Məhkəmə qərarları › İş №1(004)-97/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-97/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-97/2023 26.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxsin müdafiəçisi: ”Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlamış, 11 oktyabr 2022-ci il tarixdə Bakı Metropoliteni QSC-nin “Koroğlu” stansiyasına gəlməklə daşımış, həmin tarixdə saat 10:30 radələrində Bakı Metropolitenində Polis Şöbəsinin PPXB-nün əməkdaşı tərəfindən saxlanılaraq şəxsiyyəti portal sistemi vasitəsi ilə yoxlanılan zaman Səbail RPİ tərəfindən mülki öhdəlikdən boyun qaçırdığı üçün borclu fiziki şəxs və cavabdeh qismində axtarışda olması müəyyən edilərək aidiyyəti üzrə təhvil verilməsi üçün ünvan 2 ünvanında yerləşən Bakı Metropolitenində Polis Şöbəsinə gətirilərək xidməti otaqda həmin gün saat 11:30 radələridə üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibinin iç cibindən şəffaf selofanın içərisində bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,185 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, daimi yaşayış yeri olmadığı üçün Bakı şəhərində müxtəlif ünvanlarda yaşayır. Ailəli olub boşanmış, iki övladı var, onlar analarının himayəsindədirlər. Faktiki olaraq işsizdir. xx.xx.2022ci il tarixdə saat 10:30 radələrində tikintidə iş axtarmağa getdiyi üçün “Koroğlu” metrosuna daxil olmuşdur. “Koroğlu” metrosunda xidmət aparan polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim edərək şəxsiyyətini təsdiq edən sənədi istəmişdir. Onun şəxsiyyətini təsdiq edən sənədi üzərində olmadığı üçün polis əməkdaşı onun şəxsiyyətini portal vasitəsilə yoxlayan zaman Səbail RPİ-si tərəfindən mülki öhdəlikdən boyun qaçırdığı üçün borclu fiziki şəxs və cavabdeh qismində axtarışda olduğu müəyyən olunmuşdur. Bununla bağlı onu saxlayaraq Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində olan zaman üzərində qanunsuz əşya və predmet olub-olmadığı soruşulduqda polis əməkdaşlarına narkotik maddə istifadəçisi olduğunu üzərində narkotik maddə heroin olduğunu bildirmişdir. Polis Şöbəsində olarkən Mərkəzi vəkillər Bürosundan siyahı üzrə seçidyi vəkili X7 hüquqlarının müdafiə edilməsi üçün ona təqdim edilmişdir. Daha sonra həmin müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış zamanı polis əməkdaşları tərəfindən üzərində qanunla qadağan edilmiş maddələr vardırsa könüllü olaraq masanın üzərinə qoymağı təklif olunmuşdur. O, da əynində olan şalvarının sağ yan cibinin içəri iç cibində saxladığı bir ədəd siqaret kağız kəsiyinə bükülmüş içərisində heroin və bir ədəd siqaret kağız kəsiyinə bükülmüş limon duzu olan bükümləri, bir ədəd şpris və bir ədəd şüşə ampulanı təqdim etmişdir. Daha sonra bununla bağlı protokol tərtib edilmiş və həmin protokolla müdafiəçinin iştirakı ilə tanış olduqdan sonra düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar edilmiş heroini və limon duzunu xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində özünü ona Orxan kimi təqdim edən şəxsdən 10 (on) manata almışdır. Həmin şəxsi əvvəllər narkotik maddə aldığı və hazırda həbsdə olan Ülvi adlı şəxs vasitəsi ilə tanımışdır. Bundan başqa təxminən 2 aya yaxındır ki, o, narkotik vasitələrdən istifadə etdiyini, o, narkotik vasitəyə olan təlabatını müxtəlif şəxslərdən müxtəlif pul müqabili məbləğində əldə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə saat təxminən 09:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində özünü ona Orxan kimi təqdim edən şəxsdən 10 (on) manata aldığını, həmin şəxsi ona əvvəllər narkotik maddə aldığı və hazırda həbsdə olan Ülvi adlı şəxs vasitəsi ilə tanıdığını, Orxan adh şəxs Mərdəkan qəsəbəsində yerləşən nəqliyyat vasitələrinin köhnə duracağı meydançasının yanında və həmin ərazidə başqa küçələrdə olduğunu, o, həmin ünvana gedərək onu orada axtarıb tapıb pul müqabilində ondan öz istifadəsi üçün heroin aldığını, Həmin şəxsin onda əlaqə nömrələri olmadığını, həmin şəxsin təxminən 30 yaşı olduğunu, o, Orxan adlı şəxsə özünün narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitə heroini şəxsi istifadəsi üçün aldığını, ona Bakı Metropolitenində Polis Şöbəsində heç kim fiziki və ya psixi güc tətbiq etmədiyini, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5868 nömrəli ekspertin verdiyi rəylə razı olduğunu, heç bir etirazı, şikayəti və vəsatəti olmadığını, ümumilikdə təmiz çəkisi 0,185 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun üzərindən aşkar edilərək götürüldüyünü, 01 ədəd 2 ml həcmində boş şpris və 01 ədəd baş hissəsi sınıq vəziyyətdə olan şüşə ampula mənə məxsus olduğunu, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edib üzərində saxlayaraq metronun “Koroğlu” stansiyasına kimi daşıdığını, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində Orxan adh şəxs ilə tanış olduğunu, o, Orxan adlı şəxsdən narkotik vasitə aldığını, o, Orxan adlı şəxsi Ülvi adlı şəxsin vasitəsi ilə tanıdığını, Ülvi adlı şəxsdən əvvəllər narkotik vasitə aldığını, Ülvi adlı şəxs isə hal-hazırda həbsdə olduğunu, həmçinin Orxan və Ülvi adlı şəxsin anket məlumatlarını bilmədiyini, Orxan adlı şəxsin mobil telefon nömrəsini bilmədiyini, o, heç vaxt Orxan adlı şəxslə telefonla danışmadığını, Ülvi adlı şəxsin anket məlumatlarını da bilmədiyini, o, Ülvi adlı şəxslə də heç vaxt telefon danışıqlarının olmadığını bildirmişdir. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, iki övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin polis nəfəri vəzifəsində xidmət aparır. Bakı Metropoliteni QSC-nin “Koroğlu” stansiyasında təhlükəsizliyin təmini məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində stansiyaya daxil olan bəzi sərnişinlər portal vasitəsi ilə yoxlanılmışdır. Həmin vaxt stansiyaya daxil olmuş bir nəfər sərnişinə yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs özünü ona Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirməkdən ötrü portal sisteminə daxil etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Səbail RPİ-si tərəfindən fiziki borclu şəxs kimi axtarışda olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil verilməsindən ötrü Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs Bakı X1 zaman narkotik maddələrdən istifadə etdiyini və üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin olmasını bildirmişdir. Daha sonra Bakı Metropoliteni Polis Şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıya baxaraq siyahıda adı qeyd olunmuş X3 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs seçdiyi vəkil Polis Şöbəsinə dəvət edilmişdir. Dəvət edilmiş vəkil X3 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunumuş və sonuncu əynindəki boz rəngli şalvarın sağ içəri şəffaf rəngli sellofan kəsiyini , 01 ədəd şpirisi və 01 ədəd baş vəziyyəti sınıq vəziyyətdə olan şüşə ampulanı çıxardaraq masanın üzərinə qoyub təqdim etmişdir. Həmin şəffaf rəngli sellofan kəsiyi açılan zaman içərisində 02 ədəd siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş büküm aşkar edilmişdir. Həmin bükümlər açılan zaman bükümlərin birinin içərisində qəhvəyi rəngli kütlə, digər bükümdə isə ağ rəngli kristalşəkilli kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ağ rəngli kristal şəkilli kütlənin limon duzu olduğunu, qəhvəyi rəngli toz şəkilli kütlənin isə heroin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs narkortik vasitə heroini özünü ona Orxan kimi təqdim edən şəxsdən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindən 10 manat aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş büküm 01 ədəd şpirisi və 01 ədəd baş vəziyyəti sınıq vəziyyətdə olan şüşə ampula əhəmiyyət kəsb edildiyindən zərf qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi X7 həmin zərfi imzalamışdırlar. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın arxa sağ cibindən 70 qəpik pul, bir qutu “Arqo” markalı siqaret və 01 ədəd “Bakı kart” çıxardaraq təqdim etmişdir. Həmin 70 qəpik pul, bir qutu “Arqo” markalı siqaret və 01 ədəd “Bakı kart” Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X9 və Şahid3 ibtidai istintaqa verdikləri ifadələrində Şahid1 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdirlər. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 12 oktyabr 2022-ci il tarixli 6/5868 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 37” dairəvi möhür əksi və ” Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza, Müdafiəçi-imza; polis əməkdaşları: iki imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-0,185 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 ədəd 2 ml həcmində boş şprisin və 01 ədəd baş hissəsi sınıq vəziyyətdə olan şüşə ampulanın içərisində narkotik vasitə olan heroinin izləri vardır, həmin heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və digər maddələrlə müqayisəli tədqiqatının aparılması mümkün deyildir. 01 ədəd bükümdəki ağ rəngli xırda kristal şəkilli maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X2 xx.xx.2022-ci il tarixli, 7088 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki, həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2004-cü il təvəllüdlü Sadıx Rəcəbli, xx.xx.2007-ci il təvəllüdlü Riyad Rəcəbli adlı övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını, 2 övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 11 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər prokurorunun 13 oktyabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Beləliklə o, ibtidai istintaq dövründə ümumilikdə 02 gün həbsdə olmuşdur. Bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2023-cü il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 04 ay 16 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 08 ay 28 gün (bir il səkkiz ay iyirmi səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 92 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,135 qram narkotik vasitə olan-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə ”Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ”Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar