Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-100/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması və əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə saat 10:40 radələrində sərxoş vəziyyətdə ünvan 2 ünvanında yerləşən “Sevgilim” adlı restoranın qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, ümumi davranış qaydalarına saymamazlıq nümayiş etdirərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən bir neçə dəfə yumruq zərbəsi ilə vurub ona sağ bazu oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan travmatik çıxışı, alın nahiyəsinin və burun tağının sıyrıqlarından ibarət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yanaşı, Zərərçəkmiş şəxs baş etibarnamə əsasında idarə etdiyi X1 adına qeydiyyata alınmış “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər iki yan güzgüsünü və qabaq sağ farasını sındırıb avtomobilə ümumilikdə 1260 manat maddi ziyan vurmaqla əmlakı zədələyərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Çingiz Talıbovu təxminən 1 il olar ki, tanıyır. Çingizlə əvvəllər bir restoranda ofisiant kimi işləmiş və həmin vaxtdan aralarında dostluq münasibəti yaranmışdır. 19 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində tanışları ilə Masazır qəsəbəsində yerləşən “Papaq” adlı restoranda yemək yeyib spirtli içki qəbul etmişdir. Həmin gün saat 05 radələrində dostu Çingizlə əlaqə saxlayaraq Bakı şəhərində görüşmüşlər, daha sonra onlar bir yerdə Nərimanov rayonunda yerləşən Sevgilim adlı kafeyə getmişlər. Həmin kafedə səhərə qədər yeyib-içdikdən sonra Masazır qəsəbəsinə getmək istəmişlər və bu məqsədlə təxminən saat 10:40 radələrində birlikdə hər ikisi sərxoş vəziyyətdə kafedən çölə çıxmışlar. O, mobil telefonunda “Bolt” proqramı ilə taksi sifariş vermək istəyən zaman Çingizin bir qədər irəlidə dayanmış “Toyota Prius” markalı avtomobilin sürücüsü ilə mübahisə etdiyini görmüşdür. O, yaxınlaşan zaman Çingizin həmin şəxsdən onları yaşadığı Masazır qəsəbəsinə aparmasını xahiş etdiyini eşitmişdir. Həmin vaxt adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs Çingizə aqressiv şəkildə cavab verib avtomobilə əyləşmək istəmişdir. O, Samirə yaxınlaşıb nə üçün Çingizlə əsəbi halda danışmasının səbəbini soruşmuşdur. Samir də ona kobud cavab verərək özünə məxsus “Toyota Prius” markalı avtomobilinə əyləşmişdir. O, avtomobilin qapısının açıq vəziyyətdə olduğunu görüb Samirin paltarından tutaraq avtomobildən çölə çıxartmışdır. Samiri avtomobildən çıxartdıqdan sonra onun sifət və müxtəlif nahiyəsindən bir neçə dəfə yumruq zərbəsi ilə vurmuşdur. Sonra Samir avtomobilə əyləşərək mobil telefonunu çıxarıb onu çəkməyə başlamışdır. O, Samirdən avtomobildən düşməsini və çəkilişi dayandırmasını istəsə də, Samir çəkiliş aparmağa davam etmişdir. Samirin mobil telefonla çəkiliş apardığını görüb əsəbiləşərək onun avtomobilinin hər iki yan güzgüsünü və qabaq sağ farasını vurub sındırmışdır. Daha sonra Çingiz və tanımadığı şəxslər onu sakitləşdirib kənara çəkmiş və oradan uzaqlaşaraq yaşadığı ünvana getmişdir. Tutduğu əməldən peşmandır. Hazırda zərər çəkmiş şəxslə barışmışdır. Zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə saat 10:40 radələrində ünvan 2 ünvanında yerləşən “Sevgilim” adlı restorandan çıxıb idarə etdiyi avtomobilə əyləşmək istəyərkən iki nəfər əvvəllər tanımadığı, sonradan adının Çingiz və Hüseyn olduğunu öyrəndiyi şəxslər ona yaxınlaşıb onları Abşeron rayonu Masazır qəsəbəsinə aparmağını xahiş etmişlər. O da Çingiz və Hüseynə taksi olmadığını bildirib idarə etdiyi avtomobilə əyləşmişdir. Həmin vaxt Çingiz avtomobilin qapısını açıb oturmaq istəyən zaman o, Çingizdən avtomobilin qapısını bağlamasını tələb etmişdir. Hüseyn isə sürücü tərəfdən qapını açaraq onun paltarından tutub yumruqla sifət nahiyəsindən vurub avtomobildən yerə düşməyini istəmişdir. O, Hüseynin əl çəkmədiyini və onu vurduğunu görüb avtomobildən yerə düşmüşdür. Hüseynlə sözlə mübahisə edən zaman Hüseyn yenidən onu yumruqla vurmuş və aralarında çəkişmə baş vermişdir. Həmin vaxt o, sağ çiyin nahiyəsindən səs gəldiyini, çiyninin çıxdığını hiss etmişdir. Buna görə də, o, avtomobilə əyləşib qapını içəridən bağlamışdır ki, ona xəsarət yetirə bilməsinlər. Daha sonra o, mobil telefonunu çıxarıb çəkiliş aparan zaman Hüseyn onun avtomobilinin hər iki yan güzgüsünü və qabaq sağ farasını vurub sındırmışdır. Daha sonra hadisə barədə polisə məlumat vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı ora xeyli sayda insan toplaşmışdır. Kənardan gələn insanlar onları ayırmışdır. Hadisə avtomobil yolunun üstündə baş vermişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Hazırda ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 1 il olar ki, tanıyır. Hüseynlə əvvəllər bir restoranda ofisiant kimi işləmiş və həmin vaxtdan aralarında dostluq münasibəti yaranmışdır. 19 oktyabr 2023-cü il tarixdə saat 05 radələrində dostu Hüseynlə əlaqə saxladıqdan sonra onunla Bakı şəhərində görüşmüşdür. Daha sonra onlar birlikdə Nərimanov rayonunda yerləşən “Sevgilim” adlı kafeyə getmişlər. Kafedə səhərə qədər yeyib-içdikdən sonra Masazır qəsəbəsinə getmək istəmişlər. Bu məqsədlə kafedən çölə çıxmışlar. Kafedən çıxdıqda hər ikisi içkili vəziyyətdə olmuşlar. Həmin vaxt o, kafenin yaxınlığında yolun kənarında “Toyota Prius” markalı, avtomobilinin dayandığını görüb həmin avtomobilə yaxınlaşaraq sürücüdən onları “20 Yanvar” dairəsinə aparmasını xahiş etmişdir. Həmin vaxt adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi sürücü ona sərxoş olduqları üçün onları apara bilməyəcəyini, sərxoş müştəri aparmadığını bildirib qapını açaraq avtomobilə əyləşmişdir. Sonra Hüseyn yaxınlaşıb Samirdən nə üçün əsəbi halda danışdığını bildirib avtomobilin qapısını açaraq Samirin paltarından yapışıb çölə çıxartmışdır. Samirlə Hüseyn bir-birinin yaxasından tutub dartışan zaman o, araya girib onları ayırıb Hüseyni kənara çəkmişdir. Həmin vaxt Samir avtomobilinə əyləşərək mobil telefonu ilə onları çəkməyə başlamışdır. Buna görə də, Hüseyn Samirin mobil telefonla çəkiliş apardığını görüb əsəbiləşərək avtomobilinin hər iki yan güzgüsünü və qabaq sağ farasını vurub sındırmışdır. Həmin vaxt o və tanımadığı şəxslər Hüseyni sakitləşdirib kənara çəkmişlər. Daha sonra taksi sifariş verib oradan “20 Yanvar” dairəsinə, oradan da Hüseyndən ayrılıb yaşadığı ünvana getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Təbriz küçəsi 1 ünvanının qarşısında naməlum şəxslər tərəfindən döyülmüşdür. Avtomobilinin sağ ön farası, yan güzgüləri və sağ və sol ön qapıları zədələnmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 23 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yeri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra, onunla birlikdə ünvan 2 ünvanında yerləşən “Sevgilim” adlı restoranın qarşısına gəldik. Orada Təqsirləndirilən şəxs əli ilə xx.xx.2023-cü il tarixdə 3akı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 1 ünvanında yerləşən “Sevgilim” adlı restoranın qarşısında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə yerini göstərib, xx.xx.2023-cü il tarixdə saat 10:40 radələrində Çingizin orada dayanmış “Toyota Prius” markalı avtomobilin sürücüsü ilə mübahisə etdiyini görüb sonuncuya yaxınlaşan zaman Çingiz Talibimin həmin şəxsdən onları yaşadıqları Masazır qəsəbəsinə aparmasını xahiş etdiyini, Zərərçəkmiş şəxs Çingizlə aqressiv şəkildə danışıb avtomobilə əyləşmək istədiyini, Samirə yaxınlaşıb nə üçün Çingizlə əsəbi halda danışmasının səbəbini soruşan zaman sonuncunun ona da kobud cavab verərək “Toyota Prius” markalı avtomobilə əyləşdiyini, avtomobilin qapısının açıq vəziyyətdə olduğunu görüb Zərərçəkmiş şəxs avtomobildən çölə çıxarması üçün sonuncunun paltarından tutduğunu, bu zaman Zərərçəkmiş şəxs avtomobildən yerə düşərək onun bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri ilə vurduğunu Samirin onu vurduğunu görüb onun da sonuncunun sifət və müxtəlif nahiyəsindən bir neçə dəfə yumruq zərbəsi ilə vurduğunu, Zərərçəkmiş şəxs avtomobilə əyləşərək mobil telefonunu çıxarıb onu çəkiliş apardığını görüb əsəbiləşərək Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin hər iki yan güzgüsünü və qabaq sağ farasını vurub sındırdığını, daha sonra oradan uzaqlaşıb çıxıb getdiyini bildirib hadisənin necə baş verməsini əyani səkildə göstərib təsvir etdi. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 noyabr 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. “DVD diskə baxış keçirilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, 1 ədəd “TŞ6-067 1-2023-10-19_10h35min00s000ms” adlı fayl açıldıqda xx.xx.2023-cü il tarixdə saat 10:35-dən saat 10:55-ə kimi ünvan 2 ünvanından keçən avtomobil yolunun fırlanan “TŞ” kamerası vasitəsi ilə qeydə alınmış görüntüləri əks olunmuşdur. Həmin video fayla baxış keçirilən zaman müxtəlif markalı avtomobillərin hər iki istiqamətdə hərəkətdə olaraq gəlib keçmələri müşahidə olunur. Görüntünün davamına baxdıqda xx.xx.2023-cü il tarixdə saat 10:45-də Təqsirləndirilən şəxs əynində olan gödəkcəni çıxarıb hasarın üzərinə ataraq yolun kənarında dayanmış vəziyyətdə olan “Toyota Prius” markalı avtomobilə yaxınlaşaraq avtomobilin qabaq sağ ön hissəsindən bir dəfə təpiklə zərbə vurduqdan sonra sağ əlinin yumruq zərbəsi ilə avtomobilin qabaq sağ farasını vurub sındırması, daha sonra avtomobilin sağ yan güzgüsünü təpik və yumruq zərbəsi ilə vurub sındırması, həmin vaxt Şahid Təqsirləndirilən şəxs yaxınlaşaraq onun sakitləşdirməyə çalışması və hadisə yerinə toplaşmış şəxslərin kənarda dayanaraq onları müşahidə etməsi müşahidə olundu. Fırlanan TŞ 6-067 nömrəli kamera giri fırlanan zaman saat 10:47:56-da “Toyota Prius” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs avtomobilin sürücü tərəfindən qapını açaraq Təqsirləndirilən şəxslə sözlə mübahisə etməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə gedən zaman sonuncunun avtomobilin sükanı arxasına əyləşərək qapını örtməsi və Şahid Təqsirləndirilən şəxs yaxınlaşaraq onu kənara çəkib aparması müşahidə olundu. İkinci 1 ədəd “TŞ6-067 2-2023-10-19_10h35min00s000ms” adlı fayl açıldıqda xx.xx.2023-cü il tarixdə saat 10:35-dən saat 10:55-ə kimi ünvan 2 ünvanından keçən avtomobil yolunun digər tərəfdən “TŞ” kamerası vasitəsi ilə qeydə alınmış görüntüləri əks olunmuşdur. Həmin video fayla baxış keçirilən zaman müxtəlif markalı avtomobillərin hər iki istiqamətdə hərəkətdə olaraq gəlib keçmələri müşahidə olundu. Üçüncü 1 ədəd “TŞ6- 067 3-2023-10-19_10h35min00s000ms” adlı fayl açıldıqda xx.xx.2023-cü il tarixdə saat 10:38-dən saat 10:58-ə kimi ünvan 2 ünvanında yerləşən “Sevgilim” adlı restoranın qarşısından keçən avtomobil yolunun “TŞ” kamerası vasitəsi ilə qeydə alınmış görüntüləri əks olunmuşdur. Həmin video fayla baxış keçirilən zaman Zərərçəkmiş şəxs məxsus “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqaməti üzrə yolun sağ kənarında dayanmış vəziyyətdə olması, sat 10:42-də Təqsirləndirilən şəxs Şahid ilə birlikdə kafedən çıxması, həmin vaxt Təqsirləndirilən şəxs ilk olaraq yolun kənarında dayanmış “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb qapısını açmaq istəməsi, həmin vaxt Zərərçəkmiş şəxs kafedən çıxaraq “Toyota Prius” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb sürücü tərəfdən qapısını açaraq Təqsirləndirilən şəxs nə isə deməsi, bundan sonra Şahid və Təqsirləndirilən şəxs sürücü tərəfdən Zərərçəkmiş şəxs yaxınlaşaraq sözlə mübahisə etməsi, həmin vaxt Zərərçəkmiş şəxs sükan arxasına əyləşməsinə baxmayaraq Təqsirləndirilən şəxs onun avtomobildən yerə düşürmək üçün dartışdırması, Zərərçəkmiş şəxs avtomobildən yerə düşən zaman Təqsirləndirilən şəxs onun yaxasından tutub avtomobilə sıxaraq dartışdırması, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özündən uzaqlaşdırmaq üçün arxaya doğru itələməsi müşahidə olundu. Görüntünün davamında Təqsirləndirilən şəxs əynində olan qara rəngli paltarını çıxarıb Zərərçəkmiş şəxs üzərinə gedərək onunla mübahisə etməsi, Zərərçəkmiş şəxs avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs avtomobilin salonunda Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri endirməsi, Zərərçəkmiş şəxs avtomobildən yerə düşdükdən sonra Təqsirləndirilən şəxs onu bir neçə dəfə yumruq zərbələri endirməsi, həmin vaxt Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs qarşılıq verərək yumruq zərbələri ilə onun baş nahiyəsindən bir neçə dəfə vurması, hadisə yerinə toplaşmış kənar şəxslərin onları ayırması və Zərərçəkmiş şəxs yenidən sükan arxasına əyləşib qapını başlaması, bundan sonra Təqsirləndirilən şəxs avtomobilin sağ yan hissəsinə keçərək təpik zərbəsi ilə avtomobilin sağ yan hissəsindən vurması sındırması, hadisə yerində olan şəxslərdən birinin Zərərçəkmiş şəxs kənara çəkib sakitləşdirməyə çalışması, Şahid Zərərçəkmiş şəxs avtomobili sürüb çıxıb getməsini bildirməsi, həmin vaxt Təqsirləndirilən şəxs yenidən gələrək bir neçə dəfə təpik zərbəsi ilə avtomobilin sağ yan güzgüsündən vuraraq sındırması, daha sonra Təqsirləndirilən şəxs həmin güzgüdən yapışıb yerindən qopararaq avtomobilin sağ yan şüşəsindən vurduqdan sonra, avtomobilin ön hissəsinə keçərək yumruq zərbəsi ilə avtomobilin qabaq sağ farasını sındırması, daha sonra Təqsirləndirilən şəxs yenidən avtomobilin sağ yan hissəsinə keçərək bir neçə dəfə təpik zərbəsi ilə avtomobilin yan hissəsindən vurması, həmin vaxt Şahid Təqsirləndirilən şəxs qarşısına keçərək onu sakitləşdirməyə çalışaraq kənara çəkməsi, Zərərçəkmiş şəxs avtomobildən yerə düşərək Təqsirləndirilən şəxs nə isə dedikdən sonra, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə doğru getməsi, Zərərçəkmiş şəxs avtomobilə əyləşərək qapısını bağlaması və Təqsirləndirilən şəxs qapı bağlı olduğunu görüb yumruq zərbəsi ilə avtomobilin sol yan güzgüsünü də vurub sındırması, Şahid Təqsirləndirilən şəxs ayırıb bir qədər uzaqlaşdırması, Zərərçəkmiş şəxs yenidən avtomobildən düşərək Təqsirləndirilən şəxs nə isə dediyi üçün Təqsirləndirilən şəxs yenidən geri qayıdaraq avtomobilin ön hissəsindən təpiklə vurmaq istəyən zaman ayağı sürüşdüyü üçün yerə yıxılması, daha sonra Şahid Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdırıb aparması müşahidə olundu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X4 26 oktyabr 2023-cü il tarixli, 1363 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ bazu oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan travmatik çıxığı, alın nahiyəsinin və burun tağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 04 dekabr 2023-cü il tarixli qərarından görünür ki, hadisənin görüntüləri əks edilən bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üçün zərər çəkmiş şəxsə qaytarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144- 146). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmçinin həmin Plenum qərarının 5-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını və zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza təyini ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 23 oktyabr 2023-cü il tarixdən 25 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq cəmi 04 gün müddət azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və “Toyota Prius” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq cəmi 04 gün müddət azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut – “Toyota Prius” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-100/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-100/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver