyabr 2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvanda yerləşən yarı tikili binasının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi - 1,038 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2022-ci ilin yanvar ayının əvəllərindən narkotik vasitə istifadə edir. Belə ki, o, narkotik vasitəni qəbul etməyə başlayanda Bakı şəhəri, Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə adını bilmədiyi bir şəxslə tanış olmuş və həmin şəxsi tapıb ondan narkotik vasitə almışdır. Narkotik vasitə aldıqdan sonra münasib yer taparaq orada qəbul etmişdir. 21 oktyabr 2022-ci il tarixdə günorta saatlarında o, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan əraziyə gedib həmin şəxsi tapıb və ona 20 manat verərək, narkotik vasitə heroin almışdır. O, narkotik vasitəni əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 21 oktyabr 2022-ci il tarixdə saat təxminən 16:00 radələrində ünvan 4 ünvanda yerləşən yarı tikili qeyri-yaşayış binasının qarşısında dayanan zaman, ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirərək, Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunaraq və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman onun üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik maddə olan heroini təqdim etmiş və narkotik vasitə heroinin olmasını bildirmişdir. Həmin vaxt üzərindən başqa heç bir şey aşkar olunmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, səmimi olaraq etiraf etməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-də CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumata əsasən əməliyyat axtarış tədbirləri keçirilmişdir. 21 oktyabr 2022-ci il tarixdə saat təxminən 16:00 radələrində ünvan 4 ünvanda yerləşən yarı tikili qeyri-yaşayış binasının qarışında özünü şübhəli aparan bir nəfər şəxsi saxlayıb onun əməliyyat məlumatlarında adı göstərilən şəxs olub- olmamasını aydınlaşdırmışdırlar. Məlum olmuşdur ki, o, Təqsirləndirilən şəxsdur. Bundan sonra onlar ona Yasamal RPİ-nin 29-cu PŞ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs də razılışaraq onlarla birlikdə oradan Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişdir. Bundan sonra, ona bölmədə hüquqları izah edilmişdir. Hüquqi yardım almaq üçün müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs də həmin təklifi qəbul edərək özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəfaf sellofan kəsiyinə bükülmüş bir bükümü könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içindəki maddə narkotik vasitə olan heroindir. Həmin narkotik vasitə heroini 21 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu “Şamaxinka” deyilən yerdə üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün 20 manata alıb əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 21 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi X5, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları Şahid1 və Şahid2 iştirakıları ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş, bükümü çıxarıb təqdim etmiş, bükülüyə baxan zaman içərisində toz şəkilli qəhvəyi rəngli olan maddə aşkar edilmişdir. Sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir (səh. 32-33). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 21 oktyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi X5, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları Şahid1 və Şahid2 iştirakıları ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə qəhvəyi rəngli heroin olduğunu, həmin narkotik vasitə heroini 21 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu “Şamaxinka” deyilən yerdə üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün 20 manata istifadə etmək üçün aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6132 №-li rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 169” möhür əksi, “Şübhəli şəxs... Təqsirləndirilən şəxs ...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,038 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (səh. 41-43). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6796 №-li rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs opiolidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh: 99-100). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 noyabr 2022-ci il “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,038 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,938 qram narkotik vasitə olan heroin saxlanması üçün Yasamal RPİ-in növbətçi hissəsinə təhvil verilmişdir. Video görüntüləri əks etdirən 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə olunmuşdur (səh: 101- 107). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 21 oktyabr 2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur (səh: 27). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(004)-906/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (səh: 78-79). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (səh: 97). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, X1 himayəsində xx.xx.2011-ci il təvəllüdlü X2 adlı övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbulediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, himayəsində azyaşlı uşağının olmasını və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 21 oktyabr 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,938 qram narkotik vasitə-heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)- 601/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 45 (qırx beş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,938 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar