Məhkəmə qərarları › İş №1(005)-104/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-104/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-104/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, biri azyaşlı olmaqla üç övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(124)-177/2024 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncuya məxsus Ukrayna Respublikasında bakalavr təhsili aldığı X21 universiteti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 048041 nömrəli diplomu Azərbaycan Respublikası Elmi və Təhsil Nazirliyində nostrifıkasiya etdirəcəyinə, yəni həmin ali təhsil sahəsində ixtisasını Azərbaycan Respublikasıərazisində tanınmasına dair təsdiqləyici şəhadətnamənin alınmasına dair yalandan vəd verib, 2019-cu ilin iyun ayının ortalarında ünvan 3 ünvanının qarşısında 6000 manat pulu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs ümumilikdə 6000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdikdən sonra, 2020-ci ilin avqust ayında hüquq verən sənədi istifadə etmək məqsədi ilə həqiqi olmayan məlumatları daxil etməklə xx.xx.2015-ci il tarixli, 048041 nömrəli diplomun Azərbaycan Respublikası Elmi və Təhsil Nazirliyində nostrifıkasiya edilməsinə dair 2019-cu il tarixli, 141994 nömrəli və 2020-ci il tarixli 116426 nömrəli şəhadətnamələri saxtalaşdıraraq hazırlayıb Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyasmın yaxınlığında olarkən həmin saxta sənədləri Zərərçəkmiş şəxs mobil telefonuna göndərməklə bilə-bilə həmin saxta sənədlərdən istifadə etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsindən imtina edərək cinayət təqibinin təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü və 320.1-ci maddələri ilə davam etdirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2018-2019cu illərdən tanımışdır. Hikmətlə tanışlığı təsadüf nəticəsində Təhsil Nazirliyinin tabeliyində olan “Təhsildə Keyfiyyətin Təminatı Agentliyi”ndə yaranmışdır. Həmin vaxt Hikmət ona 2015-ci ildə Ukrayna Respublikasında yerləşən X7 Dəmir Yolu Universitetin “Maliyyə və Kredit” fakültəsini bakalavr pilləsi üzrə bitirdiyini və həmin diplomun ölkəmizdə tanınması üçün imtahan versə də, kəsildiyini bildirmişdir. O, təhsil sahəsində olan tanışları vasitəsi Hikmətin diplomunu təsdiq etdirə biləcəyini düşünərək bunun qarşılığında Hikmətə 3000 manat pul vəsaiti verməli olduğunu bildirmişdir. Hikmət bu təklif ilə razılaşmışdır. Həmin vaxtdan Hikmətlə aralarında münasibət yarandığı üçün onlar telefonla əlaqə saxlamağa başlamışlar. Hikmətin diplomunu təsdiq etdirmək üçün bir neçə tanışına müraciət etməsinə baxmayaraq diplomu təsdiq etmək mümkün olmamışdır. Hikmətdən aldığı pulları tədricən öz problemləri ilə bağlı xərcləmişdir. Hikmət də onunla əlaqə saxlayan zaman vaxt qazanmaq üçün hər bir işin qaydasında olduğunu və tez bir zamanda diplomun təsdiq ediləcəyini demişdir. Daha sonra isə Hikmətdən aldığı 3000 manat pulu Hikmətə qaytarmışdır. Həmçinin heç bir saxta sənəd hazırlamadığını və Hikmətə göndərmədiyini söyləmişdir. Məhkəmənin sualına cavab olaraq ibtidai istintaq zamanı da Zərərçəkmiş şəxs diplomunu təstiq etdirmək məqsədilə 3000 manat pul aldığını və həmin məbləği də qaytardığını, həmçinin heç kimə telefon vasitəsilə saxta sənəd şəkili atmadığını və ya təqdim etmədiyini, telefonunu isə özü istifadə etdiyini, telefonundan kimin isə Zərərçəkmiş şəxs saxta sənəd şəkilləri atmasının qeyri-mümkün olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs 6000 manat pul almadığını yalnız 3000 manat aldığını və qaytardığını bildirmişdir. Son olaraq himayəsində biri yetkinlik yaşına çatmayan olmaqla üç övladı olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Dəmir Yolunda Bakı Vaqon deposunda çilingər kimi işləyir. O, 2011-ci ildə Ukrayna Respublikasında X7 Dəmir Yolu Universitetinə daxil olmuş, 2015-ci il həmin Universitetin “Maliyyə və Kredit” fakültəsini bakalavr pilləsi üzrə bitirmişdir. X5 Dəmir Yolu Universitetini bitirməyi barədə diplomun ölkəmizdə tanınması üçün Təhsil Nazirliyinin tabeliyində olan “Təhsildə Keyfiyyətin Təminatı Agentliyi” tərəfindən təsdiq edilməli olmuşdur. O, diplomun təsdiq edilərək tanınması üçün 2019-cu ilin iyun ayında Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə müraciət edərək imtahan vermişdir. İmtahan versə də, nəzərdə tutulmuş keçid balını toplaya bilməmişdir. Orada olan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Söhbət zamanı o, Turala X7 Dəmir Yolu Universitetini bitirməyi, diplomu təsdiq etdirmək üçün imtahan versə də, kəsildiyini bildirdiyində Tural ona diplomu təsdiqlədə biləcəyini, bunun üçün 3000 manat rüsum pulu verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əminliklə danışması ondan sonuncuya qarşı inam yaratmışdır. Buna görə də, diplomun təsdiq edilməsi üçün 3000 manat pulu verə biləcəyini bildirmişdir. Həmin vaxtdan Tural ilə aralarında münasibət yarandığı üçün onlar telefonla əlaqə saxlamağa başlamışlar. Təxminən 2019-cu ilin iyun ayının ortalarında həmin məbləği Turala vermişdir. Tural pulu qəbul edərək narahat olmamağı, üç ay ərzində diplomu təsdiq etdirib ona verəcəyini bildirmişdir. O da Turala inandığı üçün gözləməyə başlamışdır. Həmin müddət ərzində o, bir neçə dəfə Tural ilə telefon əlaqəsi saxlayaraq danışmış və həmin telefon danışıqları zamanı Tural ona narahat olmamağı, hər bir işin qaydasında olduğunu demişdir. 2019-cu ilin sentyabr ayında Tural onunla əlaqə saxlayaraq diplomun tanınması üçün Təhsil Nazirliyi tərəfindən keçirilən imtahanda iştirak etməyə getməyini, imtahandan keçmək üçün onu tapşırdığını bildirmişdir. Buna görə də, o, yenidən Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş imtahanda iştirak etsə də, imtahandan kəsilmişdir. O, artıq Turalın onu aldatdığını başa düşüb vermiş olduğu pulu geri qaytarmasını tələb etməyə başlamışdır. Tural isə hər dəfə pulu tələb edən zaman onun diplom işini həll edəcəyini bildirib vaxtı uzatmağa başlamışdır. 2020-ci ilin avqust ayında Tural ona işi həll etdiyini bildirərək, ona Təhsil Nazirliyindən verilmiş kimi təqdim edərək sənədin foto şəklini göndərmişdir. O, Tural tərəfindən aldadıldığını düşündüyündən vermiş olduğu pulu geri tələb etsə də Tural hər dəfəsində pulu qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. Sonradan isə Turalın dələduzluq etdiyinə görə həbs olunduğunu öyrənmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ilkin ifadəsində ona dəyən ziyanın 6000 manat məbləğində olduğunu qeyd etməsinin səbəbi o olmuşdur ki, pul vermək üçün kredit götürmüşdür və nəticə etibarilə ona ümumilikdə 6000 manat ziyan dəymişdir. Bu səbəbdən istintaqda elə ifadə vermişdir. Həmçinin Təqsirləndirilən şəxs ilə görüşdüklərini, Turalın ona iki ədəd şəhadətnamə verdiyini, həmin sənədlərin saxta olduğunu notariusda olan zaman bildiyini, sənədlərdən heç vaxt heç bir yerdə istifadə etmədiyini bildirmişdir.Təqsirləndirilən şəxs tərəfindən ona 3000 manat məbləğində pul vəsaitinin qaytarıldığını, hazırda şikayətçi olmadığını bildirmiş və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək 6000 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanının qarşısıdır. Məhkəmə baxışında tədqiq edilmiş “Təqdimetmə və götürmə barədə” 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təhməzov X4 Tural Bəhram oğlu ilə aralarında olan “Whatsap” yazışmalarında 6000 manat pulun qaytarılması əks olunmuşdur və T.Sadıqzadənin ona göndərdiyi sənədin surəti köçürülmüş 05 ədəd “A4” formatlı kazığ üzərində olan sənədləri Nərimanov RPİ-nin İŞ-nə təqdim etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş 141994 qeydiyyat nömrəli diplomun surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2015-ci il tarixdə X18 Yolu Nəqliyyatı Universitetidə maliyyə və kredit sahəsi üzrə oxumuşdur. Həmin diplomun (№048041) üzərində onun əslinin ekvivalent olması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin möhürü mövcuddur. Məhkəmə baxışında tədqiq edilmiş 116426 qeydiyyat nömrəli diplomun surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2015-ci il tarixdə X18 Yolu Nəqliyyatı Universitetidə maliyyə və kredit sahəsi üzrə təhsilini təstiq edən diplom (№048041) Azərbaycan Respublikasında tanınmışdır. Həmin diplomun üzərində onun əslinin ekvivalent olması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin möhürü mövcuddur. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumatlardan aydın olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş üzərində 2 (iki) il 6 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə üzərində 07 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-204/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4, 312.2-ci (66.3, 66.5) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş üzərində 2 (iki) il 6 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 7 (yeddi) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə zərərçəkən şəxslə barışması, dəymiş ziyanı tamamilə ödəməsi, və vurulmuş ziyanın 25%-nin dövlət büdcəsinə ödənilməsi əsası ilə xitam verilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (66.4, 66.5) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilib, işə xitam verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Təhsildə Keyfiyyət Təminatı Ağentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xarici ali təhsil ixtisasının tanınması haqqında xx.xx.2023-cü il tarixli qərarı qəbul edilmiş və ona müvafiq elektron şəhadətnamə təqdim edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinə ünvanlanmış və xx.xx.2024-cü il tarixdə təhvil alınmış ərizədən görünür ki, ona dəyən bütün ziyan, yəni 3000 manat ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışında tədqiq edilmiş “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 05 ədəd “A4” formatlı kağız üzərində olan sənədlər maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin nəzərə alınması barədə” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, X2 barəsində Sumqayıt Ağır Cinayətlər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı X11 cəza çəkməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə baxışında tədqiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, təqsirləndirilən şəxsin himayəsində 03 (biri yetkinlik yaşına çatmayan) övladı var (X12, X8 və X9). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs uzun müddət tanıdığı üçün etibarından sui-istifadə etmədiyini, diplom məsələsini həqiqətən həll etmək niyyətində olduğunu, ancaq bunun ondan asılı olmayan səbəblərdən baş vermədiyini, dəymiş ziyanı ödədiyini bildirsə də məhkəmə, qeyd olunan ifadəni özünümüdafiə xarakter daşıdığı və məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyü qənaətinə gəlir. Həmçinin zərərçəkmiş şəxsdən 3000 manat pul alması ona diplomun təsdiq edilməsi ilə bağlı saxta sənəd göndərməməsi ilə bağlı qeyd olunan ifadəsi məhkəmə istintaqında kifayət qədər sübutlarla, zərərçəkmiş şəxsin ifadəsi ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təkidlə zərərçəkmiş şəxslə heç bir saxta sənəd tərtib edib göndərməməsi və diplomun təsdiqi üçün 6000 (altı min) manat deyil 3000 (üç min) manat pul almasını bildirməsinə dair ifadəsinə münasibətdə məhkəmə istintaqı zamanı cinayət işinin materiallarında olan telefon üzərindən aparılan yazışmaların özünə məxsus olmasını təsdiq etmiş, saxta diplom sürətinin foto şəklinin və zərərçəkmiş şəxsin “6000 azn pul aldın qaytar ver özümə. Sabah 6000-mi isəyirəm” yazısına münasibətdə əsəbləşdiyi üçün yazdığını bildirmiş və şəklin onun tərəfindən göndərilmədiyi barədə cavablar vermişdir. Həmçinin zərərçəkmiş şəxslə razılaşdıqlarını və barışdıqlarını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq təqsirləndirilən şəxsin verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir və qeyd edir ki, müdafiə tərəfinin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Beləliklə məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 320.2-ci maddəsi ilə verilmiş ittihamdan dövlət ittihamçısının imtina etməsi nəzərə alınmalı və CM-in 320.2-ci maddəsi ona verilmiş ittihamdan çıxarılmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 178.2.4cü maddələri ilə düzgün tövsif edilmiş və buna görə də CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Məhkəmə, ittiham aktında qeyd olunan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədlərin saxta olduğunu bilə-bilə saxta sənədlərdən istifadə etməsi ilə bağlı əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin tərkibini yaratmaqa cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, həmin epizod üzrə cinayət əməlinin 2020-ci ilin avqust ayında baş verməsini, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il olması nəzərə alınaraq, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs həmin maddə üzrə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 320.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin olunmamalı, həmçinin Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını, zərəçəkmiş şəxs ilə barışıq əldə etməsini, himayəsində 03 (biri azyaşlı) övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə eyni xarakterli cinayət əmlləri törətməsi və məsuliyyətə cəlb olunmasına baxmayaraq islah yoluna heç bir şəkildə qədəm qoymaması, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-177/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli üzrə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut – Zərərçəkmiş şəxs təqdim etdiyi 05 ədəd “A4” formatlı kağız üzərində olan sənədlər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən bu maddə üzrə ona cəza təyin olunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs təqdim etdiyi 05 ədəd “A4” formatlı kağız üzərində olan sənədlər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən məhkəmə istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar