Məhkəmə qərarları › İş №1(005)-102/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-102/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-102/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Qubadlı rayonu, Zilanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Qubadlı rayonu, Zilanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə yaşayış sahəsi, 7-ci köndələn ünvanında yerləşən “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin balansında olan yataqxanada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə yaşayış sahəsi, 7ci köndələn ünvanında yerləşən “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin balansında olan Zərərçəkmiş şəxs tullantı sellofanların yenidən emalı məqsədi ilə işlətdiyi qeyri-yaşayış sahəsinə aid elektrik paylayıcıya birləşən Zərərçəkmiş şəxs məxsus bir metrinin qiyməti 45 manat olan, ümumi dəyəri 900 manat təşkil edən 70 mm diametrli, 20 metr mis kabeli üzərində olan kəlbətin vasitəsi ilə kəsib gizli yolla ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonu, E.İsaqzadə küçəsində yerləşən “Metrologiya” institutunun yataqxanasında yaşayır. Yataqxananın yanında sellafon sexi var. O, bir neçə dəfə həmin sexin yanından keçəndə həmin səxə tərəf mis kabel xəttinin getdiyini görmüşdür. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, həmin sexin yanından keçən zaman ətrafda kiminsə olmadığına əmin olub elektrik paylayıcıdan sexə tərəf uzanan təxminən 20 metr uzunluğunda, 70 mm diametri olan mis kabeli özü ilə gətirdiyi kəlbətin vasitəsi ilə kəsib oğurlamışdır. Sonra həmin naqilləri yandıraraq içərisində olan misi ayırmışdır. Bir az keçdikdən sonra həmin ərazidən keçən tanımadığı metal alan bir nəfər şəxsə həmin misi 38 manata satmışdır. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə polis əməkdaşı ona zəng edib 17-ci polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsində o, törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Cinayət törətməkdə istifadə etdiyi kəlbətini evdən götürmüşdür, lakin elektrik naqillərini kəsdikdən sonra xarab olduğu üçün yadında qalmayan yerə tullamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin 22-23-cü vərəqələrində olan Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, təxminən 2 ilidir ki, Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə yaşayış sahəsi, 7-ci köndələn ünvanında yerləşən “Azərbaycan Metrologiya İnstitu” publik hüquqi şəxsin balansında olan tullantı sellofanların yenidən emalı məqsədi ilə qeyri-yaşayış sahəsini işlədir. Sexin fəaliyyəti tullantı sellafanların yenidən emalından ibarətdir. Həmin sexi icarə müqaviləsi əsasında işlədir. İçarəçi ilə müqavilənin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədəkdir. İcarə müqaviləsi hər il yenilənir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, həmin sexdən çıxıb evə getmiş, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində o, sexə gələn zaman sexin həyətindən kənarda yerləşən elektrik paylayıcıdan sexə tərəf uzanan 70 mm diametri olan mis elektrik naqillərinin bir hissəsinin kəsilərək oğurlandığını aşkar etmişdir. Qeyd etmişdir ki, hadisə nəticəsində 1 metrinin qiyməti 45 manat olan ümumi dəyəri 900 manat təşkil edən 70 mm diametri olan 20 metr mis kabel oğurlanmışdır. Ona ümumilikdə 900 manat ziyan dəymişdir. Cinayət işinin 8-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış” protokolundan görünür ki, ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsi ilə bağlı “Metrologiya” institutunun yataqxanasının həyətində yerləşən işıq şitinə baxış keçirildi və şitin içərisindən kabellərin kəsilərək götürüldüyü müəyyən edildi. Cinayət işinin 38-ci vərəqində olan “Tutma haqqında” 21 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 61-63-cü vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs baərsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Kənan Məmmədzadənin 23 sentyabr 2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 64-cü vərəqində olan “Qətimkan tədbirinin seçilməsi barədə” 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 69-70-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 71-74-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-300/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Cinayət işinin 76-cı vərəqində olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 900 manat ziyandan 500 manatı ödəmişdir. Ona dəymiş ziyan tam ödənildikdən sonra Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmayacaqdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir.». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, həmçinin göstərir ki, Təqsirləndirilən şəxs öz ifadəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsinə dair göstərdiyi xüsusat barəsində hər hansı təsdiqedici sənəd məhkəməyə təqdim edilməmiş, habelə qeyd edilən halı aydınlaşdırmaqdan ötrü zərərçəkmiş şəxsin bütün mümkün tədbirlərin görülməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müdafiəçi X1 10 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 33 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 33 (otuz üç) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 26 (iyirmi gün) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 33 (otuz üç) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar