Məhkəmə qərarları › İş №1(004)-95/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-95/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-95/2023 10.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1996-cı ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmuş, işləməyən, ailəli, İsmayıllı rayonu, Təzəkənd ərazi dairəsi, Gəndov kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsində 126 saylı Kəlbəcər məktəbinin yaxınlığında fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci il tarixdə saat 14 radələrində işlədiyi ünvan 1 ünvanında olan binanın zirzəmisində yerləşən avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs məxsus “Mercedes” markalı, 90-0V-687 dövlət nömrə nişanlı avtomobilin salonunda təmizlik edən zaman sol oturacağın alt hissəsindən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 noyabr 2021-ci il tarix üçün Azərbaycan manatının məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları gizli olaraq talayıb zərərçəkmiş şəxsə 1700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2021-ci ilin sentyabr ayından etibarən Yasamal rayonu, Bəsdi Bağırova küçəsi 4 ünvanında yerləşən binanın zirzəmisində olan avtoyuma məntəqəsində işləmişdir. Onun həyat yoldaşı hamiləlik dövrün ağır keçirtmiş və uşağın dünyaya gəlməsi əməliyyat yolu ilə olmalı imiş. Bu səbəbdən ona təcili olaraq pul lazım olmuşdur. Lakin heç bir yerdən pul tapa bilməmişdir. O, bir neçə dövlət qurumlarına müraciət etsədə heç yerdən ona cavab gəlməmiş və ona maddi yardım göstərilməmişdir. 18 noyabr 2021-ci il tarixdə saat 14 radələrində o, işlədiyi avtoyuma məntəqəsində olduğu zaman “Mercedes” markalı, **-OV-*** dövlət nömrə nişanlı avtomobili yumuşdur. O, avtomobilin salonunu təmizliyən zaman sol oturacağının alt hissəsində çoxlu sayda ABŞ dolları pul görmüşdür. Həmin zaman onun pula ehtiyacı olduğundan və ətrafda kənar şəxsin olmadığından o, həmin pulun bir hissəsini oğurlamaq qərarına gəlmişdir. O, avtomobilin oturcağının alt hissəsində olan pullardan götürmüşdür. Lakin həmin zaman pulu saymamış və cəld cibinə qoymuşdur. Bundan sonra o, avtomobili təmizləyib təhvil vermişdir. O, kənara çəkilib avtombildən oğurladığı pulları saydıqda 1000 ABŞ dolları olduğunu görmüşdür. Bundan sonra o, yaşadığı evə gəlmişdir. O, həmin günün səhərisi Badamdar qəsəbəsində yerləşən Kapital banka gedib orada pulu manata çevirmişdir. Həmin zaman bank ona 1696 manat pul vermişdir. Ona verilən qəbzi isə o, harasa tullamışdır. Həmin günün səhərisi o, həyat yoldaşını Şəki şəhərində yerləşən doğum evinə aparmışdır. Orada xəstəxana xərcləri Bakı şəhərinə nisbətdə olmuşdur. 21 noyabr 2021-ci il tarixdə övladı dünyaya gəlmiş, lakin vəziyyəti yaxşı olmamışdır. Belə ki, doğum gecikmişdir. 23 noyabr 2021-ci il tarixdə isə yeni dünyaya gəlmiş övladı dünyasını dəyişmişdir. Sonradan o, yenidən Bakı şəhərinə gəlmişdir. Bir müəddət sonra ona məlum olmuş ki, “Mercedes” markalı, **-OV-*** dövlət nömrə nişanlı avtomobilin sahibi onun barəsində şikayət etmişdir. Törətmiş olduğu əməlindən peşmançılıq çəkməsini, ailəli olmasını, bir azyaşlı uşağının olmasını, ziyanın bir qisminin ödənilməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, fərdi qaydada tikiniti işləri ilə məşğul olur. Tikinti işləri ilə əlaqədar olaraq onun üzərində çox vaxt pul olur. Təxminən 2021-ci ilin noyabr ayının əvvəlləri o, tikinti materialları almaq üçün idarə etdiyi “Mercedes” markalı, **-OV-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol oturacağının ön tərəfdən cib hissəsinə 4200 ABŞ dollar pul qoymuşdur. 18 noyabr 2021-ci il tarixdə o, avtomobilini yuduzdurmaq üçün Yasamal rayonu, B.Bağırov küçəsində yerləşən 4 nömrəli binanın zirzəmisndə yerləşən avtoyuma məntəqəsinə gəlmişdir. Həmin günü əvvəllər tanımadığı, sonradan adını bildiyi Elşən adlı şəxs ona məxsus avtomobili yumuşdur. O, isə həmin zaman harasa getmişdir. Həmin günü axşam vaxtı o, avtomobili avtoyuma məntəqəsindən götürmüşdür. 23 noyabr 2021-ci il tarixdə saat 13 radələrində ona mebel sexindən zəng gəlmiç və mebel üçün 4200 ABŞ dolları pulu gətirməyi bildirmişlər. O, avtomobilə yaxınlaşmış və pulu qoyduğu yerə baxmışdır. Oradan pulu götürmüş saymışdır və ona məlum olmuş ki, 1000 ABŞ dollar pul naməlum şəxs tərəfindən oğurlanmışdır. Belə ki, orada 3200 ABŞ dollar pul olmuşdur. O, həmin ərəfədə yalnız avtoyuma məntəqəsində avtomobildən aralı olduğundan o, dərhal başa düşmüş ki, 1000 ABŞ dollar pul avtoyuma məntəqəsində oğurlanmışdır. O, həmin məntəqəyə getmiş və avtmobilini yuyan şəxsi axtarmış və bu barədə avtoyuma məntəqəsini işlədən Elçin adlı şəxsə məlumat vermişdir. Elçin maraqlanıb bir söz deyəcəyini bildirmişdir. Həmin zaman onlar kamera görüntülərinə baxmışlar, lakin kamera görüntüləri pozulmuşdu. Bundan sonra o, tam əminliklə başa düşmüş ki, pulu avtomobildən avtomobilini yuyan Elşən adlı şəxs oğurlamışdır. O, Elşənlə əlaqə saxlamış və ona Elçinin onu axtardığını bildirmişdir. Bundan sonra isə Elşən telefonları söndürmüş və avtoyuma məntəqəsinə gəlməmişdir. O, da məcbur olub baş vermiş hadisə ilə bağlı ərizə yazmışdır. Ona dəymiş ziyandan 600 manat ödənilmişdir, qalan məbləğ ödənilməmişdir, lakin ödəniləcək, qalan məhbəlin hissə-hissə ödənilməsi barədə təqsirləndirilən şəxslə aralarında razılıq əldə etmişlər, ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, cəzalanmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onların bir övladı vardır. 2021-ci ilin noyabr ayında o, hamilə olduğundan təcili surətdə xəstəxanaya getməli olmuşdur. Lakin maddi vəziyyəti buna imkan verməmişdir. 18 noyabr 2021-ci il tarixdə axşam vaxtı Elşən evə gəlmiş və pul tapdığını bildirmişdir. O, hansı məbləğdə və haradan pul tapdığını soruşduqda Elşən ona 1700 manat civarında pulu olduğunu və tanışından borc aldığını bildirmişdir. Bundan sonra onlar Şəki şəhərində yerləşən xəstəxanaya getmişlər. Belə ki, orada xəstəxana xərcləri nisbətən az olmuşdur. 21 noyabr 2021-ci il tarixdə övladı dünyaya gəlmiş, lakin doğum gecikdiyindən yeni dünyaya gəlmiş övladı ölmüşdür. Sonradan onlar Bakı şəhərinə qayıtmışlar. Bir müddət sonra o, öyrənmiş ki, Elşən xəstəxana pulunu heç kimdən borc almamışdır. O, həmin pulu maddi vəziyyəti pis olduğundan və pul tapa bilmədiyindən işlədiyi yerdə avtomobildən oğurlamışdır. Elşən həmin pulu qısa müddət ərzində qaytaracaqdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına məhkum edilmiş, “CM-yə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanuna uyğunlaşdarılma haqqında” xx.xx.2018-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü dəyişdirilib, üzərində qəti olaraq 3500 manat cərimə cəzası və 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏN Penitensiar Xidmət 05 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2022-ci li tarixli, xx/xx-1407 №-li məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunub, müəssisədə cəza çəkdiyi müddətdə ona təyin olunmuş 3500 manat cərimə cəzasından heç bir ödəniş etməmişdir. Bununla da çərimə zəasını çəkmədiyi üçün, həmin hökm üzrə məhkumluğu ödənilməmişdir. Hazırkı cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X3 adlı övladı vardır. Cinayət işi üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın məbləğindən 600 manat pulu ödəmişdir, qalan məbləğlə bağlı öz aralarında hissə-hissə ödənilməklə bağlı razılıq əldə edilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur.. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib səmimi peşman olmasını, böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ziyanın 600 manat hissəsi olmaqla qismən ödənilməsini, ailəli olmasını, bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il (bir il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin olunmuş qəti cəzasının çəkilməmiş qalan 3500 manat cərimə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 01 il (bir il) müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 3500 manat (üç min beş yüz manat) miqdarında cərimə cəzası təyin edilsin. Cərimə cəzası müstəqil icra edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu, Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar