Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-103/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21 radələriııdə ünvan 1 ünvanında yerləşən evin yataq otağında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində, yəni Zərərçəkmiş şəxs ondan nə üçün spirtli içki qəbul etdiyini soruşması səbəbindən aralarında yaranmış mübahisə nəticəsində qəsdən Zərərçəkmiş şəxs baş və sifət nahiyəsindən yumruqla vurmuş, Zərərçəkmiş şəxs zərbələrin təsirindən müvazinətini itirib yerə yıxılmış, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol çiyin nahiyəsindən təpiklə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət, yəni sol bazunun hematoması, həmçinin sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər, yəni döş qəfəsinin sol yarısının qançırı, burun belinin və sol saidin sıyrıqları xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1980-cı ildə Leyla ilə ailə həyatı qurmuş və onların bu nikahdan 2 qız övladları dünyaya gəlmişdir. Əvvəllər həyat yoldaşı ilə aralarında ailədaxili mübahisə və münaqişə olmamışdır. Təxminən 7 ildir ki, işləmir, təqaüd alır. xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində o, evə gələn zaman həyat yoldaşı ilə aralarında mübahisə yaranmışdır. O, həmin vaxt evə gəlməmişdən əvvəl spirtli içki qəbul etmişdir. Mübahisə zamanı həyat yoldaşı Leyla nə üçün spirtli içki qəbul etdiyini soruşmuş və onun ünvanına nalayiq sözlər deyərək qızının yanında onun şərəf və ləyaqətini alçaltmışdır. O, bu zaman Leylaya ağzına gələni danışmamağı bildirsə də, Leyla onu təhqir etməkdə davam etmişdir. Leylanın hərəkətləri onu əsəbiləşdirdiyi üçün Leylanı şillə ilə vurmuş və onlar dava etmişlər. Həmin vaxt içkili olduğundan Leylanı necə vurmağı yadında deyil. Həmçinin, bu zaman qızı Samirə də hadisənin şahidi olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulsa da, buna dair müvafiq şəhadətnamə almamışdır. Törətdiyi əmələ görə çox peşmandır. Dəfələrlə Zərərçəkmiş şəxs üzr istəsə də, sonuncu onu bağışlamamış, cəhdləri uğursuz olmuşdur. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittihamda ona qarşı irəli sürülmüş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulsa da, buna dair müvafiq şəhadətnamə almamışdır. Onların 2 övladları var. Uzun illərdir ki, Təqsirləndirilən şəxs ilə aralarında ailədaxili mübahisələri olur. Lakin övladları böyük olduğuna və özləri də uzun müddətdir evli olduqlarına görə bu barədə polis orqanlarına müraciət etməmişdir. xx.xx.2020-ci il tarixdə saat 20:45 radələrində əri Yaqub yaşadıqları evə sərxoş vəziyyətdə gəlmişdir. O, Yaqubdan nə üçün içkili olduğunu soruşmuş, buna görə Yaqubla aralarında mübahisə yaranmış və Yaqub heç bir əsas olmadan onu və qızı Samirəni təhqir etməyə başlamışdır. O, Yaqubdan nə üçün onlara nalayiq küçə söyüşləri söyməsini soruşmuşdur. Lakin Yaqub içkili olduğuna görə onları təhqir etməyə davam etmişdir. Bu zaman Yaqub qəfildən ona hücum edərək onun baş və sifət nahiyəsinə yumruqla zərbələr endirmişdir. O da zərbələrin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. Həmin vaxt qızı Samirə atasını sakitləşdirməyə çalışmışdır. Lakin, Yaqub qızı Samirəni də itələmiş və Samirə yerə yıxılmışdır. Daha sonra Yaqub yenidən onun baş nahiyəsinə yumruq vurmuş və o, yerə yıxılmışdır. Yaqub onun yerə yıxılmağından istifadə edərək təpiklə onun sol çiyninə dələlərlə zərbə endirmişdir. Daha sonra Samirə onu güclə Yaqubun əlindən almışdır. Bundan sonra qızı Samirə DİN-in 102 xidmətinə zəng edərək Yaqub tərəfindən döyülmələri barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs onunla barışmaq üçün səy göstərsə də, o, razı deyildir. Çünki, Yaqub uzun illərdir onu döyür. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, atası ilə anası arasında ailədaxili mübahisə və münaqişələr dəfələrlə olmuş, lakin hər dəfə müxtəlif səbəblərdən o və ya anası bu barədə polis orqanlarına müraciət etməmişlər. xx.xx.2020-ci il tarixdə saat 20:45 radələrində atası Yaqub yaşadıqları evə sərxoş vəziyyətdə gələrək heç bir əsas olmadan onu və anası Leylanı təhqir etməyə başlamışdır. Bu zaman anası atası Yaqubdan nə üçün bu qədər spirtli içki qəbul etməsini və nalayiq küçə söyüşləri söyməsini soruşmuşdur. Atası Yaqub isə onu və anası Leylanı təhqir etməyə davam etmişdir. Bu zaman anidən Yaqub anasına hücum edərək onun baş və sifət nahiyəsinə yumruqla zərbələr endirmişdir. Yaqubun anasına vurduğu zərbələrdən sonra anası müvazinətini saxlaya bilməmiş və yerə yıxılmışdır. Həmin zaman anasına yaxınlaşaraq onu atası Yaqubun əlindən almaq istəmişdir. Lakin atası Yaqub bu zaman onu əli ilə itələmiş və o, yerə yıxılmışdır. O yerə yıxıldıqdan sonra atası onun ayaqlarına və qarın boşluğuna zərbələr endirmişdir. Həmin vaxt o, qarnında və ayaqlarında küt ağrılar hiss etmişdir. Bu zaman anası onu güclə atası Yaqubun əlindən almışdır. Lakin sonra atası yenidən anası Leylanı yerə yıxaraq təpiklə onun sinəsinə və çiyninə zərbələr endirmişdir. Bu zaman o, güclə ayağa qalxmış və atası Yaqubu anasının yanından uzaqlaşdıra bilmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək atası Yaqub tərəfindən döyülmələri barədə məlumat vermişdir. Hadisə zamanı evdə anası, atası və ondan başqa heç kəs olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı xx xxxxxxx 2020-ci il tarixli, 764 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol bazunun fluktuasiya ilə müşayiət olunan hematoması, döş qəfəsinin sol yarısının qançırı, burun belinin və sol saidin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sol bazunun hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə ayrıayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması və eləcə də özü tərəfindən yetirilməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Sübutların qiymətləndirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 764 nömrəli rəyi sübut növü kimi tanınmışdır; “Qətimkan tədbiri seçilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; əməlindən peşman olmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-103/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-103/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver