Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-99/2023 02.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(004)-446/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri «Şamaxinka» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,989 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manata alıb, əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 19:10 dəqiqədə ünvan 2 ünvanda Yasamal RPİ-nin 29-cu PŞnin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, 29-cu PŞ-ə gətirilmiş və üzərində axtarış və götürmə aparılan zaman, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,989 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, 10 ilə yaxındır ki, narkotik vasitə qəbul etmişdir. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə günorta saatlarında «Şamaxinka» adlanan ərazidən üzdən tanıdığı,lakin şəxsi anket məlumatlarını bilmədiyi şəxsə 20 manat verib,1 ədəd kağıza bükülü halda olan kakos-heroin almışdır. Axşam saat 19 radələrində İnşaatçılar metrosunun yaxınlığında A.Şərifzadə küçəsi 134 saylı ünvanda olarkən ona iki nəfər polis əməkdaşı yaxınlaşmışdır. Polis əməkdaşları ilə birlikdə Yasamal RPİ 29-cu PŞ-ə gəlmişdir. Bölmədə xidməti otaqların birində üzərinə hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə baxış keçirilmişdir.Baxış zamanı polis əməkdaşları üzərində qeyri qanuni nə varsa çıxarıb təqdim etməyi bildirmişlər. Əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kağıza bükülü heroini könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 07 oktyabr 2022-ci il tarixdə saat 19:10-da ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılmışdır. Onu Yasamal RPİ 29-cu PŞ-ə dəvət etmişdirlər. Xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükülü çıxarıb təqdim etmiş,bükülüyə baxan zaman toz şəkilli qəhvəyi rəngli olan maddə aşkar edilmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yasamal RPİ 29-cu PŞ-nin sahə inspektoru Şahid2, eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 oktyabr 2022-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində axtarış və götürülmə aparılan zaman o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,989 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir (səh. 34-35). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 07 oktyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təhqiqatçı tərəfindən AR CPMnin 246-cı maddəsində nəzərdə tutulan tələblər səsləndirildikdən sonra Təqsirləndirilən şəxs üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd siqaret falqasına bükülünü çıxarıb təqdim etməsi müşahidə olunur. Təhqiqatçı tərəfindən bunun nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükülünün içərisində «kakos» yəni narkotik vasitə heroin olduğunu, həmin maddəni səhər saatlarında «Şamaxinka» adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını, həmin maddənin özünə məxsus olmasını bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilmədi. Təhqiqatçı Y.Ağayevin sualına cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs və vəkil E.Qədimi tərtib ediləcək protokola görə vəsatət və şikayətlərinin olmadığını bildirdilər.Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddə görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir, iştirakçılar tərəfindən imzalanır. Bundan sonra heç bir sual, əlavə və qeyd olmadığından şəxsi axtarış və götürmə aparılması başa çatmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in verdiyi 08 oktyabr 2022-ci il tarixli 6/5797 saylı rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs (İmza) ...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,989 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Heroinin təmiz çəkisi - 0,989 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 0,889 qram). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş" Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir (səh. 42-46). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburinarkoloji tibbi yoxlamasına dair xx.xx.2022-ci il tarixli 6629 nömrəli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi lə nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qediyyata alınması məsləhət görülür (səh. 95-96). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif vaxtlarda AR CM-nin 234.1-ci maddəs ilə 5 dəfə məhkum olunmuş,sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə Yasamal rayon məhkəməsi tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur (səh. 75-77,97-104). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 oktyabr 2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan və 28 noyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi tədqiqata təqdim edilmiş təmiz çəkisi 0,989 qram narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, qalıq qalmış 0,889 qram heroin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilmiş və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən videogörüntüləri əks etdirən 1 ədəd «DVD» markalı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (səh. 87,97-109) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 oktyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 07 oktyabr 2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur (səh. 24). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh. 69-73). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. İş materiallarında olan tələbnamədən və hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Yasamal rayon məhkəməsi tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. İş materiallarından da göründüyü kimi, əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçmədən yenidən hazırda ittiham olunduğu cinayəti törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin resedivi halını yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan 0,889 qram narkotik vasitə-heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 1(004)-608/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Mərkəz Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,889 qram narkotik vasitə-heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Maliyeviçin vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-99/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-99/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver