Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-10/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Nizami rayonu, X3, ev 16, mənzil 18 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgəyə məxsus əmlakı gizli olaraq talamaq məqsədi ilə 06 mart 2022-ci tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə kirayə yaşaydığı ünvan 2 ünvanında sonuncuya məxsus idman çantasından 600 ABŞ dolları, həmin dövr üçün dollara olan məzənnəsi ilə 1020 manat pulunu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 20 fevral 2022-ci il tarixdə özünə iş axtarmaq üçün Gəncə şəhərindən Bakı şəhərinə gəlmiş və Nərimanov rayonu, H.Mirzəyev küçəsində yerləşən evlərin birində hər ayı 60 manat olmaqla kirayə qalmağa başlamışdır. Həmin müddət ərzində işləri olmadığı üçün 03 mart 2022-ci il tarixdə qaldığı evdən dalan 2, ev 2-də kirayə yaşamaq üçün müraciət etmişdir. Yeganə xanımla hər ayı 60 manata razılaşmış və bildirmişdir ki, ilkin 30 manat, ayın sonunda isə yerdə qalan 30 manatı ödəyəcəkdir. Həmin günü Yeganə xanım onu sonradan tanıdığı Zərərçəkmiş şəxs qaldığı evə aparmış və onu Baxcalı ilə tanış edib sabahdan onunla bir yerdə qalacağını demişdir. Səhəri gün 04 mart 2022-ci il tarixdə Yeganə xanım ona evin açarını təqdim etmiş və evi açıb əşylarını yığıb yaşamağa başlamışdır. Otaq yoldaşı Baxcalı hər gün səhər çıxıb axşam saatlarında evə gəlmiş, o, isə çıxıb özünə iş axtarmışdır. 06 mart 2022-ci il tarxdə Baxcalı işə getdikdən sonra Baxcalının idman çantasını axtarmağa başlamış və çantada 600 ABŞ dolları pulun olduğunu görmüşdür. Həmin ərəfədə anasının xəstəliyinə görə pula ehtiyacı olduğundan həmin 600 ABŞ dolları pulu gütürüb heç kimə məlumat vermədən əşylarını qoyub oradan Gəncə şəhərinə getmişdir. Baxcalıdan oğurladığı pulu Gəncə şəhərində anasının xəstəliyinə xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 yanvar 2022-ci il tarixdə Bakı şəhərinə gəlib ayı 60 manata olan Nərimanov rayonu H.Mirzəyevküçəsi dalan 2, ev 2-də kirayə yaşamağa başlamış, özü isə Ə.Rəcəbi küçəsində tikilməkdə olan «Asan» xidmətdə rəngsaz işləmişdir. Belə ki, 27 dekabr 2021-ci il tarixdə Qazax rayonunda olarkən özündə olan 1021 manat 50 qəpik azərbaycan manatını "xxxx"-da 600 ABŞ dollarına dəyişib özü ilə Bakı şəhərinə gətirib kirayə yaşadığı evdə qara rəngli idman çantasına qoyub saxlamışdır. 04 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs gəlib onunla eyni otağda yaşamağa başlamışdır. 07 mart 2022-ci il tarxdə yaşadığı evə gələrkən Təqsirləndirilən şəxs özünə məxsus əşylarını evdə qoyaraq çıxıb getməsini görmüş, təxminən 4 gün keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs evə geri qaytmamışdır. 10 marı 2022-ci il tarixdə öz əşylarına baxış keçirərkən idman çantasında saxladığı özünə məxsus 600 ABŞ dollarının yoxa çıxdığını görmüşdür. O, artıq başa düşmüşdür ki, ona məxsus 600 ABŞ dollarını birlikdə yaşayan Təqsirləndirilən şəxs oğurlayıb çıxıb getmişdir. O, dərhal pulunun oğurlanması barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonda zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu və mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 9-10-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır. Baxış keçirilən ev həyət evidir, Çermet qəsəbəsində yerləşir. Bir otaqlı həyət evidir. Giriş qapısından daxil olarkən otaqda iki yataq dəsti, bir stol, 2 ədəd stul, bir ədəd şkaf güzgü var. Cinayət işinin 45-59-cu vərəqələrində olan Tovuz Rayon Məhkəməsinin 1(062)- 37/2018 saylı, 28 dekabr 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs 28 iyun 2017-ci il tarixdən 24 yanvar 2018-ci il tarixədək həbsdə qaldığı 06 (altı) ay 26 (iyirmi altı) gün təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 04 (dörd) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından həbsə alınması, cəzasının əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin 65-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin 75-76-cı vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 97-ci vərəqində olan “Təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirnin seçilməsi və MSYdən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-421/2022 nömrəli qərından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs ona dəyən ziyan 600 ABŞ dolları məbləğində pulun alınıb ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması barədə” 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Qazax rayon şöbəsinin xx.xx.2021-ci il tarixli xarici valyutanın satışı barədə əməliyyat cədvəlindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 1021 manat 50 qəpik ödənilməklə 600 ABŞ dolları satın alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 3-16-17/40/2-6559/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Tovuz Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 02 (iki) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da (Tovuz Rayon Məhkəməsinin 1(062)-37/2018 saylı, 28 dekabr 2018-ci il tarixli hökmü ilə), onun hazırki iş üzrə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, uzun müddət məhkəmədən yayınması, barəsində məhkəmə tərəfindən elan edilmiş axtarış əsasında tutulması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsi və sonuncunun ondan şikayətçi olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, uzun müddət məhkəmədən yayınması, barəsində məhkəmə tərəfindən elan edilmiş axtarış əsasında tutulması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsi və sonuncunun ondan şikayətçi olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki iddia verərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində vurduğu maddi ziyana görə 600 (altı yüz) ABŞ dolları məbləğində pulun onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin xüsusilə qeyd etməyi zəruri hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Qazax rayon hərbi komissarlığı tərəfindən verilmiş 043487 saylı, xx.xx.2000-ci il tarixli Vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Zərərçəkmiş şəxs müharibə veteranıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs maddi zərərə görə 600 ABŞ doları (həmin dövr üçün ABŞ dollarına olan məzənnəsi ilə 1020 manat) tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs maddi zərərə görə 600 ABŞ doları (həmin dövr üçün ABŞ dollarına olan məzənnəsi ilə 1020 manat) tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs ödənilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-10/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-10/2024
22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver