Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-101/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X1 oglunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-cı ildə, Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, Göyçay şəhərində qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, X2 küçəsi, 33A ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hal hazırda ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində ünvan 2 ünvanında yerləşən yaşayış binasının qarşısında olan Zərərçəkmiş şəxs Zülfüqar oğluna məxsus “Hundayi” markalı, “Sonata” modelli, 90- VH-015 dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ yan şüşəsini yerdən götürdüyü daşla sındırıb avtomobilin ön oturacaqları arasında yerləşən qolaltı saxlanc yerindən 2700 manat pulu gizli olaraq ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununlada Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, dəmir tullantıları yığıb satmaqla pul əldə edir. Təxminən 2022-ci ilin may ayının əvvələri Nərimanov rayonu K.Rəhimov küçəsindən keçərkən saat təxminən gecə 02 radələrində o, oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt orada gördüyü ağ rəngli “Hyundai Sonata” markalı dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobilin sağ ön yan şüşəsini yerdən götürdüyü daşla sındırdıb içərisini axtarmağa başlamışdır. Həmin vaxt o, avtomobildən bir ədəd suvenir bıçag oğurlamış və oradan çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı o tək olmuşdur və “Hyunai Sonata” markalı avtomobildən 2700 manat pulu götürməmişdir. Həmçinin hadisə vaxtı hər hansı bir yerinin kəsilməsi dəqiq yadında deyildir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasına gələ bilməyən Zərərçəkmiş şəxs Zülfüqar oglu videokanfrans vasitəsilə dindirilmiş və ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 23:45 radələrində özünə məxsus “Hyundai”* markalı **-VH-*** dövlət qeydiyat nişanlı avtomobili yaşadığı binanın qarşısında saxlayaraq evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 10:40 radələrində yaşadığı mənzildən çıxaraq binanın qarşısında saxladığı avtomobilinə yaxınlaşdıqda avtomobilin sağ yan şüşəsinin sındırıldığını, avtomobilin içərsində qolaltı saxlama yerinin içərisinə baxdıqda orada olan 2700 manat pulunun oğurlandığım aşkar etmişdir. Dərhal 102 xidmətinə zəng edib bu barədə məlumat verib şikayətçi olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, əlavə yığdığı pulu həmişə avtomobilinin qolaltı saxlama yerinin içərisində saxlayır. Avtomobilini binanın qarşısında saxlamamışdan əvvəl həmin gün axşam saatlarında 2700 manat pulu uşaqlıq dostu Şahid yanında sayıb qolaltı saxlama yerinin içərisinə qoymuşdur. Oğrulanan yüzlük və iki yüzlük əskinaslar olmaqla 2700 manat pulun hamısı onun özünə məxsus olmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs Zülfüqar oğlu bildirdi ki, o Təqsirləndirilən şəxs bağışlayır, ona qarşı iddia və şikayəti yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Alid onun uşaqlıq dostudur. Onlar hər gün birlikdə olurlar. Alidin avtomibilində qolatı hissəsində daim pul olur. Alid pulunu həmişə orada saxlayır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Alidin yaşadığı Bakı şəhəri, Nərimov rayonu, K.Rəhimov 1 ünvanının yanında avtomobilində olan zaman Alid cibindən pul çıxarıb saymış, sonra isə həmin pulu avtomobilində qolaltı hissəsinə qoymuşdur. Qeyd etmişdir ki, Alidin saydığı pulun miqdarı 2700 manat olmuşdur. Daha sonra onlar sağollaşıb evə getmişlər. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Alid ilə danışan zaman Alid avtomobilindən oğurluq olduğunu, qolaltı saxlanc yerində olan 2700 manat pulunun oğurlandığını bildirmişdir. Sonra isə Alid DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat verdiyini bildirmişdir. (iş vərəqə 99-100) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tutma haqqında 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:10 da şübləli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş və o MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza müddəti 2022-ci ilin fevral ayında bitmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 maddəsinə əsasən Residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırda törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlərə aid oldugundan əməlində cinayətlərin residivi yaranmır. İşdə olan Binəqədi RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarına əsasən ********* saylı Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1 maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. AR DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 22/700R saylı Ekspertiza rəyinin nəticə hissəsində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs Zülluqar oğluna məxsus “Hundai” markalı **-VH-*** d.q.n a/m-da baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 02 (iki) ədəd qan nümunəsinin Təqsirləndirilən şəxs (xx/xx/1996 Göyçay r.) məxsus olduğu müəyyən edildi. “Sübutların qiymətləndirilməsi haqqında” 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs aid 02 ədəd qan nümunəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2022-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işinin icraatı dayandırılmış, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qismində qətimkan tədbiri seçilmiş və yeri müəyyən edildikdə dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Nərimanov RPİ-nin 31 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən AR CM- nin 177.1-ci maddəsi ilə 1(005)-588/2022 saylı cinayət işi ilə əlaqədar, Nərimanov RPİ CAŞ-si tərəfindən xx.xx.2023-cü il tarixdən 60843/23 saylı axtarış işi üzrə axtarışda olan, xx.xx.1996-cı ildə RF-da anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Binəqədi rayonu, Z.Bünyadov prospektində müəyyən olunaraq 18-ci PŞ-nə gətirilmiş və saxlanılması üçün Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30-da tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü tərəfindən qismən etiraf edilmiş, eləcə də mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayəthüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, həmin ifadə onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilmişdir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, hətta məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli qismən etiraf etməsi və əməlindən peşman olmasını; zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlunun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (03-05 noyabr 2022-ci il), ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM- 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut Təqsirləndirilən şəxs aid 02 ədəd qan nümunəsi məhv edilməlidır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə edən Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 31 iş saatına görə 186 (yüz səksən altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 23 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut Nərimanov RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aid 02 ədəd qan nümunəsi məhv edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 31 iş saatına görə 186 (yüz səksən altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-101/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-101/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver