Məhkəmə qərarları › İş №1(005)-106/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-106/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-106/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 61-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Puşkin küçəsi, ev 1-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,381 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 26.10.2021-ci il tarixdə saat 20:00 radələrində öz hərəkətlərində şübhə yaratdığından Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının kiçik ölçülü sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş ümumi çəkisi 0,381 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26.10.2021-ci il tarixdə saat 20:00 radələrində ünvan 3 ünvanın qarşısı ilə piyada gedərkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Nərimanov Rayon Polis İdarəsinin 16-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan ad və soyadını soruşmuşlar. Onun üzərində psixotrop maddə olan metamfetamin olduğundan həyəcanlamış və oradan uzaqlaşmaq istəmişdir. Lakin polis əməkdaşları onu saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparmışlar. Daha sonra onun üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində gəzdirdiyi psixotrop maddəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq əməlindən peşmanlıq çəkdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 26.10.2021-ci il tarixdə saat 20:00 radələrində xidməti zərurət ilə əlaqədar Nərimanov RPİ-nin 16-cı PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 birlikdə işlədiyi polis bölməsinin inzibati ərazisi olan ünvan 4 ünvanın qarşısında olarkən bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsini xahiş etdikdə o, sullardan yayınaraq oradan uzaqlaşmağa çalışmışdır. Onlar həmin şəxsin narkotik vasitələrin təsiri altında olmasında və üzərində narkotik vasitə daşımasında şübhələnərək həmin şəxsi saxlayıb Nərimanov RPİ-nin 16-cı PB-nə aparmışlar. Şöbədə olarkən A. Nəcəfovun üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının kiçik ölçülü sağ yan cibindən içərisində ağ rəngli kristal hissəciklər olan şəffaf sellofan kəsiyinə bükülmüş bükümü könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə psixotrop maddə olan metamfetamindir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 26 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 26 oktyabr 2021-ci il tarixli «Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 26.10.2021-ci il tarixdə saat 20:00 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən Nərimanov rayonu, F.X.Xoyski küçəsi 99 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq saat 20:30 radələrində şübhəli şəxs qismində 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Əməliyyat müvəkkillərinin və vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd bükümü, sol yan cibindən isə 02 ədəd 1 manatlıq əskinası könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümün içərisindəki maddə psixotrop maddə hesab olunan “Patı” adı ilə tanınan metamfetamindir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 oktyabr 2021-ci il tarixli 6/4764 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218 dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazıları olan zərfdə təmiz çəkisi 0.381 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 91.76 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 4(005)- 1099/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay həddində həbs qismində qətimkan tədbiri seçilmişdir. Maddi sübut kimi tanıma haqqında 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.331 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05.11.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.12.2019-cu il tarixli hökmü ilə AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib olaraq 02 il 04 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən olunmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2018-ci il təvəllüdlü X8 olmaqla bir azyaşlı övladı vardır. AR ƏƏSMN yanında DSMF-un Salyan Rayon Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş 02.05.2019-cu il tarixli, **********7 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 3 dərəcəli əlil kimi hər ay 110 manat sosial müavinət alır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.12.2019-cu il tarixli 1(101)-1047/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı tutularaq Bakı şəhəri Nizami RPİ-nin MSY-də və həbsdə saxlandığı 14 aprel 2019-cu il tarixdən, 04 dekabr 2019-cu il tarixədək olan müddət, cəmi 07 (yeddi) ay 20 (iyirmi) gün yekun cəza müddətinə daxil edilməklə, həmin müddət ona təyin olunan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 haqqında 20.11.2021-ci il tarixli 4578 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanınma haqqında 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılması, 01 ədəd CD formatlı diskin sübut növü kimi qiymətləndirilməsi və s. qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı övladının olmasını, İİİ dərəcəli əlil olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.12.2019-cu il tarixli 1(101)-1047/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı tutularaq Bakı şəhəri Nizami RPİ-nin MSY-də və həbsdə saxlandığı 14 aprel 2019-cu il tarixdən, 04 dekabr 2019-cu il tarixədək olan müddət, cəmi 07 (yeddi) ay 20 (iyirmi) gün yekun cəza müddətinə daxil edilməklə, həmin müddət ona təyin olunan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunmuşdur. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu götürülmədən və ya ödənilmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.1 və 83.3.4-cü maddələrinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş sayılır. Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.12.2019-cu il tarixli hökmü ilə onun üzərində müəyyən edilmiş sınaq müddəti bitmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə hazırki cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzaya baxmayaraq sonuncunun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Şərti məhkum etmənin ləğv edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.12.2019-cu il tarixli hökmü ilə onun üzərində müəyyən edilmiş sınaq müddəti bitmədən törətmişdir Belə olduğu təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli, hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməlidir. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.06.2002-ci il tarixli qərarının 15 bəndində məhkəmələrə izah edilir ki, azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilmir. Şərti məhkum edilmiş şəxs sınaq müddəti ərzində yeni cinayət (qəsdən və ya ehtiyatsızlıqdan) törədərsə, məhkəmə CM-nin 71,4, 71.5ci maddələrinə əsasən şərti məhkum etmənin ləğv edilməsi məsələsini həll edərkən, CM-nin 15-ci maddəsində təsbit edilmiş cinayətin təsnifatını nəzərə almaqla, cəzaçəkmə müəssisəsinin növünü CM-nin 56-cı maddəsinin müəyyən etdiyi qaydalara uyğun olaraq təyin edir. Bu zaman şərti məhkum etmə, xüsusilə ağır cinayətə görə tətbiq edilmişdirsə, yaxud yenidən törədilmiş cinayət, xüsusilə ağır cinayətlər sırasına aiddirsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Əgər törədilmiş cinayətlərdən biri, xüsusilə ağır cinayət hesab edilmirsə, məhkuma ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 26.10.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.10.2021-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26.10.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-də maddi sübutların saxlama yerində saxlanılan psixotrop maddənin qalığı 0.331 qram çəkidə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 91.76 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.12.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş şərti məhkum etmə ləğv edilsin və həmin hökmlə təyin edilmiş 02 il 04 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 26 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut –Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-də maddi sübutların saxlama yerində saxlanılan psixotrop maddənin qalığı 0.331 qram çəkidə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 91.76 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar