Məhkəmə qərarları › İş №1(005)-106/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-106/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-106/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla keçmiş SSRİ dövlətində 1939-cu ildə zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən “Naqan” sistemli revolveri və həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x38R mm kalibrli olmaqla atəş üçün yararlı, döyüş sursatı hesab edilən 07 ədəd patronu qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 17:50-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 16/21 saylı ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çiynindən asdığı qara rəngli dəridən hazırlanmış kişi əl çantasının içərisindən onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq gəzdirdiyi bir ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla keçmiş SSRİ dövlətində 1939-cu ildə zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah hesab edilən “Naqan” sistemli revolver və həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x38R mm kalibrli olmaqla atəş üçün yararlı, döyüş sursatı hesab edilən 07 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli biməyərək ifadəsində göstərdi ki, həmin silah babasından qalmışdır. Silahı özü könüllü olaraq polis orqanlarına təhvil vermişdir. Lakin polis orqanları tərəfindən silahın ona məxsus olması və özü tərəfindən istifadə edilməsi ilə bağlı ifadə verməyə məcbur edilmiş, əks halda barəsində külli miqdarda narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması ilə bağlı cinayət işinin başlanılacağı ilə hədələnmişdir. Həmçinin polis əməkdaşları tərəfindən təzyiqlərə, qeyri-insani rəftara, amansız işgəncələrə məruz qalmışdır. Məhz bu səbəbdən də istintaq zamanı iradəsinə zidd ifadə vermişdir. İstintaq materialları tamamilə yalan əsasında qurulmuşdur. Belə ki, o, həbs olunan vaxt onun üzərində qara çanta olmamışdır. Çantanı polislər özləri onun boynuna asıb telefon vasitəsilə çəkiliş aparmışlar. Qeyd olunan silahı babasının qoyduğu yerdən tapıb Bakı şəhərinə gətirdiyinə görə özünü təqsirli bilir və bu əməlindən çox peşmandır, lakin tam səmimi olaraq bildirir ki, silahdan heç bir cinayətdə istifadə edilməmişdir. Sonda Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin baş əməliiyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə Baş İdarəyə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, Yataqxana 17, ev 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvləri əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 təlimatlandırarkən Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə etməsi, üzərində saxlamaqla daşıyıb gəzdirməsi barədə məlumat daxil olması və Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirmişdir. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Nəsimi rayonu, Azadlıq prospektində olacağı bildirildiyindən xx xxxxxxx 2020-ci il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin ünvana getmişlər. Qeyd olunan ünvana çatıb bir qədər müşahidə apardıqdan sonra saat 17 radələrində Nəsimi rayonu, Azadlıq prospekti 16/21 saylı ünvanın qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Qeyd olunan ünvanın qarşısında həmin şəxsi saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlama və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edildikdən sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, çiynindən asdığı qara rəngli dəridən hazırlanmış kişi əl çantasının içində bir ədəd odlu silah və patronlar olduğunu bildirib üzərində olan kişi əl çantasını çiynindən çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının cibindən “İphone” markalı mobil telefonu və 30 manat pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əl çantası iştirakçıların şahidliyi ilə açıldıqda çantanın içindən bir ədəd silah və 07 ədəd patron aşkar olunmuşdur. Baxış zamanı tapançaya oxşar predmetin üzərində “1939” rəqəmlər yazıldığı müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş silahı və 07 ədəd patronu təxminən 4-5 gün əvvəl yaşadığı Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, Yataqxana 17 ünvanının həyətində zibil qutularının yanından təsadüfən tapdığını, odlu silahlara marağı olduğu üçün həmin tapançanı və tapançanın üzərində olan 07 ədəd patronu götürüb özündə saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd odlu silaha oxşar predmet və 07 ədəd patron təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 30 manat pul və əl çantası iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmış, “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunaraq düzgünlüyü iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş X4 idarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin 18-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 17.50-də Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-27-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin İstintaq və X7 bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı Seyidov Mirata Mirmöhsün oğlu Azərbaycan Respublikası CM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin baş əməliyyat müvəkkili Şahid1; həmin İdarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, barəsində axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X13 iştirakları həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə daxil olmuş məlumat əsasında xx xxxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 17:50-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 16/21 ünvanının qarşısında saxlanılaraq Baş X1suz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və daşımaqla üzərində gəzdirməkdə şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərara əsasən Baş X4 İdarəsinin inzibati binasında xidməti iş otağımda video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində xx xxxxxxx 2020-ci i tarixdə saat 19:32-də şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli dəridən hazırlanmış kişi əl çantasının içində bir ədəd odlu silah tapança və patronlar olduğunu bildirib, üzərində olan kişi əl çantasını çiynindən çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan “İphone SE” markalı mobil telefonu və şalvarının sol yan cibində olan 30 manat pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli dəridən hazırlanmış kişi əl çantasının içində bir ədəd odlu silah tapança və patronlar olduğunu bildirmişdir. Həmin əl çantası iştirakçıların şahidliyi ilə açıldıqda çantanın içindən bir ədəd tapançaya oxşar dəmir predmet və 07 ədəd patron aşkar olunmuşdur. Baxış zamanı tapançaya oxşar predmetin üzərində «1939» rəqəmlər yazıldığı müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapançanı və 07 ədəd patronu təxminən 4-5 gün əvvəl yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, Yataqxana 17 ünvanının həyətində zibil qutularının yanından təsadüfən tapdığını, odlu silahlara marağı olduğu üçün həmin tapançanı və tapançanın üzərində olan 07 ədəd patronu götürüb özündə saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd tapança tipli odlu silaha oxşar predmet və 07 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 30 manat pul və əl çantası iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmış, aşkar olunmuş “İphone SE” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış xx xxxxxxx 2020-ci il tarixdə saat 19:55də başa çatmışdır. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. Cinayət işinin 40-45-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in X3 məhkəmə-ballistik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 20/511R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, №-si silinmiş silah, 7,62 mm kalibrli olmaqla keçmiş SSRİ dövlətində 1939-cu ildə silah zavodunda istehsal olunmuş “Naqan” sistemli revolverdir, vivli oldu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş, 07 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. Qeyd: Təqdim edilmiş 07 ədəd 7.62x38R mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur, eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin 73-75-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1173/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin xx xxxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 78-79-cu vərəqələrində olan “Maddi sübut kimi tanınma haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş bir ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla keçmiş SSRİ dövlətində 1939-cu ildə zavod üsulu ilə istehsal olunmuş, yivli odlu, texniki cəhətdən saz və atəş üçün yararlı, “Naqan” sistemli revolver hesab edilən silahın, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 07 ədəd patronun maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonrakı qalıq 04 ədəd 7,62x38R mm kalibrli partonların və 7,62 mm kalibrli olmaqla keçmiş SSRİ dövlətində 1939-cu ildə zavod üsulu ilə istehsal olunmuş, yivli odlu, texniki cəhətdən saz və atəş üçün yararlı, “Naqan” sistemli revolver hesab edilən silahın məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edlənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdr. Cinayət işinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2013-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 106-cı vərəqində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 2/4627 nömrəli məktubundan görünür ki, qeyd olunan 1939-cu ildə istehsal olunmuş istehsal olunmuş 7,62 mm “Naqan” tipli revolverin nömrəsi olmadığı üçün Maddi-Texniki Təminat Baş İdarəsi Silah və X14-Artilleriya Silahları xidmətində qeydiyyatda olması barədə məlumat vermək mümkün deyil. Cinayət işinin 107-ci vərəqində olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli 15/3632 nömrəli məktubundan görünür ki, SSRİ dövlətində 1939-cu ildə silah zavodunda istehsal olunmuş, nömrəsi silinmiş 7,62 mm “Naqan” sistemli revolver Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçmir. Cinayət işinin 119-135-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 1(005)-58/2013 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəlinin xx xxxxxx 2012-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Cinayət işinin 138-145-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntülərini özündə saxlayan 01 ədəd DVD diskin cinayətin izlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs məxsus “İphone SE” markalı mobil telefonun qohumu X11 təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 171-ci vərəqində olan 1 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 075588 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2018-ci il tarixdə 457 nömrə ilə qeyd edilmişdir. Atası kimi Təqsirləndirilən şəxs, anası kimi X12 göstərilmişdir. Cinayət işinin 172-ci vərəqində olan 5 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2016-cı il tarxdə verilmiş AZ-İİİ seriyalı 857262 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx xxxxxxx 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxx 2016-cı il tarixdə 3811 nömrə ilə qeyd edilmişdir. Atası kimi Təqsirləndirilən şəxs, anası kimi X12 göstərilmişdir. Cinayət işinin 174-cü vərəqində olan Binəqədi rayon MKTB-nin 80 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 830 nömrəli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli dəridən hazırlanmış kişi əl çantasının içərisindən onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq gəzdirdiyi bir ədəd “Naqan” sistemli revolverin və 07 ədəd patronun aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu X5 Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi; xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 1(005)-58/2013 nömrəli hökmü) məhkum olunsa da, məhkumluğu ödənildiyi üçün residivin müəyyən edilməsi zamanı həmin məhkumluq nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən və ekspertiza tədqiqatından sonrakı qalıq 04 ədəd 7,62x38R mm kalibrli partonlar və 7,62 mm kalibrli olmaqla keçmiş SSRİ dövlətində 1939-cu ildə zavod üsulu ilə istehsal olunmuş, yivli odlu, texniki cəhətdən saz və atəş üçün yararlı, “Naqan” sistemli revolver hesab edilən silah hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan - təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntülərini özündə saxlayan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən və ekspertiza tədqiqatından sonrakı qalıq 04 ədəd 7,62x38R mm kalibrli partonlar və 7,62 mm kalibrli olmaqla keçmiş SSRİ dövlətində 1939-cu ildə zavod üsulu ilə istehsal olunmuş, yivli odlu, texniki cəhətdən saz və atəş üçün yararlı, “Naqan” sistemli revolver hesab edilən silah hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan - təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntülərini özündə saxlayan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar