Məhkəmə qərarları › İş №1(005)-104/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-104/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-104/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsi, ev 49da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oglu satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,515 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 24 sentyabr 2022-ci il tarixdə saat 14:10 radələrində öz hərəkətlərində şübhə yaratdığından Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq həmin Polis Bölməsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş, inzibati binada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,515 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildən artıqdır ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. 24 sentyabr 2022-ci il tarixdə saat 14:10 radələrində ünvan 1 ünvanın qarşısında olarkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməyini xahiş etmişlər. O üzərində narkotik vasitə olan heroin olduğundan həyəcanlanmış və özünü təqdim etmədən oradan uzaqlaşmaq istəmişdir. Lakin polis əməkdaşları onu saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin inzibati binasına aparmışdırlar. Polis Bölməsində olarkən polis əməkdaşları ona bildirmişdirlər ki, onun üzərinə şəxsi axtarış keçiriləcəkdir. Bu məqsədlə təhqiqatçı tərəfindən onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edilmiş, dəvət edilmiş müdafiəçi ona təqdim olunduqdan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı ondan üzərində qanunsuz əşya olub-olmadığım soruşmuş və əgər vardırsa həmin əşyaları könüllü təqdim etməyi təklif etmişdir. O əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə - heroin olan siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən heç bir əşya və maddə aşkar edilməmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki “kakos” kimi tanınan narkotik vasitə olan heroindir, həmin həmin heroini 23 sentyabr 2022-ci il tarixdə “Papanin” adlanan ərazidən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata əldə etmiş və bu məqsədlə üzərində saxlamışmışdır. Təqdim etdiyi içərisində narkotik vasitə olan büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri o və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmış və zərfin üzəri möhürlənmişdir. Onun üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol o və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Ona nə tutularkən, nə də ki, Nərimanov Rayon Polis İdarəsində olarkən polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin cinayət- axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 14:10 radələrində xidməti zərurət ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə ünvan 3 ünvanın qarşısında olarkən bir nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli aparmasını görmüşlər. Bu səbəbdən onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etdikdə, o, suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışmışdır. Onlar onun rabitəsiz danışığına görə narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitəsi daşımasından şübhələnmişlər. Onlar bu səbəbdən onu saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin inzibati binasına gətirmişdirlər. Polis Bölməsində məlum olmuşdur ki, tərəflərindən Polis Bölməsinə gətirilən şəxs xx.xx.1984-cü ildə anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsi, ev 49-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Böməsinin inzibati binasına gətirilməsi barədə tərəfindən raportla bölmə rəhbərliyinə məruzə edilmiş və raportun icrası bölmənin təhqiqatçısı, polis kapitanı X3 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından onun hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsədə heç bir əşya və maddə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki kakos kimi tanınan narkotik vasitə olan heroindir. həmin heroini xx.xx.2022-ci il tarixdə “Papanin” adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almış, öz istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisinə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisindən spesifik qoxuya malik, qəhvəyi rəngli və toz şəkil'i maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli maddə olan büküm təhqiqatçı tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmış və zərfin üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol o və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur; 22 avqust 2022-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2022- ci il tarixdə saat 14:10 radələrində ünvan 3 ünvanın qarşısında Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar vardırsa könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsədə heç bir əşya və maddə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki kakos kimi tanınan narkotik vasitə olan heroindir. həmin heroini xx.xx.2022-ci il tarixdə “Papanin” adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almış, öz istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümünün içərisinə tərəfindən baxış keçirilmişdir. Baxış zamanı siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümünün içərisindən spesifik qoxuya malik, qəhvəyi rəngli və toz şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli və toz şəkilli maddə olan büküm iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək tərəfindən qablaşdırılmış və DİN-nin 218 nömrəli möhürü ilə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5507 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi olan, “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” sözləri, soyadlar və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,515 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı 1) daxildir.Rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi - 0,515 qram, tədqiqata sərf olunmuş - 0,05 qram, qalıq - 0,465 qramdır.Ekspertiza tədqiqatının dəyəri 55 manatdır. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Maddi sübut tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkan olunub gətürülmüş qalıq çəkisi 0.465 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanc üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilib. Cinayət işi üzrə 24 noyabr 2022-ci il tarixli qərarlar Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış və həmin disk saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 26 oktyabr 2022-ci il tarixli 6349 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator-məhkəmə psixiatrik ekspertizasının 26 oktyabr 2022-ci il tarixli, 2856 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükoliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,515 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2(iki) gün (24- 26 sentyabr 2022-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün cəmi 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 0,465 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 16 saylı vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar