Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-102/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan 01 ədəd X- 6710 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İJ-58 modelli, hamar qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz ilkin təyinatını itirmiş odlu yivsiz ov tüfənginin kəsiyini və komplektləşdirdikdə təyinatı üzrə istifadə üçün yararlı vəziyyətdə olan zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı BP.M75 tipli qəlpəli əl qumbarasının döyüş sursatları olan 01 ədəd BP.M75 tipli qəlpəli əl qumbarasının gövdəsini və 01 ədəd alışdırıcı partladıcısını qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirərək Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 35 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 07 noyabr 2023-cü il tarixdə saat 09:45-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və Baş İdarədə həmin gün saat 11:05-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı göy rəngli sellofan torbanın içərisindən texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan 01 ədəd X- 6710 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İJ-58 modelli, hamar qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz ilkin təyinatını itirmiş odlu yivsiz ov tüfənginin kəsiyini və komplektləşdirdikdə təyinatı üzrə istifadə üçün yararlı vəziyyətdə olan zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı BP.M75 tipli qəlpəli əl qumbarasının döyüş sursatları olan 01 ədəd BP.M75 tipli qəlpəli əl qumbarasının gövdəsi və 01 ədəd alışdırıcı partladıcısı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan 10 gün əvvəl “Nəsimi bazarı” adlanan bazarın yaxınlığında olduğu zaman yerdə bir sellofan torbanın olduğunu görmüşdür. Həmin sellofan torbaya yaxınlaşıb baxan zaman görmüşdür ki, torbanın içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah, 01 ədəd qumbara və 01 ədəd alışdırıcı başlığının olduğunu müəyyən etmişdir. Silahlara marağı olduğu üçün qeyd edilən sellofan torbanı götürüb oradan uzaqlaşmışdır. 07 noyabr 2023-cü il tarixdə saat 09:45-də Nərimanov rayonu, Təbriz küçəsi 35 saylı ünvanın yaxınlığında olduğu zaman ona 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah, döyüş sursatı, eləcə də partlayıcı maddə əldə etməyi və saxlamağı barədə bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişər. Buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əlində olan göy rəngli sellofan torbanı masanın üzərinə qoyaraq həmin torbanın içərisində adını “obrez” kimi bildiyi odlu silah və qumbara olduğunu bildirmişdir. Sonra isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 64 manat pul, həmin şalvarın sol yan cibindən isə mobil telefonunu masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra üstündən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi göy rəngli sellofan torbaya baxış keçirilmiş və baxış zamanı torbanın içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah, həmin torbada olan olan qırmızı rəngli sellofan torbanın içərisində isə 01 ədəd qumbara və 01 ədəd alışdıncı başlığının olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı həmin predmetləri təxminən 10 gün əvvəl “Nəsimi Bazarı” adlanan bazarın yaxınlığında küçədən tapdığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd silah, 01 ədəd qumbara və 01 ədəd alışdıncı başlıq polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üstündən aşkar edilmiş 64 manat pul özünə qaytarıldı. Aşkar edilmiş 01 ədəd mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 06 noyabr 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını, eləcə də partlayıcı maddələri əldə edib saxlaması, eyni zamanda üstündə daşıyaraq gəzdirməsi bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 07 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvü ilə birlikdə onun olması ehtimal olunan əraziyə getmişlər. 07 noyabr 2023-cü il tarixdə saat saat 09:45-də Nərimanov rayonu, Təbriz küçəsi 35 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə qanunsuz olaraq odlu silah və döyüş sursatlarını, eləcə də partlayıcı maddələri əldə edib saxlaması, eyni zamanda üstündə daşıyaraq gəzdirməsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu yaxınlıqda yerləşən DİN-in BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla DİN-in BMCMİ-nin inzibati binasına gəlmişdir. DİN-in BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində təhqiqatçı tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 07 noyabr 2023-cü il tarixdə saat 11 radələrdə Baş İdarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanı masanın üzərinə qoyaraq həmin torbanın içərisində adını “obrez” kimi bildiyi odlu silah və qumbara olduğunu bildirmişdir. Sonra isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 64 manat pul, həmin şalvarın sol yan cibindən isə “İnfinix” markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd göy rəngli sellofan torbaya baxış keçirilmiş və baxış zamanı torbanın içərisində bir ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar predmet, həmin torbada olan olan qırmızı rəngli sellofan torbanın içərisində isə bir ədəd qumbara tipli predmet və bir ədəd alışdırıcı tipli predmetin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin predmetləri təxminən 10 gün əvvəl Nəsimi rayonu ərazisində, “Nəsimi bazarı” adlanan bazarın yaxınlığında küçədən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış, eləcə də əlində saxladığı göy rəngli sellofan torbaya baxış zamanı aşkar olunmuş bir ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd qara rəngli sellofan bağlamada, bir ədəd qumbara tipli predmet və bir ədəd alışdırıcı tipli predmet isə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 64 manat pul onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd “İnfinix” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X1 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 19-cu vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 07 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 27-29-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, 06 noyabr 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı və eləcə də partlayıcı maddə əldə edərək saxlaması və daşıması bildirilmişdir. Daxil olmuş məlumat əsasında 07 noyabr 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 09:45-də ünvan 3 ünvanın yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, əməkdaşların müşayiəti altında saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir. Şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində odlu silahın, döyüş sursatının, partlayıcı maddənin və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərara əsasən 07 noyabr 2023-cü il tarixdə, saat 11:05-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X1 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmişdir, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanı masanın üzərinə qoyaraq həmin torbanın içərisində adını “obrez” kimi bildiyi odlu silah və qumbara olduğunu bildirmişdir. Sonra isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 64 manat pul, həmin şalvarın sol yan cibindən isə üzərində ***-***-**-** saylı mobil nömrə olan “İnfinix” markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd göy rəngli sellofan torbaya baxış keçirilmiş və baxış zamanı torbanın içərisində 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar predmet, həmin torbada olan olan qırmızı rəngli sellofan torbanın içərisində isə 01 ədəd qumbara tipli predmet və 01 ədəd alışdırıcı tipli predmetin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin predmetləri təxminən 10 gün əvvəl Nəsimi rayonu ərazisində, “Nəsimi bazarı” adlanan bazarın yaxınlığında küçədən tapdığını istifadə etmədiyini, heç kimə vermədiyini, özündə saxlamasında heç bir məqsədinin olmamasını və heç kimin məlumatının olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış, eləcə də əlində saxladığı göy rəngli sellofan torbaya baxış zamanı aşkar olunmuş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd qara rəngli sellofan bağlamada, 01 ədəd qumbara tipli predmet və 01 ədəd alışdırıcı tipli predmet isə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 64 manat pul onun özünə qaytarıldı. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “İnfinix” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şəxsi axtarış və götürmə 07 noyabr 2023cü il tarixdə saat 11:28-də başa çatmışdır. Şəxsi axtarış və götürmə aparılması videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 45-48-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 07 noyabr 2023-cü il tarixli 23/815R nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş edilmiş 01 ədəd X-6710 №-li silah, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İJ-58 modelli, hamar qoşalüləli ov tüfəngidir. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir. Silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Cinayət işinin 89-93-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1562/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 07 noyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 94-95-ci vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, 16 kalibrli İJ-58 modelli, hamar qoşalüləli ov tüfənginin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 115-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 124-cü vərəqində olan 37 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 128-132-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 08 noyabr 2023-cü il tarixli 23/817R nömrəli məhkəmə-partlayış-texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı BP.M75 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya BP.M75 tipli əl qumbarasının alışdırıcı partladıcısıdır. Həmin 01 ədəd BP.M75 tipli əl qumbarasının gövdəsi ilə 01 ədəd həmin alışdırıcı partlayıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş BP.M75 tipli qəlpəli əl qumbarasıdır, döyüş sursatıdır, hərbi qüvvələrdə istifadə olunur, tamlığının pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlıdır. Cinayət işinin 133-134-cü vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkaredilərək götürülmüş 01 ədəd BP.M75 tipli əl qumbarasının gövdəsinin və 01 ədəd BP.M75 tipli əl qumbarasının alışdırıcı partladıcısının maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 144-154-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörünüşünü özündə əks etdirən 01 ədəd DVD diskin cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə- iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan - baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, 16 kalibrli İJ-58 modelli, hamar qoşalüləli ov tüfəngi, 01 ədəd BP.M75 tipli əl qumbarasının gövdəsi və 01 ədəd BP.M75 tipli əl qumbarasının alışdırıcı partladıcısı hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 07 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, 16 kalibrli İJ-58 modelli, hamar qoşalüləli ov tüfəngi, 01 ədəd BP.M75 tipli əl qumbarasının gövdəsi və 01 ədəd BP.M75 tipli əl qumbarasının alışdırıcı partladıcısı hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-102/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-102/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver