Məhkəmə qərarları › İş №1(004)-96/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-96/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-96/2025 23.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Malatkeşin kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 31/66 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, ictimai qaydanı kobud zurətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tədbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 31/66 ünvanının yaxınlığında qonşusu Zərərçəkmiş şəxs “Toyota” markalı Az ** CB *** dövlət dövlət qeydiyyat nişanlı avtomobili idarə edib işıq cihazlarını yandırmaqla yoldan çəkilməsinə işarə etməsi ilə bağlı aralarında yaranmış münaqişə zamanı öz şəxsiyyətini Zərərçəkmiş şəxs üstün tutması fövqündə heç bir əsaslı səbəb olmadan ucadan səs-küy salaraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə, həmin səsə görə toplanmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlilik, etinasızlıq göstərərək hərəkətlərini davam etdirməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək əli ilə Zərərçəkmiş şəxs sifətinin sağ tərəfindən qəsdən vuraraq ona sifətin sağ yarısının şişkinliyi, içəri səthinin qançırı və səthi əzilmiş yarası, sağ əlin İ və İİ barmağının səthi əzilmiş yaraları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən, aşağı çənədə mərkəzdən sağa İV dişin travmatik laxlaması və bu dişin ətinin qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, aşağı çənədə mərkəzdən sağa İV dişin travmatik laxlaması və bu dişin ətinin qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş dərəcəsinə görə qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 28 may 2024-cü il tarixdə saat 21:40 radələrində məhəllələrinin uşaqları ilə söhbət edərək məhəlləyə girən yoldan addımlayaraq yolun kənarına keçmişlər. Bu zaman Rauf arxalarından gələrək idarə etdiyi avtomobillə onların yanından qəsdən və bilərək avtomobilinə qaz verərək sanki onlara qarşı etdiyi hörmətsizliyi nümayiş etdirmişdir. Bundan sonra o, etdiyi hərəkətə görə Raufa yaxınlaşmış və ondan nə üçün belə etdiyini, az qalsın avtomobillə üzərlərinə çıxdığını bildirmişdir. Buna cavab olaraq Rauf bildirmişdir ki, “görmürsüz gəlirəm? yoldan çəkilin qırağa”. Buna cavab olaraq Raufa bildirmişdir ki, yoldan çəkilməklərinə baxmayaraq yenə avtomobili onların üzərlərinə sürməyə davam etmişdir. Raufa bildirmişdir ki, sən bu məhəlləyə dünənlərdə gəlmisən, o isə bu məhəllədə balacadan böyüyə kimi hamını tanıyır və heç kimə hörmətsizlik etməmiş, etməz də. Ona bir məhəllədə yaşadıqlarını, bir-birlərinə hörmətsizlik etməməyi təklif etmişdir. Bu sözlərdən sonra Rauf onu qıcıqlandırmaq məqsədilə üzərinə yeriyərək “yaxşı eləmişəm üzərinə sürmüşəm nə deyirsən?” ifadəsini işlətmişdir. Belə olan halda əsəblərini cilovlaya bilmədiyi üçün Raufun üzünə əli ilə zərbə endirmişdir. Onun zərbəsindən sonra Rauf gülümsəyərək ona baxıb əlini sirkələmiş, öz mobil telefonunu götürüb onun barəsində polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs bir dəfə yumruq zərbəsi endirmiş, Raufu vurduqdan sonra Rauf özü uzaqlaşaraq getmişdir. Zərərçəkmiş şəxs “məni tanımayan özünü tanımır, pulum çox olduğu üçün istəsəm bu ölkəni çevirərəm” ifadələrini işlətməmişdir. Raufun onun belə bir ifadə işlətdiyini söyləməsinin səbəbi Raufun ona daha çox problem yaratmaq istəməsidir. Hadisə olan zaman ətrafda bir neçə qonşu var idi, lakin onlardan yalnız Osmanın və dostu Vüsalın yanında olduğunu xatırlayır. Hadisədən sonra məhəllədən çıxıb getmiş, sonradan məhəllədə olan hadisələrdən məlumatı olmamışdır. Daha sonra 27-ci polis şöbəsinə yaxınlaşaraq izahat yazmışdır. Zərərçəkmiş şəxs cəmi bir yumruq zərbəsi endirmiş və zərbədən sonra yerə yıxılmamış, əksinə onu hədələyərək bildirmişdir ki, sən görərsən. Raufu vurduqdan sonra onları heç kim ayırmamışdır. Növbəti iclasda isə təqsirləndirilən şəxs bildirmişdir ki, hazırda zərərçəkmiş şəxslə barışıq əldə edilmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayonu Şotlanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 31/66 ünvanında yataqxanada yaşayırlar. xx.xx.2024-cü il tarixdə saat 21:40 dəqiqədə özünə məxsus idarə etdiyi “Toyota” markalı Az ** CB *** dövlət nömrə nişanlı avtomobili ilə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 31/66 ünvana gələn zaman yolun kənarında qonşuluqda yaşayan Vasif, Osman və bir nəfər tanımadığı şəxs avtomobil yolunun kənarında dayandığı üçün onlara işıq cihazlarını yandıraraq yol istədikdən sonra yoluna davam etmişdir. Avtomobili yaşadığı məhəllədə binanın qarşısında saxladıqdan sonra avtomobildən düşən zaman Vasif onu kobud şəkildə səsləyərək yanına çağırmışdır. Vasifin yanına gedən zaman Osman və Vasifin adını bilmədiyi tanışı Vasifin yanında olmuşlar. Vasifin yanına çatdıqdan sonra Vasif ona tanıyıb tanımadığını soruşmuşdur. Vasif problemli şəxs olduğu üçün onu tanımadığını bildirmişdir. Bu zaman Vasif ona bildirmişdir ki, “məni tanımayan özünü tanımır, pulum çox olduğu üçün istəsəm bu ölkəni çevirərəm”. Vasif qeyd edilən ifadələri işlətdikdən sonra bir qədər geriyə çəkiləndə Osman Vasifi qucaqlayaraq onun qulağına nəsə dedikdən sonra Vasif çevrilərək onu nalayiq küçə sözləri ilə təhqir etdiyi üçün Vasifə «sənin böyüklərinlə söhbət edərəm»-; demişdir. Bu zaman Vasif onun sinəsindən tutub silkələməyə başlamış, ondan əl çək dedikdə isə Vasif yumruğu ilə onun sifətinin sağ tərəfindən bir dəfə yumruqla vuraraq ona xəsarət yetirmişdir. Bu zaman az yaşlı oğlu İsa onun yanında olmuşdur. Vasifin onu vurması nəticəsində onun müalicəsi ilə implant olaraq qoydurduğu dişləri düşmüş və o, zərbələrin təsiri nəticəsində yerə yıxılmışdır. Yıxıldıqdan sonra Vasifin yanında olan Osman adlı şəxs və adını bilmədiyi digər şəxs Vasifi ondan uzaqlaşdırmışlar. O, ayağa qalxdıqdan sonra DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermiş və daha sonra məlumat üzrə Yasamal RPİ 27-ci PŞ-yə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı Vasifin yanında olan Osman və digər adını bilmədiyi şəxslə aralarında sözlə mabahisə olmamış və onu vurmamışlar. Təqsirləndirilən şəxs və Şahid2 hadisə barədə yalan göstərmişlər, idarə etdiyi avtomobili onların üzərinə sürməmişdir. Dişlərinin sınması nəticəsində ona 3200 manat maddi ziyan dəymişdir. Bundan başqa hadisə nəticəsində yaranmış problemlərlə bağlı həkimlərə 500 manat xərc çəkmişdir. Növbəti iclasda isə zərərçəkmiş şəxs bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 31/66 ünvanında binanın həyətində məhlələrinin uşaqları Vasif və Vüsalla birlikdə məhəllənin girişindən içəriyə doğru addımlayaraq hərəkət etmişlər. Bu zaman 15-20 dəqiqə sonra onlarla qonşuluqda yaşayan Rauf adlı qonşu idarə etdiyi “Toyota” markalı avtomobili ilə onların üzərlərinə sürərək təhlükəli an yaradaraq avtomobilini məhəllədə saxlamışdır. Belə olan halda Vasif Raufun arxası ilə gedərək «əmi oğlu nə edirsən» deyə ondan soruşmuş, Rauf ona cavab verməmişdir. Vasif yenidən ondan «nə edirsən»- deyə soruşanda Rauf Vasifə «yoldan çəkilin, avtomobili üzərinizə sürməyim»- dedikdən sonra Vasiflə Raufun arasında sözlü mübahisə olmuşdur. Mübahisə zaman Raufun oğlu İsa da həyətdə olmuşdur. Belə olan halda Vasif Raufa bildirmişdir ki, «oğlunu göndər rahat söhbət edək», Rauf isə Vasifə rahat olmasını bildirmişdir. Belə olan halda Vasif Raufun sifətindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Vasif Raufu vuran kimi Rauf telefonla 102 xidmətinə zəng etmiş və avtomobilinə əyləşərək məhəllədən çıxıb getmişdir. Baş vermiş hadisə və mübahisə təxminən 5 dəqiqə ərzində baş vermişdir. Zərərçəkmiş şəxs dedikləri tamamilə yalandır. Onun dediyi kimi Vasif ona “məni tanımayan özünü tanımır, pulum çox olduğu üçün istəsəm bu ölkəni çevirərəm” ifadəsini işlətməmişdir. O, Vasifi qucaqlayaraq onun qulağına söz deməmişdir. Vasif Raufu nalayiq sözlərlə təhqir etməmişdir. Vasif Zərərçəkmiş şəxs cəmi bir dəfə yumruqla vurmuşdur. Hadisə olan zaman İsa atası Raufun yanında olmuşdur. Vasif Raufu vuran zaman Raufun dişləri tökülməmişdir. Vasif yumruq vuran kimi Vüsal Vasifi tutaraq saxlamışdır ki, dava dalaş uzanmasın. Vasif Raufu vuran zaman Rauf yerə yıxılmamışdır, əksinə telefonunu cibindən çıxararaq 102 xidmətinə məlumat vermişdir. İsa Raufun oğludur və hadisə baş verməmişdən əvvəl İsa yaşadıqları binadan gələrək atası Raufun yanında dayanmışdır. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 31/66 ünvanında yerləşən yaşadığı mənzildə olan zaman məhəllədən səs küy gəldiyini eşidib pəncərədən həyətə baxdıqda onlarla eyni məhəllədə yaşayan Vasif adlı şəxsin atası ilə söhbət etdiyini görmüşdür, o, dərhal həyətə düşərək atası Raufun yanına getmişdir. O, həyətdə olan zaman atası ilə Vasif sözlü şəkildə mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Vasif atası Raufun üzündən bir neçə dəfə yumruqla vuraraq xəsarət yetirmişdir. Vasifi yanında olan Osman və Vüsal adlı şəxs ayırmışlar. Vasif atası Raufu vurduqdan sonra atası Rauf yerə yıxılmışdır. O, atası Raufla Vasifin mübahisəsinin yarısına gəldiyi üçün onların arasında olan mübahisənin mahiyyətini bilməmişdir. Lakin atası Rauf Vasiflə mübahisə etmək istəmədiyini, onun belə hərəkətlərinə görə valideynləri ilə danışacağını bildirmişdir. Buna baxmayaraq Vasif atası Raufu nalayiq küçə söyüşləri ilə təhqir edərək ona zərbələr endirmişdir. Bundan sonra atası Rauf 102 xidmətinə zəng vuraraq hadisə ilə bağlı məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X8 Yasamal rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 29 may 2024-cü il tarixli, 560 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sifətin sağ yarısının şişkinliyi, içəri səthinin qançırı və səthi əzilmiş yarası, aşağı çənədə mərkəzdən sağa İV dişin travmatik laxlaması və bu dişin ətinin qançırı, sağ əlin İ və İİ barmaqlarının səthi əzilmiş yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs adına KTM-da tərtib edilmiş tibbi sənəddə qeyd olunan “Baş beyin silkələnməsi” diaqnozunun obyektiv əlamətləri qeyd olunmadığından onu xəsarət kimi qiymətləndirmək mümkün deyil. Yuxarıda qeyd olunan xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi nəticəsində törənməsi inkar olunur (i.v.28-30). “Zərərçəkmiş şəxs kimi tanımaq barədə” 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.40-41). “Üzləşdirmə haqqında” 22 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı deyərək münaqişə zamanı Təqsirləndirilən şəxs onun yumruqla sifət nahiyəsinə 3 dəfə vuraraq xəsarət yetirdiyini, müalicəsi ilə əlaqədar implant olaraq qoydurduğu dişlərinin düşdüyünü və yumruq zərbələrinin təsiri nəticəsində yerə yıxıldığını bildirmişdir (i.v.85-87). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X8 Yasamal rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 12 oktyabr 2024-cü il tarixli, 42/560 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sifətin sağ yarısının şişkinliyi, içəri səthinin qançırı və səthi əzilmiş yarası, aşağı çənədə mərkəzdən sağda İV dişin travmatik laxlaması və bu dişin ətinin qançırı, sağ əlin İ və İİ barmaqlarının səthi əzilmiş yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcələrinə görə aşağı çənədə mərkəzdən sağda İV dişin travmatik laxlaması və bu dişin ətinin qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir, sifətin sağ yarısının şişkinliyi, içəri səthinin qançırı və səthi əzilmiş yarası, sağ əlin İ və İİ barmaqlarının səthi əzilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vunnayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir (i.v.153-155). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 31/66 ünvanın həyətində baş vermişdir (i.v.157-161). “Sübutların qiymətləndirilməsi haqqında” 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən ona xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə ilə elan edilmiş ittihamın məzmununa əlavələr və dəyişiliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən təsirləndirilən şəxs qismində cəlb edilməklə yenidən ittiham elan olunmasın və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 148 və 187-ci maddələrinin əlamətləri olmadığından həmin maddələr ilə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, X3 və istintaqa məlum olmayan «Vüsal» adlı şəxsin əməllərində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin əlamətləri olmadığından həmin maddə ilə barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi, ilkin təhqiqat və istintaq sənədlərində hadisənin baş verməsi xx.xx.2024-cü il saat 21:50 radələri kimi göstərilmiş tarix və vaxtın xx.xx.2024-cü il tarix saat 21:40 radələri kimi hesab edilərək oxunması, X4 və X1 əməllərində Azərbaycan Respublikaksı CM-nin 148-ci maddəsinin əlamətləri olmadığından həmin maddələr ilə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, ilkin təhqiqat materialları, təqsinləndirilən şəxs Təqsirləndirilən şəxs etiraf edici ifadələri, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlərin işin faktiki hallarına uyğun olub obyektiv həqiqəti əks etdirən ifadələri, üzləşdirmə hadisə yerinə baxış protokolu, ona əlavə edilmiş fotocədvəl, məhkəmə tibb ekspertizasının rəyi və tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlər, məktub, arayışların və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlərin cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs, X4 və X2, X3, “Vasif’ adlı şəxs barələrində cinayət təqibinin başlanmasının rədd olunmuş hissə ilə əlaqədar cinayət işindən zəruri sənədlərin çıxarılaraq Yasamal rayon prokurorluğuna göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyatı keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v.167-176). Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, 1(004)-96/2025 nömrəli işlə bağlı ona dəymiş ziyanın təmamilə ödənildiyini, barışdıqlarını və qarşı tərəfdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanaraq icraata qəbul edilib istintaqın aparılması qərara alınmışdır (i.v.1). “Şübhəli şəxs barəsində axtarış elan edilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulduqdan sonra saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə yerləşdirilməsi, ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır (i.v.59-60). “Axtarışda olan şəxsin tutulması barədə” 22 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, Tbilisi prospekti 31/66 ünvanının qarşısında müəyyən olunaraq saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.65). “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmışdır (i.v.66). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.91-92). “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və saxlanıldığı MSY-dən azad edilməsi haqqında” 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.102-104). “Qətimkan tədbirinin tələblərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 22 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulduqdan sonra saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə yerləşdirilməsi, ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır (i.v.141-142). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Yasamal RPİ-də olan ********* nömrəli araşdırma materialı üzrə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən zərərçəkmişlə barışdığına görə CPM-nin 40.3-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilmişdir (i.v.145-146). “Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” 11 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2024-cü il tarixində, könüllü olaraq Yasamal RPİnin İŞ-nə gələrək istintaqa çağırılmasından xəbərinin olmadığı üçün istintaqa gəlmədiyini, Yasamal RPİ-nin CAŞ-nin əməkdaşlarının onun qardaşı ilə əlaqə saxlayaraq Yasamal RPİnin İŞ-nə çağırıldığını, gəlmədiyi üçün barəsində axtarış elan edildiyini dediklərini bildirərək bu halın üzrlü hesab edilməsini xahiş etmişdir (i.v.147). “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 11 oktyabr 2024cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmışdır (i.v.148). “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvədə saxlanılması qərara alınmışdır (i.v.150-151). “Cinayət işinin materiallarının və əməlin tövsif edilməsi haqqında” 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət işinin materialları və törədilmiş əməlin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsinə tövsif edilməsi və istintaqın davam etdirilməsi qərara alınmışdır (i.v.162-163). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən zərərçəkmişlə barışdığına görə CPM-nin 40.3-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və qətimkan tədbirinin şərtlərini pozaraq axtarışda olmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi və məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını isə onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, gənc olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 avqust 2024-cü il tarixdən 24 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar