Məhkəmə qərarları › İş №1(004)-98/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-98/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-98/2025 14.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Yasamal rayonu “Qanlı Göl” deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda bir ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 430,0 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, həmin tarixdə saat 13:00-da Yasamal rayon Polis idarəsinin 28-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanda saxlanılaraq 28-ci Polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı sarı rəngli sellofan torbadan təmiz çəkisi 430,0 qram həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər taksi fəaliyyəti ilə məşğul olsa da, son zamanlar heç bir yerdə işləmir. Təxminən 11 il müddətdir ki, müxtəlif növ narkotik vasitələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 09 radələrində Yasamal rayonu ərazisində yerləşən “Qanlı Göl” deyilən yerdə olan zaman xatırlamadığı zibil qutusuna baxan zaman içərisində sarı rəngli sellofan torba diqqətini çəkmişdir. Həmin torbanı götürüb açdıqda içərisində el arasında “nəşə” kimi tanınan narkotik vasitə marixuana olduğunu görmüşdür. Uzun müddət narkotik vasitə istifadə etdiyi üçün həmin sellofanda olan kütlənin marixuana olduğunu bilmişdir. Bundan sonra həmin narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün götürüb gizlətmək məqsədi ilə həmin yerdən uzaqlaşmışdır. Aradan bir neçə saat keçdikdən sonra həmin gün saat 13:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində olan zaman iki nəfər mülki geyimdə özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları ona yaxınlaşmışlar. Söhbət zamanı polislər ona narkotik vasitə və psixotrop maddə istifadəsində şübhəli olduğunu deyərək onu Yasamal rayon polis idarəsinin 28-ci Polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 28-ci polis şöbəsinə getmişdir. Orada müdafiəçi dəvət olunmuşdur. Sonradan polis şöbəsinin inzibati binasında ona videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o da əlində saxladığı sarı rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torba açıldıqda içərisindən bir neçə saat əvvəl tapdığı həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Bundan sonra onun təqdim etdiyi həmin narkotik vasitə təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar olunmuş narkotik vasitəni həmin gün, yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 09 radələrində Yasamal rayonu ərazisində yerləşən “Qanlı Göl” deyilən yerdə olan zaman xatırlamadığı zibil qutusundan tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra polislər onun təqdim etdiyi həmin narkotik vasitəni zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Etdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana özünə məxsusdur, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Yasamal rayonu ərazisində yerləşən “Qanlı Göl” deyilən yerdə olan zaman xatırlamadığı zibil qutusundan tapmış, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı satmaq, hər hansı şəxsə bağışlamaq, nəyinsə müqabilində hədiyyə etmək fikri olmamışdır. Onun narkotik vasitə qurudulmuş marixuana əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİO-da 1999-cu ildən, tutduğu vəzifədə, yəni Yasamal rayon Polis idarəsinin 28-ci Polis şöbəsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində 2021-ci ildən, hazırda polis mayoru rütbəsi ilə xidmət edir. xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Yasamal RPİ-nin 28-ci PŞ-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün ünvan 5 ünvanın qarşısında olan zaman Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Mahiri Yasamal rayon Polis idarəsinin 28-ci PŞ-nə dəvət etmişlər. Mahir də heç bir etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Yasamal rayon Polis idarəsinin 28-ci PŞ-nin inzibati binasında baş təhqiqatçı Faiq Süleymanov və dəvət olunmuş müdafiəçi Zakir Zeynalovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Mahir üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Mahirdən üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əlində saxladığı sarı rəngli torbanı təqdim etmişdir. Həmin torba açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğu aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa hər hansı əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sarı rəngli torbada narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Yasamal rayonu “Qanlı Göl” deyilən ərazidə zibil qutusuna baxan zaman içərisindən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını dediyini bildirmişdir. Şahid Yasamal RPİ-nin 28-ci PŞ-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd sarı rəngli sellafona bükülmüş 1 ədəd bükülünü təqdim etmiş, həmin büküm açıldıqda içərisində bitkli mənşəli, ot tərkibli, yaşıl rəngli spespik iyə malik narkotik vasitə aşkar edilmiş, Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd san rəngli sellafona bükülmüş vasitəni nəşə kimi tanıdığı marixuana olduğunu, bu narkotik vasitəni 22 avqust 2024-cü il tarixdə saat 09:00 radələrində Yasamal rayonu, Qanlı Göl adlanan ərazidən zibil tullantılarını axtaran zaman zibil qutusundan tapdığını, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşımış, 22 avqust 2024-cü il tarixdə saat 13:00-da polis əməkdaşları tərəfindən ünvan 6 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik maddəyə bənzər vasitə olan bir ədəd san rəngli sellafona bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 170 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir (i.v.33-34). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 23 avqust 2024-cü il tarixli, 3-16-16/2-7/1405 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə təmiz çəkisi 430,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (i.v.43-46). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 daxil olmuş xx.xx.2024-cü il tarixli, 11132 nömrəli məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb ( i.v.96) Məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2024-cü il tarixli, 6284 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.103-104). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 31 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, ona xx.xx.2024-cü il tarixdə həmin maddə ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində Yasamal rayon Məhkəməsinin hakimi Vahid Hacıyev tərəfindən seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ona polis əməkdaşları tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə, əşyanın olduğu halda təqdim etməsi təklif edildikdən sonra o, şəxsi axtarış keçiriləcəyi təqdirdə, üzərində saxladığı maddənin polis əməkdaşları tərəfindən aşkarlanacağını bildiyi üçün qeyd olunan maddəni polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilməməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan 430,0 qram qurudulmuş marixuana və bir ədəd DVD diskin iş üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 429,95 qram marixuananın saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi, bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən materialın ayrılaraq, araşdırma aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİnin 28-ci PŞ-nə göndərilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs öz təqsirini etiraf etməsi bütün sübutlar məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilməsi, təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə haqqında protokolu və digər istintaq sənədlərinin sübut növləri kimi qəbul edilməsi qərara alınmışdır (i.v.110-115). Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli, 3-16-21- 1/2-820/2025 nömrəli məktubdan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-213/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində hökmün icrası barədə göstəriş xx.xx.2024-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs qeydiyyata alınmadığından 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 05 qram olan marixuana xeyli miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 22 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2024-cü il tarixdə, saat 13:00-dan tutulmuş hesab edilmişdir (i.v.23). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2024-cü il tarixli, 4(004)- 791/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 13:00-dan hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.74-76). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CM-in 234.1, 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.94-95). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 1(004)- 213/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən tutularkən həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, Təqsirləndirilən şəxs AR CM-nin müxtəlif maddələri ilə müxtəlif vaxtlarda (Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-213/2024 saylı, 15 mart 2024-cü il tarixli hökmü ilə AR CMnin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini) məhkum olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyekti ictimai təhlükəsizlik və insanın sağlamlığıdır. Onun üzərində şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda narkotik vasitə marixuananın aşkar edilməsi cinayət əməlinin ictimai təhlükəliliyini artıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə törədilmiş AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 1(004)-213/2024 saylı hökmündən sonra, yəni 22 avqust 2024-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanın ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-213/2024 saylı, 15 mart 2024-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi AR CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla AR CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmklə təyin edilmiş cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 1(004)-213/2024 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 05 ay 26 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla – 01 il 02 ay 28 gün müddət, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 22 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmiş 429,95 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Mərkəz Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar