Məhkəmə qərarları › İş №1(005)-103/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-103/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-103/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1990-cı ildə Cəlilabad rayonu, Andreyevka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyatda olmaqla yaşayan, Bakı Ağır Cinayətlər Məhkəməsinin27 mart 2018-ci il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qərarı ilə cəzası 06 ilə endirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə 02 ay 29 gün müddətində vaxtından əvvəl şərti azad edilmiş, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Faradjevi Ailinin mülki işlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən çıxarılmış qərara güya dövlət qurumlarında işləyən yüksək vəzifəli tanışları vasitəsi ilə yenidən baxılaraq onun xeyrinə qərar çıxarılmasına nail olacağına dair yalandan vəd verib inandırmaqla aldadaraq 2023cü ilin dekabr ayında Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə olmaqla 3.750 manat, sonuncu dəfə isə 24 yanvar 2024-cü ildə həmin dövr üçün milli pul vahidi ilə 1.870 manat təşkil edən 1.100 ABŞ dolları və 100 manat pulu ünvan 3 ünvanında yerləşən “Bolmart” supermarketin qarşısında alaraq vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 5.720 manat pulu ələ keçirib zərərçəkmiş şəxs Faradjevi Ailinə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, Rebeka Sakhatoravanı və qızı Aylini tanıyır, Nəsimi rayonunda yerləşən mağazada tanış olmuşlar. Rebaka tez-tez mağazaya gələrək sənədlərin kserosurətini çıxarmış və bununla əlaqədar tanışlığı yaranmışdır. Özünə yeni iş qurmaq üçün avadanlıqlar alan zaman pula ehtiyacı olduğundan Rebeka və qızı Aylindən müxtəlif vaxtlarda hissə-hissə olmaqla 5.550 manat borca pul almışdır. Aylinin anası Rebekanın dediklərinin hamısı şər və böhtan xarakterlidir. Onların məhkəmə işi ilə bağlı onlardan pul almamış, sadəcə olaraq ondan borca aldığı pulları geri qaytarmadığı üçün bu cür yollara əl atmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ali Məhkəmədəki işlə bağlı pul almışdır. Ümumilikdə 5720 manat pul almışdır. Pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyana görə tərəfindən 2900 manat ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Faradjevi Ailin (X3 ) ifadəsində göstərmişdir ki, tanışım, milliyətcə gürcü olan Leyla Janaşia ilə aralarında mülki problemlər yaranmışdır. 2020-ci ildə Nərimanov rayon məhkəməsinə Leyla ilə bağlı müraciət etmişdir. 2023-cü il tarixdə Nərimanov rayon məhkəməsi və Ali Məhkəmə tərəfindən Leylanın xeyrinə qərar çıxarılmışdır. Vəkili Mehman ona sənədlərin sürətlərini çıxardaraq verməyini bildirmişdir. Bu səbəbdən 5 dekabr 2023-cü il tarixdə sənədlərin sürətlərini çıxarmaq üçün Nəsimi rayonunda yerləşən kserosürət mağazalarının birinə yaxınlaşaraq sənədləri Təqsirləndirilən şəxs vermiş və sənədləri çıxardıqdan sonra gəlib götürəcəyini bildirmişdir. Bir neçə saat sonra sənədlərini götürmək üçün Valehin yanına yaxınlaşmış və Valehə verdiyi sənədləri oxuduğunu və məhkəmə işində köməklik edərək məhkəməni onun xeyrinə təzədən həll edə bilmək üçün yaxşı tanışlarının olduğunu bildirmişdir. Əlacsız olduğundan Valehin dediklərinə inanmış, Valeh işi düzəltmək üçün istəmiş olduğu məhkəmə ilə bağlı sənədləri ona vermişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə 200 manat pulu Nəsimi rayonunda, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Bolmart»ın qarşısında 500 manat, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Bolmart”ın qarşısında 700 manat, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Bolmart»ın qarşısında 850 manat, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Bolmart»ın qarşısında 800 manat, xx.xx.2023-cü il tarixdə 700 manat pulu Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Bolmart»da yerləşən ödəmə aparatından, xx.xx.2024-cü il tarixdə 1100 ABŞ dolları və 100 manat pulu ünvan 4 ünvanında yerləşən “Bolmart” supermarketin qarşısında Valehə vermişdir. Lakin Valeh aldığı pulun qarşılığında heç bir iş görməmiş və müxtəlif şəxslərin guya ki işi görəcəyi adı ilə aldatmışdır. Hazırda Valeh ondan aldığı puldan 2900 manatını qaytarmışdır. Şikayətçidir və pulunu tələb edir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, qızının tanışı, milliyətcə gürcü olan Leyla Janaşia ilə aralarında mülki problemlər yarandığından onların işləri məhkəməlik olmuşdur. 2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə Leyla ilə bağlı müraciət etmişdir. 2023-cü il tarixdə Nərimanov Rayon Məhkəməsi və Ali Məhkəmə tərəfindən Leylanın xeyrinə qərar çıxarılmışdır. Vəkili Mehman sənədlərin surətlərini çıxardaraq ona verməyi bildirmişdir. X7 bu səbəbdən 05 dekabr 2023-cü il tarixdə sənədlərin surətlərini çıxarmaq üçün Nəsimi rayonunda yerləşən kserosurət mağazalarının birinə yaxınlaşaraq sənədləri kserosurətlərini çıxarmaq üçün Təqsirləndirilən şəxs vermiş və sənədləri çıxardıqdan sonra gəlib götürəcəyini bildirmişdir. Bir-neçə saat sonra sənədlərini götürmək üçün Valehin yanına yaxınlaşmış və Valeh həmin sənədləri oxuduğunu və məhkəmə işində köməklik edərək məhkəməni onların xeyrinə təzədən həll edə bilmək üçün yaxşı tanışlarının olduğunu bildirmişdir. Onlar da əlacsız olduğundan Valehin dediklərinə inanmış, Valeh işi düzəltmək üçün istəmiş olduğu məhkəmə ilə bağlı sənədləri ona vermişlər. Bundan sonra X7 xx.xx.2023-cü il tarixdə 200 manat pulu Nəsimi rayonunda, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Bolmart»ın qarşısında 500 manat, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Bolmart”ın qarşısında 700 manat, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Bolmart»ın qarşısında 850 manat, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Bolmart»ın qarşısında 800 manat, xx.xx.2023-cü il tarixdə 700 manat pulu Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Bolmart»da yerləşən ödəmə aparatından, xx.xx.2024-cü il tarixdə 1100 ABŞ dolları və 100 manat pulu ünvan 3 ünvanında yerləşən “Bolmart” supermarketin qarşısında Valehə vermişdir. Lakin Valeh aldığı pulun qarşılığında heç bir iş görməmiş və müxtəlif şəxslərin guya ki işi görəcəyi adı ilə aldatmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən “Bolmart” supermarketin qarşısında baxış keçirilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4-3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müdddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məkəməsinin 09 avqust 2018-ci il tarixli qərarı ilə cəzası 06 ilə endirilmiş, Qaradağ Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərarı ilə 02 ay 29 gün müddətində vaxtından əvvəl şərti azad edilmiş, 07 sentyabr 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. “Şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilməsi üçün tutulması məqsədilə axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. “Maddi ziyanın ödənilməsinə dair” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası X2 tərəfindən 2.900 manat dəymiş maddi ziyan istintaqa təqdim edilmişdir. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il tarixdə tutularaq istintaqa təqdim edilmişdir “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Faradjevi Ailinə vurulmuş ziyanı qismən ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə olan halda Təqsirləndirilən şəxs əvvəllər törətdiyi ağır cinayətə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, zərərçəkmiş şəxsə vurulmuş zərərin qismən ödənilməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutma altında saxlanıldığı 01 gün müddət cəza müddətinə hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutlaraq xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 330 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Presedent» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 02 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 330 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Presedent» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar