Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-1/2024 07.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Vüqar Tofiq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-1030/2023 nömrəli, 11 dekabr 2023cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət baxılması üçün X3 redaktoru olduğu “Hürriyət” qəzetinin hüquqi ünvanı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İşin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, böhtan və təhqir hesab edilən məlumatlar X6 tərəfindən “Youtube” və “TikTok” sosial şəbəkələrindən yayılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab etmişdir ki, X3 barəsində böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılmalı olmasını, redaktoru olduğu “Hürriyyət” qəzetinin hüquqi ünvanının Bakı şəhəri Nərimanov rayonunda yerləşdiyindən şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş xüsusi ittiham qaydasında şikayət üzrə materiallar diqqətlə nəzərdən keçirərkən müəyyən edilir ki, həqiqətən də “Hürriyyət” qəzetinin hüquqi ünvanı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin yurisdiksiyasına aiddir, lakin xüsusi ittiham qaydasında verilmiş şikayətdə göstərilən məlumatlar həmin qəzetdə deyil, “Youtube” və “TikTok” sosial şəbəkələrində yayımlanmışdır. Həmin sosial şəbəkələrin hüquqi ünvanları Azərbaycan Respublikasının ərazisində yerləşmir. Beləliklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarındakı həmin əsaslandırmaya haqq qazandıran həm qərarda göstərilən hüquqi əsasla, həm də faktiki əsasla razılaşıla bilinməz. Ona görə ki, hüquqi əsaslandırma kimi qərarda Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair müddəaya istinad edilib. Lakin həmin istinad düzgün tətbiq edilməyib. Çünki Ali Məhkəmənin Plenumunun həmin qərarının 12-ci bəndində qeyd edilmişdir ki: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Beləliklə Ali Məhkəmənin Plenumunun həmin qərarını və CPM-nin 74-cü maddəsini nəzərə alındığı təqdirdə, xüsusi ittiham qaydasında şikayətdə göstərilən böhtan və təhqir hesab edilən məlumatların xaricdə qeydiyyata alınan (“Youtube” və “TikTok” sosial şəbəkələri) kütləvi informasiya vasitələrində yayıldığından, yalnız bu hal ərazi aidiyyətinin müəyyən edilməsində əsas götürülməlidir. Çünki şikayətdə qeyd edilən əməl “Youtube” və “TikTok” sosial şəbəkələrində yayılmaqla törədilmiş olur. Bununla da “Youtube” və “TikTok” sosial şəbəkələrinin hüquqi ünvanları hazırkı iş üzrə əhəmiyyət kəsb edir. Xüsusi ittiham qaydasında şikayət hansı məhkəməyə daxil olmuşdursa, həmin məhkəmə ərazi aidiyyətini müəyyən etməlidir, bununla əlaqədar araşdırma aparmalıdır. Lakin hazırkı xüsusi ittiham qaydasında şikayət üzrə ərazi aidiyyətinin müəyyən edilməsində “Youtube” və “TikTok” sosial şəbəkələrinin hüquqi ünvanının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir, lakin bu barədə hər hansı bir araşdırma aparılmadan, iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Belə bir vəziyyətdə ərazi aidiyyətinin müəyyən edilməsinə dair Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Hazırkı vəziyyətdə barəsində şikayət verilmiş şəxsin yaşayış yeri Nərimanov rayon ərazisi olmadığı üçün hazırkı şikayətə Nərimanov Rayon Məhkəməsində baxıla bilməz. İş materiallarından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 ünvan 5 ünvanında yaşayır. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayət barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlər Sabunçu Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxsin bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 77-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayəti ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-1/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-1/2024
07.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver