Məhkəmə qərarları › İş №1(005)-105/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-105/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-105/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Zərdab rayonu, Bıçaqçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Zərdab rayonu, Bıçaqçı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2021-ci il tarixli, 4(006)-445/2021 saylı qərarı həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,235 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış və 26.09.2021-ci il tarixdə saat 19:30 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanda yerləşən “Sevgilim” kafesinin qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş və orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,235 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 25.09.2021-ci il tarixdə yaşadığı Zərdab rayonu, Bıçaqçı kəndindən çıxıb Bakı şəhərinə gəlmiş və saat təxminən 09:00 radələrində Bakı şəhərinə çatmışdır. Saat təxminən 11:00 radələrində narkotik maddə almaq üçün “Kubinka” adlanan yerdə “Bolmart” mağazasının yanına getmişdir. Orada narkotik maddə satanların olduğunu bilmişdir. O, həmin yerə getmiş və üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manata bir büküm heroin almışdır. 26.09.2021 -ci il tarixdə saat təxminən 19:30 radələrində Nərimanov rayonununərazisində yerləşən “Sevgilim” kafesinin qarşısına gəlmişdir. Orada olarkən ona bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər vəsiqələrini təqdim edib, ona Nərimanov RPİ -nin 18-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onun adını və soyadını soruşaraq onu 18-ci PŞ-nə dəvət etmişlər və o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində onun üzərinə axtarış keçirilmiş, axtarış zamanı o könüllü olaraq üzərində gəzdirdiyi narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq əməlindən peşmanlıq çəkdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 26 sentyabr 2021-ci il tarixdə 18-ci Polis Şöbəsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə inzibati ərazidə gəzintidə olarkən ünvan 3 ünvanda yerləşən “Sevgilim” kafesinin yaxınlığında saat 19:30 radələrində əvvəllər tanımadığı bir şəxs görmüş ona yaxınlaşmışlar və xidməti vəsiqələrini ona göstərib özlərini təqdim etmişlər. Onun şəxsiyyəti ilə maraqlandıqda onun Təqsirləndirilən şəxs və əvvəllər məhkum olduğu aydın olmuşdur. O, özünü şübhəli apararaq verilən suallara qeyri-müəyyən cavablar verdikdə onların şübhələri artmışdır. Buna görə Təqsirləndirilən şəxs 18-ci Polis Şöbəsinə dəvət etmişlər və orada raportla rəhbərliyə məruzə olunmuşdur. Təqsirləndirilən şəxsla araşdırılma aparılması təhqiqatçı Zöhrab Məmmədova həvalə edilmişdir. Ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya narkotik vasitə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən sellofanda olan bir büküm təqdim etmiş və həmin bükümdə olan maddə “kakos” olduğunu, özü üçün qəbul etmək məqsədi ilə 25 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri “Kubinka” adlanan yerdə “Bolmart” marketin yaxınlığında adını bilmədiyi şəxsdən 40 manata aldığını bildirmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümün içindəki maddəyə baxdıqda onun qəhvəyi rəngli, toz halında, spesifik qoxusu olduğu, narkotik vasitə heroinə oxşar olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlənin olduğu büküm tərəfindən götürülmüş və qablaşdırılaraq möhürlənmiş və bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Məhkəmə iclasına şahid qismində ifadəsi alınmış Şahid1 Şahid2la eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 26 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin üzərində şəxsi axtarış və baxış aparılması haqqında 26.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra, onun hüquq vəzifələrinin izah edildiyi, hüquqlarının müdafiəsindən ötrü müdafiəçi dəvət olunduğu, tərcüməçinin iştirakı ilə ona üzərində video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirildiyi, ona üzərində qanunsuz saxlanılan əşyalar varsa təqdim edilməsinin təklif edildiyi qeyd olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən sellofan kəsiyinə bükülmüş 01 ədəd içərisində qəhvəyi rəngli, toz halında, spesifik iyə malik olan maddəni könüllü olaraq təqdim etdiyi və həmin maddənin “kakos” olduğunu, narkotik maddəni 25 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri “Kubinka” adlanan yerdə “Bolmart” mağazasının yaxınlığında adını, anket məlumatını bilmədiyi şəxsdən 40 manata qəbul etməsi üçün aldığını bildirdiyi qeyd edilmişdir. Bundan sonra, həmin 01 ədəd büküm içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisini və növünü müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırıldığı, zərfin ağzı Nərimanov RPİ-nin zərflər üçün nəzərdə tutulmuş möhürlə möhürləndiyi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandığı müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli 6/4271 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Vət. Təqsirləndirilən şəxs üzərindən... və s. sözlər olan zərfdəki 01 bir ədəd bükümdə təmiz çəkisi 1,235 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 manatdır. “Həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina olunması”na dair 28 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qaldırılmış vəsatətin təmin edilməməsi və onun Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 28 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04.10.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.10.2020-ci il tarixli qərarı ilə AR CM-nin 234.1, 69.3, 93.1.2-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23.07.2021-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə narkomaniyadan məcburi müalicəsi ləğv edilmiş, 20.08.2021ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi ambulator məcburi-narkoloji ekspertizasının 29.09.2021-ci il tarixli 3678 nömrəli rəyindən görünür ki. Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetamin birgə qəbulu, edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Sübutların qiymətləndirilməsi haqqında 07 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın əsaslı və qanuni olduğundan dəyişdirilmədən saxlanılması, barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, şəxsi axtarış və baxış zamanı çəkilmiş videogörüntüləri əks etdirən CD diskin sübut növü kimi tanınaraq iş materiallarında saxlanılması, ekspertizadan sonra qalıq qalmış 1.185 qram narkotik vasitə heroinin Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi və s. qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.02.2022-ci il tarixli 1(006)-111/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 15.10.2021-ci il tarixdən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0.15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 26.09.2021-ci il tarixdə yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.02.2022-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin ediməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.02.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26.09.2021-ci il tarixdən 28.09.2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzasını Azərbaycan Respublikası CMnın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 15 oktyabr 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2021-ci il tarixli, 4(006)-445/2021 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, həmçinin narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri 109,90 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı 1.185 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut qismində tanınan 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26.09.2021-ci il tarixdən 28.09.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2021-ci il tarixli, 4(006)-445/2021 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 1.185 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 109,90 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar