Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-100/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan «Əli» adlı şəxsdən 90 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 1,981 qram olan narkotik vasitə heroini sifariş verib, telefon adapterinin içərisinə gizlədilmiş həmin narkotik vasitəni həmin adapterdə narkotik vasitə olmasından xəbərsiz olan qohumu Şahid6 Sabunçu rayonu Zabrat-1 qəsəbəsində yerləşən qabaqcadan müəyyənləşdirilmiş ünvandan götürərək, həmin adapterdə narkotik vasitə olmasından xəbəri olmayan taksi sürücüsü Şahid3 vasitəsilə ona göndərilməsini təşkil etmiş və həmin gün saat 19 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllədə yaşadığı evin qarşısında taksi sürücüsü Şahid3 təhvil aldıqdan sonra saxlanılaraq, 18-cı Polis şöbəsinin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasının xidməti otaqlarının birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əlində olan telefon adapterinin içərisində, 01 ədəd bükümdə təmiz çəkisi – 1,981 qram olan kustar üsulla hazırlanmış, narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və ifadəsində bildirmişdir ki, İİ qrup əlildir, təxminən 2 ildir ki, narkotik vasitələrdən istifadə edir, lakin narkotik vasitəni mütəmadi olaraq istifadə etmir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında tanıdığı Əli adlı şəxslə mobil telefon vasitəsilə əlaqə saxlayıb və ondan şəxsi istifadəsi üçün 90 manat dəyərində narkotik vasitə olan “kakos” istəyib. Razılaşandan sonra yaşadığı ünvanda Əlinin ona göndərdiyi hesab kartına öz kartından 90 manat pul göndərib, pulu köçürəndən sonra internet vasitəsilə Əli ilə əlaqə saxlamış və Əli ona çatası narkotik vasitə olan «kakos»u Zabrat-1 qəsəbəsində «Mikayılın dükanı» adlanan ərazidə olan stansiyanın liftinin yanında, şarj aparatının içərisində gizlədilmiş halda olduğunu və oradan onu götürməyini deyib, o da arvadının xalası oğlu və Zabrat qəsəbəsində yaşayan Əliəkbərə zəng edib həmin yerdən ona çatası narkotik vasitə ilə olan şarj aparatını oradan götürüb ona göndərməsini xahiş edib. Əliəkbər həmin gün saat təxminən 18-19 radələrində taksi vasitəsi ilə sifariş etdiyi “kakos” narkotik vasitəni bir ədəd şarj alətinin içərisində ona göndərib. Həmin gün, saat təxminən 19 radələrində yaşadığı evin qarşısında tanımadığı taksi sürücüsü ilə görüşüb, ondan içərisində «kakos» olan bir ədəd şarj alətini götürüb. Bu anda iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim ediblər, sonra onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət ediblər, o polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlib. Polis şöbəsində xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilib və baxış zamanı ona təklif olunub ki, onda olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. O əlindəki şarj avadanlığında olan 01 ədəd selofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik olan “kakos” adlı narkotik vasitəni könüllü olaraq təqdim edib. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfdə qablaşdırılıb və möhürlənib, qablaşmanın üzəri o və iştirakçılar tərəfindən imzalanıb. Bunlardan başqa əynindəki şalvarın sağ yan cibində Samsung markalı mobil telefon var imiş. Sonra bu barədə protokol tərtib olunub və protokolun düzgünlüyü tərəfindən imzalanıb. Üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək məqsədilə əldə etmişdir, sol budu dizdən yuxarı amputasiya olunduğundan bədənində olan ağrılarını dayandırmaq üçün təxminən 2 ildir narkotik vasitə kakos qəbul edir. Ona narkotik vasitə satan şəxsin anket məlumatlarını bilmir. Həmin şəxsi real həyatda görməmişdir və onun anket məlumatlarını bilmir. Həyat yoldaşı Gülərin xalası oğlu «Əliəkbər » kimi tanıdığı qohumunun ***-***-**-** nömrəsinə zəng edib xahiş etmişdir ki, internet saytı vasitəsilə tanıdığı «Əli»nin ona verəcəyi həmin narkotik vasitə gizlədilmiş şarj aparatını ona gətirsin, Əliəkbər ya həmin şarj aparatında narkotik olmasını deməmişdir, taksi sürücüsü ilə də o mobil telefon vasitəsilə əlaqə saxlamış və o gətirib şarj aparatını ona verəndən sonra polis əməkdaşları onu saxlayıblar. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmayıb. O etdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 2009-cu ildən DİO-da, 2017-ci ildən isə Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın YPX baş inspektoru vəzifəsində polis kapitanı rütbəsində işləyir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 16:00 radələrində Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospektində iş yoldaşı polis baş serjantı Şahid5la birlikdə xidmətdə olarkən «saatlı bina»nın yaxınlığında bir nəfər şəxs onlara yaxınlaşmış və «Nissan Tida» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı taksi avtomaşınının sürücüsü olduğunu, «UBER» taksi xidməti vasiəsilə getdiyi sifarişdə ona şarj cihazının verildiyini, həmin cihazı «***-***-**-**» saylı mobil nömrəyə zəng edib ona verməsini sifariş etdiyini, o da sifariş verilən ünvan istiqamətində hərəkətdə olarkən həmin şarj aparatına baxıb köhnə olmasını, aparatın naqillərinin qırıq olduğunu görüb köhnə aparatın kiməsə göndərilməsindən şübhələnərək şarj aparatına baxdıqda içərisində selofan bükümdə narkotik vasitəyə oxşar nəsə olmasını görüb sifariş verilən ünvana aparmayıb polisə təhvil vermək istədiyini bildirib. Taksi sürücüsü həmin şarj aparatını onlara göstərib və aparatın içərisində şəffaf selofan bükümdə narkotik vasitəyə bənzər kütlə olduğunu görüb həmin sürücü ilə birlikdə təxirə salınmadan ərazi üzrə Nərimanov RPİ-nin 18ci Polis şöbəsinə gəlib PŞ-nin rəhbərliyinə raportla məruzə edərək taksi sürücüsü və onun onlara göstərdiyi şarj aparatını, içərisində olan narkotik vasitəyə bənzər kütlə ilə birlikdə PŞ-nin Növbətçi hissəsinə təhvil vermişlər. 18-ci PŞ-nin Növbətçi hissəsində həmin taksi sürücüsünün Şahid3 olduğunu biliblər. Sonra onlar ərazi üzrə xidmətlərini davam etdirmək üçün xidmət yerinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 analoji ifadə verərək iş yoldaşı Şahid4 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, X4 və X1 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş oldugu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur; 11 avqust 2022-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan və həmin şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatı çəkilmiş videogörüntülərdən görünür ki, öncə Təqsirləndirilən şəxs özünü təqdim etməsi təklif edilir ki, o da Təqsirləndirilən şəxs olduğunu deyir, sonra ona üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsi təklif edilir və Təqsirləndirilən şəxs əlində tutduğu arxa hissəsi qara, özü isə ağ rəngli, qısa şnurla olan şarj cihazını masanın üzərinə qoyur, sonra əynində olan sarı rəngli şalvarının sağ yan cibindən mobil telefon cihazını çıxarıb masanın üzərinə qoyur, sonra təhqiqatçı Təqsirləndirilən şəxs əynində olan paltarları üstdən əli ilə yoxlayır və hər hansı qanunsuz predmet aşkar etməyir, sonra təhqiqatçı şarj cihazını əlinə götürüb arxasında olan qara qapağı aşağı endirir və cihazın yarıq yerindən içəridə qəhvəyi rəngdə büküm olması görünür, təhqiqatçı vintaçanla şarj cihazının arxa şruplarını açır və arxa qapaq götürüləndən sonra cihazın arxa hissəsində gizlədilmiş qəhvəyi rəngli bükümü götürür, həmin büküm açılır və orada qəhvəyi rəngli, toz şəkilli kütlə olması aşkar olunur. Sonra Təqsirləndirilən şəxs bükümdəkinin nə olması soruşulduqda o bükümdə olan kütlənin narkotik vasitə-«kakos» olduğunu və həmin narkotik vasiətni xx.xx.2022-ci il tarixdə Zabrat qəsəbəsi ərazisində Əli adlı şəxsdən 90 manata aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə - heroin boş zərfə qoyub möhürlənir. Bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2022-ci il tarixli, 6/4296 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №224 dairəvi möhür əksi və «şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,981 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir.Heroinin təmiz çəkisi-1,981 qram, tədqiqata sərf edildi -0,01 qr., qalıq -1,881 qram. Ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 13 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 13 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2022-ci il tarixli, 4828 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRDƏN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixlə, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs Əlimirhzə oğlunun İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Xətai-33» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən alınmış arayış və xasiyyətnamədən görünür ki, X3 həqiqətən ünvan 3 ünvanında yerləşən bina-3, mənzil-72 ünvanında ailə üzvləri ilə yaşayır və həmin ünvanda qeydiyyatdadır. Yaşadığı müddət ərzində onun barəsində «Xətai-33» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə heç bir şikayət daxil olmamışdır. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs «bud-çanaq və diz oynaqları arasındakı səviyyədə travmatik amputasiyası. Sol budun xroniki asteomieliti və sol bud nahiyəsinin geniş xroniki xorasına görə sol aşağı ətrafın budun yuxarı 1/3 hissəsindən amputasiyasından sonra dianqonozu ilə İİ qrup əlildir. “Toplanmış sübutların qiymətləndirilməsi” haqqında 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş təmiz çəkisi 1,981 qram narkotik vasitə-heroin, telefon adapteri və şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri ilə olan 01 ədəd DVD diski ********* saylı cinayət işi üzrə maddi sübut hesab edilməsi, maddi sübut hesab edilmiş 1 ədəd telefon adapteri və narkotik vasitə-heroindən ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalan 1,881 qram hissəsinin məhkəmə hökmünə qədər saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə verilməsi, diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,981 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi, 2-ci qrup əlil olmasını, ilk dəfə cinayət törətməsini yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (11- 13 avqust 2022-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 1 ədəd telefon adapteri və narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 1 ədəd telefon adapteri və qalıq çəkisi 1,881 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 16 saylı vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-100/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-100/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver