Məhkəmə qərarları › İş №1(005)-100/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-100/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-100/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 mənzil 43 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, Teymur Mustafayev küçəsi, ev 24 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 02 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə etdiyi “Mitsubishi” markalı xüsusi təyinatlı, evakuator tipli ** KN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Ziya Bünyadov prospekti 2074 ünvanda yerləşən “Socar” YDM-nin qarşısından keçən hissəsində üzü “Koroğlu” metrostansiyası istiqamətində 70 km/saat sürətlə 6 cərgəli hərəkət zolağının soldan 1-ci hərəkət cərgəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, yolun sağından soluna keçməkdə olan piyada Zərərçəkmiş şəxs hərəkət hissəsində təhlükə yaratdığını gördükdə avtomobili dayandırmağa kifayət qədər məsafə olduğu halda dayandıra bilməyib avtomobilin qabaq sağ hissəsi ilə piyadanı vurmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmişin ağır dərəcəli travmatik şok və komatoz vəziyyətlə müşayiət edilən sol tərəfli hemotoraks, sol İİ-Xİİ qabırğaların qapalı yerdəyişmiş sınıqları, dəri altı emfizema, alt çənə və burun sümüklərinin qapalı sınıqları, sol qalça qasıq, sağ qasıq və sağ oturaq sümüklərinin yerini dəyişən qapalı sınıqları, ənsə nahiyəsinin, qulaq seyvanının əzilmiş yaraları, sağ dirsək oynağının arxa səthinin, sağ saidin yuxarı üçdə birinin arxa səthinin, sol əlin V əl daraq falanqasının arxa səthinin, sol bud-çanaq oynağının bayır səthinin sıyrıqları, sol qalça tinin qançır və sıyrıqları xəsarətləri alaraq xx xxxxxxxx 2020-ci ildə xəstəxanada ölməsinə səbəb olmuşdur. Bununla da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Mitsubishi” markalı, “Evakuator” tipli ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X2 xx xxxxxx 2020-ci il tarixdə icarəyə götürmüş, “8200” adı altında evakuator xidməti kimi fəaliyyət göstərən şirkətlə müqavilə bağlayaraq işləməyə başlamışdır. Şirkətdə fəaliyyət göstərdiyi dövr ərzində xidmət ona sifariş yönəldir, qarşılığında hər sifarişdən əldə edilən gəlirin 20 faizi ona qalır. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 02 radələrində sifariş daxil olduğundan, idarə etdiyi markası və dövlət qeydiyyat nişanı qeyd olunan evakuatorla Nərimanov rayonu ərazisində yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığından çıxıb, yaxın vuran işıqla, süni işıqlandırılmış yolla, quru havada Ziya Bünyadov prospekti ilə üzü “Koroğlu” metrostansiyası istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt evakuatorda sərnişin, eyni zamanda hər hansı yük də olmamışdır. Saat 02 radələrində qeyd etdiyi istiqamətdə, yolun sağ tərəfində yerləşən “Socar” YDM-in yanında 70 km/saat sürətlə soldan birinci hərəkət zolağında hərəkətdə olan zaman bir nəfər qəfildən idarə etdiyi evakuatorun qarşısına çıxmış və ani olaraq idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə həmin şəxsi vurmuşdur. Zərbənin təsirindən həmin şəxs eyni hərəkət istiqamətində sağ hərəkət zolağına düşmüşdür. Baş vermiş məlum yol-nəqliyyat hadisəsi nəticəsində özü xəsarət almamış, vurduğu piyada isə hadisə yerində yerə uzanıqlı vəziyyətdə qalmış və daha sonra çağırdığı təcili yardım vasitəsilə vurduğu şəxs xəstəxanaya çatdırılmışdır. Yol-nəqliyyat hadisəsi ani vaxt ərzində baş verdiyindən, hər hansı təhlükəsizlik tədbirindən istifadə edə bilməmişdir. Həmin vaxt eyni istiqamətdə yolun orta və sağ hərəkət zolaqları ilə də avtomobillər hərəkət edərək onun piyadanı daha öncədən görməyinə mane olmuş, vurmuş olduğu şəxs ondan sağ zolaqda hərəkət edən minik avtomobilinin arxasından çıxaraq onun idarə etdiyi evakuatora tərəf gəlmiş, həmin piyadanı yalnız idarə etdiyi evakuatorun ön sağ tərəfi ilə vurmağına 1,5 metr məsafə qalarkən görmüşdür. Buna görə də ümumiyyətlə əyləcdən istifadə etməyə fürsət tapmamışdır. Yalnız piyadanı vurduqdan sonra idarə etdiyi nəqliyyat vasitəsini dayandıra bilmişdir. Həmin şəxs hərəkətdə olduğu istiqamətdə yolun sağ tərəfində yerləşən “Socar” YDM-nin çıxışından yolun digər hissəsinə keçirdi. Orada piyadalar üçün nəzərdə tutulmuş zolaq yoxdur. Hətta bir neçə metr əvvəl yerüstü piyada keçidi olduğu halda piyada yolu avtomobillər üçün nəzərdə tutulmuş hissə ilə keçmişdir. O, hadisə baş verən zaman piyadanın sərxoş olduğunu düşünür. Yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili saz vəziyyətdə olmuşdur. Ümumiyyətlə o, alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etmir. Sol zolaqda hərəkətdə olarkən sadəcə olaraq qarşısına baxmış, yola bütünlükdə baxmamışdır. Yolun sağ hərəkət hissəsinə diqqət yetirməmişdir. Piyadanın yolu keçməsinə ümumiyyətlə fikir verməmişdir. Piyadanı sadəcə olaraq özündən sağdakı zolağın ortasında olarkən görmüş və ani olaraq avtomobili dayandıra bilməmişdir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun kiçik qardaşıdır. Şiralı uzun illər bundan öncə Bakı şəhərinə köçərək orada yaşamağa başlamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları onunla əlaqə saxlayaraq qardaşının baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini və bu səbəbdən də ailə üzvlərinin Nərimanov rayon Polis İdarəsinə yaxınlaşmağını bildirmişlər. Bundan sonra o, Məhkəmə Tibbi Ekspertiza birliyinin Nərimanov rayon şöbəsinə getmiş və oraya gələn polis əməkdaşının iştirakı ilə qardaşının meyiti ona tanınmaya təqdim edilmiş və o, qardaşını üz quruluşundan, sifətindəki xaldan, eləcədə çənə nahiyəsindəki çapıq izindən tanımış, onun qardaşı Zərərçəkmiş şəxs Yəsəf oğlu olduğunu təsdiq etmişdir. Onun digər sənədləri olmadığından orta məktəbi bitirməsi ilə bağlı attestatını polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin, ona məlum olmuşdur ki, Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisində keçən hissəsində qardaşını avtomobil vurmuş, bundan sonra qardaşı xəsarət aldığından iki gün xəstəxanada qalmışdır. Həmin vaxt onu vuran avtomobilin sürücüsü, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona kömək etmiş, təcili yardım çağırmış, iki gün ərzində müalicəsinə köməklik etmiş, daha sonra da qardaşının dəfn işlərində yardım göstərmişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın aradan qaldırıldığını, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxxxx 2020-ci il tarixli, 2/14400 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında akt”dan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Yevlax RQİ-7 tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AB seriyalı 605737 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin QİŞ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AD seriyalı 127633 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, “Mitsubishi” xüsusi təiynatlı, “Evakuator” tipli, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r; “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” xx xxxxxx 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X7 mülkiyyətində olan “Mitsubishi” xüsusi təyinatlı, “Evakuator” tipli, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini xx.xx.2021-ci il tarixədək Təqsirləndirilən şəxs etibar etmişdir; “Diskin baxışının aparılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon X9 Şöbəsinin müstəntiqi, polis baş leytenantı X8, tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərurət olduğundan, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə internet saytından “Xəbərlər 24 saat” televiziya proqramında video görüntünün əks olunduğu 01 ədəd CD diskə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 1 ədəd diskin içərisində 01 ədəd fayl vardır. “Xəbərlər 24 saat” proqramının aparıcısı bildirir ki, Bakıda ağır yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınmışdır. 45-50 yaşında kişi yerüstü piyada keçidinin altında qəfildən yola çıxıb. Bu zaman onu Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi” markalı evakuator vurub. Bundan sonra Təqsirləndirilən şəxs ekrana gəlir və o, bildirir ki, “başını əydi, maşın tutdu”. Aparıcı “Onun sərxoş olduğunu deyirdiniz” sualına Təqsirləndirilən şəxs “Fakt aşa-aşa gəlirdi, 2 maşın qaçırtdı, mən qaçırda bilmədim” deyə cavablandırır. Video görüntülərin əks olunduğu diskə baxış ilə əlaqədar protokol tərtib olundu, videodiskdə olan görüntü əhəmiyyət kəsb etdiyindən disk cinayət işinə əlavə edildi; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Meyitin tanınmasının aparılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon X9 Şöbəsinin müstəntiqi, polis baş leytenantı X8, tanıyan - xx xxxxxx 1962-ci ildə, Sabirabad rayonu, Navadan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Türkan qəsəbəsi, Gənclər küçəsi ev 24-də yaşayan X3 iştirakı ilə protokol tərtib etmişdir. İstintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərurət yarandığından, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12:45 dəqiqədə Məhkəmə-Tibbi Ekspertiza və PAETTB-nin Nərimanov rayon şöbəsində, xx xxxxxxxx 2020-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi” markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2074 ünvanda yolu sağdan sola keçərkən vurulmuş və xx xxxxxxxx 2020-ci il tarixdə ölmüş, şəxsiyyəti istintaqa məlum olmayan kişi meyitinin tanınmasını aparmağa başlamışdır. Tanınmalı olan təxminən 45-50 yaşlarında, arıq bədən quruluşlu, çənə nahiyəsində kiçik ölçüdə çapıq olan, sağ yanaq nahiyəsində bir ədəd xal olan, çal saçlı naməlum kişi meyiti X5 tanınmaya təqdim edildi. Ona, həmin kişi meyitini tanıyıb-tanımaması, tanıyırsa hansı əlamətlərindən tanımasını izah etmək təklif olundu. X1 ona təqdim edilən naməlum kişi meyitini nəzərdən keçirəndən sonra, sifət quruluşuna, çənə nahiyəsindəki kiçik ölçüdəki çapıq izinə eləcə də, sağ yanaq nahiyəsində bir ədəd xala əsasən tanıyaraq onun kiçik qardaşı, 1973-cü ildə, Sabirabad rayonu, keçmiş Navadan, hazırda Nəriman kənddə doğulmuş, Zərərçəkmiş şəxs olduğunu bildirdi. Bununla da, X6 ona təqdim edilən naməlum kişi meyitinin qardaşı Zərərçəkmiş şəxs olduğunu təsdiq etdi və onu tanıdı. Tanınma zamanı fotoçəkilişdən və ya digər hər hansı texniki vasitələrdən istifadə edilmədi. Tanınma gündüz vaxtı, otaq şəraitində, təbii və süni işıq altında aparılmaqla saat 13:15 dəqiqədə başa çatdı. İstintaq hərəkətinin aparılmasına dair tərtib edilmiş protokol ucadan oxundu, tanınmanın aparılması qaydası və bu barədə tərtib edilmiş protokolun məzmununa dair əlavələr, düzəlişlər və ya etirazlar daxil olmadı; “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, “Mitsubishi” xüsusi təyinatlı, “Evakuator” tipli, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlandığı yerdən çıxarılaraq qanuni sahibinə təhvil verilmişdir; X7 tərəfindən imzalanmış xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, o, həqiqətən özünə məxsus ** KN *** dövlət qeydiyyat nişanlı, “Mitsubishi” markalı, “Evakuator” tipli nəqliyyat vasitəsini təhvil almışdır, bununla bağlı hər hansı şikayət və ya tələbi yoxdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin xx xxxxxxx 2020-ci il tarixli, 98 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-ağır dərəcəli travmatik şok və komatoz vəziyyətlə müşayiət edilən sol tərəfli hemotoraks, sol İİ-Xİİ qabırğaların qapalı yerdəyişmiş sınıqları, dəri altı emfizema, alt çənə və burun sümüklərinin qapalı sınıqları, sol qalça qasıq, sağ qasıq və sağ oturaq sümüklərinin yerini dəyişən qapalı sınıqları. Ənsə nahiyəsinin, qulaq seyvanının əzilmiş yaraları. Sağ dirsək oynağının arxa səthinin, sağ saidin yuxarı üçdə birinin arxa səthinin, sol əlin V əl daraq falanqasının arxa səthinin, sol bud-çanaq oynağının bayır səthinin sıyrıqları, sol qalça tininin qançır və sıyrığı. Zərərçəkmiş şəxs ölümünə səbəb-yuxarıda qeyd olunan travma kompleksi halında baş vermiş travmatik şok olmuşdur. Ölümün xx.xx.2020-ci il tarixdə saat 08 radələrində 3 saylı şəhər kliniki xəstəxananın reanimasiya şöbəsində baş vermişdir. Qeyd olunan xəsarətlər həyatidir küt əşyanın (əşyaların) təsirindən törənmişdir, belə ki, qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Məhkəmə-kimyəvi tədqiqatın nəticələri: Zərərçəkmiş şəxs meyitindən götürülən qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitür turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir, həmçinin 3 saylı kliniki xəstəxanada onun adına tərtib edilmiş C 3163 saylı xəstəlik tarixində sərxoşluq barədə heç bir qeydiyyat aparılmamışdır; “Diskin baxışının aparılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon X9 Şöbəsinin müstəntiqi, polis baş leytenantı X8, tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərurət olduğundan iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə xx xxxxxxx 2020-ci il tarixdə, saat 11:50 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən təqdim edilən 03 ədəd CD diskə Nərimanov RPİ-nin İŞ-də baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, hadisə baş verən anda sutkanın qaranlıq vaxtı olduğundan, yolda hərəkətdə olan avtomobillərin, eləcə də yolun süni işıqlandırılmasının təsiri nəticəsində, istintaqa təqdim edilmiş 3 ədəd CD diskdə olan görüntülərdə hadisənin baş vermə şəraiti görünmədiyindən istintaq üçün əhəmiyyət kəsb edə biləcək heç bir məlumat aşkar edilmədi. Diskin baxışı gündüz vaxtı, otaq şəraitində, “HP LE1901W” markalı stolüstü kompütürdə aparılmaqla saat 12:30 dəqiqədə başa çatdı. Video görüntülərin əks olunduğu diskə baxış ilə əlaqədar protokol tərtib olundu; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 8/1862 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Mitsubishi” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbacan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir; X3 istintaq orqanına ünvanladığı xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Nərimanov rayon X9 Şöbəsinin müstəniqi, polis baş leytenantı Əli Sevdimovun icraatında olan ********* nömrəli cinayət işi üzrə xx xxxxxxxx 2020-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobillə Ziya Bünyadov prospektinin Nərimanov rayonu, “Socar” YDM-nin qarşısından keçən hissəsində qardaşı Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə qardaşı xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri 3 saylı ŞKXda ölmüşdür. Daha sonra o, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Həmin hadisə ilə bağlı bildirir ki, hadisə baş verən andan sonra qardaşı iki gün xəstəxanada qalmış, həmin zaman onu vuran avtomobilin sürücüsü, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona kömək etmiş, təcili yardım çağırmış, iki gün ərzində müalicəsinə köməklik etmiş, daha sonra da ona qardaşının dəfn işlərində yardım etmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, 016-109854-1220 nömrəli məktubundan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə AB seriyalı 605737 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur; “Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020ci il tarixli qərardan görünür ki, internet saytından “Xəbərlər 24 saat” televiziya proqramında videogörüntünün əks olunduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə aralarında barışıq olmuşdur, ondan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-cu il tarixli, 8/1862 nömrəli məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çoxolmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: əməlindən peşman olmasını; zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (CM-in 59.1.12-ci maddəsi); ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X6 ilə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və sonuncu tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirən hal Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - internet saytından “Xəbərlər 24 saat” televiziya proqramında videogörüntünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, “Mitsubishi” xüsusi təyinatlı, “Evakuator” tipli, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - internet saytından “Xəbərlər 24 saat” televiziya proqramında videogörüntünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - “Mitsubishi” xüsusi təyinatlı, “Evakuator” tipli, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar