Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-101/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi-“Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1973-cü ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə ev 6 mənzil 50-də qeydiyyatda olan, faktiki Bakı şəhəri Binəqədi rayonu Çiçək qəsəbəsi 105 saylı fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına verilməsi növündə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. İttihama görə o, arvadı X2 Zərərçəkmiş şəxs ilə münasibətinin olmasından şübhə edərək əvvəlcədən planlaşdırmış şəkildə yaşadığı evdən götürdüyü zavod üsulu ilə hazırlanmış silah qismində istifadə etdiyi turist bıçağını şalvarının sağ yan cibində saxlayıb xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 09 radələrində ictimai yer hesab olunan Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi 38 ünvanında yerləşən “EGE Hospital” xəstəxanasının arxa giriş hissəsinin qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozmaqla yanaşı, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, yəni ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs yaxınlaşıb heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs sağ bazu, qarın, bel, sol əl və döş qəfəsindən ümumilikdə 9 zərbə vuraraq ona sağ bazunun, qarnın, döş qəfəsinin, bel nahiyələrinin, sol əlin İV-V daraq falanqalarının arxa səthlərinin boşluqlara nüfuz etməyən cəmi 9 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 17 radələrində o, Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi 38 ünvanında yerləşən “EGE” Hospitalın qarşısında olmuş, bu zaman arvadı Rəhiməni bir nəfər tanımadığı kişi ilə avtobus dayanacağına getdiklərini, orada bir qədər durduqdan sonra arvadının avtobusa minib evə getdiyini, lakin həmin şəxsin dayanacaqda dayanmış vəziyyətdə olduğunu görmüş, o da onun dəqiq üzünə baxmaq üçün həmin şəxsin yanına gedib ona baxmışdır. O, sonra bilmişdir ki, həmin şəxsin adı Zərərçəkmiş şəxsdur və “EGE” Hospitalda sürücü işləyir. Bundan sonra o, həmin gün evdə arvadı Rəhimədən işdən çıxandan sonra dayanacağa kimi onu ötürən kişinin kim olmasını soruşmuşdur. Lakin Rəhimə ona həmin kişini tanımadığını bildirmiş, lakin o, ona həmin vaxt həmin kişi ilə söhbət etdiyini, birlikdə piyada yol getdiklərini, özünün də orada olduğunu və gördüyünü deyəndə, Rəhimə qismən tanıdığını birlikdə işlədiklərini demişdir. O da bundan sonra xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 09 radələrində yaşadığı evdən gəlib Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi 38 ünvanında yerləşən “EGE” Hospitalın qarşısında dayanıb, Zahidi gözləmişdir. Həmin vaxt oğlu Şamil də orada olmuşdur. Zahidi oğlu Şamilin vasitəsi ilə yanına çağırmış, daha sonra söhbət etmək üçün “EGE” Hospitalın arxa giriş qapısının qarşısına keçmişlər. Ora keçdikdən sonra Zahidə iki gün əvvəl arvadı Rəhimənin yanında nə etdiyini, birlikdə nədən söhbət etdiyini soruşmuş, bu zaman o həyacanlı şəkildə ilk əvvəl belə bir halın olmadığnı, sonradan isə iş yoldaşı kimi söhbət etdiyini deyəndə o, əsəbiləşmiş və həmin gün səhər evdən çıxan zaman götürdüyü açılıb-qatlanan cib bıçağını açılı vəziyyətdə şalvarının sağ cibindən çıxarıb, qəfildən Zahidin müxtəlif yəni ciddi xəsarət almaması üçün bərk nahiyyələrindən, qol, bel və yan hissələrindən bir neçə zəif zərbələr endirib kənara çəkilmişdir. Həmin hadisə zamanı oğlu Şamil də orada olmuşdur, Daha sonra Şamil onu sakitləşdirərək oradan yola salmışdır. O da bıçağı özü ilə cibinə qoyub yoldan keçən tanımadığı, nömrəsi və ya markası yadında qalmayan avtomobil ilə yaşadığı Bakı şəhəri Binəqədi rayonu Çiçək qəsəbəsində yerləşən evinə getmişdir. O, üzərində olan geyimlərini dəyişib suya ataraq təmiz paltarlar geyinib, yaxınlıqda yerləşən Abşeron rayon polis idarəsinə gedərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Verilmiş suallar cavab olaraq bildirmişdir ki, o, “EGE” Hospitalın qarşısına Zahidin arvadı Rəhimə ilə münasibətlərinin olub-olmamasını aydınlaşdırmaq məqsədilə getmişdir. Hadisə zamanı orada yalnız oğlu Şamil olmuşdur. Hadisə ümumilikdə 10 dəqiqə davam etmişdir. Həmin müddətdə Zahidlə aralarında mübahisə olmamış, sadəcə söhbət etmişlər. Onlar sakit danışdıqlarına görə ora heç kəs toplaşmamışdır. Zahidi arvadı Rəhiməyə qısqandığına görə bıçaqla vurmuşdur. Həmin bıçağı xx xxxxxxx 2019-cu il tarixdə bu məqsədlə şalvarının cibinə qoyaraq saxlamışdır. Son olaraq törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə zərər cəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 08.30 radələrində o, Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi ev 38 ünvanında yerləşən «EGE» Hospitalına işə gəlmişdir. Bir neçə dəqiqə sonra hospitalın həyətində durduğu vaxt saat 09 radələrində hospitalın həyətinin qarşısında dayanmış Şamil, onu yanına çağırmışdır. Həmin vaxt Şamilin yanında əvvəl tanımadığı sonradan ona məlum olduğuna görə Şamilin atası Təqsirləndirilən şəxs olmuşdur. O, onların yanına getmiş və onlar bir qədər adamların olmadığı yerə çəkilmişlər. Orada salamlaşanda Telman «sən mənim arvadımla dayanacaqda niyə durmusan?» soruşmuşdur. O, ilk əvvəl başa düşməmiş və sonradan Telmanın, Rəhimənin əri olduğunu və qısqanclıq zəmində ona sual etdiyini başa düşüb, ona işdən çıxandan sonra iş yerinin yaxınlığında avtobus dayanacağında dayanıb avtobus gözləyərkən Rəhimə ilə rastlaşdığını, Rəhimə ilə aralarında heç bir münasibəti olmadığını, iş yoldaşı olduqlarını izah etməyə çalışmışdır. Hətta, oğlu Şamilin də onlarla birlikdə işlədiyini, onu tanıdığını demişdir. Şamil də utana-utana onu tanıdığını, sadəcə atasının dəqiqləşdirmə aparmaq istədiyini demişdir. O, Telmana «ayıb olduğunu» deyib çönüb getmək istəyəndə Telman qəfildən arxadan gəlib sağ əlindəki bıçaqla arxadan bel nahiyəsinə bir dəfə vurmuşdur. O, bunu gözləmədiyindən çönüb Telmana tərəf gedərək onu saxlamaq istəyəndə Telman, bıçaqla bir neçə dəfə də onun sinə, qol və digər nahiyələrinə vurub ona xəsarət yetirmiş və xəsarət yerlərindən qan gəlməyə başlamışdır. Həmin vaxt Şamil atasını sakitləşdirməyə çalışıb, köməyə adam çağırmaq üçün getmişdir. Telman isə onu bir neçə dəfə bıçaqla vurduqdan sonra hadisə yerindən çıxıb getmişdir. Verilmiş suallar cavab olaraq bildirmişdir ki, Hadisə ümumilikdə 10 dəqiqə davam etmişdir. Həmin müddətdə Telmanla aralarında mübahisə olmamış, onlar sadəcə söhbət etmişlər. Hadisə zamanı orada yalnız oğlu Şamil olmuşdur. Onlar sakit danışdıqlarına görə ora insanlar toplaşmamışdır. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmədiyindən ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, xx xxxxxxx 2019cu il tarixdə saat 08 radələrində işlədiyi “EGE” Hospitalına işə gəlmiş, səhəri gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə saat 09 radələrində işdən çıxıb, yaşadığı evə gedərkən hospitalın arxa girişi tərəfində küçədə atası Telmanın tək dayandığını görmüş, yaxınlaşıb kimi gözlədiyini soruşduqda cavab vermişdir ki, onu qarşılamağa gəlmişdir. Bu vaxt atası Telman, orada dayanmış hospitalda sürücü işləyən şəxs kimi tanıdığı Zahidi yanlarına çağırmasını xahiş etmişdir. Daha sonra Zahid onlara yaxınlaşaraq onlar bir qədər kənara çəkilmiş, atası ondan anası Rəhimə ilə onun arasında nə münasibət olduğunu soruşmuş, Zahid isə heç bir münasibət olmadığını, iş yoldaşı kimi tanıdığını dedikdə atası nəyə görə onun bir neçə gün əvvəl anası Rəhimə ilə salamlaşdığını soruşmuşdur. Zahid atasının sualına cavab olaraq, bir iş yoldaşı kimi Rəhimə ilə salamlaşdığını cavab verəndə atası Telman, şalvarının cibindən çıxartdığı bıçaqla Zahidi bir neçə dəfə vurmuşdur. O, dərhal atasını sakitləşdirərək oradan yola salmış, özü isə Zahidin yerə yıxıldığını görüb köməyə çağırdığı şəxslərlə birlikdə onu hospitala aparmışlar. Atası Telmanın hara getdiyini isə o, bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, atası Telman, qısqanclıq zəminində anası Rəhiməni güdərkən anasını iş yerlərinin yaxınlığındakı avtobus dayanacağında Zahidlə salamlaşdığını görmüş, qısqanclıq zəminində xx xxxxxxx 2019-cu il tarixdə iş yerlərinin yanına gəlib bu məsələyə aydınlıq gətirmək üçün Zahidlə söhbət etmiş və nəticədə qısqanclıq zəminində onu bıçaqla vurmuşdur. Verilmiş suallar cavab olaraq bildirmişdir ki, hadisə zamanı orada ondan başqa heç kəs olmamışdır. Hadisə ümumilikdə 10 dəqiqə davam etmişdir. Həmin müddətdə atası Telmanla Zahidin arasında mübahisə olmamış, onlar sadəcə söhbət etmişlər. Onlar sakit danışdıqlarına görə ora heç kəs toplaşmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1); Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 30) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 54-55) Təqsirləndirilən şəxsin azad edilməsi və onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında x xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 72-73) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1xx.xx.2019-cu il tarixli 26070 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici ucu deşici xassəyə malik olan, zavod üsulu ilə hazırlanmış turist bıçağıdır, soyuq silah hesab edilmir, sonradan üzərində əlavə, dəyişiklik edilməmişdir və təyinatı dəyişdirilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manat təşkil edir. (i.v. 98-100) Maddi sübut kimi tanıma və cinayət işinə əlavə etmə haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, bir ədəd bıçaq maddi sübut kimi əhəmiyyətə malik olduğundan maddi sübut kimi tanınmışdır. (i.v. 102) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. (i.v. 107) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin xx.xx.2019-cu il tarixli, 919 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- sağ bazunun, qarnın, döş qəfəsinin, bel nahiyələrinin, sol əlin İV-V daraq falanqalarının arxa səthlərinin boşluqlara nüfuz etməyən cəmi 9 ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin hospitala müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v. 114-115) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizanın xx.xx.2019-cu il tarixli 2133 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 122-123) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 29, 120-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, maddi sübut kimi tanınan bir ədəd bıçağın Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. ( i.v. 135-144) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 145-146) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericilklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanununun bu maddəsinin tərkibi üçün istər əşyaların məhv etmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx xxxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəblərinin müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs arvadı X2 Zərərçəkmiş şəxs ilə münasibətinin olmasından şübhə edərək qisqanclıq zəminində əvvəlcədən planlaşdırmış şəkildə yaşadığı evdən götürdüyü zavod üsulu ilə hazırlanmış silah qismində istifadə etdiyi turist bıçağını şalvarının sağ yan cibində saxlayıb xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 09 radələrində ictimai yer hesab olunan Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi 38 ünvanında yerləşən “EGE Hospital” xəstəxanasının arxa giriş hissəsinin qarşısında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, oğlu Şamil vasitəsi ilə yanına çağıraraq söhbət etmiş, daha sonra üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə istintaq zamanı elan olunmuş ittihamın mahiyyəti, yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi xuliqanlıq hərəkətlərinin mahiyyəti açıqlanmamışdır. İşin obyektiv vəziyyətindən isə aydın olur ki, ictimai qaydanın kobud surətdə pozulması hadisənin baş verdiyi Bakı şəhəri, Nərimanov rayonu, X4 Küçəsi 38 ünvanında yerləşən “EGE Hospital” xəstəxanasının arxa giriş hissəsinin qarşısı ilə ifadə olunmuş, lakin ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun Bakı şəhəri, Nərimanov rayonu, X4 Küçəsi 38 ünvanında yerləşən “EGE Hospital” xəstəxanasının arxa giriş hissəsinin qarşısında zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də, bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin toplaşması (halbuki yuxarıda qeyd olunan ünvanda baş vermiş hadisədə yalnız 3 şəxs- Z. Şahməmmədov, Təqsirləndirilən şəxs və onun oğlu Şahid olmuşdur), hansı kənar şəxslərin toplaşması, mübahisənin aradan qaldırılması məqsədi həmin şəxslərin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxslər olmuşlarsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Şahidlər siyahısında yalnız təqsirləndirilən şəxsin oğlu Şahid göstərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin oğlu Şahid hadisə olan zaman əvvəldən axıradək orada olmasını ictimai qaydanın kobud surətdə pozulması kimi qiymətləndirmir. Bununla yanaşı məhkəmə iclasında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadə verərək bildirmişlər ki, hadisə ümumilikdə 10 dəqiqə davam etmiş, həmin müddət ərzində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında mübahisə olmamış, onlar sadəcə söhbət etmiş, həmçinin ora heç kəs toplaşmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməmişdir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməsi zərurəti olduğu halda bunu etməyərək, eyni zamanda baş vermiş hadisənin qısqanclıq zəminində törədilməsini nəzərə almayaraq Təqsirləndirilən şəxs əməlin əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, onun qısqanclıq zəminində törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət səciyyələndirən halın olmasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı, 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və hazırda Bakı şəhəri Nərimanov RPİnin saxlanc yerində saxlanılan 01 ədəd zavod üsulu ilə hazırlanmış turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı, 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış və hazırda Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc yerində saxlanılan 01 ədəd zavod üsulu ilə hazırlanmış turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-101/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-101/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver