Məhkəmə qərarları › İş №1(005)-101/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-101/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-101/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 13, mənzil 66da qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Q.Quluyev küçəsi, ev 38, mənzil 62-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasıı Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə saat 11.30 radələrində ünvan 1 ünvanda yerləşən «45 Klub» adlanan restoranın qarşısında tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun onunla kobud danışmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib özünü cəmiyyətin fövqündə qoyaraq Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək yumuruqla onun sol gözündən vurub ona sol almacıq nahiyyəsinin göz ətrafını əhatə etməklə flüktuasiya ilə müşayiət olunan hematomasından ibarət xəsarətlər yetirərək dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaqla qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü qismən, yəni zərərçəkmiş şəxsi vurmaqla xəsarət yetirməsi hissəsində təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs rəfiqəsi Şahid1 ilə sevgili olmuşdur. Onun Zərərçəkmiş şəxs ilə heç bir ədavəti olmamış, bir-biri ilə tanışlıqları olmuşdur. «Elips» adlanan gecə klubunda mühafizəçi işləmişdir. Özü idman ustasıdır, bir neçə beynəlxalq yarışların iştirakçısı olmuşdur. Hadisə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən “45 klub” adlanan restoranında baş vermişdir. Belə ki, 10 yanvar 2023-cü il tarixdə səhər saat 10 radələrində tanışı Şahid3 ilə birlikdə çay içmək üçün həmin restorana gəlmişdirlər. Həmin vaxt Şahid3 tanışı Zərərçəkmiş şəxs zəng edərək çay içmək üçün onu restorana dəvət etmişdir. Türkanda Kərəmlə razılaşaraq restorana onların yanına gəlmişdir. Bu vaxt Türkan sərxoş vəziyyətdə olmuşdur. Mübahisə əvvəl Türkanla Kərəm arasında baş vermişdir. Kərəm Türkandan nəyə görə Aynurəyə onun başqa qızla görüşdüyünü deməsini soruşmuşdur. Bu vaxt Zərərçəkmiş şəxs içkili olduğundan hay-küy salaraq Aynurəyə belə bir söz demədiyini bildirmişdir. Türkan əsəbi şəkildə Aynurəyə zəng edib onu da restarana gəlməsini təkid etmişdir. Həmin vaxt Türkanı sakitləşdirməyə çalışmışdırlar. X6 özünü bu cür aparmasından əsəbləşərək stolun üstündəki çayniki yerə atıb sındırmışdır. Buna görədə Türkana sakitləşməsini, özünü sakit aparmasını xahiş etmişdir. Lakin Türkan nə onun, nə də Kərəmin sözlərinə əhəmiyyət verməmişdir. Bir neçə dəqiqədən sonra Aynurə başqa bir Nigar adlı rəfisəqi ilə oraya gəlib çıxmışdır. Bundan sonra özü restorandan çölə çıxaraq siqaret çəkmişdir. Bu vaxt Türkan, Aynurə və Nigarda çölə çıxmışdırlar. Kərəm isə hesabı vermək üçün restoranda qalmışdır. Aynurə və Nigar Aynurəyə məxsus avtomobilə əyləşmişdirilər. Türkan isə onu görüb avtomobilə əyləşməyib ona baxaraq ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Türkana avtomobilə əyləşib çıxıb getməsini desə də, Türkan onun sözlərinə əhəmiyyət verməyərək yenədə onu söymüşdür. Buna görə də əsəbləşərək Türkan yaxınlaşıb əli ilə onun sifətindən itələmişdir. Həmin vaxt hava qarlı olduğundan Türkan yerə yıxılmışdır. Hadisə vaxtı Aynurə və Nigar avtomobildə olduqlarından və Kərəm isə restoranda olduğundan baş verənləri onlar görməmişdirlər. Ümumiyyətlə həmin vaxt orada özü və Türkandan başqa heç kim olmamış və onları görən olmamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və Şahid3 əvvəllər tanış kimi tanımış, belə ki, Təqsirləndirilən şəxs mühafizəçi işlədiyi “Elips” kluba gəlib gedərkən onunla tanış olmuşdurlar. Aralarında normal münasibətlər olmuş, ədavətləri olmamışdır. 10 yanvar 2024-cü il tarixdə Şahid3 ona zəng edərək “45 klub”da olduqlarını və çay içəməyə dəvət etmişdir. Buna görə də Kərəmin dəvəti ilə oraya getmişdir. Həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Orada Kərəm və Əhlimandan başqa heç kim olmamışdır. Klubda çay içdikləri otaqda Kərəm onunla mübahisə edərək nəyə görə Əhlimanın Aynurənin rəfiqəsi Dərya ilə görüşməsini soruşmuşdur. O, Əhlimanın rəfiqəsi Dərya ilə görüşdüklərini bilsədə bu barədə digər rəfiqəsi Aynurəyə onların münasibəti barədə heç nə deməmişdir. Amma Aynurəyə başqa kiminsə Əhlimanın Dərya ilə görüşməsi barədə demişdir. Bu səbəbdən Aynurənin tanışı Əhlimanla aralarında mübahisələri olmuş, lakin sonuncuların arasında olan münasibətə heç bir müdaxilə etməmişdir. Klubda birlikdə olarkən Şahid3 onun rəfiqələrini söymüş, oda Kərəmin rəfiqələrini söyməsinə görə onunla mübahisə etmiş, Kərəmi söymüşdür. Həmçinin Aynurəyə zəng edərək kluba gəlməsini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona sakitləşməsini desə də, ona əhəmiyyət verməmişdir. Bir qədər sonra rəfiqələri Aynurə və Nigar da oraya gəlmişdir. Bundan sonra isə onlar restoranı tərk edərək çölə çıxmışdırlar. Kərəm isə hesabı ödəmək üçün içəridə qalmışdır. Aynurə və Nigar çöldə Aynurəyə məxsus maşına əyləşmişdirlər. Həmin vaxt çölədə aralıda siqaret çəkən Təqsirləndirilən şəxs görüb əsəbi olduğundan və bir qədər içki qəbul etdiyi üçün onu söymüşdür. Buna görədə Əhliman ona yaxınlaşaraq 1 dəfə sifətindən yumruqla vurmuşdur. Restonda mübahisələri cəmi 5-10 dəqiqə davam etmiş, çöldə Təqsirləndirilən şəxs onu vurarkən isə cəmisi 2-3 dəqiqə mübahisə olmuş, yanlarında heç kim olmamış və hadisəni heç kim görməmişdir. Hadisə zamanı rəfiqələri Şahid1 və Nigar maşında olmuşdurlar. O, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs dostudur. Hadisə 10 yanvar 2023-cü il tarixdə səhər saat 10 radələrində baş vermişdir. Hava qarlı idi. Hadisə günü işdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs ilə çay içmək üçün “45 Klub”a getmişlər. Daha sonra tanışı Zərərçəkmiş şəxs zəng edərək yerlərini bildirib çay içməyə dəvət etmişdir. Bir neçə dəqiqə sonra Türkan onların onların yanına gəlmişdir. Həmin vaxt həm özü və həmdə Zərərçəkmiş şəxs sərxoş olmuşdur. Söhbət vaxtı Türkandan nəyə görə Əhlimanın Aynurənin digər rəfiqəsi Dərya ilə görüşməsini deməsini soruşmuşdur. Bu sözünə görə Türkan əsəbləşib otaqda səs-küy salmışdır. Türkanın sakitləşmədiyini görüb əsəbiləşib stolun üstündəki çaydanı yerə çırpmışdır ki, Türkan biraz sakitləşsin. Əhliman da Türkana sakitləşməsini desə də onun sözlərinə də əhəmiyyət verməmiş, əksinə Əhlimana “peysər” demişdir. Hadisə baş verərkən “45 klub” restoranın müdiriyyətinin və ya işçilərin xəbəri olmamışdır. Daha sonra Zərərçəkmiş şəxs rəfiqəsi Şahid1 zəng edib oraya yanlarına çağırmışdır. Şahid1 onlarına yanına digər rəfiqəsi Şahid2 ilə birlikdə gəlmışdir. Türkanla bir qədər sözlə mübahisə etdikdən sonra Türkan rəfiqələri Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs çölə çıxmışdırlar. Özü isə restoranda qalaraq hesabı ödəmişdir. Çölə çıxarkən Türkanının yerə yıxılmasını görüb ona yaxınlaşıb yerdən qalxmasına köməklik etmişdir. Həmin vaxt Türkan Əhlimanın ünvanına əxlaqsız sözlər danışırdı. Bu vaxt Türkandan öyrənmişdir ki, Əhlimanı söyüb təhqir etdiyinə görə Əhliman onu bir dəfə üzündən vurmuşdur. Yer qarlı olduğu üçün Türkan sürüşüb yerə yıxılmışdır. Lakin özü Əhlimanın Türkanı vurmasını görməmişdir. Bu vaxt Türkan DİN-in 102 xidmətinə zəng edərək hadisə barəsində polisə məlumat vermişdir. Həmin vaxt küçədə heç kim yox idi və heç kəs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsı vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə sevgili olmuşdur. Zərərçəkmiş şəxs onun rəfiqəsidir. O, “45 klub”a rəfiqəsi Zərərçəkmiş şəxs zəng edərək dəvəti ilə əlaqədar digər rəfiqəsi Şahid2 ilə birlikdə gəlmişdir. Hadisə yerinə gələndə Türkanın Şahid3la mübahisə etməsini görmüşdür. Təqsirləndirilən şəxs isə onları sakitləşdirməyə çalışırdı. Bu vaxt Türkan Əhlimanın ünvanına söyüş söymüşdür. Lakin Əhliman ona əhəmiyyət verməmişdir. Bir qədər sonra isə o, Türkan, Nigar və Əhliman klubdan çıxmışdırlar. Kərəm isə içəridə qalıb hesabı ödəmişdir. Özü və Nigar ona məxsus maşına əyləşmişdirlər. Bu vaxt Türkan yenə Əhlimanın ünvanına söyüş söyməyə başlamışdır. Buna görədə Əhliman ona tərəf yaxınlaşmış və bu zaman Türkanın yerə yıxılmasını görmüşdür. Əhlimanın Türkanı vurmasını görməmişdir, ona elə gəlmişdir ki, Əhliman Türkanı itələdi, Türkan da bu səbəbdən yıxılmışdır. Hadisə baş verəndə o, özü və rəfiqəsi Nigar maşında olmuşdurlar. Həmin vaxtı orada ətrafda heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, hadisəni və ibtidai istintaq zamanı verdiyi ifadəsini tam xatırlamır, heçnə görməmişdir. O, rəfiqəsi Şahid1 ilə birlikdə olarkən Zərərçəkmiş şəxs Aynurəyə zəng etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs danışığından əsəbi olması hiss olunurdu. O və rəfiqəsi Şahid1 birlikdə “45 klub” restoranına gəlmişlər, orada otaqda Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid3 əyləşdiklərini görmüşdür. İçəri daxil olarkən otaqda çaydanın qırılmasını görmüşdür, içəridə Kərəmlə Türkanın mübahisəsi olmuşdur. Mübahisə olarkən heç nəyə qarışmamışdır. O, təxmini olaraq xatırlayır ki, Zərərçəkmiş şəxs Kərəmə və Əhlimana söyüş söymüşdür. O, otaqdan çıxmış, yenidən otağa qayıtdan sonra birlikdə çölə çıxmışdırlar. Onlar çölə çıxdıqdan sonra o, Aynurənin maşınında arxada əyləşmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını ümumiyyətlə görməmişdir. Qeyd olunan hadisə səhər saatlarında baş verdiyindən orada onlardan başqa heç kim olmamışdır. Sonradan Türkandan öyrənmişdir ki, söyüş söydüyü üçün Əhliman yumruqla onun sifətindən bir dəfə vurnuşdur. Lakin özü bunu görməmişdir. Hadisə yerinə heç kim toplaşmamış və görən olmamışdır. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, “45 klub” restoranında menecer işləyir. Təqsirləndirilən şəxs işlədiyi restorana daimi gəlib gedən müştəri kimi tanımışdır. Əhlimanı sakit, mədəni oğlan kimi tanımışdır. Hadisə günü Əhliman bir nəfər Kərəm adlı dostu ilə gəlib restoranda otaqda çay içmişdirlər. Sonradan onların yanına iki xanım da gəlmişdir. Əvvəl səs küy olmamış, sonradan otaqdan səs gəlməsini eşidib, gəlib otağa baxarkən görmüşdür ki, yerdə çaynik sınıqları var. Kərəm ona demişdir ki, çaynik əlləri dəyib yerə düşüb sınıb. İçəri daxil olanda hər hansı münaqişə-mübahisə görməmiş və eşitməmişdir. Bundan 10-15 dəqiqə sonra gəlib Kərəm hesab ödəmiş və getmişlər. Kərəm hətta sındırıdığı çaynikində pulunu vermək istədə qəbul etməmişdir. Restoranın çölündə nə baş verməsini isə ümumiyyətlə görməmişdir və eşitməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda 9 mərtəbəli yaşayış binası vardır. Binanın altında ictimai iaşə obyektləri yerləşir. Zirzəmidə “45 klub” restoranı vardır. “Axtarışda olan şəxsin tutulması barədə” 23 may 2023-cü il tarixli protokola əsasən 23 may 2023-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Quliyev X2 RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən tutularaq Nərimanov RPİ-nin MSY-yə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nərimanov rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin qaldırılmış vəsatət təmin edilməyərək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimat verilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir; “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X4” X5 13 yanvar 2023-cü il tarixli, 23 nömrəli tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol almacıq nahiyəsinin göz ətrafını əhatə etməklə flüktuasiya ilə müşayiət olunan hematoması küt alətin təsirindən yetirilməklə xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aldığı xəsarət bir zərbə ilə əmələ gəldiyi üçün ayrı-ayrılıqda dərəcələri təyin edilmədi. Xəsarətlərin xarakterini, lokalizasiyasını və hadisə haqqında ilkin məlumatları nəzərə alaraq demək olar ki, həmin xəsarətin şəxsin yerə yıxılaraq sifət nahiyəsinin yerin bərk səthinə dəyməsi əmələ gəlməsi az inandırıcıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-101/2024-cü il nömrəli, 09 yanvar 2024-cü tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işinin icraatı dayandırılmış, onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qismində qətimkan tədbiri seçilmiş və yeri müəyyən edildikdə dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin 31 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Nərimanov rayon Məhkəməsi tərəfindən AR CM-nin 221.1-ci maddəsi ilə 1(005)-101/2024 saylı cinayət işi üzrə barəsində 61567/24 saylı axtarış işi olan, xx.xx.1997-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş vəsiqəyə əsasən Təqsirləndirilən şəxs idman ustası kimi vəsiqə verilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs güləş idman növü üzrə dərəcə verilmiş və bir neçə diplomlarla təltif olunmuşdur. İş materiallarında olan 27 fevral 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş zərəri ödəmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericilklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanununun bu maddəsinin tərkibi üçün istər əşyaların məhv etmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək yumuruqla onun sol gözündən vurub ona sol almacıq nahiyyəsinin göz ətrafını əhatə etməklə flüktuasiya ilə müşayiət olunan hematomasından ibarət xəsarətlər yetirərək dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaqla qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibinin olmadığı, onun əməlində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibinin aşkar müəyyən edildiyi halda ibtidai istintaq orqanı iş üzrə düzgün nəticəyə gəlinməsi və təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə nəzərə almadan onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 10 yanvar 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək yumuruqla onun sol gözündən vurub ona sol almacıq nahiyyəsinin göz ətrafını əhatə etməklə flüktuasiya ilə müşayiət olunan hematomasından ibarət xəsarətlər yetirərək dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirməsi həm təqsirləndirilən şəxsin özünün, həm zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həm də iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” X5 13 yanvar 2023-cü il tarixli, 23 nömrəli rəyi ilə təsdiq olunur. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt o sərxoş olmuşdur. O, Əhlimanın rəfiqəsi Dərya ilə görüşdüklərini bilsədə bu barədə digər rəfiqəsi Aynurəyə onların münasibəti barədə nəsə deməmişdir. Amma Aynurəyə başqa kimsə Əhlimanın Dərya ilə görüşməsi barədə demişdir. Bu səbəbdən Aynurənin tanışı Kənanla aralarında mübahisələri olmuş, lakin Əhliman sonuncuların arasında olan münasibətə heç bir müdaxilə etməmiş, əksinə onları sakitləşdirməyə çalışmışdır. Zərərçəkmiş şəxs əvvəl Şahid3 ilə daha sonra Təqsirləndirilən şəxs ilə mübahisə etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə həm restoranda otaqda olarkən, həmçinin restorandan çıxdıqdan sonra söymüş, Əhiman da onu söydüyü üçün Türkanın yumuruqla sol gözündən vurub ona sol almacıq nahiyyəsinin göz ətrafını əhatə etməklə flüktuasiya ilə müşayiət olunan hematomasından ibarət xəsarətlər yetirərək dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmağa aid bədən xəsarəti yetirmişdir. Ümumilikdə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında hadisə qısa zaman ərzində baş vermişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin nədən ibarət olduğunu açıqlamamış, onun hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək onun müvafiq əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. İşin hallarından müəyyən olunur ki, 10 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs söyüb təhqir etdiyi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə yumruğu ilə sol gözündən vurmuş və nəticədə onun sağlamlığına yüngül zərər dəymişdir. Həmin hadisə baş verərkən onların yanında orada heç bir şəxs olmamışdır və heç kim görməmişdir. Bu halı zərərçəkmiş şəxs də məhkəmə iclasında təsdiq etmişdir. Belə olan halda təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsindən söhbət gedə bilməz. Belə ki, məhkəmə iclasında verilmiş ifadələrdən görünür ki, onunla zərərçəkmiş şəxsin arasında olan mübahisə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq söz-söyüş işlətməsi səbəbindən başlamış, mübahisənin davamı olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruğu ilə bir dəfə sol göz nahiyəsindən vuraraq onun sağlamlığa yüngül zərər dəymişdir. Həmçinin Zərərçəkmiş şəxs da məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, onlar arasında mübahisə yarandıqda hadisə baş verərkən ətrafda heç kəs olmamışdır. İş üzrə dindirilmiş şahidlər Şahid2, Şahid3, Şahid1 və Şahid4 isə hadisəni, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını birbaşa görmədiklərini məhkəmə iclasında bildirmişdirlər. Bundan başqa məhkəmə qeyd edir ki, istintaq zamanı elan olunmuş ittihamın mahiyyəti, yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi xuliqanlıq hərəkətlərinin mahiyyəti açıqlanmamışdır. İşin obyektiv vəziyyətindən isə aydın olur ki, ictimai qaydanın kobud surətdə pozulması hadisənin baş verdiyi ünvan 1 ünvanda yerləşən «45 Klub» adlanan restoranın qarşısında baş vermişdir, lakin ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun ünvan 1 ünvanda yerləşən «45 Klub» adlanan restoranın qarşısında zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də, bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin toplaşması, mübahisənin aradan qaldırılması məqsədi həmin şəxslərin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxslər olmuşlarsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs yumruğu ilə vurmaması, sadəcə onu sinəsindən itələdiyinə görə yıxılaraq xəsarət alması barədə göstərdikləri özünü müdafiə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsindən ibarət hərəkətlərin olub-olmaması istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmişdir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməsi zərurəti olduğu halda bunu etməyərək Təqsirləndirilən şəxs əməlin əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Sevdiyar qızı ilə barışdığından, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidi. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.8, 43.1.2, 175, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar