Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-99/2021 26.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçilər: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X13 və Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X9 Zərər çəkmiş şəxsin hüquqi varisi: X2 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Zərər çəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi: Qanuni nümayəndə Təqsirləndirilən şəxs: xx.xx.1962-ci ildə Dəvəçi rayonunun Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respubilkası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, “xxxx” MMC-də sürücü işləyən, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 69, mənzil 301də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 07:48-də “BD” kateqoriyalı, AC 030242 seriyalı sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo BS090” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində saatda 5-10 km/saat sürətlə hərəkətdə olarkən istiqaməti üzrə yolun sağ kənarındakı Moskva prospekti 75A ünvanında yerləşən kioskun qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, istiqaməti üzrə hərəkət hissəsinin sağ tərəfində olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edərək keçib getməli və yaxud da həmin piyadaya çatmadan avtobusu dayandırmalı olduğu halda bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməməklə, yol hərəkəti qaydalarını pozaraq, hərəkətdə olduğu istiqamətdə yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış piyada X3 idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vurub ona ürək kisəsinin, qalxan aortanın, sağ ağ ciyərin, qaraciyərin və dalağın travmatik cırılmaları, sağ ön qoltuqaltı xətt üzrə İİİ- İV-V-Yİ-Vİİ- Vİİİ, sağ arxa qoltuqaltı xətt üzrə İ-İİ-İİİ-İV-V-Vİ, sol ön qoltuqaltı xətt üzrə İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ, sol arxa qoltuqaltı xətt üzrə İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların, çanaq sümüklərinin sınıqları, sol bud sümüyünün və sağ baldır sümüklərinin açıq sınıqları və alm nahiyəsinin əzilmiş yarası ilə nəticələnən ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş Qabil Nağıyevin ölümünə səbəb olmuş, həmçinin həmin vaxt idarə etdiyi avtobusun sol yan hissəsi ilə Zərərçəkmiş şəxs1da vurub ona ehtiyatsızlıqdan sol ayağın qançırı kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, eyni zamanda zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə məxsus “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusa ehtiyatsızlıqdan 420 manat və Zərərçəkmiş şəxs2 məxsus “Daewoo BS090” markalı, 90- VH- 383 dövlət qeydiyyat nişanlı avtobusa isə ehtiyatsızlıqdan 1105 manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq, yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2004-cü ildən “BD” kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. O, 2012-ci ildən 67 nömrəli xətt marşurutunda sürücü kimi işləməyə başlamış, bir neçə ildən sonra isə onun işlədiyi 67 nömrəli xətt marşurutu “xxxx” şirkəti kimi adlanmağa başlamışdır. Onun sürücü işlədiyi 67 nömrəli xətt avtobusunun marşrutu Binəqədi rayonu, Biləcəri qəsəbəsi “Ploşat” adlanan yerdən başlayır və Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən “Araz” marketin qarşısında başa çatır. O, hər gün saat 05:15-də avtobusları saxladıqları Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, Baksol ərazisi, küçə 1, 4A ünvanında yerləşən qarajda olub orada tibbi müayinədən keçdikdən sonra yol vərəqəsi əsasında ona təhkim olunmuş “Daewoo BS090” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtobusu götürüb sərnişin daşınması üçün xəttdə çıxırmış. Həmişə olduğu kimi xx.xx.2020-ci il tarixdə saat 05:30-da o, yenədə qaraja gedib orada tibbi müayinədən keçərək talon almışdır. Bundan sonra o, yol vərəqəsi əsasında ona təhkim olunmuş “Daewoo BS090” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtobusa əyləşərək həmin avtobusun texniki cəhətdən saz vəziyyətdə olmasını yoxladıqdan sonra 67 nömrəli xətt marşurutunda işə çıxmışdır. O, qeyd etdiyi avtobusu idarə edərək Nərimanov rayonu, Montin qəsəbəsinə gəlib oradan sərnişin yığaraq Binəqədi rayonu Biləcəri qəsəbəsinə qayıtmışdır. Bundan sonra Biləcəri qəsəbəsində də sərnişin yığaraq yenidən Nərimanov rayonuna getmək üçün hərkətə başlayaraq, “Daewoo BS090” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtobusu saatda 20 kilometr surətlə hərəkət etdirib Bakı Beynəlxalq Avtovağzalının yanından “Şamaxinka” istiqamətində öz hərəkətini davam etdirərək Yasamal rayonu, Moskva prospektinə daxil olmuşdur. O, idarə etdiyi avtobusla saatda 20 km/surətlə hərəkət edərək Yasamal rayonu, Moskva prospekti 75A ünvanında yerləşən avtobus dayanacağına gəlib orada avtobusu saxlayaraq sərnişin düşürüb mindirmişdir. Həmin vaxt saat 07:48-də axırıncı sərnişin avtobusa mindikdən sonra o, avtobusun qapılarını bağlayıb dayancaqdan yola çıxmaq üçün təxminən saatda 5-10 kilometr surətlə hərəkət etməyə başlamışdır. O, təxminən 10 metr üzü 20 Yanvar metrostansiyası istiqamətində hərəkət edərkən digər marşrutları gözləyən sərnişinlərin yolun hərəkət zolağında olduqlarını görüb əyləcə basmağa çalışmıdır ki, avtobusu saxlasın, lakin həmin vaxt avtobusun əyləci işləmədiyi üçün o, avtobusu saxlaya bilməyib irəliləyərək yolun sağ kənarında olan beton səki ilə sol tərəfində olan başqa bir 119 nömrəli xətt avtobusuna dəyib səki ilə digər avtobus arasında sıxışıb dayanmışdır. O, dərhal avtobusdan yerə düşən zaman yolun kənarında olan piyadalar onda demişdir ki, idarə etdiyi avtobusun altında bir kişi var. O, əyilib avtobusun altına baxanda orada bir nəfər təxminən 60-65 yaşlarında kişi cinsindən olan şəxsin olduğunu və ətrafdakı insanların həmin şəxsi avtobusun altından çıxartmağa çalışdıqlarını görmüşdür. Həmin avtobusun əzdiyi şəxsi çıxardıb yolun kənarında olan kioskun qarşısında uzatdıqdan sonra hadisə yerinə dərhal təcili tibbi yardım xidmətinin əməkdaşları gəlmişlər. Həkimlər həmin şəxsə orada ilkin tibbi yardım göstərmək istədikdə artıq həmin şəxs ölmüşdür. Bundan sonra o, hadisə yerinə gəlmiş TTY xidmətinin ambulansına bir nəfər tanımadığı qadının mindirilib aparılmasını görmüşdür. Həmin vaxt o, şok vəziyyətində olduğu üçün başqa heç nəyə fikir verməyib idarə etdiyi avtobusun altından çıxarılmış kişi meyidinin yanında dayanıb gözləməyə başlamışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək müvafiq sənədləşmə işləri aparmışlar. Hadisə zamanı idarə etdiyi avtobusda təxminən 15-20 nəfər sərnişin olsa da, həmin sərnişinlər və o, heç bir bədən xəsarəti almamışdır. O, xx.xx.2020-ci il tarixdə saat 07:48-də Yasamal rayonu, Moskva prospekti 75A ünvanında yerləşən kioskun qarşısında idarə etdiyi “Daewoo BS090” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtobusla vurub ölümünə səbəb olduğu kişi cinsindən olan şəxsi tanımamış, həmin şəxsin kim olmasını hadisə yerində özünü oğlu kimi təqdim edən şəxsdən öyrənmişdir ki, həmin şəxs Cəlilabad rayon sakini X4r. O, törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində daha kimlərin xəsarət almasını bilmir, lakin hadisə zamanı bir qadınıda TTY xidmətinin avtomobilinə əyləşdirib apardıqlarını görmüşdür. Hadisə vaxtı yolun hərəkət hissəsində olan piyadalar əsasən onun sağ tərəfində olduğu üçün o, həmin şəxsləri idarə etdiyi avtobusun sağ tərəfi ilə vurmuşdur. Hadisə zamanı onun idarə etdiyi avtobus hadisə yerinə gələnə kimi saz vəziyyətdə olmuşdur. Həmin hadisə yerində isə o, nə qədər əyləci bassada avtobusun əyləc sistemi işləməmişdir. Lakin hadisədən sonra idarə etdiyi “Daewoo BS090” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtobus hadisə yerindən çıxarılarkən onun əyləc sistemi və mühərriki tam saz vəziyyətdə işləmişdir. Hadisə yerində yol örtüyü düz, quru asvalt olmuş və hadisə vaxtı yağışsız açıq hava olduğundan o yol şəraitini aydın müşahidə edə bilmişdir. Hadisə anında onun idarə etdiyi avtomobilin hərəkət sürəti 5-10 km/saat olarmış. Onun hərəkəti üçün təhlükə dayanacaqdan hərəkətə başlayıb təxminən 5 metr getdikdən sonra yolun kənarındakı piyadaları görüb əyləc sistemini basanda əyləcin işləməməsi anından yaranmışdır. O, hadisənin qarşısını almaq üçün əyləci basaraq, əl əyləcini çəkib, mühərrik qutusundan istifadə etməyə çalışsa da, hadisənin qarşısını ala bilməmişdir. Hadisə vaxtı onun diqqətini yol şəraitindən heçnə yayındırmamışdır. Hadisə baş verdiyi yer avtobus dayanacağı olduğu üçün orada çoxlu sayda tanımadığı şəxslər olmuşdur. O, hadisə vaxtı ayıq olmuş sərxoş vəziyyətdə olmamışdır. Onun xx.xx.2024-cü ilə kimi etibarlı olan “BD” kateqoriyalı, AC 030242 seriyalı sürücülük vəsiqəsi vardır. Ailəli olmasını, himayəsində əlil oğlunun olmasını, zərərçəkənin hüquqi varisi ilə və digər zərərçəkən şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş tərəfin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, 60 yaşın içində olmasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərmişdir ki, X7 onun doğma atasıdır. Atası Qabil 1950-ci ildə Cəlilabad rayonun Pokrovka kəndində anadan olmuşdur. Atası Qabil və anası uzun müddətdir onunla birlikdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi həyət evində kirayə yaşayırmış. Qabil onunla birlikdə alçipan ustası işləyirmiş. xx.xx.2020-ci il tarixdə saat 07:05 radələrində Səbail rayonunda usta işlədikləri evə getmək üçün yaşadıqları evdən çıxıb 114 nömrəli xətt marşurutuna minib təxminən 35-40 dəqiqəyə Yasamal rayonu, Moskva prospekti 75A ünvanında yerləşən avtobus dayanacağına gəlmişlər. Orada o, və atası qeyd olunan ünvanda yerləşən avtobus dayanacağında düşüb Səbail rayonuna getmək üçün 65 nömrəli xətt avtobusunu gözləməyə başlamışlar. Onlar orada dayanıb təxminən bir neçə dəqiqə 65 nömrəli xətt marşurutunu gözləyən zaman görmüşdür ki, ağ rəngli "Daewoo” markalı, 67 nömrəli xətt marşurutuna məxsus avtobus Bakı Beynəlxalq Avtovağzal istiqamətindən gəlib onlara təxminən 10 metr qalmış dayanacaqda saxlayıb sərnişin düşürdüb mindirir. Bundan sonra həmin “Daewoo” markalı, 67 nömrəli xətt marşurutuna məxsus avtobus üzü “20 Yanvar” metro stansiyası istiqamətində hərəkətə başlayaraq irəliləyərkən həmin avtobusun qarşısında olan piyadalar qaçışmağa başlamışlar. Bu zaman həmin avtobusun onları əzməməsi üçün o geri çəkilib atası Qabilidə geri çəkmək istəyərkən artıq həmin “Daewoo” markalı, 67 nömrəli xətt marşurutuna məxsus avtobus sağ ön hissəsi ilə atasını vurub avtobusla yolun kənarında olan beton səddin arasında sıxmaqla fırladaraq təxminən 3 metrə məsafədə sürütləyib alt hissəsinə salaraq dayanmışdır. Bundan sonra o və ətrafdakılar dərhal atasının köməyinə gedərək avtobusu bir qədər kənara basıb atası Qabili avtobusun altından çıxardıb orada olan kioskun qarşısında uzatmışlar. Həmin vaxt o, görmüşdür ki, artıq atası ölmüşdür. Bir qədər sonra hadisə yerinə gəlmiş təcilli tibbi yardım xidmətinin həkimləri də atasına yaxınlaşan zaman artıq atasının öldüyünü bildirmişlər. Bu zaman hadisə yerində olan polis əməkdaşları müvafiq sənədləşmə işləri apardıqdan sonra atasının meyidini məhkəmə tibbi ekspertiza mərkəzinin morquna aparmışlar. Orada ekspertlər atasının meyidini müayinə etdikdən sonra meyidi ona təhvil vermişlər. Oda atasının meyidini aparıb anadan olduğu Cəlilabad rayonu Günəşli kəndində yerləşən qəbiristanlıqda dəfn etmişdir. O, baş vermiş hadisəni təsadüfi yol-nəqliyyat hadisəsi hesab edir. “Daewoo BS090” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtobusun törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində o, heç bir bədən xəsarəti almamış, həmin hadisə zamanı yalnız atası Qabil Nağıyev xəsarət alaraq ölmüşdür. Başqa kimlərin xəsarət almasını görməmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsini törədərək atası Qabil Nağiyevin ölümünə səbəb olmuş avtobus sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Həmin vaxt qeyd olunan avtobus yeni yerindən hərəkətə başladığı üçün təxminən surəti saatda 15-20 kilometr olarmış. “Daewoo BS090” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtobusu hərəkətə gətirdikdən sonra bir başa onların üstünə gəldiyi üçün o, sürücünün əyləc sistemindən istifadə edib etməməsini bilməmişdir. Hadisə avtobus dayanacağının yanında olduğundan orada çoxlu sayda tanımadığı şəxslər olmuşdur. Hadisə yerində yol örtüyü düz, quru asvalt olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən hadisə ilə bağlı onlara dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur, təqsirləndirilən şəxsin cəzalanmasını istəmir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun 30 ədəd özünə məxsus “Daewoo BS090” markalı avtobusu vardır. O, həmin avtobuslarını müxtəlif sərnişin daşıma şirkətlərinə icarəyə verib. “Daewoo BS090” markalı, **- VH-*** dövlət qeydiyyat nişanlı avtobus ona məxsudur. O, həmin avtobusu xx.xx.2020-ci il tarixdə bağladığı “avtonəqliyyat vasitəsini icarəyə götürmə haqqında” müqaviləyə əsasən “xxxx” MMC-yə aylıq 350 manat pul müqabilində icarəyə vermişdir. Həmin icarə müqaviləsinin şərtlərinə uyğun olaraq, ona məxsus avtomobillərdə yaranmış naszalıqların aradan qaldırılması onun öhdəliyindədir. xx.xx.2020-ci il tarixdə “xxxx” MMC-nin direktoru Şahid2 ona zəng edərək icarə üçün “xxxx” MMC-yə verdiyi “Daewoo BS090” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtobusunun sürücüsü Polad Ramizovun həmin gün saat 07 radələrində Yasamal rayonu, Moskva prospektində yol nəqliyyat hadisəsi törədərək bir nəfər kişi cinsindən olan şəxsin ölümünə səbəb olduğunu bildirmişdir. O, Şahid2 avtobusun vəziyyətinin nə yerdə olduğunu soruşduqda sonuncu ona bildirmişdir ki, həmin yol nəqliyyat hadisəsi zamanı avtobusun bir neçə detalı zədələnmiş və hazırda Yasamal RPİ-nin yanındakı cərimə meydançasında saxlanılır. Bundan sonra o, özüdə Yasamal RPİ-dən hadisə barəsində maraqladıqda ona məlumat verilmişdir ki, avtobus cərimə meydançasında saxlanılır və təyin olunmuş ekspertizanın cavabı alındıqdan sonra təmir olunması üçün ona qaytarılacaqdır. Həmin yol nəqliyyat hadisəsi zamanı ona təxminən 1100 manat məbləğində maddi ziyan dəymişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı ona məxsus “Daewoo BS090” markalı, **-VH- *** dövlət qeydiyyat nişanlı avtobusun zədələnməsi nəticəsində ona dəymiş 1100 (bir min yüz) manat maddi ziyanla bağlı onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. O, özünə məxsus “Daewoo BS090” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtobusu “xxxx” MMC-yə saz vəziyyətdə təhvil vermiş və həmin şirkətdə avtobuslar hər gün texniki baxışdan keçirilərək saz vəziyyətdə olması müəyyən edildikdən sonra işə buraxıldığı üçün düşünür ki, Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün yalan danışır. O, özünə məxsus “Daewoo BS090” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtobusa xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın xx.xx.2020-ci il tarixli, 9/5083 nömrəli ekspert rəyində göstərilən qiymətlərlə dəyərləndirilməsi ilə razıdır. Təqsirləndirilən şəxs tərəfindən hadisə ilə bağlı onlara dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur, təqsirləndirilən şəxsin cəzalanmasını istəmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi Qanuni nümayəndə izahatında bildirdi ki, o, “xxxx” MMC-də sığorta məsələləri üzrə nümayəndə işləyir. “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus onun işlədiyi “xxxx” MMCyə məxsusdur. Həmin avtobus şirkətin istifadəsində olan 119 nömrəli xətt marşurutunda istifadə olunur. “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus yol vərəqi əsasında “CD” kateqoriyalı sürücülük vəsiqəsinə sahib Şahid1 tərəfindən idarə olunur. xx.xx.2020-ci il tarixdə o, işdə olan zaman “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid1 ona zəng edərək Yasamal rayonu, Moskva prospektində avtobus dayanacağına daxil olmaq üçün gözləyən zaman anidən arxadan gələn 67 nömrəli xətt marşurutuna məxsus “Daewoo BS090” markalı avtobusun sol tərəfi ilə onun idarə etdiyi avtobusun sağ tərəfindən vurub avtobusu zədələdiyini bildirmişdir. O, Şahindən həmin yol nəqliyyat hadisəsi nəticəsində şirkətə məxsus “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun hansı detallarının zədələndiyini soruşduqda Şahin ona bildirmişdir ki, idarə etdiyi avtobusun 03 ədəd yan şüşəsi və 01 ədəd yan güzgüsü sınmış, dəmir hissəsinin isə sürtülmə nəticəsində rəngi getmişdir. Qeyd olunan yol nəqliyyat hadisə ilə bağlı şirkətə məxsus “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu “Səfa Trans” avtoservisində təmir üçün göstərən zaman müəyyən edilmişdir ki, avtobusa dəymiş ziyanın məbləği dəyişməli və təmir olunmalı hissələri ilə birlikdə 1060 manatdır. Şirkətə məxsus “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş maddi ziyanın xx.xx.2020-ci il tarixli 9/5082 nömrəli məhkəmə əmtəəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətlə yəni 420 manat məbləğində dəyərləndirilməsinə heç bir etirazları yoxdur. xx.xx.2020-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri Yasamal rayonu Moskva prospektində 67 nömrəli xətt marşurutunda fəaliyyət göstərən “Daewoo BS090” markalı, **- VH-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” MMC-yə məxsus “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş 420 manat maddi ziyanla bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, o, 1990-cı ildən “CD” kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. O, 2015-ci ildən “xxxx” şirkətinə məxsus 119 nömrəli xətt marşurutunda sürücü kimi işləməyə başlamışdır. Onun sürücü işlədiyi 119 nömrəli xətt avtobusunun marşurutu Abşeron rayonu, Quşçuluq massivi adlanan yerdən başlayır və “M.Əcəmi” metro stansiyasının qarşısında başa çatır. O, hər gün saat 05:30-da avtobusları saxladıqları Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən avtobus parkı adlı yerdə yerləşən qarajda olur. xx.xx.2020-ci il tarixdə saat 05:30-da o, həmin qaraja gəlib orada tibbi müayinədən keçdikdən sonra yol vərəqəsi əsasında ona təhkim olunmuş “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu götürüb həmin gün saat 07:03-də sərnişin daşınması üçün xətdə çıxmışdır. O, qeyd etdiyi avtobusu idarə edərək Bakı Beynəlxalq Avtovağzalının yanından “Şamaxinka” istiqamətdində öz hərəkətini davam etdirib Yasamal rayonu, Moskva prospektinə daxil olaraq sərnişinləri düşürmək üçün yolun sağ tərəfində yerləşən avtobus dayanacağına tərəf idarə etdiyi avtobusla irəliləmişdir. Lakin həmin an onun qarşısında taksi olduğundan o, dayanacağa tam daxil ola bilməyib taksinin getməsini gözləmişdir. Bu zaman anidən 67 nömrəli marşurut avtobusunun onun sağ tərəfi ilə sürtülərək irəli getdiyini görmüşdür. Həmin 67 nömrəli xətt marşurutunun sol yan güzgüsü onun avtobusumun sağ arxa şüşəsidə daxil olmaqla 3 şüşəsini və sağ yan güzgüsünü sındırıb bir qədər qabağa gedərək onun idarə etdiyi avtobusla sağ tərəfdə yerləşən beton səkiyə sıxışıb dayanmışdır. O, dərhal idarə etdiyi avtobusun salonuna baxış keçirdərək müəyyən etmişdir ki, avtobusda olan sərnişinlərdən heç kim xəsarət almamışdır. Bundan sonra o, sərnişinləri təhlükəsiz şəraitdə avtobusdan düşürüb yola salmış və xəsarət alanın olub-olmamasını öyrənmək üçün hadisəni törətmiş avtobusun yanına getmişdir. O, hadisəni törətmiş avtobusun yanına çatanda görmüşdür ki, təxminən 60 yaşlarında kişi cinsindən olan bir nəfər şəxs həmin avtobusun altından çıxarılıb orada yerləşən kioskün qarşısında uzandırılmışdır. Hadisə yerinə gəlmiş təcili tibbi yardım xidmətinin əməkdaşları həmin şəxsə müayinə etmək üçün yaxınlaşdıqda artıq onun öldüyünü bildirmişlər. O, orada başqa kimin xəsarət almasını görməmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək müvafiq sənədləşmə işləri aparmışlar. Hadisə zamanı onun idarə etdiyi avtobusda təxminən 20-25 nəfər sərnişin olsa da həmin sərnişinlər və o heç bir bədən xəsarəti almamışdır. O, hadisə baş verdikdən sonra avtobusdan düşüb hadisə yerinə gedərkən bir nəfər təxminən 60 yaşlarında bir kişinin avtobusun altından çıxarılaraq kioskün yanında uzandırıldığını görmüşdür. Hadisə yerində yol örtüyü düz, quru asfalt olmuşdur. Hadisə baş verdiyi yer avtobus dayanacağı olduğu üçün orada çoxlu sayda tanımadığı şəxslər olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 1972-ci ildə Abşeron rayonunda anadan olub orada böyümüşdür. Azərbaycan dilində sərbəst şəkildə yazıb oxumağı bacarır. xx.xx.2020-ci il tarixdə saat 07:40 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində avtobus dayancağında dayanıb işə getmək üçün 7A nömrəli xətt marşrutunu gözləyirmiş. O, həmin xətt avtobusunu gözləyən zaman marşrutun bir qədər gecikdiyini görüb qarşısında dayanmış 67 nömrəli xətt avtobusunun qabağına keçib sol tərəfə yəni Bakı Nəqliyyat Agentliyi tərəfə baxıb 7A nömrəli xətt marşrutunun gəlib-gəlmədiyini öyrənməyə çalışmışdır. Həmin vaxt onun yanında 119 nömrəli avtobus da dayanıbmış. Bu zaman anidən 67 nömrəli avtobus hərəkətə başlamışdır. O, iki avtobusun arasında qalmamaq üçün üzü dayanacağa doğru çevrilib böyrü üstə durmuşdur ki, avtobuslar onu aralarında sıxmasın. Bu zaman 67 nömrəli xətt avtobusunun sol tərəfi onun sağ sifət nahiyəsindən dəyərək onu yerə yıxdıqdan sonra bir qədər irəliyə gedib beton səddə dəyərək dayanmışdır. Həmin vaxt onun başına çoxlu sayda tanımadığı şəxslər yığışıb sağ qaş üstü gicgah nahiyəsinin qanadığını görərək, hadisə yerinə təcili tibbi yardım avtomobili çağırmışlar. Təcili tibbi yardım avtomobili ilə gələn həkimlər ona ilk tibbi yardım göstərərək 3 saylı Sabunçu şəhər xəstəxanasına aparmışlar. Həmin hadisə zamanı “Daewoo BS090” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtobus onu sol tərəfi ilə sağ sifət nahiyəsindən vuraraq yerə yıxmış və nəticədə o, sağ qaş üstü nahiyəsi və yerə yıxılan zaman isə sol ayağının burulması səbəbindən həmin ayağının sol çöl hissəsi şişərək xəsarət almışdır. O, həmin vaxt şok vəziyyətində olduğundan başqa kimlərin xəsarət almasını görməmişdir. Həmin hadisə zamanı ilk o, xəsarət aldığı üçün onun ətrafına çoxlu sayda tanımadığı şəxslər toplaşmış, bu səbəbdən o, qeyd olunan avtobusun ondan başqa kimləri vurub xəsarət yetirməsini görməmişdir. Hadisə avtobus dayanacağının yanında olduğundan orada çoxlu sayda tanımadığı şəxslər olmuşdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 161 saylı rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: Ürək kisəsinin, qalxan aortanın, sağ ağ ciyərin, qaraciyərin və dalağın travmatik cırılmaları, sağ ön qoltuqaltı xətt üzrə İİİ-İV-V-Vİ- Vİİ-Vİİİ, sağ arxa qoltuqaltı xətt üzrə İ-İİ-İİİ-İV- V-Vİ, sol ön qoltuqaltı xətt üzrə İİİ- İV-V-Vİ-Vİİ-Vİİİ, sol arxa qoltuqaltı xətt üzrə İV-V-Vİ-Vİİ-Vİİİ- İX qabırğaların, çanaq sümüklərinin sınıqları, sol bud sümüyünün və sağ baldır sümüklərinin açıq sınıqları, alın nahiyəsinin əzilmiş yarası. Bu xəsarətlər həyati olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən avtoqəza nəticəsində avtobusun hissələrinin təsirindən törənə bilərdi, dərəcəsinə görə ümumilikdə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. X1 ölümünə səbəb almış olduğu yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik və hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitinin meyitxanadakı müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. X1 meyiti üzərində avtomaşın təkərinin keçməsinə uyğun əlamətlər aşkar edilmədi. X1 meyitindən götürülmüş qanda etil spirti və ya narkotik maddələr aşkar edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 935 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspert müayinəsi zamanı almış olduğu xəsarət - sol ayağın qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə piyada qismində olan zaman hərəkətdə olan avtomaşın hissələrinin dəyməsi ilə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Göstərilən xəsarətin şəxsin özü tərəfindən, eləcə də yıxılma nəticəsində törənməsi inkar olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 8/2074 nömrəli rəyinə əsasən “Daewoo BS 090” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtobusun tormuz və sükan sistemləri hadisədən əvvəl saz vəziyyətdə olmuşdur. Yəni avtobusun tormuz və sükan sistemlərinin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Daewoo BS 090” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə təyin edlmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 dekabr 9/5082 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, xx.xx.2020-ci il tarixli ziyan aktında olan məlumatlara əsasən 2011-ci il buraxılşlı, “Daewoo BS090” markalı, 10- TG-728 dövlət qeydiyyat nişanlı avtobusun (vaqon 24+1) təmir bərpa xərci təxminən 420,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti -360,00 manat; təmir-bərpa işlərinin qiyməti- 60,00 manat. İş üzrə təyin edlmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 dekabr 9/5083 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, xx.xx.2020-ci il tarixli qüsur aktında olan məlumatlara əsasən 2012-ci il buraxılşlı, “Daewoo BS090” markalı, 90- VH-383 dövlət qeydiyyat nişanlı avtobusun (vaqon 24+1) təmir-bərpa xərci təxminən 1105,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti -935,00 manat; təmir-bərpa işlərinin qiyməti- 170,00 manat. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərə dəyən ziyan ödənilib, zərərçəkən tərəfin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, tərəflər barışmışlar. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, ailəli olmasını, hadisədən bilavasitə sonra dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsin hüquqi varisi ilə və digər zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinə və digər zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkən şəxslərin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, təqsirləndirilən şəxsin 59 yaşının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış “Daewoo BS090” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı və Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusların sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. Yol-nəqliyyat hadisəsini qeydə alan “xxxx” MMC-yə məxsus “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusa quraşdırılmış müşahidə qurğusunun 1 və 2-ci kameralarının qeydə aldığı içərisində xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüləri olan 01 ədəd DVD disk, “Təhlükəsiz Şəhər Xidmətinin” TŞ 2-036 nömrəli müşahidə qurğusunun 2-ci kamerasının qeydə aldığı içərisində baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüləri olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “Daewoo BS090” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı və Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusların sahiblərinə geri qaytarılması nəzərə alınsın. Yol-nəqliyyat hadisəsini qeydə alan “xxxx” MMC-yə məxsus “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusa quraşdırılmış müşahidə qurğusunun 1 və 2-ci kameralarının qeydə aldığı içərisində xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüləri olan 01 ədəd DVD disk, “Təhlükəsiz Şəhər Xidmətinin” TŞ 2-036 nömrəli müşahidə qurğusunun 2-ci kamerasının qeydə aldığı içərisində baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüləri olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” vəkil bürosunun vəkili X10 ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X8 ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-99/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-99/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver