Məhkəmə qərarları › İş №1(004)-96/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-96/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-96/2024 01.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə 20 avqust 1990-cı ildə Beyləqan rayonu, Şahsevənlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin iyul ayının əvvəllərində etibarnamə əsasında istifadəsində olan “Chevrolet Malibu” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq niyyətində olması barədə internet saytlarına elan yerləşdirdikdən sonra Zərərçəkmiş şəxs onunla görüşüb həmin avtomobili almaq niyyətində olmasından isifadə edib sonuncunun inam və etibarını qazanmaqla həmin avtomobili 17000 manata satmağa razılaşmış, xx.xx.2023-cü il tarixdə Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 198 ünvanında yerləşən “Chevrolet Service”in qarşısında Zərərçəkmiş şəxs 17000 manat məbləğində pulu alıb ələ keçirərək elektron notariat sistemi vasitəsi ilə avtomobil üzərində bütün mülkiyyət hüquqlarının etibar edildiyi etibarnamə vermə görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs aldadıb sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin avtomobilin etibarnaməsi olmayan şəxs tərəfindən idarə edildyi barədə məlumat verib xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirilməsindən istifadə edərək mülkiyyət hüququnu təsdiq edən sənədləri təqdim edib avtomobili cərimə meydançasından çıxararaq aparmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus, lakin sənəd üzrə mülkiyyətçisi atasının dostunun qızı olan “Chevrolet Malibu” markalı **- GY-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədi ilə avtomobilin şəkillərini çəkib “Turbo.az” internet saytına elan yerləşdirmiş, həmin səhifədə öz istifadəsində olan mobil nömrənin ***-***-**-** olmasını qeyd etmişdir. Həmin gün axşam nömrəsinə Ağamusa adlı şəxs zəng edib avtomobili almaq istədiyini bildirmiş, Ağamusanın oğlu ilə görüşmüş və həmin oğlan ona 200 manat beh vermişdir. xx.xx.2023-cü il tarixdə “20 Yanvar dairəsi”nin yaxınlığında yerləşən “Chevrolet” Servisə avtomobili yoxlatmaq üçün getmişlər. Orada avtomobili yoxlatdıqdan sonra yanında oğlu və bir nəfər tanımadığı başqa şəxslə gələn Ağamusa ilə razılaşdığı üçün Ağamusa ona 17000 manat pul vermişdir. Ağamusanın oğlunun verdiyi 200 manat behi özünə qaytarmış və yoxlama pulunu da özü vermişdir. Ağamusa avtomobilin onun adına necə sənədləşdiriləcəyini soruşduqda həmin gün ona onlayn qaydada etibarnamə verəcəyini demiş və mobil telefonunda ona elektron notariat saytını göstərmişdir. Təxminən beş gün sonra Ağamusaya zəng edib avtmobildə əlavə quraşdırılmış səs siqnalı olduğunu deyib həmin siqnalı ona verməsini, Nərimanov rayonu ərazisinə “Keşlə Bazarı”nın yanına gəlməsini xahiş etmişdir. Ağamusa ilə danışmazdan əvvəl Nərimanov RPŞ DYPB-nin əməkdaşı olan tanışı Ənvər ilə danışıb Ağamusa ilə alqısatqı etməyi barədə olanları ona demiş, Ənvərə Ağamusaya avtomobil satdığını, həmin avtomobildə səs siqnalı olduğunu, etibarnamə vermədiyini bildirib həmin avtomobili saxlatdırıb ona təhvil verməsini xahiş etmişdir. Bunu etmək üçün Ənvər ondan 900 manat pul istəmiş, Ənvərə avtomobili təhvil verdikdən sonra pulu verəcəyini demişdir. Həmin gün saat 18 radələrində Ağamusa zəng edərək “Keşlə bazarı”nın yanında olduğunu demiş, dərhal Ənvərə zəng edib Ağamusanın avtomobili ilə birlikdə “Keşlə bazarı”nın yanında olduğunu demişdir. Təxminən yarım saat sonra Ənvər zəng edib avtomobili cərimə meydançasına yerləşdirdiyini demiş, “Ulduz” metrostansiyasının yaxınlığındakı cərimə meydançasına gedib etibarnaməni göstərib avtomobili təhvil almışdır. Oradan çıxıb Ənvərin onda olan vatsapp nömrəsi olan +**********06 nömrəsinə zəng etmiş və danışıb pulu necə çatdıracağını soruşmuşdur. Ənvər isə 900 manat pulu cərimə meydançasında olan şəxsə verməyini demiş, o isə adını bilmədiyi şəxsə 900 manat pulu verib oradan çıxıb getmişdir. Həmin vaxt Ağamusa zəng edərək avtomobilin polis tərəfindən alınaraq cərimə meydançasına qoyulduğunu demiş, Ağamusaya yalandan narahat olmamasını və sabah avtomobili cərimə meydançasından çıxaracağımı bildirmişdir. Bundan sonra isə Ağamusa ilə danışıqdan və söhbətdən yayınmağa başlamışdır. Ənvərlə bu cür işi bir müddət əvvəl də görmüş, həmin vaxt Ənvərə 600 manat pul vermişdir. Ağamusadan aldığı həmin pulun bir hissəsini internet kazinoda uduzmuş, bir hissəsini isə şəxsi ehtiyaclarına xərcləmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin iyul ayının əvvəllərində özünə minik avtomobili almaq qərarına gəlmiş və bu məqsədlə avtomobil axtarmağa başlamışdır. Həmin vaxt o, 17000 manata satışa çıxarılan ağ rəngli, 2017-ci il buraxılışlı “Chevrolet Malibu” markalı **- GY-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüş və həmin avtomobili almaq məqsədilə oğlu Fərid özünü avtomobilin sahibi kimi təqdim edən Tural adlı şəxslə danışmışdır. Bundan sonra Fəridlə Tural görüşmüş və Fərid ona zəng vuraraq avtomobilin yaxşı olduğunu demişdir. O, Fəridə Turalla razılaşıb 200 manat beh verməsini demişdir. Fərid də Turala 200 manat beh vermişdir. Bundan sonra o, 10 iyul 2023-cü il tarixdə Lənkəran rayonundan Bakı şəhərinə gəlib “20 yanvar” metrostansiyası yaxınlığında yerləşən “Chevrolet Servis”in qarşısında Turalla görüşmüş və onunla razılaşdığı kimi 17000 manat pulu sayıb Milli Onkologiya Mərkəzinin yanında, “Chevrolet Servis”in qarşısında Turala vermişdir. Bundan sonra o, Turaldan avtomobilin sənədləşdirmə işlərinin necə olacağını soruşduqda Tural sənədləşməni elektron notariat vasitəsi ilə bütün hüquqların etibar edildiyi etibarnamə vermə yolu ilə həll edəcəyini söyləmiş və telefonda nə isə əməliyyatlar edərək guya ona etibarnamə verdiyini demişdir. Bundan sonra o, Turaldan avtomobili götürərək Lənkəran rayonuna qayıtmışdır. Bir müddət sonra Tural ona zəng edərək avtomobildə ona məxsus qadağan olunmuş siqnal quraşdırıldığını və onu götürmək istədiyini bildirmiş, o da Turalla görüşməyə razılaşmışdır. 17 iyul 2023-cü il tarixdə Nərimanov rayonu ərazisində “Çin restoranı”nın yaxınlığında Turaldan aldığı həmin “Chevrolet Malibu” markalı avtomobillə olarkən **-YP-*** dövlət qeydiyyat nişanlı YPX avtomobili ona “saxla” işarəsi verdiyi üçün o, avtomobili saxlamış və bu zaman avtomobildə xidmət aparan iki nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. O, polis əməkdaşının tələbinə əsasən sənədlərini təqdim etmiş, bundan sonra polis əməkdaşı avtomobildə qadağan olunan səs siqnalı quraşdırıldığı və ödənməmiş cərimə protokolları olduğu üçün avtomobilin üzərinə həbs qoyulduğunu ona bildirmişdir. Daha sonra polis əməkdaşı avtomobilin içərisində həmin səs siqnalını axtarmağa başlamış, heç nə tapa bilmədiyi üçün əlindəki planşetə baxmış və ona elektron məlumat sistemində avtomobili idarə etmək üçün adına etibarnamə olmadığını, buna görə avtomobili cərimə meydançasına aparacağını demişdir. O, polis əməkdaşının tələbinə tabe olaraq aldığı “Chevrolet Malibu” markalı avtomobili cərimə meydanına yerləşdirmişdir. Oradan çıxaraq o, dərhal Turala zəng vurmuş, satdığı avtomobili idarə etmək üçün elektron məlumat sistemində etibarnamə olmadığından avtomobilin YPX əməkdaşları tərəfindən cərimə meydançasına aparıldığını bildirmişdir. Bundan sonra o, 19 iyul 2023-cü il tarixdə yenidən cərimə meydançasında yaxınlaşmış, lakin avtomobilin orada olmadığını görmüşdür. O, dərhal Turala zəng edərək avtomobilin cərimə meydanından kim tərəfindən çıxarıldığını soruşduqda Tural avtomobilin onun xəbəri olmadan əmisi tərəfindən çıxarıldığını demişdir. Bundan sonra o, Tural tərəfindən aldadıldığını başa düşmüşdür. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası Zərərçəkmiş şəxs özünə minik avtomobil almaq qərarına gəlmiş və bu məqsədlə o, atasının bəyəndiyi 2017-ci il buraxılışlı “Chevrolet Malibu” markalı avtomobili almaq məqsədilə 09 iyul 2023-cü il tarixdə Ukrayna dairəsi yaxınlığında avtomobilin sahibi Təqsirləndirilən şəxs adlı şəxslə görüşmüşdür. O, avtomobili bəyəndiyi üçün Turala 200 manat beh vermiş, səhəri gün isə atası Ağamusa Bakıya gələrək birlikdə Bakı şəhərində, “20 yanvar” metrostansiyası yaxınlığında yerləşən “Chevrolet Servis”in qarşısında Turalla görüşmüşdürlər. Atası Zərərçəkmiş şəxs avtomobili bəyəndiyi üçün ümumilikdə 17000 manat pulu Turala vermiş və Tural avtomobilin sənədləşdirmə işlərini etibarnamə vermə yolu ilə həll edəcəyini onlara bildirmişdir. Bundan sonra onlar avtomobili götürərək onu sürüb getmişdirlər. Atasının dediyinə görə, 16 iyul 2023-cü il tarixdə Tural atasına zəng vuraraq avtomobildə səs siqnalı olduğunu, həmin siqnalı çıxarmaq istədiyini demiş və atasından Bakıya gəlməyini xahiş etmişdir. Atası Turalın təklifi ilə razılaşaraq Bakıya gəlmiş, lakin avtomobili idarə etdiyi zaman YPX inspektoru onu saxlayaraq cərimə meydançasına aparmışdır. Bundan sonra atası Zərərçəkmiş şəxs Turala zəng etsə də o, ölkədə olmadığını, lakin həmin məsələni həll edəcəyini atasına bildirmiş, lakin daha sonra Turalın avtomobili saxlancdan çıxardığını öyrəndikdə Tural tərəfindən aldadıldıqları onlara məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur. Zərərçəkmiş şəxs özünə minik avtomobili almaq məqsədilə 09 iyul 2023-cü il tarixdə ona zəng edərək 2017-ci il buraxılışlı “Chevrolet Malibu” markalı avtomobili bəyəndiyini, lakin onu almaq üçün 4000 manat pulunun çatmadığını bildirərək ondan borc istəmişdir. Bundan sonra o, 10 iyul 2023-cü il tarixdə Bakı şəhəri, “20 yanvar” metrostansiyası yaxınlığında yerləşən “Chevrolet Servis”in qarşısında Zərərçəkmiş şəxsla görüşərək həmin məbləğdə pulu ona vermişdir. Həmin vaxt orada həmçinin Zərərçəkmiş şəxs oğlu Şahid1 və Tural adlı şəxs də olmuş, Ağamusa Turala inandığı üçün ona həmin avtomobili almaq məqsədilə ümumilikdə 17000 manat pul vermişdir. Tural isə Ağamusaya avtomobilin sənədləşmə işlərini etibarnamə vermək yolu ilə həll edəcəyini bildirmişdir. Bundan sonra o, Turalın Ağamusaya əslində etibarnamə vermədiyini, Zərərçəkmiş şəxs idarə etdiyi həmin avtomobilin YPX inspektoru tərəfindən cərimə meydançasına aparıldığını, daha sonra isə Turalın özü tərəfindən çıxarıldığını eşitmiş və Zərərçəkmiş şəxs Tural tərəfindən aldadılması ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin baş inspektoru vəzifəsində xidmət edir. O, bir neçə il bundan əvvəl özünü Təqsirləndirilən şəxs ilə tanış olmuş və Tural onun mobil nömrəsini istədiyi üçün ona öz nömrəsini vermişdir. Bundan bir müddət sonra Tural onun mobil nömrəsinə zəng vurmuş, lakin o, işdə olduğu üçün Turala cavab verməmişdir. Səhərisi gün Tural onun nömrəsinə yenidən zəng vurduqda o, telefon zənginə cavab vermiş və həmin vaxt Tural ona məxsus “Chevrolet Malibu” markalı avtomobili bir nəfər şəxsə sənədsiz satması barədə məlumat verərək ondan həmin avtomobili saxlatdırmağı xahiş etmişdir. O da xidmətdə olduğu ərazidə göstərilən avtomobili saxlayaraq sonradan adının Ağamusa olduğunu öyrəndiyi şəxsə yaxınlaşmış və özünü təqdim etmişdir. Bundan sonra o, Ağamusadan sənədlərini təqdim etməsini xahiş etmiş, sistemə baxdıqdan sonra avtomobilin etibarnaməsinin olmadığını, həmçinin avtomobilə əlavə avadanlıq quraşdırıldığını görmüş və bu barədə AR İXM-nin 332.1-ci maddəsi ilə elektron protokol tərtib etmişdir. O, bundan sonra həmin avtomobili duracağa təmin edərək bu barədə akt tərtib edib Polis İdarəsinə təqdim etmişdir. Duracağa təmin olunan həmin avtomobil etibarnamə əsasən Turala məxsus olduğu üçün o, sonradan Şöbəyə yaxınlaşaraq avtomobili duracaqdan çıxarmışdır. Onun Turalın xahişi ilə Ağamusanın idarə etdiyi avtomobili saxlatdırmasında və duracağa təmin etməsində heç bir məqsədi olmamış, sadəcə olaraq qanuni şəkildə xidməti vəzifəsini yerinə yetirmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 192-194-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, təxminən 10 ildir avtomobil alqı-satqısı ilə məşğul olur. 2023-cü ilin iyul ayının axırlarında “Turbo.az” internet saytında 17800 manata 2017-ci il buraxılışlı “Chevrolet Malibu” markalı avtomobil satıldığını görmüş, sahibi olan şəxsin ***-***-**-** mobil nömrəsinə zəng edib həmin gün axşam Babək prospektində Təqsirləndirilən şəxs adlı şəxslə görüşmüşdür. Xalasıoğlu Oruca almaq istədiyi həmin avtmoobil xoşuna gəlmiş, qiyməti də uyğun olduğu üçün Turalla razılaşıb 16500 manat pulu həmin gecə onlayn qaydada etibarnamə verilməsi yolu ilə satılmasına razılaşmışlar. Avtomobili yaşadığı binanın həyətində saxlamış, açarını və texniki pasportu da ona vermişdir. Təxminən 15 gün ərzində Tural etibarnamə verilməsini gecikdirib onun çoxsaylı təkidlərindən sonra avtomobilə dair bütün hüquqları etibar etdiyi Turalın anası ona bütün hüquqların etibar edildiyi etibarnamə vermişdir. Həmin gün, yəni 2023-cü ilin avqust ayının axırlarında avtomobili xalasıoğlu Oruc Orucovun adına keçirmiş, avtomobil Orucda olanda avtomobilə **-GU-*** dövlət qeydiyyat nişanı almışlar. Oruc Rusiyaya getməyi planlaşdırdığı üçün avtomobili satmağı xahiş etmiş və o da avtomobili satmağı planlaşdırır. Oruc ona etibranamə verdiyi üçün hazırda avtomobili o idarə edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və onların əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi və məhkəmə iclasında özünü təqsirli bilməsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 23 avqust 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X2 ibtidai istintaq zamanı verdiyi ifadəsini hadisə yerində əyani olaraq təsdiq etmişdir. (i.v. 68-71) İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 il 06 ay şərti sınaq müddəti tətbiq edilməklə 01 il 10 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 il şərti sınaq müddəti tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i.v. 93-95) İş materiallarında olan yazış mətnlərinin götürülməsi və baxış keçirilməsi haqqında 03 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1la Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Whatsapp” sosial şəbəkəsində aparılmış danışıqlar zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs verdiyi “Chevrolet Malibu” markalı avtomobili ondan aldadıb geri almaq məqsədi ilə oğlu Şahid1la “Whatsapp” sosial şəbəkəsindəki hesabı vasitəsi ilə yazışıb, guya həmin avtomobildə quraşdırılmış səs siqnalının sökülməsi adı ilə avtomobilin əvvəlcədən planlaşdırdığı kimi Nərimanov rayonu ərazisinə gətirilməsinə nail olması, daha sonra həmin avtomobilin YPX əməkdaşları tərəfindən saxlanaraq cərimə meydançasına qoyulması, Şahid1 atasının adına guya etibarnamə verilməməsinin hansısa obyektiv səbəblərdən baş verməsini izah etməsi müşahidə edilir. (i.v. 97-118) İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PŞ-nin xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30-da saxlanılmışdır. (i.v. 120) İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 148-151) İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-674/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablanmaqla 02 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 159-161) İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(010)-183/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilmişdir. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. (i.v. 215-220) İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 1 (008)-183/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 244-1.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına Azərbaycan Respublikasının 70-ci maddəsi tətbiq edilərək 2 il sınaq müddəti ilə şərti məhkum edilmiş Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığı üçün xx.xx.2023-cü il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial təsdiqli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, onunla barışmışdır. Ona qarşı heç bir mülki iddiası, şikayəti və tələbi yoxdur. Qanunvericiliyin tələblərini nəzərə alaraq onun barəsində olan cinayət işinə xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 22876nömrəli "xxxx" ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 4250 manat Maliyyə Nazirliyi – X1 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarını dövlət büdcəsinə ödəmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73- 1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddialarla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq - iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması barədə qərar qəbul edə bilər. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş zərər tam ödənildiyindən və sonuncunun ona qarşı mülki iddiası olmadığından Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar