Məhkəmə qərarları › İş №1(005)-102/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-102/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-102/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadna olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək üçün Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncuya Almaniya Federativ Respublikasından avtomobillər gəlirəcəyini yalan vəd verib aldadaraq. Zərərçəkmiş şəxs 28.04.2021-ci il tarixdə ünvan 2 ünvanında 5600 manat, 03.05.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 33 ünvanında yerləşən “Yellow” bankın qarşısında 8000 ABŞ dolları, Azərbaycan manatının həmin dövrə olan məzənnəsinə əsasən 13600 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 19200 manat pulu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2010cu ildən Zərərçəkmiş şəxs hazırlıq kursundan tanıyır və münasibətləri normal olmuşdur. 25.04.2021-ci il tarixdə ünvan 3 ünvanında icarəyə işlətdiyi avtoyuma məntəqəsinin qarşısında Tamerlan ilə görüşmüşdür. Görüş vaxtı Tamerlan ondan Almaniyadan Azərbaycana avtomaşın gətirə bilib bilməməyini soruşmuşdur. O da Almaniyadan Gürcüstan Respublikası vasitəsi ilə ölkə ərazisinə avtomaşın gətirə bildiyini, əvvəllər də bir neçə dəfə avtomobil gətirdiyini söyləmişdir. Danışıq zamanı Tamerlan ondan 5 ədəd “Kia Rio” markalı avtomaşın gətirməyini xahiş etmişdir. O da Tamerlanın təklifi ilə razılaşmışdır. Sonradan internet vasitəsi ilə 1 ədəd “Kia Rio” markalı maşını tapıb həmin maşının şəklini Tamerlana göndərmiş, Tamerlan həmin maşını bəyənmiş və Tamerlandan həmin maşını gətirmək üçün 5600 manat pul lazım olduğunu söyləmişdir. Tamerlan da onun təklifi ilə razılaşmış və 28.04.2021-ci il tarixdə Xətai rayonu, Yeni Günəşli qəsəbəsi, General Şıxlinski küçəsi 39A ünvanındakı avtoyuma məntəqəsinin qarşısında ikilikdə ona vermişdir. O, pulu aldıqdan sonra 2-3 gün ərzində Almaniyadan həmin maşını onun və ya Tamerlanın adına alacağını, oradan Gürcüstan Respublikasına gətiriləcəyini, Gürcüstan Respublikasından isə Azərbaycam Respublikasına gəlirib Tamerlana təhvil verəcəyini bildirmişdir. Bundan sonra o, həmin maşını almaq istəsə də, maşında problem çıxdığı üçün almamış və bu barədə Tamerlana söyləmişdir. Razılıqları belə olmuşdur ki, Tamerlanın ona verdiyi 5600 manat pul gətiriləcək digər 4 ədəd avtomaşının yol xərci olaraq onda qalsın. Sonradan Tamerlanla internet üzərindən 4 ədəd avtomaşın seçmişlər və həmin avtomobilləri gətirmək üçün Tamerlandan 13600 manat pul istəmişdir. Buna görə 03.05.2021-ci il tarixdə Tamerlan ilə birlikdə yaşadıqları evə getmişlər. Həmin zaman evdə Tamerlanın anası Əlvan xanım da olmuşdur. Səhv etmirsə həmin vaxtı evdəki pul manat şəklində olduğundan Tamerlanla birlikdə Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Nikoil” banka getmişlər. Həmin bankın hazırda adı dəyişdirilərək “Yellow” bank olmuşdur. Tamerlan pulu bankda dəyişdirərək 8000 ABŞ dollarını bankın qarşısında avtomobildə ona vermişdir. Avtomaşınların gətirilməsi ilə bağlı problemlərlə qarşılaşmış və Tamerlanın ona verdiyi 19200 manat pulu itirmişdir. Bundan sonra Tamerlana qeyd olunan məbləğdən hissə-hissə olmaqla ümumilikdə 5800 manat pul qaytarmış və 13400 manat borcu qalmışdır. Yaranan problem maşınların alına bilməməsi ilə bağlı olmuş və Almaniyadan maşın almağını təsdiq edən sənəd və ya sübutu yoxdur. Tamerlandan aldığı 19200 manat pul maşınları almaq üçün tanış bir şəxsə verilmişdir. Lakin, həmin şəxslə görülən işdə günahkar o, olduğundan və o danışdığından qeyd olunan vəsaiti o, qaytarmalı olmuşdur. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, onun 2011-ci ildən hazırlıq kursundan tanıdığı Təqsirləndirilən şəxs ilə aralarında yoldaşlıq münasibətləri olmuşdur. 25 aprel 2021-ci il tarixdə o, Nicatla zəngləşib sonuncunun icarəyə işlətdiyi avtoyuma məntəqəsində, yəni Xətai rayonu, Yeni Günəşli qəsəbəsi, General Şıxlinski küçəsi 39A ünvanında görüşmüşlər. Görüş zamanı Nicatdan xarici ölkədən maşın gətirmək işi ilə məşğul olub olmadığını soruşmuşdur. Nicat da ona bu işlə məşğul olduğunu, bir neçə dəfə xaricdən maşın gətirdiyini və problem olmadığını söyləmişdir. O da danışıq vaxtı Nicata xaricdən 5 ədəd “Kia-Rio” markalı maşın gətirmək istədiyini və həmin maşınları icarəyə verərək pul qazanacağını bildirmişdir. Nicatdan ona Almaniyadan 5 ədəd “Kia-Rio” markalı maşını gətirə biləcəyini soruşan zaman Nicat ona problem olmadığını, ona xaricdən 5 ədəd “Kia-Rio” markalı maşını gətirəcəyini, hətta özü xaricdən tapdığı maşınların şəklini ona atacağını, bəyənəcəyi təqdirdə həmin maşını gətirib onun adına keçirəcəyini söyləmişdir. O da Nicatla razılaşmış və bu işlə məşğul olmasını xahiş etmişdir. Bu görüşdən təxminən 2-3 gün sonra Nicat ona “Vatsapp” proqramından “Kia-Rio” markalı maşının şəklini atmış və o da həmin maşını bəyənərək gətirməyini bildirmişdir. Nicat həmin maşını Almaniyada alıb oradan onun adına Azərbaycana gətirmək üçün 5600 manat pul lazım olduğunu bildirmişdir. Buna görə də, 28.04.2021-ci il tarixdə Xətai rayonu, Yeni Günəşli qəsəbəsi, General Şıxlinski küçəsi 39A ünvanında onun avtomobilində Nicatla birlikdə görüşmüşlər və Nicata 5600 manat pul vermişdir. Nicat pulu aldıqdan sonra 2 günə maşını onun adına Almaniyada sənədləşdirib, 15-20 gün ərzində Gürcüstan Respublikası vasitəsi ilə Azərbaycan Respublikasına gətirib ona təhvil verəcəyini söyləmişdir. O da Nicatla razılaşmışdır. Bu görüşdən təxminən 2-3 gün sonra Nicat ona yığıb həmin avtomobil nasaz olduğu üçün imtina etdiyini, həmin pulun əvəzinə başqa maşın alacağını bildirmişdir. Bundan sonra Nicat ona internetdə seçib bəyəndikləri maşınların şəkilini almışlar, ümumilikdə 4 ədəd maşın seçmişlər. Həmin maşınlara görə Nicat ondan 13600 manat pul istəmişdir. O da 03.05.2021-ci il tarixdə yaşadığı Nərimanov rayonu, Z.Bünyadov prospekti, ev 48/54, mənzil 98-də anası Əlvanın iştirakı ilə Nicata 13600 manat pul vermək istəyən zaman Nicat ona həmin pulu dollar şəkilində verməyini istəmişdir. Evdə olan danışıq zamanı Nicat ona həmin pulun müqabilində 2 günə 4 ədəd maşını onun adına Almaniyada sənədləşdirib, 15-20 gün ərzində Almaniyadan Gürcüstan Respublikası vasitəsi ilə Azərbaycan Respublikasına gətirib. 4 ədəd maşını ona təhvil verəcəyini vəd etmişdir. Hətta danışıq vaxtı anası Əlvan da Nicata narahatçılığını bildirən zaman Nicat anasına narahat olmamağını, pulu ona verdiklərini, nəsə narahatçılıq olarsa belə hər seyə cavabdeh özü olduğunu bildirmişdir. O və Nicat həmin günü yaşadığı evdən çıxıb Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Nikoyl” banka getmişlər. Həmin bankın hazırda adı dəyişdirilərək “Yellow“ bank olmuşdur. O. pulu dəyişdirib 8000 ABŞ dolları etmiş və həmin pulu bankın qarşısında Nicatın avtomobilində Nicata vermişdir. Nicat elə oradan çıxıb getmişdir. Bundan sonra 3-4 gün keçsə də Nicatdan onun adına Almaniyada maşın almağını təsdiq edən sənədləri göstərməsini tələb etmiş, Nicat isə ona müxtəlif bəhanələr edib vaxtı uzatmağa başlamışdır. Hətta sonradan yalandan guya maşınların Gürcüstanda olduğunu bildirsə də, o, Nicatdan maşınların Almaniyada onun adına və ya öz adına alınması ilə bağlı sənədi göstərməyini, ya da danışdıqları kimi maşınları gətirib ona təhvil verməsini tələb etmişdir. Nicat isə ona sənəd göstərmədiyindən və ya maşınları təhvil vermədiyindən o, Nicatdan pulunu tələb etmişdir. Çoxsaylı israrları nəticəsində, yəni Nicata barəsində polis orqanlarına şikayət edəcəyini bildirdiyi üçün Nicat ona 2800 manat, atası Şahin isə 3000 manat qaytarmışdır. Yerdə qalan 13400 manat pulu qaytaracağını vəd etsə də, sonradan həmin pulu qaytarmaqdan imtina etmiş və o da buna görə şikayət etmişdir. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Tamerlan onun oğlu ilə birgə hazırlığa getmiş, həmçinində uzaqdan onlarla qohumdurlar. X1 pul borcu olması ilə bağlı ona məlumat çaldıqdan sonra Tamerlanın atası ilə görüşü olmuş və görüş vaxtı ona məlum olmuşdur ki, Tamerlanın oğlu Nicatla birlikdə xaricdən maşın gətirmək üçün birlikdə iş fəaliyyətləri olmuş, buna görə Tamerlan oğlu Nicata təxminən 19000 manat pul vermişdir. Lakin oğlu Nicatdan bildiyi qədəri ilə həmin pulu ikisi birgə batırmışdır. O, bunu sonradan bilmiş və hətta Tamerlanla və atası ilə də görüşüb pulu hissə-hissə verəcəyini söz vermişdir. Buna görə də o, Tamerlanın atasına 3000 manat, oğlu Nicat isə Tamerlana 2800 manat vermişdir. Hal-hazırda bütün ziyan Tamerlana tam şəkildə ödənilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 14-15-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 09 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X2, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələbinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri ünvan 4 ünvan asfalt örtüklü avtomobil yolunun kənarıdır. Avtomobil yolu bir tərəfli olmaqla asfalt örtüklüdür. Avtomobil yolunun yaxınlığında 9 mərtəbəli yaşayış binası, yaşayış binasının birinci mərtəbəsində isə ictimai iaşə obyektləri yerləşir. Həmçinin yaşayış binasının birinci mərtəbəsində əvvəlki adı “Nikoyil” bank hazırki adı isə “Yelo bank” yerləşir. Yaşayış binasının qarşı tərəfində piyada yolu vardır. Avtomobil yolunun qarşı tərəfində Atatürk parkı yerləşir. Cinayət işinin 28-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İdarəsi tərəfindən tərtib edilmiş 06.09.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 62-ci vərəqində olan "xxxx" MMC tərəfindən 27.10.2021-ci il tarixdə verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinyət işinin 74-cü vərəqində olan 11 noyabr 2021-ci il tarixli “Tutulma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 86-cı vərəqində olan “Ödənilən pulun götürülməsi haqqında” 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X3 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs atası Şahid2 zərərçəkmiş Zərərçəkmiş şəxs ödənməsi üçün dəymiş maddi zərər – 19200 manatdan qalıq qalmış 13400 manatdan bir qismini, yəni 3000 manatı Nərimanov RPİ-nin İŞ-də 55 saylı xidməti otağında ona təqdim etmişdir. Ödənişdən sonra qalıq qalmış pul 10400 manatdır. Cinayət işinin 104-105-ci vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi, həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama təcridxanasından azad edilməsi haqqında” 13 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimaov RPİ-nin İŞ-nin baş müstəntiqi Elşən Zamanov tərəfindən verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MST-dan azad edilməsi qərara alınmışdır. Cinayət işinin 106-cı vərəqində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 13 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Kapital Bank”ın 11.01.2022-ci il tarixli, 27632 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmi 4805,00 (dörd min səkkiz yüz beş) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 12.01.2022-ci il tarixli ərizədən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.4-cü maddəsinə əsasən eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə- dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar