Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-93/2024 15.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1984-cü ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi "xxxx" MMC-nə məxsus “BMC” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə “İnşaatçılar” metro stansiyası istiqamətində hərəkətdə olan zaman ünvan 2 ünvanda yerləşən “Günəş petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında onunla eyni istiqamətdə sağ hərəkət zolağında hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi ağ rəngli “Toyota Camry” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətinə maneə yaratdığı üçün sonuncunun idarə etdiyi avtomobili saxladıqdan sonra gəlib avtobus dayanacağında dayanmış ictimai nəqliyyat vasitəsi olan sərnişin avtobusunun salonunda ona ictimai nəqliyyat vasitəsini digər hərəkət iştirakçılarının hərəkəti üçün təhlükəli şəkildə idarə etməsi barədə irad bildirməsini cüzi səbəb kimi bəhanə gətirərək, əslində isə heç bir əsaslı səbəb olmadan və insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarına məhəl qoymadan avtobusda olan sərnişinlərə qarşı açıqca hörmətsizlik göstərib onları getdikləri mənzil başına çatdırmaq yerinə Zərərçəkmiş şəxsla etdiyi sözlü mübahisəni daha aktiv münaqişəyə çevirərək xuliqanlıq niyyəti ilə qəsdən sonuncunun bir dəfə sifət nahiyəsinə yumruqla vuraraq ona baş beyin silkələnməsi ilə müşayiət olunan sol almacıq nahiyəsinin şişkinliyi və qançırı, sol əng sümüyünün basılmış sınığı, burunun sol yan səthinin səthi əzilmiş yarası kimi xəsarətləri yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa Az Ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ildən "xxxx" MMC-də sürücü işləyir. xx.xx.2023-cü il tarixdə saat 14:50 radələrində idarə etdiyi “BMC” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə “İnşaatçılar” metro stansiyası istiqamətində hərəkət edirmiş, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Günəş petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yolun sağ hərəkət hissəsi ilə onunla eyni istiqamətdə avtomobillər hərəkət edirmiş. O, qarşısında hərəkət edən qara rəngli markasını və qeydiyyat nişanını xatırlamadığı avtomobili ötmə etdikdən sonra yolun sağ hərəkət hissəsində onunla eyni istiqamətdə hərəkətdə olan ağ rəngli “Toyota Camry” **- NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun idarə etdiyi avtobusa yaxın sürdüyündən o, sürətini artıraraq həmin avtomobili keçib qarşıda olan dayanacaqda avtobusu saxlamaq üçün sükanı sağ tərəfə buraraq qarşıda saxlamışdır. Avtobusa sərnişinlər minməyə başlamışdır. Həmin vaxt ağ rəngli “Toyota Camry” **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi Zərərçəkmiş şəxs avtomobilini onun idarə etdiyi avtobusun qarşısında saxlayaraq avtomobildən yerə düşüb avtobusun ön giriş qapısından içəri salona daxil olmuşdur. Elşad ona “xəstəsən? Bu nə maşın sürməkdi sürürsən?” sözlərini dedikdə, o, Elşada xəstə özünsən demişdir. Elşad onunla mübahisə etməyə başlamışdır. Mübahisə edərkən Elşad əl-qolu ilə hərəkət etdiyi üçün o, sağ əli ilə Elşadın sağ biləyini sıxıb geri itələmişdir. Bundan sonra Elşad ona “heyvansan” sözünü dedikdə, o, Elşada “heyvan balasısan” sözünü bildirmişdir. O, Elşadın danışıqlarından əsəbiləşdiyi üçün sükan arxasında oturduğu oturacaqdan ayağa qalxmışdır. Elşadı avtobusdan çıxarmaq üçün əli ilə onu geri itələmək istəmişdir lakin Elşadı sifət nahiyəsinə yumruqla zərbə vurmamışdır. Avtobusda olan sərnişinlərdən biri yaşlı kişi onları ayırmışdır. Həmin tanımadığı yaşlı sərnişin ona ağsaqqal kimi öz iradını bildirərək sən adam daşıyırsan, səbıri olmağını demişdir. Elşad ondan sonra avtobusun ön giriş qapısından yerə düşüb oradan uzaqlaşmışdır. O, isə sərnişinlər narahat olduqları üçün, həm də iş qrafıkinə uyğun gecikməmək üçün hərəkətinə davam etməyə başlamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə (zərərçəkmiş şəxsi yumruqla vurmasını etiraf etdiyini bildirdiyi halda) hazırda verdiyi ifadə (zərərçəkmiş şəxsi yumruqla vurmadığını bildirməsi) arasında ziddiyyətlərlə bağlı həmin halların aydınlaşdırılmasına dair verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq sənədlərində onun ifadəsi “O, dalaşma zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs ona yumruq zərbəsi vurmaq istəsə də o, Elşadın əlindən tutduğu üçün Elşad onun heç bir nahiyəsinə heç bir zərbə vurmamışdır. Zərərçəkmiş şəxs barəsində təyin edilmiş tibbi ekspertiza rəyində sonuncunun bədəni üzərində aşkar edilmiş baş beyin silkələnməsi ilə müşayiət olunan sol almacıq nahiyəsinin şişkinliyi və qançırı, sol əng sümüyünün basılmış sınığı, burunun sol yan səthinin səthi əzilmiş yarası xəsarətlərini Elşada o, yumruq zərbəsi vuraraq yetirmişdir. Zərərçəkmiş şəxs vuran zaman əlində heç bir əşya olmamışdır.” kimi qeyd olunsa da o, belə bir ifadə verməmişdir hazırda məhkəmə də verdiyi ifadəsi həqiqətə uyğundur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlində heç bir təqsirinin olmamasını nəzərə alaraq barəsində başlanılmış cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş verməsinin səbəbi Zərərçəkmiş şəxs avtobusun qarşısını kəsməsi və daha sonra avtobusa daxil olaraq onu digər şəxslərin yanında təhqir etməsi və ona qarşı əl-qol hərəkətləri etməklə ictimai nəqliyyatı idarə etməsinə maneə yaratması olmuşdur. Burada hər hansı xuliqanlıq hərəkətlərindən söhbət gedə bilməz, çünki, Zərərçəkmiş şəxs özü şəxsən avtomobilindən düşərək onun idarə etdiyi avtobusa daxil olmuş və onunla mübahisəni özü başlatmışdır. O, isə sadəcə olaraq Zərərçəkmiş şəxs əli ilə itələyərək oradan uzaqlaşdırmaq və işinə davam etmək niyyəti güdmüşdür. Məhkəmə istintaqı zamanı zərərcəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirmişdir ki, “Toyota Camry” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2023-cü il tarixdə saat 14:50 radələrində idarə etdiyi həmin avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə “Günəş petrol” yanacaqdoldurma məntəqəsi istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkət edirmiş. Həmin vaxt ondan arxada onunla eyni istiqamətdə hərəkət edən qırmızı rəngli **-JZ-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu onun sol yanından ötmə əməliyyatı edən zaman ötmə əməliyyatını tam yerinə yetirməyərək onu sağ hərəkət istiqamətinə tərəf sıxmağa başlamışdır. O, dəfələrlə siqnal versə də avtobus sürücüsü yenə də onun yoluna çıxaraq avtomobilini sıxmağa davam edirmiş. O, nə qədər sükanı sağ tərəfə çəksə də artıq yol olmadığı üçün əyləci sıxaraq avtomobilini saxlamışdır. Bundan sonra həmin avtobus bir qədər hərəkət edib qarşıda dayanacaqda saxlamışdır. O, həmin sürücüyə iradını bildirmək üçün avtomobilini avtobusun qarşısında saxlayaraq yerə düşmüşdür. Bundan sonra avtobusun içərisinə daxil olmuşdur. Həmin sürücüyə niyə onun yoluna çıxaraq qəza şəraiti yaratdığını, sürə bilmirsə avtobusu sürməməsini deyərək iradını bildirmişdir. O, sonradan adını bildiyi avtobusun sürücüsü Təqsirləndirilən şəxs “niyə mənim həyatıma təhlükə yaradırsan, məndən başqa avtobusda olan sərnişinlərin həyatını niyə təhlükəyə atırsan?” sözlərini demişdir. Sürücü Rafayıl sükan arxasından ayağa qalxaraq onun ünvanına nalayiq ifadələr işlədərək “eşşəksən?” deyib bir əli ilə yaxasından tutub, digər əli ilə yumruqla sifətindən bir dəfə zərbə vurmuşdur. Köynəyinin düyməsi də sınmışdır. Avtobusda olan sərnişinlərdən bir neçəsi onları ayırmışdır. Bundan sonra o, avtobusdan yerə düşüb dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Avtobus sürücüsü isə avtobusu hərəkət etdirərək oradan uzaqlaşmışdır. Əlavə olaraq bildirmişdir ki, onunla sonradan adını bildiyi Təqsirləndirilən şəxs arasında dalaşma xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə “Günəş petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Rafayılm idarə etdiyi avtobusun içərisində baş vermişdir, dalaşma təxminən 1-2 dəqiqə davam etmişdir, dalaşma zamanı avtobusda tanımadığı sərnişinlər olmuşdur. O, dalaşma zamanı Təqsirləndirilən şəxs heç bir nahiyəsinə zərbə vurmamış və xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs onun sifətinə bir dəfə yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. Dalaşma zamanı Təqsirləndirilən şəxs başqa onu heç kim vurmamışdır. Barəsində təyin edilmiş tibbi ekspertiza rəyində bədəni üzərində aşkar edilmiş baş beyin silkələnməsi ilə müşayiət olunan sol almacıq nahiyəsinin şişkinliyi və qançırı, sol əng sümüyünün basılmış sınığı, burunun sol yan səthinin səthi əzilmiş yarası xəsarətlərini Təqsirləndirilən şəxs ona yumruq zərbəsi vuraraq yetirdiyini bildirmişdir.İfadəsinin sonunda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallar cavab olaraq bildirmişdir ki, o, avtobus süruçüsünə əsəbləşdiyi üçün avtomobilini avtobusun qarşısında saxlayaraq düşüb avtobusa daxil olmuş və sürücü Təqsirləndirilən şəxs öz haqlı iradını bildirmişdir, ona qarşı hər hansı bir təhqiredici ifadədən istifadə etməmişdir. Onun bu hərəkətində hər hansı təşviqedici ünsür olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. (İ/V.1); “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında dalaşma Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə Ə.Əhmədov küçəsinin kəsişməsində avtobus dayanacağında Təqsirləndirilən şəxs idarə etdiyi sərnişin avtobusunun salonunda baş vermişdir. (İ/V.8-11); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 1062 saylı rəyində qeyd olunmuşdur ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan sol almacıq nahiyəsinin şişkinliyi və qançırı, sol əng sümüyünün basılmış sınığı, burunun sol yan səthinin səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. (İ/V. 23-25); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 daxil olmuş xx.xx.2023-cü il tarixli 13442 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. (İ/V. 69); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V. 56); “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 9 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. (İ/V. 78); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 9 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (İ/V. 100-101); 9 noyabr 2023-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə deyərək təsdiq etmişlər. (İ/V.116- 119); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 9 noyabr 2024-cü il, 4(004)- 878/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş təqdimat təmin edilməmişdir. (İ/V. 125-130); “Qətimkan tədbirinin seçilməsi haqqında” 9 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 131); “Sübutların qiymətləndirilməsi haqqında” 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə xx.xx.2023-cü il tarixdə baş vermiş sözügedən cinayət hadisəsinin video görüntülərinin köçürüldüyü bir ədəd DVD disk mühüm sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (İ/V. 142-148); Məhkəmənin sorğusu əsasında əldə edilmiş, baş vermiş hadisəni özündə əks etdirən videogörüntü məhkəmə istintaqında tədqiq edilmişdir və hadisənin baş verməsi ardıcıllığı və mexanızmi proses iştirakçılarına nümayiş etdirilmişdir. Elektron məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərəçkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və.s) xuliqanlıq niyyətinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Buna görə də, qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın sağlamlığa zərər vurmadan əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonra hər bir davranışı dərindən təhlil edilməlidir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 7 sentyabr 2023-cü il tarixdə saat 14:50 radələrində baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəblərinin müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2023-cü il tarixdə saat 14:50 radələrində idarə etdiyi "xxxx" MMC-nə məxsus “BMC” markalı **-JZ- *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə üzü “İnşaatçılar” metro stansiyası istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olan zaman ünvan 2 ünvanda yerləşən “Günəş petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Zərərçəkmiş şəxs eyni istiqamətdə idarə etdiyi ağ rəngli “Toyota Camry” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilini ötüb keçmək məcburiyyətində qalmış, belə olan halda Zərərçəkmiş şəxs bir qədər məsafəni hərəkətini yalnız sağ hərəkət zolağında davam etdirməli olmuşdur. Belə olan halda Zərərçəkmiş şəxs avtomobilini avtobusun arxasınca sürərək avtobus növbəti dayanacaqda dayandıqdan sonra öz şəxsi avtomobilini avtobusun qarşısında saxlayaraq avtobusun qabaq qapısından avtobusa daxil olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sürücü üçün nəzərdə tutulmuş, şəffaf plastik materialdan istifadə edilməklə digər şəxslərin ora girişini məhdudlaşdıran kabinada oturmuş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs avtobusa daxil olan kimi sürüçüyə yaxınlaşaraq yüksək səslə “sən xəstəsən belə maşın surərlər” sözlərini deyərək onun üzərinə gəlir, sağ əlini Təqsirləndirilən şəxs tərəf uzadır (sanki onu vurmaq istəyir) onunla mübahisə etməyə başlayır, Təqsirləndirilən şəxs ona tərəf uzanan əli tutub saxlayır və “xəstə özünsən mən yolumla düz sürürəm” sözlərini deyir, bu hal bir neçə dəfə takrarlanır. Bir qədər sonra Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə “heyvan kimi sürürsən” ifadəsini işlədir və Təqsirləndirilən şəxs cavabında “heyvan kimi maşını sən sürürsən mən normal sürürəm, əl qolla danışma bu saat səni vuracam”, zərərçəkmiş yenədə sürücü kabininin qarşısında eyni hərərkətləri və ifadələri istfadə etdikdən sonra Təqsirləndirilən şəxs “heyvan balası sənsən” sözlərini deyərək əyləşdiyi sürücü kreslosundan ayağa qalxaraq kabinadan kənara çıxır və sağ əli ilə zərərçəkmişə bir zərbə vurur.Bundan sonra zərərşəkmiş şəxs avtobusdan düşərək həmin yeri tərk edir. Bundan irəli gələrək məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilənin “xuliqanlıq niyyəti ilə” həmin əməli törətməsi Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilir, cinayət prosesi iştirakçılarının ifadələrindən, eləcə də tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 127.1-ci maddəsində göstərilən tərkib olsa da, o bu əməli qeyd edildiyi kimi “xuliqanlıq niyyəti ilə” həyata keçirməmişdir. İlk növbədə ona görə ki, baş vermiş hadisə zamanı zərərçəkmiş şəxs öz avtomobili ilə Təqsirləndirilən şəxs idarə etdiyi ictimai nəqliyyat vasitəsi sayılan sərnişin avtobusunu təqib etmiş və dayanacaqda onun qarşısını kəsmişdir, avtobusa daxil olaraq Təqsirləndirilən şəxs üzərinə yeriyərək “sən xəstəsən”, “heyvan kimi maşın sürürsən” və sairə xoşagəlməz ifadələr işlətməklə bərabər Təqsirləndirilən şəxs qarşı aqressiv şəkildə əl qol hərəkətləri etdiyindən sonuncu ayağa qalxaraq sürücü kabinasından kənara çıxmış və zərərçəkmişə bir yumruq zərbəsi vurmuşdur. Hadisənin baş vermə mexanizminin təhlili birmənalı olaraq onu deməyə əsas verir ki, mübahisənin yaranmasına (baş verməsinə) və təqsirkarın ictimai təhlükəli əməli törətməyə səbəb zərərçəkmişin kobud hərəkətləri olmuşdur.Başqa sözlə desək onun yuxarıda qeyd edilən şəkildə hərəkətlər etməsi təqsirləndirilən şəxsi həmin əməli törətməyə sövq etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, zərərçəkənin səhv əməlləri nəticəsində özünün təhqir və təzyiqə məruz qalması ilə şəxsi münasibətlərin pozulması, bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndirildiyi üçün, Təqsirləndirilən şəxs əməli xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. İkincisi hazırki işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından, hətta ittihamın özündə belə təsvir olunmuş xüsusatlardan isə görünən odur ki, Təqsirləndirilən şəxs "heç bir səbəb” olmadan və yaxud nəyisə bahənə etməklə hərəkət etməmiş, onun subyektiv münasibətində zərərçəkmiş Zərərçəkmiş şəxs avtobusun qarşısını şəxsi avtomobili ilə kəsərək sonradan avtobusa daxil olmaqla digər şəxslərin gözü qarşısında təqsirləndirilən şəxsə “heyvan kimi maşın sürürsən” “heyvan oğlu” və sair ifadələr işlətməsi, bütün bunlarla bərabər aqressiv şəkildə Təqsirləndirilən şəxs yönəlik əl-qol hərəkətlərinin edilməsi bahanə deyil, "əsl səbəb” kimi çıxış etməklə onu cinayət törətməyə sövq edən, təkanverici amil rolunu oynamışdır. Zərərçəkmiş şəxsin yuxarıda qeyd olumuş hərəkətlərindən törəyən konkret səbəb olduğu və təqsirləndirilən şəxsin kriminal davranışının məhz bu səbəbdən irəli gəlməsi cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihamda aydınlığı ilə göstərildiyi halda istuintaq orqanı təsirkarın əməlində əsassız olaraq xuliqanlıq niyyətinin olması qənaətinə gəlmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə bildirir ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “zərərçəkmiş şəxsi yumruqla vurmaması” ilə bağlı vermiş olduğu ifadəsi, həmçinin Zərərçəkmiş şəxs avtobusa daxil olduqdan sonra Təqsirləndirilən şəxs təhqir etməməsi ilə bağlı verdiyi ifadəsi həqiqətə uyğun olmamışdır. Belə ki, iş materiallarında olan videogörüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi yumruqla vurması, həmçinin Zərərçəkmiş şəxs avtobusa daxil olduqdan sonra Təqsirləndirilən şəxs təhqiramiz ifadələr işlətməsi öz təsdiqini tapmışıdr. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən şəraitdə Təqsirləndirilən şəxs “xuliqanlıq niyyəti ilə” hərəkətlərin törətməsinin iddia edilməsi əsassızdır və ağlabatan hesab edilə bilməz. Yuxarıda qeyd edilmiş və təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsi zamanı iş üzrə əhəmiyyət kəsb edən halların məhkəmə istintaqı zamanı təsdiq edilməsi eyni zamanda ona dəlalət edir ki, ittiham aktında “xuliqanlıq niyyəti ilə həyat üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir” kimi qeyd edilmiş halların sübutu və əsası yoxdur. Ona görə ki, mötəbər sübutlarla təsdiq olunur ki, hadisə baş vermiş vaxtda zərərçəkmiş şəxs özü avtobusa daxil olaraq Təqsirləndirilən şəxsla mübahisə yaradır, sürücü kabinasında əyləşik vəziyyətdə olan sonuncuya qarşı kobud ifadələr işlətməklə bərabər ona yönəlik əlqol hərəkətləri etməklə qarşı tərəfi davaya təşviq edir. Məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, ittiham tərəfi şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxsə istintaq zamanı elan olunmuş ittihamın mahiyyəti, yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddədə nəzərdə tutulan xuliqanlıq niyyətinin mahiyyəti açıqlanmamışdır. İşin obyektiv vəziyyətindən isə aydın olur ki, ictimai qaydanın kobud surətdə pozulması hadisənin baş verdiyi “BMC” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə ifadə olunmuş, lakin ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi hər hansı mötəbər sübutlarla, eləcə də şahid ifadələri ilə təsdiq edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin toplaşması, hansı kənar şəxslərin toplaşması, mübahisənin aradan qaldırılması məqsədi həmin şəxslərin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxslər olmuşlarsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməmişdir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti ilə deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməsi zərurəti olduğu halda bunu etməyərək, Təqsirləndirilən şəxs əməlin əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdində xuliqanlıq niyyəti mövcud olmamış, sadəcə şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə müəyyən edilmiş qəsdən həyat üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma əməlinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində üç uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət səciyyələndirən halın olmasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra şöbəsinə tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntüsü olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-576/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2024-cü il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesablanmaqla cəmi 08 (səkkiz) gün ona təyin edilmiş islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntüsü olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-93/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-93/2024
15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver