Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-102/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 sentyabr 2020-ci il tarixdə saat 09 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab edilən “Paşa Bank”ın əmək haqqı verilməsi üçün nəzərdə tutulmuş plastik kartını yaşadığı Bakı şəhəri, Nəsimi rayonu Novruzov Qardaşları küçəsində yerdən tapdıqdan sonra, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə həmin kartdan istifadə etməklə, vahid niyyətlə əhatə olunan qəsdlə 08 sentyabr 2020-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 12-də yerləşən “Rahat” marketdən 0,84 qəpiklik, saat 10:01-də Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 12-də yerləşən “Rahat” marketdən 14,98 manatlıq, saat 10:16-da Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 15-də yerləşən “Spar” marketdən 4,20 manatlıq, saat 10:14-də Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 15-də yerləşən “Spar” marketdən 68 manatlıq, saat 10:19-da Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 15-də yerləşən “Spar” marketdən 68 manatlıq, saat 10:33-də Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 145-də yerləşən “Bravo” marketdən 34 manatlıq və həmin gün saat 10:34-də Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 145-də yerləşən yerləşən “Bravo” marketdən 34 manatlıq ərzaq məhsulları alaraq özgənin əmlakını gizli yolla talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 224,02 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 sentyabr 2020-ci il tarixdə təxminən saat 10 radələrində yaşadığı evin yaxınlığında yerləşən Avrasiya Klinikasının qarşısındakı küçədən bir ədəd kart tapmışdır. Həmin kartdan nəğd şəkildə pul çıxarmağın mümkün olmadığını görüb yaxınlıqda olan “Rahat” market mağazasına gedərək həmin kartdan nağdsız istifadə etməklə 5-6 blok siqaret, kolbasa, içki və digər ərzaq məhsulları almışdır. Bir neçə dəqiqədən sonra təkrar “Rahat” marketə qayıdaraq həmin kartdan nağdsız istifadə etməklə müxtəlif çeşidli ərzaq və qeyri ərzaq məhsulları almışdır. Bir neçə dəfə həmin kartdan istifadə etməklə Spar və Rahat marketdən ümumilikdə 225 (iki yüz iyirmi beş) manatlıq alış-veriş etmişdir. Sonda kartda pul olmadığını görüb kartı yolda tullamışdır. Kartdan yalnız mağazalarda nağdsız şəkildə istifadə etmişdir. Sonda təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs vurulmuş ziyanın tam ödənildiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayından ünvan 2 ünvanda yerləşən Rahat marketdə satıcı işləyir. 08.09.2020-ci il tarixdə saat 09 radələrində özünü pis hiss etdiyi üçün işdən çıxaraq yaşadığı ünvan 3 ünvanda yerləşən evlərinə getmişdir. Həmin evdə olan zaman şalvarının arxa cibinə qoyduğu əmək haqqı kartının cibində olmadığını aşkar etmişdir. Kartı qoyduğu şalvarının arxa cibində özünə məxsus olan mobil telefonunu qoymuşdur ki, lakin telefonun cibində olduğunu görüb əmin olmuşdur ki, əmək haqqı kartı cibindən düşüb itmişdir. Həmin gün əmək haqqı kartından ümumilikdə hissə-hissə 225 (iki yüz iyirmi beş) manat pulunun çıxarılması barədə SMS-lər gəldiyi üçün əvvəlcə kartının oğurlanması barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermiş, sonra isə bu barədə ərizə və izahat yazmışdır. O, DİN-nin 102 zəng mərkəzinə həmçinin ərizə və izahatında 225 manat pulunun çıxarılmasını təxmini desə də, əslində isə ona məxsus əmək haqqı kartından 224,02 manat pul çıxarılmışdır. Qalan məbləği digər bank kartına yönəltmiş və özü üçün kontur yükləmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 8-9-cu vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 11 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin baş təhqiqatçısı X2 Sevil Ədalət qızının və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirtmişdir. Hadisə yeri ünvan 4 ünvanda yerləşən “Bravo” marketdir. “Bravo” market hündür mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Həmin marketin qarşısından piyada yolu və nəqliyyat yolu keçir. Vətəndaş Zərərçəkmiş şəxs məxsus plastik kart sonuncu dəfə qeyd olunan marketdə istifadə olunmuşdur. Həmçinin hadisə yerində hadisənin baş verdiyi video görüntü və hadisə yerinin foto şəkilləri götürülüb tərtib olunmuş protokola əlavə ediləcəkdir. Cinayət işinin 39-40-cı vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 70-72-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 24 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Hüseynovun 24 oktyabr 2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 73-74-cü vərəqələrində olan “Başqa yerə getməmək haqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 24 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 81-ci vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” 02 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X5, icraatında olan ********* nömrəli cinayət işi üzrə Nərimanov RPİ-nin 16-cı PB-dən 17.09.2020-ci il tarixli 079-5770-Ə nömrəli məktubla daxil olmuş hadisənin baş verdiyi ünvanın yaxınlığında quraşdırılmış müşahidə kameralarının qeydə aldığı görüntülərin əks olunduğu 01 ədəd DVD diskə təqsirləndirilən şəxs X1 və müdafiəçisi X3 iştirakı ilə Nərimanov RPİnin inzibati binasında xidməti otağında «HP» markalı kompyüterdə baxış keçirtmişdir. Hadisənin baş verdiyi ərazidə yerləşən müşahidə kameralarının qeydə aldığı görüntülərin olduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə “Video 1” adlı 55 saniyə müddətində 1 ədəd videogörüntü əks olunmuşdur. “Video 1” adlı videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, 08 sentyabr 2020-ci il tarixdə saat 10:03-də bir nəfər əynində ağ rəngli uzunqol köynək, göy rəngli şalvar olan və sifət nahiyəsi tibbi maska ilə örtülmüş bir nəfər 20-25 yaşlarında kişi cinsindən olan şəxs Ak.Həsən Əliyev küçəsi 12-də yerləşən “Rahat” marketə daxil olub marketin vitrinindən məhsullar götürüb kassaya yaxınlaşaraq plastik kart vasitəsilə aldığı mallara görə ödəniş edib kassadan uzaqlaşaraq marketi tərk etmişdir. Bundan başqa videogörüntülərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir. Baxış zamanı təqsirləndirilən şəxs X4 bildirmişdir ki, video görüntülərə düşən şəxs onun özüdür. Marketdən aldığı məhsulların pulunu yerdən tapdığı iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs qızma məxsus “Paşa” bank kartı vasitəsilə ödəmişdir. Videogörüntülərin əks olunduğu DVD diskə baxış ilə əlaqədar tərəfindən protokol tərtib olunmuşdur. Cinayət işinin 82-ci vərəqində olan “Mobil telefon məlumatlarına baxış keçirilməsi haqqında” 04 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Hüseynov Azərbaycan Respublikası CPM-nin 51, 85, və 236-241-ci maddələrini rəhbər tutaraq vətəndaş Zərərçəkmiş şəxs mobil telefonuna göndərilmiş sms mətnlərinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 08.09.2020-ci il tarixdə “Paşa” bank tərəfindən həmin bankın müştərisi olan Zərərçəkmiş şəxs ***-***-**-** nömrəli mobil telefonuna ona məxsus maaş kartından müxtəlif saatlarda pul vəsaitlərinin çıxarılması barədə smslər gəlmişdir. Həmin sms-lərdən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs istifadəsində olan maaş kartından istifadə edilməklə 08 sentyabr 2020-ci il tarixdə saat 10:00-da Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 12-də yerləşən “Rahat” marketdən 0,84 qəpiklik, həmin gün saat 10:01-də Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 12-də yerləşən “Rahat” marketdən 14,98 manat, həmin gün saat 10:16-da Nərimanov rayonu, S.Rəhman küçəsi 15-də yerləşən “Spar” marketdən 4,20 manat, həmin gün saat 10:14-də Nərimanov rayonu, S.Rəhman küçəsi 15-də yerləşən “Spar” marketdən 68 manatlıq, həmin gün, saat 10:19-da Nərimanov rayonu, S.Rəhman küçəsi 15-də yerləşən “Spar” marketdən 68 manatlıq saat 10:33-də Nərimanov rayonu, Azadlıq prospekti 145-də yerləşən “Bravo” marketdən 34 manatlıq, həmin gün saat 10;34-də Nərimanov rayonu, Azadlıq prospekti 145-də yerləşən yerləşən “Bravo” marketdən 34 manatlıq, ümumilikdə 224,02 manat məbləğində alış-veriş edilməsi ilə bağlı əməliyyat aparılmışdır. İş üzrə Zərərçəkmiş şəxs mobil telefonuna göndərilmiş sms mətnləri onun özünün iştirakı ilə protokola əlavə edilmişdir. Protokol tərtib edilərkən hər hansı bir qeyd və əlavələr olmadığı üçün ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Cinayət işinin 88-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 01.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 89-93-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 09.12.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş videogörüntülərin əks olunduğu 1 ədəd DVD diskin maddi sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 1(005)-102/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından 28.04.2021-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli iş № 1(005)-102/2021 saylı qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, AR CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1998-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs 22.04.2021-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq 26.04.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (23-24 oktyabr 2020-ci il) 1 gün müddət və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 3 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs törətdiyi hadisəni əks etdirən video görüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq vaxtı tutma altında saxlanıldığı 1 (bir) gün və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 3 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (06 ay 2 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs törətdiyi hadisəni əks etdirən video görüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-102/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-102/2021
22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver