Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-101/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1,508 qram çəkidə narkotik vasitə tiryək və tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 0,01 qram təşkil edən həb qırıntısını əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısında daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdə saat 20:00-da ünvan 3 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda 0,689 qram və 0,819 qram olmaqla ümumilikdə 1.508 qram çəkidə narkotik vasitə tiryək və 01 ədəd bükümdə tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 0,01 qram təşkil edən həb qırıntısı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuana, tiryək və metadon həblərindən istifadə edir. Narkotik vasitə lazım olan zaman üzdən tanıdığı və anket məlumatlarını bilmədiyi Bayıl qəsəbəsində yaşayan Ayxan adlı şəxsdən əldə edir. Sonuncu dəfə 28 iyul 2021-ci il tarixdə Ayxan adlı şəxs ilə Bayıl qəsəbəsində görüşən zaman ondan narkotik vasitəsinin olmasını soruşmuşdur. O da hazırda tiryək və metadonun olmasını bildirmişdir. Belə ki, hər bir bükümünə 10 manat olmaqla ümumilikdə 20 manat pul ödəyib ondan 02 ədəd bükümdə narkotik vasitə tiryək və 01 ədəd metadon həbini 10 manat ödəməklə almışdır. Həmin gün metadon həbini bölərək bir hissəsini istifadə etmişdir. Qalan hissəsini isə sellefona büküb aldığı tiryək ilə əynindəki şalvarın cibində saxlamışdır. 29 iyul 2021-ci il tarixdə saat 20 radələrində Səbail rayonunun ərazisində olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etməklə xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra o, polis əməkdaşları ilə idarəyə gəlmişdir. İdarədə onun üzərinə axtarış keçirilmiş, axtarış zamanı o, üzərində olan narkotik vasitələri könüllü olaraq təqdim etmişdir. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmin narkotik vasitələri öz istifadəsi üçün almışdır. Sonda əməlindən peşiman olmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 iyul 2021-ci il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyala keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvü Şahid2 olmuşdur. 29 iyul 2021-ci il tarixdə saat 19 radələrində birlikdə Baş İdarədən çıxıb həmin gün Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Dağlıq küçəsinə getmişlər. Qeyd olunan ünvanda bir qədər müşahidə apardıqdan sonra saat 20 radələrində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Qeyd olunan ünvanın qarşısında həmin şəxsi saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünün Təqsirləndirilən şəxs olmasını söyləmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd mobil telefonu, pul vəsaitini, sol cibindən 03 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanılmışdır. Təqdim olunan 01 ədəd mobil telefona baxış zamanı "Samsung 12» markalı olduğu və arxa hissəsinin əzilmiş vəziyyətdə olduğu müəyyən edilmiş, şübhəli şəxs telefonun özünə məxsus olduğunu bildirmişdir. Ardınca təqdim olunan pul vəsaitinə baxış keçirilmiş, 5 manat olması müəyyən edilməklə şübhəli şəxsin özünə qaytarılmışdır. Bundan sonra 03 ədəd bükümə baxış keçirilməsinə başlanılmışdır. Şübhəli şəxs həmin bükülülərin ikisinin içində narkotik vasitə olan tiryək, birinin içərisində isə metadon həbinin olmasını bildirmişdir. Həmçinin metadon adlandırdığı həbi dörd hissəyə bölərək üç hissəsini istifadə etdiyini, bir hissəsinin isə qaldığını qeyd etmişdir. Həmin maddələri üzdən tanıdığı “Ayxan” adlı şəxsdən hər bir büküm üçün 10 manat verməklə öz istifadəsi üçün aldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili Şahid2 iş üzrə digər Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması barədə” 29 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması barədə” 29 iyul 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə 29.07.2021-ci il tarixdə saat 22:50-də «Sony» markalı video aparatı vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanıldı. Şübhəli şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildi, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirildi. Şübhəli şəxs etiraz etmədikdən sonra qərara əsasən ona izah edildi ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və psixotrop maddə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb üzərində olan göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd mobil telefonu, pul vəsaitini, habelə sol cibindən 03 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etdi. Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi, üzərindən və paltarından başqa qanunsuz əşya və maddə aşkar olunmadı. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlandı. 03 ədəd bükümə baxış keçirilərkən şübhəli şəxs həmin bükülülərin ikisinin içində narkotik vasitə olan tiryək, birinin içərisində isə “Metadon” adlı həbin olduğunu bildirdi. Həmçinin “Metadon” adlandırdığı həbin dörd hissəyə bölərək üç hisssəsini istifadə etdiyini, bir hissəsinin isə qaldığını qeyd etdi. Həmin maddələri tanımadığı “Ayxan” adlı şəxsdən hər bir büküm üçün 10 manat verməklə öz istifadəsi üçün aldığını dedi. Bükümlərə baxış zamanı onlardan ikisinin şəffaf sellofana bükülü halda olmaqla içində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan tiryəkə bənzər maddələrin olduğu, digər birində isə bir hissəsi kəsilmiş vəziyyətdə naməlum tərkibli həb məlum oldu. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan tiryəkə bənzər maddələr və və 01 ədəd sellofan bükümdə naməlum tərkibli həbin hissəsi müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə tərəfimizdən müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin Mərkəz möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etdilər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon araşdırma zəruriyyəti olaraq götürüldü; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2021-ci il tarixli, 6/3194 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə iki ədəd sellefon bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,689 qram, 0,819 qram ümumi təmiz çəkisi 1,508 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub maddə kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir. Təqdim edilmiş təmiz çəkisi 0,130 qram olan həb qırıntısında metadonun təsir maddəsinin miqdarı 0,01 qram təşkil edir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-740/2021 nömrəli, 31 iyul 2021ci il tarixli qərarından görünür ki, CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 iyul 2021-ci il tarixdən hesablanmışdır; “Maddi sübut hesab etmə haqqında” 31 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,508 qram narkotik vasitə tiryək və tərkibində təsir maddəsinin miqdarı 0,01 qram təşkil edən 0,130 qram həb qırıntısı maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 1,408 qram çəkidə tiryək və 0,08 qram metadon həb qırıntısı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 08 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; “Baxış keçirilməsi haqqında” 01 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 25.10.2021-ci il tarixli. AZF/LGL-27364/21 saylı məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Bundan əlavə sms tarixçəsinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə müxtəlif mobil operatorlara məxsus nömrələrdən “alnası iw deyilde guya ki bu özü buraxmir kimnense götürür Hemen adam da yiye durmur deyir hec neye borc filan vermir. Brat ikimizin canı", “bunnan qabağda olub telefonu qoymağ isdemiwem yiye durmuyub. Sen ol deyir qaqaw bunnan sonranı yigma meni bele weye gore de hir manat kesirnen bele yığma", “Brat burda pox var narkobiznesin masinlari burdadi", “Qaqa kola goturersen mene lqr". “Anar seher tezden gordum dedim istirsen yarim kola 1 dene daw ne bovuy ne balaca he yox de"məzmununda mesajlar göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən digər mobil operatorlara məxsus nömrələrə isə “Qardawim Supana de ele biznen goruwsun hamimiz geleyde hamimiz gelsey narmanli geleriy mendede birZ var kola", “A kiwi mawinimi xodduya bilmirem kakos nedi mezelenirsen sen hardasan sen". “Azer bax yene mene atkaz getdin uwaqlara verdiz.Azer İonikadayam tekem anamin cani mene 5.6 tustu birwey ver qaqa agriyiram pis", “Nes kes elemirdi menim elediylerimi sene anamin cani atamin cibinnen axrinci yol pulusuna kimi ogurruyub seni lomkadan cixardirdim sene menim qoyduğum hormeti hec kes qoymuyub bir mene eliyirsen elediyin hormetsizliyi" məzmunda mesajların göndərilməsi aşkar olunur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator X1 haqqında 25 oktyabr 2021-ci il tarixli, 4124 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi barədə” 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı video görüntülərini özündə saxlayan 01 ədəd DVD disk və "Azerfon” MMC-dən daxil olmuş 01 ədəd CD diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamın məhkəmə istintaqı zamanı tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; Yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı MKTD-nin 3 saylı XTMKTB-nin 149 saylı Mənzil Kommunl İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar - şəxsi axtarış və götürmə zamanı video görüntülərini özündə saxlayan 01 ədəd DVD disk və "Azerfon” MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası DİN-in BMCMİnin Maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitələrin qalıq çəkisi məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 29 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə zamanı video görüntülərini özündə saxlayan 01 ədəd DVD disk və "Azerfon” MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, qalıq çəkidə 1,408 qram çəkidə tiryək və 0,08 qram metadon həb qırıntısı məhv edilsin. İş üzrə ekspertiza xərci 65,0 (altmış beş manat) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-101/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-101/2022
04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver